“GMO məhsulları yoxlamaq
üçün ölkəmizdə müasir laboratoriya və
yüksəkixtisaslı kadrlar var”
Aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərov:
“Genetik modifikasiya olunmuş bitkilərin genetik
materiallarının ölkəyə gətirilməsi,
rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır”
Qlobal iqlim dəyişikliklərinin
intensivləşdiyi, aqroekosistemlərin müxtəlif səbəblərdən
deqradasiyaya uğradığı bir dövrdə dünya əhalisinin
sağlam qida və təsərrüfat
məhsullarına artan tələbatının
ödənilməsi və ümumən ərzaq təhlükəsizliyinin
təmin edilməsində bitkilərin genetik ehtiyatlarından səmərəli
istifadə olunması vacib amildir.
Yeni
sortların yaradılması ilə yanaşı, eləcə
də əhalinin təmiz kənd təsərrüfatı məhsulları
ilə təmin olunmasında ilk növbədə
genetik modifikasiya olunmuş bitkilərlə bağlı nəzarətin
həyata keçirilməsi istiqamətində tədbirlər
həyata keçirilir. Müsahibimiz Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər
üzrə elmlər doktoru Zeynal Əkbərovdur:
- Ərzaq təhlükəsizliyinin
təmin olunmasında bitki genetik
ehtiyatlarının səmərəli istifadəsi və
davamlı mühafizəsi istiqamətində hansı işlər
görülür?
- Biomüxtəlifliyin və ümumən ətraf mühitin qorunmasında, bioloji və ərzaq təhlükəsizliyinin təmin olunmasında bitki genetik ehtiyatlarının müstəsna rolu var. Bizim təklif etdiyimiz və reallaşdırdığımız modellər və strategiyalar əsasında Azərbaycanın bitki genetik müxtəlifliyinin əhəmiyyətli bir hissəsinin bütün ölkə ərazisindən məqsədyönlü toplanması, müasir metodların tətbiqi ilə kompleks öyrənilməsi, etibarlı mühafizəsi, seleksiya tədqiqatlarında biotik və abiotik stress amillərinə davamlılığın artırılması istiqamətində geniş istifadəsi mümkün olub. Beləliklə, 2003-cü ildə AMEA Genetik Ehtiyatlar İnstitutu və daha sonra Milli Genbank yaradılıb, daha sonra bu Genbankda, genefond bağlarında əsasən yerli genetik müxtəlifliyin 395 cinsə, 1109 növə aid 10000-ə qədər nümunəsi, o cümlədən mədəni bitkilərin yabanı əcdadlarına aid 2000-dən çox, xalq seleksiyası sort və formalarına aid 2370-ə qədər qiymətli nümunə toplanaraq bərpa və mühafizə edilib. Son illərdə tədqiqatların səmərəliliyini və məqsədyönlülüyünü artırmaq məqsədi ilə kolleksiya nümunələrinin identifikasiyası və qiymətləndirilməsini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verən ümumi meyarlar hazırlanaraq, onların əsasında bitki genetik müxtəlifliyinin 3000-dən çox nümunəsi kompleks qiymətləndirilib, təsərrüfat əhəmiyyətli genlərə malik, biotik və abiotik stress amillərinin mənfi təsirilə davamlı yüzlərlə donor forma aşkar edilərək seleksiya proqramlarında səmərəli istifadəsi tövsiyə olunub. Genefondun öyrənilməsi, seçmə və arzuedilən əlamətlərin hibridləşmə vasitəsi ilə köçürülməsi yolu ilə dənli-taxıl, tərəvəz, meyvə, texniki və s. bitkilərinə aid 70-ə qədər sort yaradılıb və sınaq üçün Dövlət Komissiyasına təqdim edilib və əksəriyyəti respublikada rayonlaşdırılıb.
Genetik ehtiyatlar sahəsində fəaliyyətlərin gücləndirilməsi qanunvericilik bazasından əhəmiyyətli dərəcədə asılıdır. Bu sahədə də son illərdə çox iş görülüb. Prezident İlham Əliyevin sərəncamı ilə 13 dekabr 2011-ci il tarixli 273-IVQ nömrəli “Mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Qanun respublikada mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı, elmi tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyəti, habelə indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin başlıca prinsiplərini və hüquqi əsaslarını müəyyən edir.
