“Dünya elminə inteqrasiya üçün
imkanlardan düzgün
istifadə etmək lazımdır”
Layihə çərçivəsində
Ankara Universitetinin
doktorantı Zaur Şüküroğlu
ilə müsahibəni təqdim edirik.
-Şərqlə
Qərb təhsilinin hansı oxşar və
fərqli cəhətləri var?
-Bilirsinizmi, təhsil mədəniyyətlə birbaşa əlaqəlidir. Ona görə də Şərq və Qərb təhsilinin oxşar və fərqli cəhətlərini görmək üçün mədəniyyət tarixlərinə baxmaq vacibdir. Bir vaxtlar Qərb baxan mədəniyyət, Şərq isə baxılan mədəniyyət idi. Bu gün isə əksini müşahidə edirik, Şərq baxan mədəniyyət, Qərb isə baxılan mədəniyyət durumundadır. Elə bir dövr oldu ki, Qərb Şərqin dediyinə baxdı və indi elə bir dövrdəyik ki, Şərq Qərbin dediyinə baxır. Bizim bu vəziyyətdən çıxıb yenidən baxılan mədəniyyət olmağımız şərtdir. Buna imkanlarımız var. Yetər ki, gerçəkləşdirək. Gerçəkləşdirmək üçün də istəmək və çalışmaq lazımdır.
-Dünya
elminə inteqrasiya olunmağın yolu nədir?
-Bunun üçün imkanlardan düzgün istifadə etmək lazımdır. Yuxarıda qısaca ifadə etməyə çalışdığım xüsuslar mənim üçün ən önəmli imkanlardır. İnfrastrukturunuz yaxşı qurulduqdan sonra dünyanın ən yaxşı təhsil sisteminə müvəffəq olmaq çətin deyil. Son illərdə bənzər çalışmaları Türkiyədə də müşahidə edirik. Dövlətin təhsilə xüsusi qayğı ilə yanaşmasının nəticəsi olaraq təhsil müəssisələrinin sayı sürətlə artmaqdadır. Bu da xaricdəki, xüsusilə də bölgədəki beyin gücünü Türkiyəyə çəkir. Bu baxımdan Türkiyənin bölgənin cazibə mərkəzi, ən yaxşısı olduğunu söyləmək mümkündür. Ancaq əsas hədəfləri isə heç şübhəsiz Türkiyənin dünyanın ən yaxşılarından olmasına nail olmaqdır. Fikrimcə, dünya elminə inteqrasiyada Türkiyə müsbət və mənfi tərəfləri ilə bizə həm ən yaxın, həm də ən önəmli nümunədir. Müsbət tərəflərini nümunə götürüb mənfi tərəflərinə “qoy qalsın!” demək isə bizim öz əlimizdədir.
-Sizin
elmi işiniz məşhur
azərbaycanlı alim Seyid
Yəhya Bakuvi ilə bağlıdır. Mövzunuzun özəlliyi haqda
nə demək olar?
- “Seyid Yəhya Şirvani və “təsəvvüf” anlayışı” adlı dissertasiya üzərində çalışıram. Seyid Yəhya XV əsrdə Şirvanşahlar dövlətinin hakimiyyəti altında olan Azərbaycan ərazisində yaşayıb. Şamaxıda dünyaya gəlib. Mürşidi xəlvəti şeyxi Sədrəddin Xiyavi olub. Yeniyetmə çağlarında təsəvvüflə maraqlanıb və Sədrəddin Xiyavinin irşadı ilə seyrü-sülukunu tamamlayıb. Şeyxinin vəfatından sonra Şirvanşah I Xəlilullahın dəvəti ilə Seyid Yəhya Bakıya gəlib, burada qurduğu xanəgahda 40 ildən çox fəaliyyət göstərib. Xəlilullah şahın böyük dəstəyi və qayğısı ilə Seyid Yəhyanın xanəgahı institut xarakteri daşıyıb. Anadoludan çox sayda insan, hətta alimlər belə Seyid Yəhyanın xanəgahına axın edib. Seyid Yəhyanın yolu dünyada ən geniş yayılmış təsəvvüf yolu olub.
