“Dərsliklər məni qane
etmir”
“Dərsliklər təfəkkür
məktəbinin ehtiyac və tələblərinə cavab verməlidir.
Şagirdlərin bir vətəndaş
kimi formalaşmasında əhəmiyyətli
rol oynayan dərsliklər
yazılmalı və hazırlanmalıdır”.
Layihə çərçivəsində
müsahibimiz Nəsimi rayonu
240 nömrəli tam orta
məktəbin ibtidai sinif
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
qalibi Pəri Qasımovadır:
-Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatları çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda təhsilin inkişafı ilə bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq dövlət proqramı hazırlanaraq Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bir təhsil işçisi olaraq təhsilin inkişafına yönəlmiş bütün addımları yüksək qiymətləndirirəm. Təhsil sahəsində “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” müsabiqələrinin, eləcə də Sınaq qiymətləndirməsi, müəllimlər üçün kursların təşkili bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiqi təhsilin inkişafına hansı töhfələr verə bilər?
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə yeni təhsil sisteminin qurulması və bu məqsədlə təhsil islahatlarının uğurla davam etdirilməsi baxımından sosial-iqtisadi əhəmiyyətli sənəd kimi dəyərləndirilir, orada təhsilin bütün pillələri ilə yanaşı, şəxsiyyətin formalaşmasını bir vəzifə kimi qarşıya qoyan ümumtəhsilin yeni müstəvidə inkişaf istiqamətləri müəyyənləşdirilir. Bu gün ölkədə prioritet istiqamətlərdən biri də insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Strategiyada da nəzərdə tutulur ki, Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində ölkə başçısının sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Düşünürəm ki, bu strategiyanın həyata keçirilməsi təhsil sahəsindəki bir çox boşluqları doldura bilər.
- Strategiyada öz əksini tapan məsələlərdən biri də 12 illik təhsilə keçidlə bağlıdır. Bu sistemə keçid təhsilin inkişafında hansı rol oynaya bilər?
- Dünyanın təhsil təcrübəsində, ümumtəhsil quruculuğunda onun müddətinin müəyyən olunması xüsusi əhəmiyyət daşıyan problemlərdən biridir. Bu proses dünya təhsil sisteminə uyğun olaraq müxtəlif ölkələrdə müxtəlif cür müəyyən edilir. Azərbaycanda ümumi təhsil ayrı-ayrı zamanlarda müxtəlif cür olub. Bu gün 11 illik təhsil sistemindən istifadə edilir, 12 illik təhsil sisteminin astanasındayıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçid təmin etməklə 12 illik təhsil sisteminin yaradılması strateji tədbirlərdən biri kimi nəzərdə tutulur. İcbari təhsil müddətinin 1 il uzadılması şagird şəxsiyyətinin formalaşmasında, davamlı təhsil üçün zəruri bünövrənin qoyulmasında xüsusi əhəmiyyət kəsb edir.
- Bugünkü
gənc müəllimlərin fəaliyyəti ilə
bağlı nə deyərdiniz? Yəni, bu
gün məzun olaraq
məktəbə çalışmağa gələn müəllimlər
tədris səviyyəsi sizi qane edirmi?
- Bəli, qane edir. Gənclərə şərait yaratmaq, onları həvəsləndirmək və istiqamət göstərmək lazımdır. Çünki onlar daha savadlı və həvəsli olurlar. Ən əsası onlar yaşlı nəsillə müqayisədə yeni təlim texnologiyalarından istifadə etməyi bacarır və yeniliklərə açıqdırlar. Bir də ki, həmin gənclər imtahanlarda iştirak edərək müəllimlik fəaliyyətinə başlayırlar. Buna görə də mən imtahanla işə başlayan gənc müəllimlərin məktəblərdə daha çox dəstək görmələrini, irəli çəkilmələrini, onlar üçün hər bir şərait yaradılmasını, sıxışdırılmamalarını istəyərdim.
-Yeni
tədris metodlarını necə dəyərləndirirsiniz?
- Yeni təlim metodundan, fəal təlim metodundan, kurikulumdan istifadə edərək dərslərimi şagirdlərin maraq dairəsinə uyğun qurmağa çalışıram. Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf edir, yeniliklərlə zənginləşir. Əvvəllər tədris prosesində biliklərin şagirdlərə hazır şəkildə mənimsədilməsi tələb olunurdusa, indi şagirdlərin özünün tədris olunan mövzu ətrafında müstəqil fikir yürüdə bilməsinə, bir-birinin biliyinə qiymət verməsinə, kimin nəyə qadir olduğunu aşkar etməsinə, problem yaratmaq, tədqiq etmək, qurmaq, yaratmaq bacarığına daha çox diqqət yetirilir.
