Biliklər iqtisadıyyatının
formalaşmasına elmi gənclik böyük töhfə verəcək
Faiq Məmmədov: “Kreativ
gəncliyə müəyyən istiqamət verməklə daha uğurlu nəticələr
əldə etmək olar”
Kimya üzrə fəlsəfə doktoru
Faiq Məmmədov 2002-ci ildə müdafiə
edib, 2006-cı ildə dosent
elmi adını alıb. 2008-ci ildə Gənclər
günü ilə əlaqədar AR Gənclər
və İdman Nazirliyi
tərəfindən “Gənclər mükafatı” ilə təltif
edilib. 2012-ci ildə elmlər doktoru pilləsi üzrə doktoranturaya qəbul olunmuş, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz
və Qeyri-üzvi Kimya
İnstitutunun “Keçid
metallarının xalkogenidləri” laboratoriyasında
aparıcı elmi işçi
vəzifəsində çalışır. Həm də institutun Gənc Alim və
Mütəxəssislər Şurasının sədri kimi ictimai işlərdə
yaxından iştirak edir.
-Faiq
müəllim, kimya sahəsində
aparılan elmi tədqiqatların
hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Hazırda multidissiplinar xarakterli elmi tədqiqatlar geniş yer verilir. Bu
da başadüşüləndir.
Son illər elmdə
əldə olunan ən mühüm nəticələr məhz
fənlərarası elmlərin
qovşağında əldə
edilir. Müxtəlif elmlərin sərhədində
aparılan araşdırmalar
yüksək elmi-təcrübi
əhəmiyyət daşımaqla
yanaşı, yeni elmi-tədqiqat istiqamətlərinin
yaranmasına şərait
yaradır. Məhz belə
istiqamətlərin olması
elmin bir sıra fundamental və tətbiqi problemlərinin həllində müsbət
nəticə verir.
Bu amili nəzərə
alan çalışdığım
Azərbaycan Milli Elmlər Akademiyasının
akademik M.Nağıyev
adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutununda da aparılan son elmi-tədqiqat işlərində
multidissiplinar yanaşma
nəzərə çarpır,
müxtəlif elm sahələrində
tətbiq oluna bilən maddələrin alınmasına üstünlük
verilir. Onu da qeyd edim ki, qeyri-üzvi
kimya, fizika və materialşünaslığın
qovşağında elmi
tədqiqatların aparılması
prioritet istiqamətlərdən
biri kimi yüksək texnologiyalar üçün qabaqcıl
materialların alınmasının
elmi əsaslarının
yaradılmasıdır. Bu materiallara Günəş
enerjisi çeviriciləri
üçün daha effektiv materiallar, o cümlədən yeni sinif yarımkeçirici-ferromaqnetiklər
və termoelektirklər
daxildir.
- Sizin apardığınız elmi
tədqiqatların Azərbaycan
elminin inkişafına
hansı töhfələri
var?
- Hal-hazırda kimya sahəsində AMEA-nın
təsdiq etdiyi prioritet istiqamətlərə
uyğun olaraq elmi-tədqiqat işləri
aparılır və bu tədqiqatlar son vaxtlar daha da
intensiv xarakter daşıyır. Bunun əsas
səbəbi son zamanlar
AMEA-nın kimya pofilli institutlarının
maddi-texniki bazasının
yaxşılaşdırılması sahəsində görülən
işlərdir. Belə
ki, əksər institutlar müasir cihaz və avadanlıqlarla
təmin olunub və bu proses
davam etdirilir. Demək olar ki, bu
yanaşma da öz müsbət nəticəsini verir.
Mənim
məşğul olduğum
sahəyə gəldikdə
onu deyə bilərəm ki, Günəş enerjisindən
faydalı şəkildə
istifadə olunması
məsələsi inkişaf
etmiş ölkələrin
xüsusi maraq dairəsindədir və bu tipli tədqiqatlara
artıq milyonlarla
dollar vəsait xərclənir.
Günəş şüasının elektrik və istilik enerjisinə ekoloji təmiz çevrilməsi məsələsi
maraq doğurur və hamı başa düşür ki, Günəş enerjisi bəşəriyyətin
əbədi enerji mənbəyidir və ondan enerji mənbəyi
kimi istifadə olunması maye karbohidrogen ehtiyatlarına qənaət etməklə
yanaşı, çirklənməkdə
olan ekoloji durumu da yaxşılaşdırmaq
olar. Tükənməz
Günəş enerjisini
elektrik və digər alternativ növlərinə çevrilməsinə
yeni nəsil yüksək fotohəssaslığa
malik yarımkeçiricilərin
alınması ilə
nail olmaq olar. Bu istiqamətdə hazırda bizim şöbədə də
geniş elmi-tədqiqat
işləri aparılır
və alınan bəzi nəticələr
patentləşdirilib.
- İnstitutunuzda
gənclərin elmə
həvəslənməsi üçün
hansı tədbirlər
həyata keçirirsiniz?
- Elmlər Akademiyasının
tərkib hissəsi olaraq bizim institutda
da, gənclərin elmə marağının
artırılması məqsədilə
bir sıra stimullaşdırıcı tədbirlər
görülür. Belə
ki, Gənc Alim və Mütəxəssislər
Şurasının təşəbbüsü
və İnstitut rəhbərliyinin dəstəyi
ilə institutda görkəmli kimyaçı
akademik Murtuza Nağıyev adına
mükafat təsis edilib. Bu mükafat
ildə bir dəfə uğurlu elmi fəaliyyətilə fərqlənən gənclərə
diplom və pul mükafarı olmaqla təqdim edilir. Digər tərəfdən yüksək reytinqli jurnallarda məqalə dərc etdirən gənclərə ilin sonunda ayrıca olaraq mükafat verilir.