Xəlvətiyyə təriqətinin ikinci piri sayılan bu dəyərli elm və irfan xadiminin təsəvvüfi görüşlərini araşdırıb əsər ortaya qoymaq istəyirəm.
Elmi işdə Seyid Yəhya Şirvaninin Azərbaycan-türk təsəvvüf tarixində rolu, təsəvvüfi görüşləri və həyatının xüsusi məqamları, günümüzdəki təsirləri əks olunacaq.
-Bakuvi
irsinin tanıdılması üçün nə etmək
lazımdır?
- Seyid Yəhya şəxsiyyətinin tanınması və onun düşüncələrinin bilinməsi, birinci növbədə onun əsərlərinin tədqiqindən keçir. Məlumat üçün deyim ki, Seyid Yəhyanın əsərlərinin əlyazma nüsxələri daha çox Türkiyə kitabxanalarında qorunmaqdadır. Bu kitabxanalar arasında İstanbuldakı Süleymaniyyə Kitabxanası, Nuru osmaniyyə Kitabxanası, İstanbul Universiteti Kitabxanası və Millət Kitabxanası ilə Manisa Xalq Kitabxanası önə çıxan başlıca kitabxanalardır. Azərbaycanda isə Seyid Yəhyanın əsərlərinin əlyazmalarını AMEA Əlyazmalar İnstitutunda görmək mümkündür. Seyid Yəhyanın əsərlərinin çoxu farscadır. Ərəb dilində də yazıb. Onun bilinən əsərləri arasında Azərbaycan türkcəsində yazılan bir əsər var. Bu, “Şəfaül-Əsrar” adlı əsəridir. Ancaq demək olmaz ki, bu əsər Seyid Yəhyanın Azərbaycan türkcəsində yazılan yeganə əsəridir. Bu, böyük və yersiz bir iddia olar. Çünki elm inkişaf etdikcə və tədqiqatlar davam etdirildiyi müddətcə kitabxanalarda, eləcə də şəxsi kitabxanalarda həbs edilmiş çox əlyazmaları işıq üzü görəcək. Kim bilir, bəlkə də məhbus əlyazmalarının bəziləri də Seyid Yəhyaya aid bilinməyən əsərlərdir. Ona görə də düşünürəm ki, Seyid Yəhyanın Azərbaycan türkcəsində yazılmış əsərindən danışarkən onun, sadəcə, təsbit edilən (müəyyən edilən, tapılan, bilinən) əsərləri arasında ana dilimizdə yazılmış bir əsərinin olduğunu söyləmək daha doğru olacaq.
Məlumat üçün qeyd edim ki, Seyid Yəhya haqqında Osmanlı mənbələrində Azərbaycan mənbələrindən daha çox məlumat verilir. Ancaq əlimizdə olan mənbələrdə verilən məlumatların yetərli olduğunu söyləmək mümkün deyil. Seyid Yəhyanın həyatının böyük bir qismi bizim üçün qaranlıq olaraq qalır. Ona görə dəmən tədqiqatlarımda bir tərəfdən Seyid Yəhyanın həyatı haqqında mövcud mənbələrdə verilən məlumatları dərindən incələməyə çalışır, digər tərəfdən yeni mənbələr axtarıram.
Ümid edirəm ki, Seyid Yəhyanın həyatının böyük bir qismini işıqlandıracaq yeni mənbələr əldə ediləcək. Hələlik biz məhdud da olsa, mövcud mənbələrdəki məlumatlardan düzgün istifadə etməyə çalışmalıyıq. Yeni mənbələrə gəldikdə, bunu bizim ya da bizdən sonrakı tədqiqatçıların əldə etməsinin fərqi yoxdur. Mühüm olan Seyid Yəhya irsinin layiqli tədqiq edilməsidir. Bunun üçün də tələsik, başdansovdu araşdırmalardan, göstəriş məqsədilə aparılan tədqiqatlardan çəkinmək lazımdır. Məqsədimiz Allahın rizası ilə Azərbaycan tarixinə və mədəniyyətinə xidmət etməkdir. Bu məqsədə də ancaq sanballı araşdırmalarla çatmaq mümkündür. Anadolu türklərində bir söz var: "Gec olsun, güc olmasın".