Bu Qanuna əsasən Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 13 noyabr 2012-ci il tarixli 259 saylı qərarla BGE üzrə idarəetmə sistemi müəyyən edilib, respublikada BGE-nin təbii ehtiyatlarının, kolleksiyalarının və s. nəzarətdə saxlanılması, BGE üzrə bütün fəaliyyətlərin və bölgələrin, müvafiq elmi tədqiqat və təhsil müəssisələrinin, alim və mütəxəssislərin yüksək səviyyədə əlaqələndirməsinin təşkil və təmin olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul şəxslərinin, alim və mütəxəssislərinin iştirakı ilə Azərbaycanda mədəni bitkilərin genetik ehtiyatları üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura, Elmi-Texniki Şuranın tərkibində BGE-nin elmi fəaliyyət istiqamətləri üzrə ekspert şuralar, ayrı-ayrı bitkilər və bitki qrupları üzrə işçi qrupları yaradılıb. Həmin qərarla Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu BGE üzrə idarəetmə sistemində Milli Əlaqələndirici İnstitut müəyyən edilib. İnstitutun əlaqələndirici fəaliyyəti Elmi-Texniki Şura, eləcə də ekspert şuraları və işçi qrupları vasitəsi ilə həyata keçirilir.
Növbəti addımda Bitki genetik ehtiyatları üzrə Milli Proqramın qəbul olunması gözlənilir. Bu proqramın yerinə yetirilməsi ilə BGE sahəsində regional və beynəlxalq səviyyələrdə fəaliyyətləri gücləndirəcək, ən müasir səviyyədə tədqiqatlar aparılması üçün imkanları və dünya elminə daha intensiv inteqrasiyanı təmin edəcək.
Biz tarixin, dövlətimizin və xalqımızın bizim üzərimizə qoyduğu məsuliyyəti yaxşı dərk edirik. Azərbaycanda genetik ehtiyatların daha müasir innovativ üsullarla həm in situ (on-farm), həm də ex situ şəraitdə hərtərəfli öyrənilməsi, toplanması, itmək təhlükəsində olan növlərin xilasına imkan verəcək qabaqcadan xəbərdaretmə sisteminin qurulması, xarakteristik və genomiks məlumat bazalarının yaradılması, biotexnologiyanın son imkanlarından istifadə etməklə ekoloji təmiz, keyfiyyətli, məhsuldar və davamlı sortların yaradılması, həmçinin Azərbaycanın zəngin bitki biomüxtəlifliyi, milli brend bitkiləri haqqında dünya elmi ictimaiyyətinə əsaslandırılmış məlumatların verilməsi kimi təxirəsalınmaz vəzifələrin səmərəli icrası istiqamətlərində mümkün olan bütün tədbirlər həyata keçiriləcək.
- Geni
dəyişdirilmiş məhsullarla bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
Bu gün bazarlarda GMO məhsulları varmı?
- Azərbaycanda GMOB-dan istifadə etmək üçün xüsusi biotəhlükəsizlik sisteminin mövcud olmaması belə bitkilərlə bağlı risklərin qarşısının alınmasında çətinliklər yaradır. Dünyada biotexnoloji üsullarla yeni bitki formalarının yaradılması metodikaları təkmilləşdirilir və onların insan sağlamlığına və ətraf mühitə vura biləcəyi təsirlər minimuma endirilir. Bu sahə üzrə inkişaf etmiş ölkələrdə ciddi tədqiqatlar aparılır və nəticələr ildən-ilə artır. Azərbaycanda da müvafiq yüksək texnoloji metodları mənimsəmiş tədqiqatçıların hazırlanması və biotəhlükəsizlik sisteminin yaradılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının bir çox qanunvericilik aktlarında genetik modifikasiya olunmuş orqanizmlərin və onlardan hazırlanmış məhsulların ölkəyə gətirilməsi, becərilməsi və yayılması qadağan olunub. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda genetik modifikasiya olunmuş bitki genetik materialları haqqında müəyyən maddələr yer alıb. Belə ki, Qanunun 5.0.5-ci bəndində gen mühəndisliyinin və yeni texnologiyaların tətbiqindən alınmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının sonrakı istifadəsinə maneə törədən və (və ya) onların azalmasına səbəb olan genetik modifikasiya olunmuş bitkilər və digər məhsulların aqroekosistemlərə mənfi təsirinin qarşısının alınması göstərilib. Həmçinin Qanunun 21-ci maddəsi və onun 4 bəndi tamamilə genetik modifikasiya olunmuş bitkilərlə davranmaya həsr edilib. Həmin maddədə aydın şəkildə göstərilib ki, Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. Qanunun 21-ci maddəsində göstərilmiş məsələlərin həll edilməsi üçün Prezident İlham Əliyev tərəfindən 2 fərman imzalanıb və bu fərmanlara uyğun şəkildə ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması, ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi, genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı üzrə qaydalar hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hazırda Elmi texniki Şuranın tərkibində Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssislərindən ibarət genetik modifikasiya olunmuş bitkilər üzrə Ekspert Şurası fəaliyyət göstərir. Şura mütəmadi olaraq rayonlarda fermerlərlə görüş keçirir və nümunələr götürərək analiz edir. Qeyd etmək istərdim ki, qısa vaxt ərzində Ekspert Şurası GMOB-un təyini metodikasını hazırlayıb və 2013-cü ildə Respublikanın Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara bölgəsindən toplanmış materiallar Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin müvafiq laboratoriyası ilə birgə analiz edilib. Aparılmış analizlər nəticəsində toplanmış materiallarda GMOB-un olmadığı müəyyən edilib. Bu il də monitorinqlərin davam etdirilməsi və daha da intensivləşdirilməsi planlaşdırılır. Qeyd etdiyim kimi, Ekspert Şurası yalnız genetik materiala cavabdehdir. Biz bazarlarda satılan hazır məhsulları yoxlamırıq. Ona görə də bazardakı vəziyyət haqqında dəqiq fikir söyləyə bilmərəm.
