“Ölkəmizdə gənclər üçün çoxlu
imkanlar yaradılır”
Humay Abdullayeva: “Bakı Ali Neft Məktəbində özümün xeyli inkişaf etdiyimi görürəm”
Layihə çərçivəsində müsahibimiz Koreyanın Ali Elm və Texnologiya İnstitutunda “Kompüter elmləri” ixtisasına yiyələnmiş Humay Abdullayevadır:
Bu gün gənclərimiz ölkə daxilində təhsil almaqla kifayətlənməyib, eyni zamanda təhsillərini xarici ölkələrdə davam etdirirlər. Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın müxtəlif ölkələrində 3183 azərbaycanlı gənc təhsil alır. Həmin proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura pilləsində təhsil almaq hüququ qazanıb. Beləliklə, dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün xaricdə təhsil alan bir çox azərbaycanlı gənclər var ki, onların yüksəkixtisaslı gənc kadr kimi Vətənə dönməsi və burada müvafiq qurumlarda çalışması ölkəmizin həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Belə gənclərdən biri də Humay Abdullayevadır.
Humay Abdullayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında 610 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika” ixtisasına qəbul olub. Prezident İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın xətti ilə Koreyanın KAİST Universitetinə - Korea Advanced İnstitute of Science and Technology (Koreya Ali Elm və Texnologiya İnstitutu) qəbul üçün keçirilən müsabiqədə bir neçə mərhələdən uğurla keçərək 2009-2014-cü illərdə həmin universitetdə “Kompüter elmləri” üzrə təhsil alıb. Hazırda Humay Abdullayeva Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin mühəndisi vəzifəsində çalışır.
- Humay
xanım, necə oldu ki,
siz xaricdə məhz kompüter
elmləri üzrə təhsil almaq fikrinə
gəldiniz?
- Hər zaman texnologiyaya marağım olub. Koreyada təhsilimin birinci ili seçim
dövrü idi, yəni bir il
ərzində biz bütün
ixtisaslar üzrə fənləri götürməli
idik və növbəti il seçim etməli idik. “Proqramlaşdırmaya
giriş” fənnini keçdikdən sonra anladım ki, bu sahə məhz
mənim öyrənmək
istədiyim, özümü
inkişaf etdirmək istədiyim sahədir.
Çünki çoxlu innovasiyalar
və yeniliklər etmək imkanı var. Tələbəlik dövründə
dərslərdən əlavə
başqa universitetlərin
kurslarını da onlayn izləyərək öz biliyimi dərinləşdirirdim. Həmin kurslardan
sertifikatlar əldə
etdim. Son semestrdə
işlədiyim tədqiqat
layihəsi isə “Ən yaxşı layihə ”
adını qazandı.
- Xaricdəki təhsilin Azərbaycandakı
təhsildən nə
kimi fərqi var? Üstün və mənfi
cəhətləri hansılardır?
- Önəmli fərq xaricdə daha çox diqqətin tədqiqata ayrılmasıdır.
Tələbələr bakalavr dövrünün
ortalarından artıq
laboratoriyalarda işləyir,
onları maraqlandıran
mövzu üzrə tədqiqat aparırlar.
Yəni axtarış-tədqiqat (research) imkanları genişdir.
Digər
fərq isə fərqli biliyə, fərqli mədəniyyətə
sahib olan insanlarla ünsiyyətdə olmaqdır.
Bu, insanın dünyagörüşünü müsbət mənada dəyişir, həmçinin
komandada işləmək
bacarıqlarını artırır.
Mənfi cəhəti
isə, fikrimcə, orada professor-müəllim
heyətinin tələbə
ilə daha az kontaktda
olmasıdır. Bizim universitetlərdəki
professor-müəllim heyəti
tələbələrlə daha çox məşğul olurlar, onların bütün suallarını cavablandırmağa
çalışırlar. Bu, bizim təhsilin
xaricdəki təhsildən
üstün olan cəhətidir.
- Xaricdə təhsil alıb Vətənə döndükdən
sonra harada işə başladınız?
Bu gün Bakı
Ali Neft Məktəbinin
Keyfiyyətin təminatı
şöbəsinin mühəndisi
olaraq üzərinizə
hansı öhdəliklər
düşür və
əsas işiniz nədən ibarətdir?
