“Jurnalistika fakültəsində
keçdiyimiz mövzular
bu günün tələbinə
uyğun gəlmir”
Xanım Nağıyeva: “Bəzi
müəl-limlərə müasir
texnologiyalar, internet mediası
bir az yaddır”
Layihə çərçivəsində
ali məktəbdə təhsil alan tələbələrin, öz
ixtisasları üzrə tələbə ikən işləyən
şəxslərin də fikirlərini təqdim edirik. Bu baxımdan
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi, eyni
zamanda Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir
olaraq çalışan Xanım
Nağıyeva ilə müsahibəni təqdim edirik.
-Öncə özünüzü təqdim edərdiniz və təhsiliniz barəsində məlumat verərdiniz...
- Mən - Xanım Nağıyeva Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm. Qiyabi təhsil alıram. Bununla yanaşı Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) müxbir olaraq çalışıram. Qiyabi təhsilin üstünlükləri çoxdur. Tələbə vaxtından işləməyə, karyera qurmağa imkan olur. Bununla yanaşı çatışmayan cəhətləri də var. İldə 2 dəfə bir ay olmaqla sessiya olur. Sessiyadan sonra imtahanlar. Sessiya ilə imtahanlar arasındakı qısa müddət ərzində dərsləri tam mənimsəyib imtahan vermək bir az çətindir, amma 4 ildir öhdəsindən gəlirik. Bizim qrup universitetin sonuncu qiyabi qrupudur. Qiyabi təhsilin sıradan çıxmasına təəssüflənirəm, çünki, əgər qiyabi yəhsil almasaydım, mən indi bu səviyyədə olmazdım. Əyani təhsil alan tələbələr bütün vaxtlarını universitetdə keçirməli olurlar. Bütün sessiya zamanı nəzəri və sinifdaxili keçilən dərslər işləməyə həvəsi olan tələbəni də həvəsdən salır, məncə. Məsələn, mən dərsə gələndə də işlərimi çatdırmağa çalışıram. Kompüterdə nəsə yazıram, müsahibəni tamamlamağa çalışıram. Amma qarşımda oturan müəllim hələ neçənci illərinsə çap mediasından danışır, hansısa qəzetdə çap olunan məqalənin çap olunma ilini soruşur, bu günlə uzalaşmayan məlumatları yadda saxlamağımızı tələb edir. Bu, hardasa tələbəni həvəsdən salır, amma çalışıram həvəsdən düşməyim. Qiyabi təhsildə ən sevdiyim xüsusiyyət testlə imtahandır. Səhv etmirəmsə, 3-cü kursa qədər bütün imtahanları testlə verirdik. 3-cü kursdan isə əsas ixtisas fənlərini yazılı verməyə başladıq. Testlə imtahan çox unikaldır. Sualın cavabını bilirsənsə, yazacaqsan. Həm də testin cavablarını imtahan bitdikdən dərhal sonra kompüterdə görə bilirsən və bu da hər hansı qüvvənin imtahanın nəticələrinə təsiretmə kimi halların qarşısını alır.
- Jurnalistika
ixtisasını necə və nədən seçdiyinizi
izah edərdinizmi?
- Düzünü desəm, jurnalistikaya təsadüfi düşənlərdənəm. Qəbul imtahanı verən ərəfədə daha çox tarix və ingilis dilinə marağım var idi. Tarixçi olmaq istəyirdim. Amma xalam və dayım jurnalistika sahəsində olduğu üçün mən də bu sahənin içində böyümüşəm. Uşaqlıqdan jurnalist olmaq istəmişəm. Amma abituriyent vaxtlarında jurnalistika heç ağlıma gəlmirdi. Nə vaxtsa jurnalist kimi fəaliyyət göstərəcəyimi təsəvvür etmirdim. Jurnalistika fakültəsi qiyabi bölməsini ehtiyat kimi yazmışdım. Hazırda xalam Günay Məmmədova “Avto.FM”də xəbər aparıcısıdır. Nə vaxtsa xalamla həmkar olacağım ağlıma gəlməzdi.
-Jurnalistika təhsil proqramları ilə bağlı bir tələbə kimi fikirlərinizi bilmək istərdik.
