“Yaşadığım Noriç
şəhəri mənə İçərişəhəri
xatırladır”
Xaricdə təhsil alan gənclərlə
bağlı rubrikamızın budəfəki qonağı
Rübabə Mir Feyzullazadədir. Rübabə xanım ali təhsilini Böyük
Britaniyada uğurla davam etdirməklə yanaşı ictimai işlərdə də aktivlik
göstərir. Hazırda təhsilini Britaniyanın
“East Anglia” Universitetinin “MSc
İnternational Accounting and Financial
Management” proqramı üzrə
davam etdirən bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz
barədə məlumat
verərdiniz.
-Mən, Mir Feyzullazadə Rübabə Məsud qızı 1993-cü il 11 avqust tarixində Bakı şəhərində anadan
olmuşam. 1999-cu ildə Bakı Avropa Liseyinə qəbul oldum və 2010-cu ildə həmin təhsil ocağını bitirdim.
Orta məktəbdə təhsil
aldığım müddətdə
ardıcıl olaraq I Bakı Beynəlxalq Uşaq Kinofestivalı və Gürcüstanda keçirilən “Sunrise in Tbilisi” Uşaq Kinofestivalında iştirak etmişəm.
Məktəbi bitirdikdən
sonra 601 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə
daxil oldum, 2011-ci ildə imtahan yolu ilə XİQ ( Xüsusi İstedadlar
Qrupu) Maliyyə fakültəsinə keçdim.
Ali təhsil aldığım
müddətdə universitetimizdə
keçirilən debat
yarışlarının, Azərbaycan
Tələbə Gənclər
Təşkilatları İttifaqının
(ATGTİ) təşkil etdiyi
"Qış Liderlik
Məktəbi”nin iştirakçısı
olmuşam. Bundan əlavə, “Junior Achievement
Azerbaijan” və AMCHAM-in (American Chamber of
Commerce in Azerbaijan) birgə layihəsi olan “Youth
Business Lidership Project” də
iştirak etmişəm.
Hazırda təhsilimi Böyük
Britaniyanın “East Anglia” Universitetinin
“MSc İnternational
Accounting and Financial Management” proqramı üzrə davam etdirirəm.
-Xaricdə təhsil hər bir gəncin arzusudur. Siz bu arzunuzu kimlərin dəstəyi ilə reallaşdırdınız?
-Magistr təhsilimi xaricdə almaq qərarına gəlməyimdə
başlıca rolu bakalavr təhsili aldığım Xüsusi
İstedadlar Qrupu oynadı. Belə ki, burada tədrisin
ingilis dilində olması, dərslərin Mərkəzi Bankın və Paşa Bank,
“Deloitte”, “PwC”, SOCAR və s. kimi müəssisələrin
qabaqcıl işçiləri
tərəfindən keçirilməsi
qarşımda xaricdə
təhsil kimi yeni bir məqsəd
yaratdı. Müəllimlərimizin əksəriyyəti Avropa və ABŞ-da təhsil aldıqları və karyeralarında uğurlar etdiyi üçün daim onlardan universitet,
ixtisas seçimində
məsləhət alır,
onların təcrübəsindən
yararlanırdım. Böyük Britaniyanı
seçməyimə səbəb
burada maliyyə sahəsi üzrə təhsilin yüksək səviyyədə olması
və müəllimlərimin
verdiyi məsləhətlər
oldu. Təbii ki, ailəmin
və dostlarımın
dəstəyi də danılmazdır. Onlar həm
universitetlərə sənəd
göndərəndə, həm
də “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”ndan
cavab gözləyəndə
mənimlə birgə
o həyəcanı yaşamış,
uğurlarıma sevinmiş
insanlardılar.
-Hər bir universitet hansısa özəlliyi ilə fərqlənir. Bəs sizin oxuduğunuz universitetin hansı özəllikləri var?
