“Xaricdə təhsil təcrübəsi olanlara böyük ehtiyacımız var

 

Zaur Şüküroğlu: “Xaricdə təhsil alanlarımızın ölkəmizdə elm və təhsilin inkişafına qatqı verəcəkləri şübhəsizdir”

 

Gənc alimlərimizin xaricdə araşdırmalar aparması elmimizin inkişafından xəbər verir. Bu, eyni zamanda Azərbaycan elminin dünya elminə inteqrasiyası və töhfəsi deməkdir. Türkiyədə yaşayan gənc alim, tədqiqatçı Zaur Şüküroğlu da öz fəaliyyəti ilə bu missiyanı yerinə yetirir. Qeyd edək ki, Z.Şüküroğlu 1979-cu ildə Gəncə şəhərində anadan olub. 1996-cı ildə doğma şəhərində Əhməd Cavad adına 2 saylı orta məktəbi bitirib və həmin il Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub. Bu fakültədən 2001-ci ildə fərqlənmə diplomu ilə məzun olub. Daha sonra magistraturadoktorantura pillələrində təhsilini davam etdirmək üçün Türkiyəyə gedib. İstanbulda Mərmərə Universitetində magistratura təhsilini başa çatdırdıqdan sonra Ankara Universitetinin doktoranturasına qəbul olub. Hal-hazırda doktorluq dissertasiyası üzərində çalışır.

 

-Elmi işiniz hansı mövzudur?

- Elmi işim məşhur azərbaycanlı sufi Seyyid Yəhya Şirvani (Bakuvi) və “təsəvvüf” anlayışı haqqındadır. İki tərcümə kitabında imzam var. Türkiyə türkcəsinə tərcümə etdiyimiz bu kitabların biri elm tariximizin görkəmli nümayəndələrindən olan Nəsirəddin Tusinin ən məşhur əsəri “Əxlaq-i Nasiridir. Əsli farsca olan bu kitabın yarısının tərcüməsi bəndənizə aiddir. Tərcüməmiz 2007 və 2013-cü illərdə İstanbulda iki dəfə çapdan çıxıb. Bir neçə məqalə və ensiklopediya maddələrinin də müəllifiyəm. 2013-cü ilin UNESCO tərəfindən “Seyyid Yəhya Şirvani ilielan edilməsi münasibətilə Türkiyənin mədəniyyət nazirliyinin dəstəyi ilə çəkilən “Xəzərin Piri Seyyid Yəhya Şirvani” adlı sənədli filmdə də yer almışam. Keçən ilin (2014) may ayında Türkiyənin təhsil naziri Nabi Avcının da iştirakı ilə Əskişəhərdə sənədli filmin premyerası oldu. Premyeradan sonra Azərbaycan mətbuatına Seyyid Yəhya Şirvani və sənədli film haqqında müsahibə də vermişəm. Fürsətdən istifadə edib sizin vasitənizlə həmin müsahibənin sahibi dəyərli jurnalist Mayis Əlizadəyə və sənədli filmə məni də dəvət edərək fikirlərimizə yer verən filmin kordinatoru Yeşim Özcan xanıma və rejissoru Murat Solakoğluna təkrar minnətdarlığımı bildirirəm.

-Sizin hansı elmi araşdırmalarınız var?

-Əsas ixtisasım ilahiyyat olsa da tarix ədəbiyyat sahələri ilə , yaxından maraqlanıram. İlahiyyatla yanaşı tarix diplomum da var. Magistratura təhsilim Türk-İslam Ədəbiyyatı sahəsi ilə bağlıdır. Ona görə fəaliyyət sahəmə əsasən ilahiyyat, tarix ədəbiyyat mövzuları daxildir. Beş il İstanbulda dövlət məktəblərində, eləcə bir özəl təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərmiş, Din Kültürü Əxlaq Bilgisi fənnini tədris etmişəm. Elmi işimə ağırlıq vermək məqsədilə hələlik müəllimlik fəaliyyətimə fasilə vermişəm. Sağ olsunlar, zaman-zaman bəzi dostlar vasitəsilə özəl məktəblərdən dəvət alsam da elmi işimin ağırlığından qəbul edə bilmirəm. Ancaq gələcəkdə müəllimliyə yenidən dönməyi çox arzulayıram. Hələlik isə elmi işimlə yanaşı müstəqil araşdırmalarla məşğul oluram. Yeni bir tərcümə üzərində işləyirəm. Azərbaycanla bağlı fars dilində yazılmış bir kitabdır, müəllifi Güney Azərbaycandan olan məşhur tarixi bir simadır. İndidən kitab müəllifinin adını çəkmək istəmirəm, inşallah daha sonra. Hələlik isə onu deyə bilərəm ki, kitabı Türkiyə türkcəsinə tərcümə edirəm. Böyük ehtimalla elmi işimdən sonra başa çatdıra biləcəm.

-Gənclərin xaricdə təhsil almalarını necə qiymətləndirirsiz?