-Araşdırmalarınızı
əsasən hansı ölkələrdə aparırsız?
- Seyidin irsini Bakıda, Türkiyədə, Balkanlarda və Afrikada araşdırıram. Onun həyatı və əsərləriylə bağlı ən incə təfərrüatları ilk mənbələr əsasında araşdırıb elm dünyasına və könlünü mənəviyyata verənlərə yaxşı bir əsər bəxş etmək ən böyük arzumdur. Türkiyədə dosent Mehmet Rıhtımın Seyid Yəhya Şirvaniylə bağlı araşdırmalarına böyük önəm verirəm. Bu istiqamətdəki elmi işimə davam edərkən məqalələr çap etdirir, əldə etdiyim yenilikləri elmi simpoziumlarda paylaşıram. İnanıram ki, biz Nizamini, Nəsimini, Füzulini araşdırdığımız qədər orta əsrlərin misilsiz filosoflarından olan Seyid Yəhya Şirvanini də öyrənməli və dünyaya tanıtmalıyıq. UNESCO -nun 2013-cü ili Seyid Yəhya Şirvani ili elan etməsi də bu istiqamətdə bizə geniş üfüqlər açıb. Seyid Yəhya Şirvanilə bağlı doktorluq dissertasiyamı yaxın gələcəkdə bitirib müdafiə etmək elmi karyerimin şərəfli səhifələrindən birini təşkil edəcək.
-Türkiyədə
gənclərimiz əsasən hansı sahədə təhsil
alırlar?
-Türkiyədə müxtəlif sahələrdə təhsil alan azərbaycanlı gənclərə rast gəlmək mümkündür. Ancaq mənim əsas ixtisasım ilahiyyat sahəsi olduğu üçün burada bu sahədə təhsil alan gənclərimizin sayının xüsusilə də son illərdə nəzərəçarpacaq dərəcədə artdığını yaxından müşahidə etdiyimi söyləyə bilərəm.
-Azərbaycan elmi və təhsilinin mövcud
vəziyyəti xaricdən necə görünür?
-Xariclə müqayisə edərkən Azərbaycanda elm və təhsilin inkişaf etmədiyini söyləmək insafsızlıq olar. Ancaq Qərb dünyası, hətta Türkiyə ilə müqayisədə geridə qaldığımız sahələr yox deyil. Fikrimcə, aradakı məsafəni ortadan qaldırmaq üçün birinci növbədə elm və təhsil sahəsi ilə bağlı bizdə bu gün mövcud olan düşüncə tərzinin yenidən inşa edilməsinə böyük ehtiyac var. Şəxsən mənim xaricdən görə bildiyim vəziyyət budur. Dəyərlərimizə bağlı düşüncəmizin yenidən inşasına nail olmadığımız müddətcə ölkəmizdə elm və təhsil sahəsində istənilən inkişafın əldə edilə biləcəyini düşünmürəm. Bir də özünə inamı yenidən qazanma problemimiz var ki, bu, əslində bütün İslam dünyasının əsas problemlərindən biridir. Yuxarıda qeyd etdiyimiz mənada xaric təcrübəsi bu özünəinamın yenidən inşa edilməsində də müsbət rol oynaya bilər.
-Gənclərimiz
xaricdə ölkəmizi yetərincə tanıda bilirlərmi?
- Bu, daha çox dövlətimizin düşünməli olduğu bir mövzudur. Ancaq bir çox gəncin müxtəlif tələbə fəaliyyətləri, dərnəklər, şəxsi əlaqələr, milli-dini bayramlar, konfranslar və s. vasitəsilə zaman-zaman ölkəmizi tanıtmaq imkanı qazandıqlarını və əllərindən gələni etdiklərini söyləmək mümkündür. Təəssüf ki, belə fəaliyyətlər pərakəndə xarakter daşıdığı üçün təsiri əhatəli olmur.
Fuad Hüseynzadə
Palitra.-2015.-13 mart.-S.11.