“Savadlı mühəndis olmaq
üçün BANM-də hər cür imkan
yaradılıb”
Prezident təqaüdçüsü Mədinə
Şükürlü: “Hər zaman müasir
texnologiyaların hazırlanması və onların idarə
olunması mənim maraq dairəmdə olub. Elə məhz buna
görə də bu ixtisası seçdim”
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər.
Ölkəmizdə də bu istiqamət
hər zaman prioritet olub. Respublikanın
inkişaf perspektivləri
ictimai-iqtisadi və elmi-mədəni sahələrdə
fəaliyyət göstərəcək
kadrlar qarşısında
müxtəlif dövlət
qurumlarında, beynəlxalq
təşkilatlarda, eləcə
də özəl sektorda çalışaraq
Azərbaycanda idarəetmənin,
sənayenin, mədəniyyətin,
elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə
keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar təhsil
ocaqlarında ölkəmiz
üçün mütəxəssis
hazırlanması zərurətini
meydana gətirib.
Gənclərin mənəvi inkişafında
təhsil mühüm
amillərdən biridir.
Ölkəmizdə gənclərimizin öz bilik və
bacarıqlarını üzə
çıxarmalarına, potensiallarını
effektli reallaşdırmalarına,
cəmiyyətdə layiqli
yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki,
gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və
yaradılmış şəraitdən
səmərəli istifadə
etməlidirlər. 2014-cü ildə ölkəmizdə
bakalavriat səviyyəsində
100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər
abituriyent yüksək
nəticə göstərərək
600 və daha yuxarı bal toplayıb. Azərbaycanın ali məktəblərinə
daxil olmuş tələbələrə Prezident
təqaüdünün verilməsi
haqqında Prezidentin 9
sentyabr 2014-cü il sərəncamı ilə
qəbul imtahanlarında
ən yüksək
bal toplamış 102 nəfər
Prezident təqaüdünə
layiq görülüb.
Bu tələbələr sırasında 16 nəfəiməhz
Bakı Ali Neft Məktəbinin tələbəsidir.
BANM-nın məqsədi
müxtəlif enerji sektorları, o cümlədən
neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi
üzrə mühəndislik,
texnologiya və dizayn kimi sahələrdə
peşəkar ingilis dili biliklərinə və bacarıqlara malik yeni nəsil
mühəndis kadrları
yetişdirmək məqsədi
ilə yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasıdır. Ali məktəbin perspektiv hədəfi isə mühəndislik sahəsində
ixtisaslaşmış beynəlxalq
səviyyədə tanınan
ali təhsil
müəssisələrindən birinə çevrilmək
və istər yerli, istərsə də əcnəbi tələbələrə dünyanın
aparıcı universitetləri
ilə birgə əməkdaşlıq çərçivəsində
təhsil verə bilməkdir. Layihə çərçivəsində müsahibimiz Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması
mühəndisliyi`` ixtisasında
təhsil alan,
Prezident təqaüdçüsü
Mədinə Şükürlüdür:
- Mədinə Şükürlü
1997-ci ildə Bərdə
şəhərində anadan
olub. 2014-cü ildə
Bərdə şəhəri
Akademik Zərifə Əliyeva adına
texniki fənlər təmayüllü məktəb-liseyini
bitirib. 2009-cu ildə rayonlararası “Riyaziyyat və məntiq”` olimpiadasında
ikinci yerə layiq görülüb,
2010-cu və 2012-ci illərdə
isə “Riyaziyyat” olimpiadalarının qalibi
olub. 2011-ci ildə
“Araz kursları” tərəfindən keçirilmiş
bilik yarışında
ikinci olub, 2012-ci ildə Qafqaz Universiteti və “Araz kursları”nın
birgə təşkil
etdiyi “Bilik yarışı”nda birinci
dərəcəli diploma layiq
görülüb. Mədinə
Şükürlü 2014-cü ildə TQDK-nın keçirdiyi qəbul imtahanlarında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması
mühəndisliyi`` ixtisasına
qəbul olub. Prezident təqaüdçüsüdür.
