“Müasir təlim
metodları şagirdlərdə məntiqi düşüncəni
inkişaf etdirir”
“Təhsilin müasir vəzifəsi şagirdlərdə həyati bacarıqlar formalaşdırmaq, onları həyata hazırlamaq, şagirdlərə biliyi hazır vermək deyil, onlara bu bilikləri əldə etməyi öyrətməkdir”
Layihə çərçivəsində müsahibimiz İsmayıllı rayon Cülyan kənd tam orta məktəbinin müəlliməsi Aybəniz Mürsəlovadır. O, müsahibəyə başlayarkən çalışdığı məktəbin fəaliyyəti haqqında məlumat verdi.
Ölkəmizdə aparılan islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük uğurlar əldə edilib. Konkret olaraq bu inkişafı məktəbimizin simasında görmək olar. Bizim məktəbimiz-Cülyan kənd tam orta məktəbi 1929-cu ildən ibtidai, 1963-cü ildən əsas, 1983-cü ildən isə orta məktəb kimi fəaliyyət göstərir. 2008-ci ilin sentyabrınadək tədris köhnə uyğunlaşdırılmış binada aparılırdı. Hörmətli Prezidentimizin qayğısı və köməkliyi ilə qısa müddətdə 220 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verildi. Kollektivimizin illərlə arzuladığı yeni məktəb binası artıq bizim himayəmizdədir. Məktəbimizdə 236 şagirdin təlim-tərbiyəsi ilə indi 30 müəllim məşğul olur. 2004-cü ildən indiyədək məktəbimizin direktoru Eyvaz Mursəlovdur.
Məktəbimizdə tədris üçün lazım olan bütün şərait var. Qısa bir vaxtda Heydər Əliyev guşəsi, əlaçılar, tarix-diyarşünaslıq və şagirdlərin əl işlərindən ibarət guşə yaradılıb, idman zalı, iclas zalı, kitabxana, bufet, iki laboratoriya və səkkiz fənn kabineti şagirdlərin istifadəsinə verilib.2005-ci ildən müstəqil maliyyələşmə ilə işləyən bu təhsil ocağı 9 şagirdə 1 kompüter olmaqla 26 kompüter, iki elektron lövhə (ağıllı lövhə), iki proyektor və digər İKT avadanlıqları ilə təchiz olunub. Son illər ərzində müəllimlərimizdən Şabanov İxtiyar “Qabaqcıl təhsil işçisi” nişanına, Abdullayev Tahir və Yəhyayeva Məryəm Təhsil Nazirliyinin təşəkkürünə layiq görülüb, məktəbimizin ingilis dili müəllimi Bayramov Şərafət, hərbi-hazırlıq müəllimi Abdullayev Tahir “İlin müəllimi” müsabiqəsinin qalibləri olublar. Tədris ocağımız isə “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Apardığımız məqsədyönlü işlərin nəticəsində son illər ərzində Cülyan kənd tam orta məktəbinin şagirdləri ali məktəblərə qəbulda fərqlənir. Belə ki, məktəbimizin məzunu Mürsəlov Natiq 664 balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olub. O, Fransada magistratura təhsili alıb və hazırda Fransanın Azərbaycandakı səfirliyində çalışır. Bununla yanaşı 620 balla Nurlan Qədirli Polis Akademiyasına, Elvin İsazadə 660 balla Tibb Universitetinə, Şirinli Emil 680 balla Neft Akademiyasına, Əmirxanli Ceyhun 681 balla Tibb Universitetinə qəbul olublar. Fərəhli haldır ki, İsazadə Elvin, Şirinli Emil və Əmirxanlı Ceyhun Prezident təqaüdünə layiq görülüblər.
- Dərslərin tədrisində hansı yeniliklərdən istifadə edirsiniz?
-Təhsil sistemində aparılan genişmiqyaslı islahatlar məktəblərdə təlim şəraitinin yaxşılaşmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına əsaslı şəkildə səbəb olub. Öz təcrübəmdən qeyd edim ki, mənim bir müəllim kimi İKT avadanlıqlarından istifadə etməyim, şagirdlərin dərsə marağını daha da artırır ,onların dərslərdə daha aktiv iştirak etməsinə, təhsilin keyfiyyətinə müsbət zəmin yaradır. Bu məqsədlə məktəbimizə iki elektron lövhənin və iki proyektorun verilməsi təqdirəlayiq hallardan biridir. Tədris prosesində elektron lövhədən istifadə etməyim dərsin əyaniliyini təmin edir. Bu məqsədlə Təhsil Problemləri İnstitutunda keçirilən “Elektron məktəb üçün elektron müəllim” kursunda məktəbimizdən iki müəllim iştirak edib. Bu kursda iştirak etməyimiz biz müəllimlərə peşə hazırlığının artırılması, müasir İKT biliklərinə yiyələnmə baxımından çox böyük stimul verdi. Əməkdar müəllim, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilən bu kursda, həmkarlarımla auditoriya şəraitində, qalan günləri isə ( bir ay ərzində) distant olaraq davam etdirdik. Bu kursda Veb texnologiyaları, ”Elektron dərslərin hazırlanması mexanizmləri” və s.mövzular əhatə olundu.