- Bu sahədə
maneələr hansılardır,
hansı əlavə işlərin görülməsini
məqsədəuyğun sayırsınız?
- Akademiyada çalışan
gənclərin əsas
problemi onların sosial-məişət məsələlərinin
həllidir. Qeyd olunan problem həllini tapsa ,düşünürəm ki, akademiya gəncliyi
elmdə öz sözünü deyəcək.
Başqa
bir problem elmi elektron bazalara çıxışın olmamasıdır
ki, elmi gənclik özündə
ən son informasiyaları
daşıyan bu bazalarda olan məlumatlardan kifayət qədər yararlana bilmir.
- Akademiyada elmlə təhsilin vəhdətinin yaradılması
hansı problemləri
həll edəcək?
- Son illər elmin, təhsilin inkişafı və onların müasir səviyyədə
inteqrasiyası üçün
böyük imkanlar yaranmışdır. Bu imkanlardan səmərəli
istifadə etməklə
AMEA-da elmlə təhsilin vəhdətinin
təmin edilməsi məsələsi gündəmdədir.
Bir sözlə, elmlə təhsilin vəhdət şəklində inkişaf
etdirilməsi hədəflənib.
Artıq Azərbaycanın
elmi siyasətini həyata keçirən əsas qurum kimi Akademiya bu istiqamətdə ciddi işlərə start
verib. Beləliklə, elmlə təhsilin
vəhdəti üçün
AMEA institutlarında baza
kafedraları yaradılır.
Elmi-tədqiqat müəssisələrində
magistratura pilləsinin
yaradılması ilə
bağlı təşəbbüs
də bununla bağlı olub. Tələbələr Akademiyaya dəvət
edilərək institutların
laboratoriyalarında işlə
təmin edilir. Məqsəd
tələbənin alimin
yanında işləməsinə
şərait yaradaraq onun həm fərdi
şəkildə inkişaf
etməsinə, həm
də elmin ən ümdə problemlərinin həllinə
qatılmasına nail olmaqdır.
Bu addım səmərə
verməkdədir.
“Akademiyada çalışan
gənclərin əsas
problemi onların sosial-məişət məsələlərinin
həllidir. Qeyd olunan problem həllini
tapsa, düşünürəm
ki, akademiya gəncliyi elmdə öz sözünü deyəcək”.
Onu da qeyd edim ki,
artıq bu istiqamətdə də əməli işlər öz məntiqi nəticəsini verməkdədir. Belə
ki, Elmlər Akademiyasında artıq magistratura təhsilinin təşkili haqqında qərar verilib və bu il 7 ixtisas üzrə magistraturaya qəbulun aparılması
nəzərdə tutulub.
Digər
tərəfdən AMEA-da
liseyin yaradılması
istiqamətində də
işlər görülür.
Bu işlərin görülməsində əsas
məqsəd elmlə
təhsilin səmərəli
inteqrasiyasını təmin
etmək, kadr hazırlığının müasir
standartlara uyğun təkmilləşdirilməsi, respublikanın
yüksəkixtisaslı mütəxəssislərə
və elmi kadrlara artan tələbatını ödəməkdən
ibarətdir.
- Yetişməkdə
olan elmi gənclik Azərbaycanda biliklər iqtisadiyyatının
formalaşmasında həlledici
rol oynaya biləcək?
- Bu gün elmi-texniki sferada yüksək nailiyyətlərin əldə olunması, müasir informasiya texnologiyalarının insanların intellektual fəaliyyətinin bütün sahələrinə nüfuz etməsi informasiya cəmiyyətinin bərqərar olunmasında, insanların həyat səviyyəsinin yüksəldilməsində başlıca şərtdir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Azərbaycanın qara qızılının yüksək intellektli insan resurslarına çevrilməsi prosesinin həyata keçirilməsi” ideyası da bu məqsədə xidmət edən amildir. Yeri gəlmişkən, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”ndan irəli gələn məsələlər elmi gənclik qarşısında konkret vəzifələr qoyub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülüb və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaq. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaq.
Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli və qlobal xüsusiyyətlər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək. Elmi infrastruktur təkmilləşdiriləcək, maddi-texniki baza müasirləşdiriləcək. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da, son nəticədə, elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək.
- Akademiyanın əvvəlki
gəncliyi ilə indiki gəncliyi
arasında hansı oxşar və fərqləri
görürsünüz?
- İndiki gənclik
daha kreativdir və daha çox
informasiyaya malikdir. Onları
elmə həvəsləndirib
yönləndirmək ,onlara elmi
istiqamət vermək kifayət edər ki, uğurlu nəticələrə imza
atsınlar. Bilirsiniz ki , son vaxtlar Akademiyada aparılan islahatlar, Akademiya rəhbərliyinin
gənclərə böyük
önəm verməsi,
gənclərdə elmə
marağı əhəmiyyətli
dərəcədə artırıb.
Bu da sonda Azərbaycan elminin
inkişafına gətirib çıxaracaq.
İlkin AĞAYEV
Palitra.-2015.-6 mart.-S.11.