- Bu
gün orta məktəblərdəki
ibtidai sinif dərslikləri
ilə bağlı vəziyyət necədir?
- Müasir dərsliklər təhsil strategiyasının reallaşmasında aparıcı rol oynayan texniki vasitələrdən biridir. Bu vasitələrin istiqamətverici funksiya daşıması müəllimlərin sərbəst və yaradıcı fəaliyyətinə imkan verir. Dərsliklər təfəkkür məktəbinin ehtiyac və tələblərinə cavab verməlidir. Şagirdlərin bir vətəndaş kimi formalaşmasında əhəmiyyətli rol oynayan dərsliklər yazılmalı və hazırlanmalıdır. Düzünü desəm dərsliklər məni qane etmir. “Azərbaycan dili” 4-cü siniflər üçün dərsliyində qrammatik tapşırıqlara geniş yer verilməsini istərdim.
-Müəllimlərin
Sınaq qiymətləndirməsini necə dəyərləndirirsiniz?
- Bilik və bacarığının diaqnostik qiymətləndirilməsi aparılan müəllim ordusu bu sınaqdan da üzüağ, müvəffəqiyyət qazanaraq çıxdılar. Mən də bu sınaq qiymətləndirmədə iştirak etmişəm. Hesab edirəm ki, gələcəkdə baş tutacaq attestasiya mərhələsinə hazırlıqdır.
- Hazırda
uşaqların mənimsəmə qabiliyyəti
yaxşıdırmı, yoxsa, sadəcə,
yaxşı qiymət almaq məqsədilə
oxuyurlar?
- Hazırkı təhsil sistemində qiymətləndirmə meyarlar əsasında aparılır və şagirdlərin bilik və bacarıqları meyarlarla, kiçik və böyük summativ qiymətlərlə qiymətləndirilir. Amma bu sahədə də hələ boşluqlar var. Təbliğata az yer verilir. Qiymətə vərdiş etmiş valideynlər bu sahədə az məlumatlıdır .
-Ölkə başçısının sərəncamı ilə müəllimlərin əməkhaqqı artırıldı. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Bu sərəncam müəllimlər tərəfindən rəğbətlə qarşılanır. Atılan addım müəllimlərin müəyyən qədər maddi-rifah halının yaxşılaşdırılması ilə bərabər iş fəaliyyətlərində də stimul yaradacaq. Təbii ki, bu çoxdan gözlədiyimiz qərar idi. Ümid edirik ki, bu artımların davamı olacaq və müəllim nüfuzuna təsir edən önəmli faktorlardan biri olan əməkhaqqı məsələsi də öz həllini tapacaq.
- Yeri
gəlmişkən, bu gün
ölkədə məktəblərdə çalışan
qadın müəllimlərin sayı üstünlük
təşkil edir. Yəni kişi
müəllimlərə tələbat var.
Siz müəllimlik peşəsini həqiqətən,
sevirsinizmi?
- Bəli, bu danılmaz faktdır. Qadın müəllimlərin sayı, həqiqətən, çoxluq təşkil edir. Kişi müəllimlərinin məktəblərdə çoxluq təşkil etməsinə ehtiyac duyulur. Yəqin ki, məlum sərəncamdan sonra artım öz əksini tapacaq. Tam səmimi deyirəm ki, bu sənəti sevərək gəlmişəm, sevə-sevə də çalışıram. Öz peşəmlə də qürur duyuram. Çünki mənim valideynlərim, qohumlarım da müəllimlərdən ibarətdir.
-Bəzi müəllimlər kurikulumun tətbiqini etirazla qarşılayırlar. Sizin buna münasibətiniz necədir?
- Məlum olduğu kimi, artıq 2006-cı ildən ölkəmizdə
Milli Kurikulum, onun ardınca fənn kurikulumu
hazırlanıb və bu günə qədər
də ondan istifadə edirik.
Mən özüm “Kurikulum”
mərkəzinin işçi qrupunun üzvüyəm. Bu
mərkəzlə daim əlaqə
saxlayır, əməkdaşlıq edirəm. Yeniliklərlə
tanış olur, öyrənir və dərs
prosesində tətbiq etməyə çalışıram. Bəzi
müəllimlərin kurikulumun tətbiqinə
etirazı normaldır. Hamı razı ola
bilməz. Yəqin ki, özləri dərindən
kurikulumu bilmirlər. Bilmədikdə isə
tətbiq etmək də o qədər asan məsələ deyil.
Nigar Abdullayeva
Palitra.-2015.-6 mart.-S.7.