-Hazırda təhsil aldığım “East Anglia” Universiteti
əsası cəmi
50 il əvvəl qoyulmasına baxmayaraq, “The
Guardian University Guide” siyahısına görə Böyük Britaniyada 14-cü, tələbə
məmnuniyyətinə görə
isə ilk 3-lükdədir. Universitet öz yaşıllığı,
ərazisində meşə
massivinin və hətta gölün olması ilə seçilir. Kitabxanadan gölə
açılan mənzərə
insanı sakitləşdirir,
fikrini cəmləməyə
kömək edir.
Universitet ətrafında qaçışan
dovşanlar isə
“East Anglia” Universitetinin rəmzinə
çevrilib. Gölün yaxınlığında
tikilmiş zikkurat formasında olan tələbə yataqxanası
universitetimizə xüsusi
gözəllik qatır.
Təhsilə gəldikdə
isə, Böyük Britaniyanın əksər
universitetləri kimi magistr pilləsinin cəmi 1 il olması tədris proqramını intensiv edir və tələbələri
daim testlərə, kurs işlərinə, qrup layihələrinə və imtahanlara hazırlıqlı və
məsuliyyətli olmağa
yönəldir. Bakalavr
təhsili aldığım
müddətdə imtahanlarımı
test üsulu ilə verdiyimə görə burada imtahanların yazılı olması əvvəl məni qorxutsa da, daha
çox öz üzərimdə çalışmağıma
səbəb oldu. Universitetimiz mütəmadi
olaraq buranın məzunu olmuş və iş həyatında böyük
uğurlar qazanmış
məzunlarını tələbələrlə
görüşə dəvət
edir və onlar da öz
növbəsində öz
təcrübələrini bizimlə
bölüşür, məsləhətlər
verir və suallarımızı cavablandırırlar.
-Yəqin artıq yaşadığınız
şəhərə, oradakı
ab-havaya və ümumilikdə ingilis mentalitetinə alışmısınız.
-Ümumiyyətlə, bir məqamı qeyd edim ki, yaşadığım
Noriç şəhərinin
əhalisi əsasən
tələbələrdən və yaşlı insanlardan ibarətdir. Onlar həmişə bizimlə
mehriban davranır, lazım gəldikdə öz köməklərini
əsirgəmirlər. Sevindirici bir haldır ki, burada yaşlılara
və əlillərə
ictimai yerlərdə əlverişli şərait
yaradılıb. Onlar rahatlıqla,
kənar kömək olmadan şəhərdə,
ticarət mərkəzlərində
sərbəst hərəkət
edirlər. Şəhərin özünə gəldikdə
isə, XI əsrdə
Noriç Londondan sonra İngiltərənin
ikinci böyük şəhəri hesab olunurdu. Öz qədimliyini qoruyub
saxlaya bilmiş bu şəhər bəzən mənə İçərişəhəri xatırladır. Burada
mən hər zaman özümü rahat və təhlükəsiz
hiss edirəm. Şəhərin mərkəzi hissəsində
yerləşən Noriç
Bazarı İngiltərədə
ən böyük açıq bazarlardan biridir. Noriçin məşhur tikililərindən
biri hesab olunan Forum özündə
Mərkəzi Kitabxananı
və BBC-nin regional idarəsini birləşdirir.
Qeyd etmək istərdim ki, son yeddi il
ərzində bu kitabxana ziyarətçi sayına görə Böyük Britaniyada ilk yeri qazanıb.
-Universitetinizdə
sizdən başqa azərbaycanlı tələbə
varmı?
- Bəli. “East Anglia” Universitetində 19 azərbaycanlı
tələbə təhsil
alır. Onların əksəriyyəti
iqtisadiyyat sahəsi üzrə təhsil alır və burada Azərbaycan cəmiyyətinin fəal üzvləridirlər.
-Azərbaycan cəmiyyəti haqqında
söz açdınız.
Bu təşkilat barədə də ətraflı məlumat verərdiniz və ümumilikdə azərbaycanlıların
ictimai həyatda aktivliyi hansı səviyyədədir?