-Əvvəla, gəlinxarictəbirinin doğru tərifini verməyə çalışaq. Sizin nəzərdə tutduğunuz mənada xaric, ölkə xaricinə çıxmağı yox, fərqli bir mədəniyyət zehniyyət hövzəsinə addım atmağı ehtiva edir. Müasir dünyanın lokomotivi Qərb mədəniyyəti olduğu üçün xaric dediyimiz zaman birbaşa Qərb ölkələrini nəzərdə tuturuq. Bu isə başqa bir ölkədə, daha yaxşı universitetlərdə təhsil almaqdan başqa bizim mədəniyyətimizdən fərqli bir mədəniyyət dairəsinə girmək deməkdir. Bu baxımdan Amerika ya Almaniyada təhsil almağı xaricdə təhsil almaq kimi görsək Türkiyə ya İranda alınan təhsili eyni kateqoriyaya daxil etməməliyik.

Mədəniyyətlərin tarixi seyri nöqteyi-nəzərindən baxanda təbiidir ki, yüksələn mədəniyyət hövzələri hər zaman cahanşümul cazibə mərkəzləri olub. XII əsrdə İtaliyada yaşasaydıq, xaricdə oxumaq Əndəlüsə və ya Misirə getmək mənasına gələrdi. Çünki VIII-XII əsrlər müsəlmanların yüksəliş çağı idi. Bu dövrdə xristian ölkələrdə elmi inkişafa məhdudiyyətlər qoyularkən, İslam universitetlərində diqqəti cəlb edəcək dərəcədə elmi tədqiqatlar və ixtiralar gerçəkləşdirilirdi. O dövrdə mədəniyyətin yeni və görülməmiş imkanlarının mövcud olduğu yer İslam dünyası idi. Əndəlüsdə çox sayda xristian tələbənin təhsil alması da tarixi bir faktdır. XII əsrdən etibarən elm məhz Əndəlüs üzərindən Avropaya keçməyə başladı. Bu həqiqətləri bəzi insaflı Qərb alimləri də təsdiq edirlər. İslam dünyası üç əsrə yaxındır ki, yenidən canlanmağa cəhd edir. Bu gün Azərbaycandan, İrandan, Türkiyədən yaxud da Suriyadan yola çıxaraq Avropa mədəniyyətinin zehin dünyasına daxil olan gənc nəsil tamamən yeni düşüncə və həyat tərzləri ilə qarşılaşır. Özünəməxsus bir duruşa sahib olanlar; daha doğrusu gəldikləri torpaqlar haqqında tərəddüd və şübhə daşımayan insanlar, Qərb dəyərlərinə və düşüncə sistemlərinə daha tənqidi və məsafəli yanaşa bilirlər. Bəziləri də təbii ki, təsir altında qalırlar. Bunun çox dinamik bir proses olduğunu vurğulamaq lazımdır. Çünki siz özünüzü nə qədər təslim etsəniz də nəticə etibarilə gəldiyiniz torpaqlara bir yerlərdən bağlısınız. Qarşı tərəf də əlinə imkan keçən kimi sizə bu həqiqəti xatırladır.

Xaricə çıxmaq məfhumu məhəlli miqyas da daşıyır. Yəni öz mədəniyyət hövzənizdə səyahətə çıxmaq. Klassik İslam mədəniyyəti bu günlə müqayisə edəndə daha axıcı və hərəkətli idi. Orta Asiya, Azərbaycan və İran şəhərlərindən yola çıxan karvanlar AnadoluyaBalkanlara çatanda təkcə mal mübadiləsi olmurdu. Diplomatiyadan təhsilə, ticarətdən sənətkarlığa qədər insanlar daha böyük bir səyahət azadlığına malik idi.

-İldən-ilə xaricdə təhsil alan gənclərin çoxalması elm və təhsilin inkişafında nə kimi kömək ola bilər?

-Xaricdə təhsil alanlarımızın ölkəmizdə elm və təhsilin inkişafına qatqı verəcəkləri şübhəsizdir. Bu sahədə xarici təcrübəsi olan insanlara həqiqətən böyük ehtiyacımız var. Bu insanlarımızın bir çoxu Qərb düşüncəsini, onun güclü və zəif nöqtələrini, uyğunuyğun olmayan tərəflərini yerində müşahidə etmək imkanına malikdirlər. Bu baxımdan onların Qərb haqqındakı mülahizələri daha dərindir. Qərb mədəniyyəti hövzəsinə edilən səyahət öz bağınıza kənardan baxma imkanı verir. Əlbəttə ki, bu, öz bağınızı başqasının eynəkləri ilə görəcəksiniz demək deyil. Bəzən “böyük tablonu görə bilmək üçün nisbətən uzaqlaşmaq lazımdır. Keçmişdə buna bənzər xarici təcrübəsi olan ziyalılarımız çox olub. Tənqid ediləcək bəzi halları bir kənara qoysaq, onların ümumi nailiyyəti iki mədəniyyət hövzəsi arasındakı gərginliyi müsbət mənada bir fürsət kimi görmələri və o dinamikanı müsəlman aləminə keçirmələri olub.

Başqa bir mədəniyyət və zehin dünyasına qədəm basmağın ən böyük üstünlüyü dəyərlərinizin haralarda üst-üstə düşüb haralarda ziddiyyət təşkil etdiyini görməkdir. Bu üzləşmə sizə qarşı tərəflə birlikdə özünüzün də nələrə sahib olduğunuzu görüb qiymətləndirmə imkanı verir. Bunun ən bariz nəticəsi özünüzə və köklərinizə olan inamın artmasıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-7 mart.-S.11.