- Hazırda Azərbaycanda
jurnalist hazırlayan əsas universitet Bakı Dövlət Universitetidir. Lap əvvəldən
bu belədir. Sevinirəm ki, artıq özəl universitetlərdə
jurnalistika ixtisasının
tədrisinə icazə
verilmir. Fakültəmizdə qocaman və çox təcrübəli
müəllimlər dərs
deyir. Bu müəllimlər sovet təcrübəsini və
tərbiyəsini görmüş
insanlardır. Ona görə,
bəzən dərslərdə
keçdiyimiz mövzular,
deyilən fikirlər bu günün tələbinə uyğun
gəlmir. İndi demək
olar ki, hamı informasiyanı, xəbəri internetdən
əldə edir.
Mən özüm 4 ildir internet
media sahəsində çalışıram.
Ona görə, məsələn,
1980-90-cı illərin çap
ənənəsini öyrənmək,
xırda detallara varmaq mənə elə də maraqlı gəlmir. Çünki mən o illərdə
yaşamamışam və
indiki zamanda onu işimdə tətbiq edə bilməyəcəm.
“Gələcəyini daha parlaq qurmağa can atan əksər gənclər kimi, mən də hər hansı xarici ölkə təcrübəsindən yararlanmaq
istərdim. Təhsilimi
xaricdə davam etdirməyi həmişə
istəmişəm”
Dediyim kimi, mənə hazırda aktual olan media haqqında daha geniş bilgilər lazımdır. Biz artıq bu il, yəni 4-cü kursda yeni mediaya giriş
adlı fənn keçdik. Təsəvvür
edin, 4 il
ərzində müasir
dövrün jurnalist namizədləri hələ
internet mediası haqqından
heç bir fənn keçməyiblər.
Təbii ki, bununla yanaşı digər lazımlı və az
lazımlı fənlər
də keçmişik.
Yuxarıda qeyd etdiyim kimi, bizə dərs deyən müəllimlər illərdir
ki, Azərbaycan jurnalistikası üçün
jurnalist yetişdirirlər.
Hazırda jurnalistikanın tanınmış
qələm sahiblərinin
böyük qismi Bakı Dövlət Universitetinin yetirmələridir.
Son bir neçə
ildə bir sıra gənc kadrlar da fakültəyə
cəlb olunub və onlar dərsləri
bu günün tələbinə uyğun
şəkildə, maraqlı
keçməyə üstünlük
verir və nəsə etməyə çalışır.
- Təhsil prosesində hansı yenilikləri hiss edirsiniz?
- Bu suala
daha pozitiv cavab vermək istərdim, amma
təəssüf ki, yeniliklər bir o qədər də çox deyil. Dediyim kimi, qiyabi
təhsil aldığım üçün
1-ci kursdan bəri müxtəlif media qurumlarında təcrübə
yığmaq imkanım olub. Bizim fakültədə praktik
dərslər üçün tele-radio studiyası fəaliyyət göstərir.
Amma orada istifadə olunan texnologiyalar müasir tələblərə demək olar ki, cavab
vermir. Dərslərin keçilmə
mexanizminə gəldikdə isə, dediyim
kimi fakültədə ixtisas
fənlərini tədris edən müəllimlərin əksəriyyəti
qocaman müəllimlərdir. Onlara da müasir
texnologiyalar, internet
mediası bir az
yaddır. Buna baxmayaraq,
müəllimlər tədris prosesində imkan
daxilində jurnalist üçün
lazımlı avadanlıqlardan istifadə etməyə,
onları bizə başa salmağa
çalışırlar. Bunu daha çox “Yeni mediaya giriş”
dərslərində görə bildik. Bizim qrupda cəmi 3 nəfər
jurnalist kimi fəaliyyət
göstərir. Digərləri jurnalistikaya
yaxın olan sahələrdə
çalışır. Qalanının isə ümumiyyətlə,
praktik jurnalistikadan xəbəri
yoxdur. Sadəcə, nəzəriyyəni
öyrənməklə kifayətlənirlər. Jurnalist kimi fəaliyyət
göstərən tələbələrə media
sahəsi, istifadə olunan texnologilar,
lazımi avadanlıqlar yad deyil.