-Azərbaycan cəmiyyətinin
üzvləri olaraq tələbələrimiz bir
çox tədbirlər
təşkil edir, ölkəmizi layiqincə
təmsil edirlər. Mən də bu işlərdə
öz köməyimi əsirgəmir, tədbirlərin
təşkilində yardımçı
oluram. Məsələn, bu yaxınlarda
universitetin təşkil
etdiyi “Go Global” adlı
tədbirdə digər
ölkələrlə yanaşı
biz də milli mətbəximizi xarici tələbələrə təqdim
etdik, soydaşlarımızdan
biri isə tarda ifa edərək
sözün yaxşı
mənasında milli musiqimizin möhtəşəmliyi,
musiqi alətimizin gözəlliyi ilə hamını təəccübləndirdi.
Bundan başqa, Xocalı soyqırımına həsr
olunmuş təqdimata
beynəlxalq tələbələri
dəvət edərək,
acı həqiqətlərimizi
onlara da çatdırmağa çalışdıq.
Təqdimatın sonunda tələbələrə
soyqırımı qurbanları
və Qarabağ haqqında kitabçalar paylandı. Hazırda isə Azərbaycan
cəmiyyətinin fəal
üzvləri müxtəlif
ölkələrdən olan
tələbələrin də
dəvət alacağı
Novruz tədbirinə hazırlıq görürlər.
- Böyük
Britaniyada təhsil almaq istəyən gənclərimizə hansı
tövsiyələriniz olardı?
-Böyük Britaniyada
təhsil almaq istəyən tələbələrə
məsləhətim budur
ki, universitet seçərkən diqqətli
olsunlar və çətinliklərlə qarşılaşmamaq
üçün əvvəlcədən
seçdikləri ixtisas
üzrə ədəbiyyat
oxumağa başlasınlar. Bundan əlavə,
təhsil almaq istədikləri universitetin
məzunu olmuş soydaşlarımızla daim
əlaqə saxlasınlar,
onlardan həm təhsil, həm də yaşayışla bağlı suallar verib gedəcəkləri yer barədə ətraflı məlumat alsınlar. Tövsiyə etmək istərdim
ki, təhsilə başladıqda dərslərini
planlı şəkildə
oxusunlar. Belə olduqda
imtahanlara daha rahatlıqla hazırlaşa
biləcəklər. Və sonda
bacardıqları qədər,
dərslərdən imkan
tapdıqca müxtəlif
şəhərlərə səyahət etsinlər.
-Bəs Böyük Britaniyada gördüyünüz gənclərlə
Azərbaycan gəncləri
arasında hansısa müqayisələr aparmısınızmı?
-Azərbaycan gənclərindən
fərqli olaraq, Böyük Britaniya gəncləri daha erkən yaşlarından müstəqil qərar qəbul edir. Onlar gündəlik rejimlərini
daha dəqiq planlaşdırmağı və
o plana uyğun hərəkət etməyi
bacarırlar. Azərbaycan gəncləri
arasında isə birlik daha güclüdür
və çətin anlarda bir-birilərinə dayaq olurlar.
-İki ölkənin təhsilində
necə, hansı fərqləri deyə bilərdiniz?
-Azərbaycan və Böyük Britaniya təhsili arasında başlıca fərq ondadır ki, Böyük Britaniyada təhsil sistemi başlıca olaraq tələbələri daim
öz üzərində
çalışmağa yönəldir.
Universitetlərin maddi-texniki bazası
daha geniş imkanlar açır.
Burada əksər universitetlərdə
kitabxanaların 24 saat
işləməyi tələbələrə
öz rejimlərini daha sərbəst qurmağa imkan yaradır və xüsusilə də imtahan dövründə kitabxana onların ikinci evinə çevrilir.
- Təhsilinizi başa vurduqdan sonra hansı planlarınız var?
-Gələcək planlarım
təhsilimi başa vurduqdan sonra Azərbaycana geri dönmək və burada ACCA imtahanlarını
verərək ixtisasım
üzrə peşəkar
mütəxəssis olmaqdır.
Bundan əlavə, müəyyən iş təcrübəsi qazandıqdan
sonra, öz işimlə yanaşı
müəyyən təlimlər
aparmaq və ya XİQ-də tələbələrə ixtisasım
üzrə dərs demək istərdim.
Tural Tağıyev
Palitra.-2015.-12 mart.-S.6.