-Ölkəmizdəki
bitki toxumlarının yoxlanılması mümkündürmü?
- Genetik modifikasiya olunmuş bitkiləri və müxtəlif məhsullarda GMO-nun mövcudluğunu molekulyar analizlər vasitəsilə aşkara çıxarmaq mümkündür. Qeyd etdiyim kimi, Ekspert Şurasının əməkdaşları tərəfindən GMO-nun təyini üzrə dünyada istifadə olunan metodikalar təhlil olunub və Azərbaycan dilində müvafiq metodik vəsait hazırlanıb.
-Bunun üçün standartlara
cavab verən laboratoriya varmı?
- Həm AMEA Genetik Ehtiyatlar İnstitutunda, həm də Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsində ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar və yüksək ixtisaslı kadrlar mövcuddur. Qeyd edim ki, bu laboratoriyaların əməkdaşları həm də Ekspert Şurasında təmsil olunurlar və qarşılıqlı əməkdaşlıq yolu ilə birgə fəaliyyət göstərirlər.
-Təsərrüfatlarda
GMO aşkarlanarsa, hansı tədbirlər
həyata keçirilməlidir?
- İlk növbədə onu qeyd edim ki, İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərə görə transgen bitkilərin Azərbaycan ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə - fiziki şəxslər üç min manat, vəzifəli şəxslər on min manat, hüquqi şəxslər isə əlli min manat miqdarında cərimə edilir. Konkret sualla bağlı deyə bilərəm ki, təsərrüfatlarda GMO aşkarlanan zaman Nazirlər Kabinetinin ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması qaydasında nəzərdə tutulan tədbirlər həyata keçirilməlidir. Belə ki, həmin qaydada aydın şəkildə göstərilir ki, təsərrüfatlarda GMOB aşkarlandıqda onlar Elmi-Texniki Şuranın qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən 5 (beş) iş günü müddətində məhv edilir. Aşkar edilmiş GMOB-un məhv edilməsi GMOB-un sahiblərinin hesabına həyata keçirilir.
- Əhalinin maarifçilik səviyyəsinin
artırılması ilə bağlı hansı işlər
görülməlidir?
- Ekspert Şurası tərəfindən GMOB və onların ölkədə qadağan olunması haqqında buklet hazırlanıb və regionlarda maarifləndirici seminarlar təşkil edilib.
Genetik modifikasiya olunmuş orqanizmlərin ölkədə qadağan olunması mövzusu üzrə buklet hazırlanıb və təkmilləşdirilib. GMO ilə bağlı maarifləndirici seminarların təşkili üçün 3 böyük təqdimat hazırlanıb. Hazırlanmış təqdimatlardan istifadə edərək, 26 aprel 2014-cü il tarixində Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda böyük seminar təşkil edilib. Seminarda respublikada olan bütün gömrük keçid məntəqələrinin rəhbər işçiləri iştirak edib.
Hesab edirəm ki, təbliğat işləri, seminarlar, fermerlərlə görüşlər davam etdirilməlidir. Kütləvi informasiya vasitələri bu sahədə xüsusilə mühüm rol oynaya bilərlər, ancaq bir şərtlə ki, informasiya materiallarının hazırlanması zamanı populizmə, sensasiyalara uymasınlar, mötəbər mənbələrə, mütəxəssislərin, alimlərin rəylərinə əsaslansınlar.
Nigar Abdullayeva
Palitra.-2015.-13 mart.-S.7.