- Yeni üsulların tətbiqi çətinliklər yaratmır ki?
- Öncə qeyd edim ki, ənənəvi üsulla dərs keçən müəllim üçün yeni təlim metodlarına keçid çətindir. Bu gün təhsilimiz bilikyönümlü təlimdən nəticəyönümlü təlimə keçid dövrünü yaşayır. Təhsilin müasir vəzifəsi şagirdlərdə həyati bacarıqlar formalaşdırmaq, onları həyata hazırlamaq, şagirdlərə biliyi hazır vermək deyil, onlara bu bilikləri özləri əldə etməyi öyrətməkdir. 2000-ci ildən Cülyan kənd tam orta məktəbində öz ixtisasım üzrə riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Pedaqoji fəaliyyətim təhsil sahəsində aparılan islahatlar dövrünə təsadüf etdiyindən gənc müəllim kimi yeniliklərlə maraqlanmağa, öyrəndiklərimi tədris prosesində tətbiq etməyə başladım. Orta ümumtəhsil məktəblərində tədris olunan fənlər arasında riyaziyyat şagirdlər tərəfindən çətin mənimsənilən fənn kimi tanınır. Mən şagirdlərdə bu fənnə maraq oyatmaq, onların yaradıcı məntiqi təfəkkürünü inkişaf etdirmək üçün İKT-dən istifadə edirəm. Bu gün müasir təlim metodlarından istifadə günün tələbinə çevrilib. Belə dərslər şagirdlərdə təfəkkürün, idrakın inkişafına xidmət edir, şagirdi əzbərçilikdən daha çox yaradıcı və tətbiqetməyə sövq edir. Müasir təlim metodları şagirdlərdə fəallığı artırmaqla yanaşı, onlarda məntiqi düşüncəni də inkişaf etdirir. Bu zaman məntiqlə bilik paralel inkişaf edərək şagirdi gələcək həyata hazırlayır. Bütün bu proseslərin aparılmasında ən böyük rol müəllimin üzərinə düşür.
“Müasir təlim metodları şagirdi əzbərçilikdən daha çox yaradıcı və tətbiqetməyə sövq edir”
Mən İsmayıllı rayon
Cülyan kənd tam orta məktəbində 15 ildir
riyaziyyat müəllimi kimi
fəaliyyət göstərirəm. Bu gün müasir təlim
metodlarından istifadə etməklə dərslərimdə böyük uğurlar
qazandığımı acıq-aşkar hiss
edirəm. Cəbr və həndəsə dərslərində
müasir təlim metodlarından və
İKT-dən istifadə edərək uğurlu
nəticələr əldə etmək mümkündür.
Bu yaxınlarda V sinif riyaziyyat dərsində “KVADRAT, DÜZBUCAQLI
VƏ ÜÇBUCAĞIN PERIMETRI” mövzusunda
açıq dərs keçdim. Dərsdə
interaktiv üsulların bir
çoxundan istifadə etdim
və 45 dəqiqə ərzində istədiyim məqsədə
nail oldum. Qruplarla iş, rollu oyunlar, əqli hücum, işgüzar fəallıq,
müsahibə üsullarından istifadə edərək elektron lövhədə “KVADRAT ,
ÜÇBUCAQ VƏ DÜZBUCAQLININ PERİMETRİ” mövzusunda dərsi tədris etdim.
Proses
zamanı bir çox
yeniliklərdən istifadə edərək şagirdlərin dərsə
həvəsinin artmasına çalışdım. Şagirdlərin
qruplara bölünməsi, liderlərini
seçməsi, elektron lövhədə
işləmək bacarığını artırması
onların dərsi qavramasına xeyli
müsbət təsir göstərir. Yeni
dərsin izahından sonra qruplara
test tapşırıqları verdim. Hər bir qrup test
tapşırıqlarının həllini cavablandırdı və
onlar bu cavabları elektron lövhədə göstərdilər.
Bu mərhələdən
sonra qrupların diqqətini divardan asılmış Venn
diaqramına cəlb etdim. Şagirdlər bu diaqramın orta hissəsində
kvadratın və düzbucaqlının oxşar
cəhətlərini qeyd etdilər.
Şagirdlərə üçbucağın növləri
haqqında məlumat verdim. Onlara üçbucağın hər bir növünə aid perimetrinin tapılmasına uyğun
tapşırıq verdim. Bu
dəfə ən məntiqli və düzgün
yazan şagirdləri həvəsləndirərək
yüksək qiymətləndirdim. Dərsin sonuna
yaxın qiymətləndirmə mərhələsi hər bir şagirdin nəyə qadir olmasının üzə
çıxmasında böyük rol oynayır. Beləliklə, şagirdlərin
müstəqil düşünmə qabiliyyətlərini inkişaf etdirmək yolu
ilə” DÖRDBUCAQLILAR” haqqında bilikləri daha
da genişləndirmək və möhkəmləndirmək
məqsədinə nail oldum.
Qeyd edim ki, mən şagirdlərə nəticə
çıxarmaq üçün sərbəstlik
verirəm. Bu, şagirdin
məntiqi təfəkkürünün düzgün
istiqamətə yönəlməsinə kömək edir.
Anar Miriyev
Palitra.-2015.-12 mart.-S.11.