Bəs digərləri? Onlarda maraq yaratmaq üçün dərslər daha
çox praktik
keçirilməli, müstəqil tapşırıqlar verilməlidir.
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi, jurnalist
olmağa namizəd şəxs bu gün müasir
media ilə sıx əlaqəli
olmalıdır. Gündəlik xəbərləri izləməlidir.
Bloq yaradıb öz
fikirlərini, mülahizələrini yazmalıdır. Amma elə tələbələr var heç internetdə, sosial şəbəkələrdə öz adından istifadə etmir.
Bu dəqiqə
müasir tələbə
internet və sosial medianın bir parçası olmağa
can atmalıdır. Hər şeyi
universitetin, müəllimlərin
üzərinə atmaq
düzgün olmaz.
- Bir tələbə kimi jurnalistika ixtisasının
tədrisi ilə bağlı nələri təklif edərdiniz?
- 2012-2013
tədris ilindən özəl ali
məktəblərin jurnalistika
fakültələrinə tələbə
qəbulu dayandırılıb.
Bu xəbəri eşidəndə sevinmişdim.
Çünki jurnalistika
cəmiyyəti formalaşdıran
ciddi və məsuliyyətli sahədir . Zənnimcə, bu qərar
həm diplomlu “jurnalist”lərin sayını
azaldacaq, həm də savadlı və işini sevən jurnalist kadrların yetişdirilməsinə
şərait yaradacaq.
Bu dəqiqə Azərbaycanın internet mediası
bazarında saysız-hesabsız
saytlar var. Mənşəyi
məlum olmayan həmin saytlar və çap olunan istinadsız, əsassız, şəxsi
mülahizələrdən ibarət xəbərlər,
yazılar hər yerindən durub özünü jurnalist kimi qələmə verən insanların fəaliyyətinin nəticəsidir.
Ona görə də jurnalistikanın tədrisinin
vahid mərkəzdə
cəmləşməsinin jurnalist
kadrların yetişdirilməsinə
xeyli müsbət təsiri olacağına inanıram. Mən istərdim ki,
jurnalistika tədrisində
daha çox praktik dərslərə önəm verilsin. Tələbələrə müxtəlif media qurumlarında mütəmadi
olaraq praktik təcrübə üçün
şərait yaradılsın.
Bu gün tələbəyə
neçənci ildə
kimin hansısa kitabının nəşr
olunduğu məlumatından
daha vacib, hazırda ona praktik lazım olacaq bir məlumatı
qavramaqdır. Mən şəxsən
belə düşünürəm.
- Sonradan xaricdə təhsil almaq fikriniz varmı?
- Gələcəyini daha parlaq qurmağa can atan əksər gənclər kimi, mən də hər hansı xarici ölkə təcrübəsindən yararlanmaq
istərdim. Təhsilimi xaricdə davam
etdirməyi həmişə
istəmişəm. Bunu dildə
demək olduqca asandır və insanı bir anlıq xəyal qurmağa da vadar edir. Amma böyüdükcə, təcrübəm
artdıqca hər şeyə real baxmağa başlayıram. Az-çox
xaricdə təhsil alan tanışlarım,
dostlarım var və bir neçə
ölkənin təhsil
prosesi ilə qismən də olsa tanışam. Xaricdə təhsilin ən üstün cəhəti dil bilgisidir, məncə. Tələbə hər yerdə tələbədir və onun ən böyük
məsuliyyəti qarşıya
qoyduğu hədəfə
çatmaqdır. Əlbəttə, mən də istəyirəm ki, xarici ölkədə təhsil alım. Bu haqda fikirləşirəm,
amma hələ universiteti müvəffəqiyyətlə
başa vurmaq, həmçinin öz karyeramda inkişaf etmək, müəyyən
hədəflərə çatmağı
qarşıya qoymuşam.
Magistr təhsilimi Azərbaycanda davam etmək istəmirəm. Mümkün olsa xaricdə davam edəcəm, olmasa bütün fikrimi işimə yönəldəcəm.
İlkin AĞAYEV
Palitra.-2015.-11 mart.-S.11.