İndi valideyn uşaqla işləməyin dərdindən ona repetitor tutur

 

Müəllim məktəbdə necə dərs keçirsə, valideyn o məsuliyyətlə uşağına yanaşsa, ən azından götürüb gündəliyinə baxıb sabahkı dərsləri ilə maraqlansa, repetitora ehtiyac qalmaz

 

Layihə çərçivəsində müsahibimiz Quba rayonu İsnovqışlaq kəndi Sərvər Şəmsəddin Şəmiyev qardaşları adına tam orta məktəbin biologiya müəllimi psixoloqu Lalə Məmmədovadır: - Belə bir fikir var ki, bölgələrdə şagirdlərin təhsilə marağı azdır, bu dərəcədə doğrudur?

- Cənub bölgəsinə nəzərən bizdə azyaşlıların vaxtsız nikah məsələsinə ciddi yanaşılır. Dərsdən yayınma halları az olur. Belə hal olduqda isə bu, dağlıq kəndlərdə 4-cü sinfə qədər şagirdlərin nəqliyyat problemi ilə bağlı yarana bilər. Quba Rayon İcra Hakimiyyəti tərəfindən nəqliyyat ayrılıb, uşaqların məktəbə çatdırılması ilə bağlı işlər görülür. Dərslərdən yayınma halları minimumdur, cənub bölgəsindən fərqli olaraq qızlar da, oğlanlar da məktəbə meyillidirlər. Bu sevindirici haldır.

- Hazırda məktəblərdə psixoloqların azlığı bildirilir. Buna sizin münasibətiniz necədir?

- 155 məktəbdə cəmi 38 psixoloq var. Elə məktəblər var 9 illikdir. Lakin mən hesab edirəm ki, bəzən bir uşaqla işləmək bəzən aylar tələb edir. Həqiqətən, normal düşüncəli uşaq onsuz da normaldır, bizim işimiz isə müəyyən həssaslığı, zəifliyi olan uşaqları aşkar etmək onları ailəyə, məktəbə bağlamaqdır. Bu baxımdan bir uşaqla işləmək müəyyən vaxt tələb etdiyinə görə, istəyərdim ki, uşaqların sayına görə məktəblərə psixoloq təyin olunsun. Bir məktəbdə psixoloq 300-400 şagirdlə işləmək qüdrətində deyil. Əgər psixoloq 10 uşaqla işləməlidirsə, onu çatdıra bilmir. Çünki həm onlara nəzarət, həm vaxt buna imkan vermir. Psixoloq olmağın məsuliyyəti həddindən artıq böyükdür. Məktəbdə direktordan sonra ikinci məsul şəxs psixoloqdur. Buna görə istərdim ki, uşaqların sayına görə psixoloq təyin olunsun. Bundan başqa, uşaqlarda olan çılğınlıq dövründə valideynlər diqqətli olsunlar. Çünki həmin dövrdə onların kobud rəftarı uşağı birbaşa ailədən uzaqlaşdırmağa gətirib çıxarır.

- Əgər şagirdlər orta məktəblərdə biologiya fənnini sevirlərsə, niyə ixtisas seçimində bu sahələrə, məsələn, Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul ən aşağı səviyyədədir?

- Fikrimcə, müəyyən bir dövr üçün uşaqlar kompyüter mühəndisliyinə maraq göstərirlər. Ölkəmizdə neft strategiyası ilə bağlı I qrup üzrə yönlənmə daha çox müşahidə olunur. IV qrup isə sırf həkimliyi nəzərdə tutur. Aqrar sahəyə gəldikdə isə ölkəmizdə çoxsaylı bağlar var, ən azından meyvə sortları üzərində işləmək olar. Əgər maraq yoxdursa demək bu, birbaşa valideynin arzusu ilə bağlıdır. Çünki valideyn uşağını həkim, müəllim, hüquqşünas görmək istəyir. Uşağın bilik səviyyəsi var. Başqa sözlə desək, adi armudu stəkan irihəcmli qabın suyunu daşıya bilməz. Əgər uşaqda qavrama səviyyəsi orta səviyyədədirsə, onu bir peşə məktəbinə yönəltmək olar. Şərt deyil ki, hüquqşünas olsun, əsas odur ki, işinin ustası olsun. Bu gün gənclər gəlir gətirəcək sahələrə daha çox maraq göstərirlər. Yaxud onlarda aqrar sahədə tapmaq qorxusu var.

- Bu gün müəllimlər təyinat əsasında çalışmağa üstünlük vermirlər. Sizcə bu nədən irəli gəlir?

- Hesab edirəm ki, bu daxildən gələn bir istəkdir, yəni müəllimlər düşünməlidirlər ki, mən kiməsə nəsə öyrətməliyəm. Nəzərə alsaq ki, şəhərdə inkişaf yüksək səviyyədədir, hamı oxuyur, o zaman müəllim çatışmazlığından əziyyət çəkib oxuyub - öyrənmək istəyənlər etsin? Artıq o zaman özünə güvənən bir müəllim ucqar yerlərdən qaçmaz. Çünki onun tədris etməyə dərsi, öyrətməyə savadı var, öyrətdiyi şagirdlərlə sevinirsə o oradan qaçmır. Mənim tanıdığım müəllimlər var ki, müxtəlif rayonların ucqar kəndlərində çalışırlar. Onlardan üç nəfəri bu il imtahan nəticələrinə əsasən göndəriliblər.

- Son vaxtlar müəllimlər müxtəlif kurslara cəlb olunurlar. Belə kursların təşkili müəllimlər üçün hansı imkanlar açır?