- İlk işim, daha doğrusu, təcrübəm İqtisadi İnkişaf Nazirliyinin Elektron İdarəetmə şöbəsində olub. Növbəti işim isə SOCAR İTRİ-də biraylıq təcrübə olub. Amma ilk rəsmi işim Bakı Ali Neft Məktəbindədir. 2014-cü ilin əvvəlində bakalavr təhsilimi bitirdikdən sonra Vətənə qayıtdım və Bakı Ali Neft Məktəbindən dəvət aldım. Hal-hazırda Keyfiyyətin Təminatı şöbəsində mühəndis olaraq fəaliyyət göstərirəm. Əsas işimiz tədrisin keyfiyyətinə nəzarətdir. Bildiyiniz kimi, Bakı Ali Neft Məktəbi İngiltərənin Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edir.
“Tələbəlik dövrümdən başlayaraq üzərimdə çox işləmişəm ki, öz sahəmin ən yaxşı mütəxəssislərindən biri ola bilim. Hazırkı hədəfim də məhz budur”
Bu əməkdaşlıq çərçivəsində olan bütün koordinasiya işləri ilə Keyfiyyətin təminatı şöbəsi məşğul olur. Buna tələbələrə dəstək, qiymətlərin analizi, statistikasının yaradılması və digər məsələlər daxildir. Bundan əlavə, dərslərin keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq gizli sorğular keçirilir, onlar analiz olunur, müəllimlərlə nəticələr barədə müzakirələr aparılır. Tələbələrin yayda istehsalat təcrübələrinə göndərilməsini təşkil edirik, təcrübənin sonunda hesabatları qəbul edib qiymətləndiririk. Bizim işimiz çox məsuliyyətli bir işdir. Bununla yanaşı, öz bilik və təcrübələrimi daha gənc kadrlarla bölüşür və eyni zamanda akademik heyətimizin bilik və təcrübələrindən yararlanıram. Bunun nəticəsində özümün həm şəxsi, həm peşəkar mənada xeyli inkişaf etdiyimi görürəm.
-
Qarşınıza qoyduğunuz məqsədlər
və hədəflər hansılardır? Çətin işin öhdəsindən gəlməyi necə
bacarırsınız, sizə nə və yaxud
kim kömək olur?
- Hər bir şəxs həyatda nə istədiyini bilməlidir ki, həmin hədəflərə çata bilsin. Bununla belə, qarşıya qoyduğun məqsədlərə çatmaq üçün çox çalışmalısan. Tələbəlik dövrümdən başlayaraq öz üzərimdə çox işləmişəm ki, öz sahəmin ən yaxşı mütəxəssislərindən biri ola bilim. Hazırkı hədəfim də məhz budur. Daim öz üzərimdə işləyirəm, təlimlərə gedirəm, məqalələr oxuyuram, yeni innovasiyalar ilə maraqlanıram. Əsas odur ki, olduğun yerdə qalmayasan, hər gün yeni bir şey öyrənəsən. Sözsüz ki, çətinliklərlə rastlaşmışam və istənilən çətin anımda ailəm mənə dəstək olub və stimul verib. Bununla yanaşı, bu gün ölkəmizdə gənclər üçün çoxlu imkanlar yaradılır. Bunlar gənclər üçün təhsil proqramları, xaricdə təhsil, həmçinin çox yaxşı iş şəraitinin yaradılmasıdır. Bir gənc olaraq mən dövlətimizin gənclər siyasətini dəstəkləyirəm. Mən özüm də bir az öncə qeyd etdiyim kimi, bu imkanlardan yararlanaraq təhsilimi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın vasitəsilə almışam. Bu cür imkanın verildiyi üçün də təşəkkür edirəm.
- Özünüzü
necə inkişaf etdirirsiniz
və başqa hansı qabiliyyətləriniz
var?
- Uşaqlıqdan rəsm çəkməyi
sevirəm. Məktəb vaxtlarında çəkdiyim əsərlər
sərgilərdə nümayiş olunurdu. Bundan əlavə,
rəqslə məşğul oluram. Milli və ispan rəqsləri
üzrə dərslər almışam. Kitab
oxumağı sevirəm, daha çox psixologiya və menecmentlə
bağlı kitablar oxuyuram.
Nigar Abdullayeva
Palitra.-2015.-5 mart.-S.12.