“Xanımların hərbi hazırlıqlı olması vacibdir

 

Roza Əliqızı: “Qadınların hərbidə xidmət etməsi üçün bir çox vəzifələri ola bilər”

 

Bu günlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən artıq xanımlar da hərbi xidmətə qəbul ediləcək. Bu qərara vətəndaş cəmiyyətindəki xanımların münasibəti maraqlıdır. Bu məsələ ilə bağlı “Əsgər Ailəsi” Cəmiyyətinin sədri, hərbi jurnalist Roza Əliqızı ilə həmsöhbət olduq.

-Sizcə, bu qərarın qəbulunda məqsəd nədir?

- Düşünmürəm ki, qadınları hərbi xidmətə çağırmaqla, onları birbaşa cəbhəyə, savaş bölgəsinə aparalar. Qadınların hərbidə xidmət etməsi üçün bir çox vəzifələri ola bilər. Məsələn, həkim, tibb bacısı və s. Ümumiyyətlə, dünyanın bir çox ölkəsində qadınlar hərbi xidmətə çağırılırlar. Elə ölkələr var ki, qadınların hərbi xidmət keçməsi məcburidir. Məsələn, İsraili buna misal gətirə bilərəm. Qadınlar emosional, vuruşqandırlar, ölməkdən çox, öldürməyi sevirlər. Qalib olmaq qadınların ən başlıca prinsiplərindən biridir. Elə polis sistemini götürək, Türkiyədə qadınlar daha çox bu sistemdə, o cümlədən mühafizədə çalışırlar. Tarixə nəzər salsaq savaşda daha çox bizim qadınlarımız qəhrəmanlıq göstəriblər. Tomrisdən tutmuş Nüşabəyə qədər. Dövlətin bu addımı məcburi yox, könüllü prinsiplər üzərindədir, yəni hansı qadın könüllü istərsə hərbi xidmət keçə bilər. Bu addım da xanımlarımızla kişilərimizin eyni hüquqa malik olmasını göstərir.

-Xanımlarımız hərbi xidmət keçməyə hazırdırmı?

- Xanımlarımızın hərbi xidmətə necə hazır olduğunu deyə bilməsəm də, onu bildirəm ki, əgər belə bir çağırış olarsa Qarabağ savaşında olan xanımlarımız o dəqiqə hərbi xidmətə gedərlər. Onlar çoxdan Ali Baş Komandanın hücum əmrini gözləyirlər. O ki qaldı indiki gənc və yeniyetmə xanımlarımıza, onların çoxu həvəskardırlar. Sosial şəbəkələrə baxanda onların necə həvəslə hərbi geyimdə rəsm çəkdirib paylaşdığını görmək olur. Bunların arasında özünü reklam edənlər varsa da, qanı, canı ilə Vətənə xidmət etmək istəyənləri də görmək olur ki, bu da sevindirici haldır.

-Ümumiyyətlə, bu gün xanımlarımızın hərbi xidmətə getməsinə nə dərəcədə ehtiyac var?

-Xanımların hərbi xidmətə getməsinə ehtiyac olmasa da, onların hərbi hazırlıqlı olması vacibdir. Xanımların hərbidə olması, onların əlində silah səngərdə kişilərlə çiyin-çiyinə vuruşması demək deyil. Bizim düşmənə cavab verəcək kifayət qədər cəsur kişilərimiz var. Yeri gəlmişkən, xanımlar hər sahədə çalışa bilər. Amma onlar harada olurlarsa olsun, bircə şeyi qorumalıdırlar: qadın adını, yəni mən bura necə gəldim və necə getdim. Bir şeyi demək istəyirəm ki, əgər qadınlar hərbidə məcburi yox, könüllük prinsipləri əsasında xidmət etsələr, bu effekt verməyəcək. Çünki bir var hər bir xanım xidməti borcunu yerinə yetirə, birvar ki, könüllü. Mən özüm hərbi xidmət keçən bir xanımam, həqiqi hərbi xidmətə çağırılmışam, ixtisasca jurnalist olduğum üçün hərbi jurnalist kimi xidmət etmişəm, yəni könüllü prinsip əsasında. Mən Qarabağın hər bir cəbhə bölgəsində olmuşam, hərbçilərimizlə görüşüb onlardan birbaşa səngərlərdən reportajlar hazırlamışam. Hələ bu zamana kimi ordumuzun əsgər və zabitlərindən özümə qarşı bir artıq hərəkət görməmişəm. Onlar mənə bacı gözü ilə baxıblar. Bununla yanaşı, onların arasında elə dəliqanlı, namuslu kişilər var idi ki, mən onların baxışlarından bəzən utanır, xəcalət çəkirdim. Düşünürdüm ki, sanki ürəklərində deyirlər "Sənin bu savaşın içində, bu səngərdə nə işin var, axı?". Onların baxışları bunu mənə deyirdi. Hətta üzümə də deyənlər olub ki, səni evdən bura necə buraxıblar. Bax, ona görə deyirəm ki, xanımların hərbi xidmət keçməsi məcburi olarsa, o zaman artıq söz olmazkönüllü gedənlərə pis baxılmaz. Mən özüm hərbi xidmət keçən, bir ehtiyatda olan zabit xanım kimi, xanımlar üçün hərbinin necə çətin olduğunu da deyə bilərəm. Xanımlarımız çox vətənpərvərdir. Amma xanımlar zərif məxluqdur, onlara zərif peşələr yaraşır. Özlərinə yaraşan peşələri seçsələr yaxşıdır. Bu o demək deyil ki, sabah müharibə başlarsa, Vətənimizin dar günündə xanımlar tamaşaçı qismində olacaqlar. Zərif xanımlar daha çox fədakar və mərd olurlar.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-11 mart.-S.6.