- Mədinə, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla
yadda qalıb?
- Qəbul imtahanından iki-üç gün qabaq və qəbul
imtahanı günü
bir az
həyəcanım var
idi. Amma qəbul imtahanında
sual kitabçasındakı
suallara baxandan sonra həyəcana heç bir səbəb olmadığını
gördüm.
- Sınaq imtahanlarında nəticələrin yüksək
olub? Qəbul imtahanında yüksək
bal toplayacağına inanırdınmı?
- İlk dəfə sınaq imtahanında 9-cu sinifdə iştirak etdim və ilk topladığım bal 425
bal oldu. Bundan sonra qarşıma 600 -dən yuxarı bal toplamağı məqsəd qoydum və 10-cu sinifdə ilk sınaq imtahanında 621
bal topladım. On birinci
sinifdə bir çox sınaq imtahanında 650-dən yüksək
bal topladım və özümə inamım daha da artdı. Qəbul imtahanında mən də, yaxın ətrafım da imtahanın yaxşı olacağına inanırdıq.
- Səncə, imtahanda 600 baldan yüksək nəticəni göstərmək
üçün abituriyent
nə etməli və ixtisas seçimini necə etməlidir?
- Mən deyərdim ki, gərək abituriyentlər yaxşı bilmədikləri mövzuları müəyyənləşdirsin və həmin zəif bildikləri mövzuları daha dərindən öyrənməyə çalışsınlar. Bundan başqa, fikrimcə, sınaq imtahanlarında iştirak etmək hər bir abituriyentə öz imkanlarını obyektiv qiymətləndirməyə və məqsədə çatmaq üçün hər bir atılan addıma diqqət yetirməyə kömək olur.
- Niyə məhz bu ixtisası və Bakı Ali Neft Məktəbini seçdin?
- Hər zaman müasir texnologiyaların hazırlanması və onların idarə olunması mənim maraq dairəmdə olub. Elə məhz buna görə də bu ixtisası seçdim. Doqquzuncu sinifdə oxuyarkən ilk dəfə Bakı Ali Neft Məktəbi haqqında məlumat alanda burada tələbələr üçün yaradılan imkanlar, təhsilin ingilis dilində olması, bir il ərzində intensiv olaraq tələbələrə ingilis dili və informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədrisi, eləcə də, tələbələrin xaricə təhsil almaq üçün göndərilməsi mənim BANM-ə marağımı daha da artırdı. Məncə, bütün bunlar gələcəyin savadlı mühəndisi olmaq üçün ən vacib şərtlərdəndir və bunun üçün BANM - də hər cür imkan yaradılıb.
- Deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə düşünürsən?
- Mən öz ixtisasım haqqında belə fikirləşmirəm, çünki proseslərin avtomatlaşdırılması güc tələb edən sahə deyil, daha çox intellekt tələb edən bir ixtisasdır. Güclü intellekti olan hər bir kəs bu ixtisasın öhdəsindən gələ bilər. Məsələn, BANM-də təhsil alan tələbələrin 30 %-ni qızlar təşkil edir.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?
-BANM tələbəsi olmaq çox çətindir və bura daxil olmaq arzusunda olan hər bir abituriyent çox ciddi hazırlaşmalı və bilməlidir ki, burda oxumaq bura daxil olmaqdan daha çətin və məsuliyyətlidir.
- Özünü gələcəkdə harada görürsən?
- Gələcəkdə yüksək ixtisaslı mütəxəssis olmaq və SOCAR-da çalışaraq, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemləri vasitəsilə texnologiyaların təhlükəsizliyini təmin etmək arzusundayam.
- Boş vaxtlarında nə ilə məşğul olursan?
- Boş vaxtlarımda bədii
kitab oxumağa və çox zaman pianoda ifa etməyə üstünlük verirəm. Çünki
musiqi ilə məşğul olmaq dərsdən sonrakı yorğunluğu
aradan qaldırmaq üçün
ən yaxşı vasitədir.
Nigar Abdullayeva
Palitra.-2015.-11 mart.-S.7.