- Müəllim məktəbi oxuyub qurtarır diplom alır. Bu müddətdə bir neçə imtahanlardan keçir, artıq dərs prosedurlarına başlayır insanda inkişafa tələbat olur. Mən birinci ixtisasımı bitirdikdən qısa bir aradan sonra ikinci ixtisas aldım. İkinci təhsildə özümü daha güclü hiss etdim. Düşünürəm ki, müəllimlərin vaxtaşırı kurslarda iştirakı çox müsbət haldır. İnsan özü inkişaf edir, yeniliklərdən xəbər tutur, paylaşır bu cəmiyyətdə müəllimin daha savadlı, ziyalı inkişafına dəlalət edir. Xüsusilə Müəllimlər İnstitutunda belə bir kurslar keçirilir. HazırdaÖyrədənlərin öyrədəniadlı kursda iştirak edirəm. Düşünürəm ki, belə kurslarda iştiraka davam edəcəm.

- Hazırda tədris zamanı müasir texnikadan istifadə imkanları varmı?

- Bizim məktəbdə həmin təchizatlar yoxdur. Ancaq inanıram ki, olacaq. Dövlət təhsilin inkişafına bu cür start veribsə, o bizim məktəbdə olacaq. Yeni texniki vəsaitlər Qubada 2 saylı məktəbdə var. Müasir texnika ilə işləmək çox rahatdır. Slaydlar hazırlayırıq. Bir var ki, noutbook vasitəsilə uşaqlara göstərək, bir var ağıllı lövhələr vasitəsilə dərsi izah edək. Həm uşaq yalnız oxumaqla öyrənmir, insan var ki, toxunmaqla, görməklə öyrənir. Bu baxımdan oxuyub öyrənə bilməyən, görüb öyrənirsə, bu da bir müsbət haldır. İnkişaf edən Azərbaycanda nəyə görə bundan istifadə edilməsin. Hazırda bizdə bu texnika olmasa da, ümid edirik ki, olacaq.

- Ümumiyyətlə, uşaqların repetitorlara müraciətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, münasibətim pis deyil. Lakin dərs müddətində bunu qəbul etmirəm. Çünki dərs uşağa dövlət tərəfindən ayrılmış tədris vaxtıdır. O mütləq məktəbdə olmalı, dərslərinə çalışmalıdır. Heç bir ali məktəbdə tələbə orta məktəbdə aldığı təhsili almır. Niyə? Ona görə ki, orta məktəb uşağı hərtərəfli, bütün sahələr üzrə eyni səviyyədə öyrədir. Ancaq ali məktəbdə hər hansı ixtisas üzrə uşağı aktivləşdirir. Bu baxımdan orta məktəbdə olan müddəti uşaq zərgər dəqiqliyi ilə dəyərləndirməlidir, hansı sahə olursa-olsun savadlı, ziyalı, peşəkar olsunlar. Bu zaman hansı peşədə çalışmalarından asılı olmayaraq öncül işçi olacaqlar.

Valideyn bəzən inad edir ki, oxumalısan. Uşaq desə ki, bu sahəni qavramıram, valideyn onu mütləq qavraması üçün məcbur edir. Əslində repetitorlara nəyə görə müraciət edirlər? Müəllim onsuzda məktəbdə dərsini keçir, tapşırığını verir. Mən uşaq olanda, müəllim evə tapşırıq verəndə dəqiq elmlərdə həmişə atama müraciət edirdim. Axı mənə bir kömək lazımdır valideynim mənə kömək edirdi. Yaxud xarici dillə bağlı problemim olurdusa bacı-qardaşıma müraciət edirdim. Uşaq ailədən yararlanır. Ancaq indi valideyn uşaqla işləməyin dərdindən ona repetitor tutur. Mən uşağa repetitor tuturam, çünki müəllim yaxşı öyrətmirifadəsinin tam əksinəyəm. Müəllim hər zaman müəllimdir. Müəllim sinfə daxil olduqda onun bütün qayğıları qapı arxasında qalır. Bu baxımdan o bütün bildiyini şagirdlərə çatdırır. Hətta ətrafda olan bir yeniliyi çalışır ki, uşaqlara çatdırsın. Müəllim bu eşqlə çalışan bir insandırsa onun o dəyərini repetitorluqla cılızlaşdırmaq yox, əksinə, ona ikinci valideyn adını vermək lazımdır. Müəllim məktəbdə necə dərs keçirsə, valideyn o məsuliyyətlə uşağına yanaşsa, ən azından götürüb gündəliyinə baxıb sabahkı dərsləri ilə maraqlansa, repetitora ehtiyac qalmaz.

- Bu, məktəbdə yaxşı tədrisin yüksək səviyyədə olmaması ilə bağlı ola bilərmi?

- Bir sinifdə 20 şagird təhsil alırsa, necə olur ki, onlardan 4 nəfər öyrənir, 10 nəfəri orta səviyyəli olur, digərləri öyrənmir. Uşağın marağından asılıdır. Əgər uşaq öyrənmək istəyirsə, elə öyrənir ki, heç repetitora ehtiyacı olmur. Məsələn, indi uşaqları kompüterdən, telefondan uzaq tuturuq ki, ziyandır. Ancaq onun marağı olduğu üçün bunu öyrənir. Uşaq həqiqətən, qarşısına məqsəd qoyursa o öyrənir. Yaxud uşaq istəyir ki, məsələn, dərzi olsun, ancaq valideyn inad edir. Bu uşaq sadəcə məktəbə gəlib-gedir, ancaq repetitorlara müraciət edir, təsadüfən müəllim olur. Bu gün 200 balla müəllim ixtisasına tələbənin qəbul olunduğu institutlarımız var. Halbuki o bəlkə başqa sənətin sahibi olmaq istəyir.

 

 

Nigar Abdullayeva

Palitra.-2015.-14 mart.-S.7.