“Layihəmiz “Microsoft” nümayəndələrinin
iştirakı ilə Parisdə təqdim olunacaq”
Cəlal Məmmədzadə: “Təhsil
aldığım “University College London” dünyanın ən
güclü 20 təhsil ocağından biridir”
Xaricdə təhsil
alan gənclərlə bağlı rubrikamızın budəfəki
qonağı Cəlal Məmmədzadədir. Cəlal Azərbaycanda
650 bal toplayaraq yüksək göstəriciyə nail olan tələbələrimizdən
olub. Bununla kifayətlənməyərək o, təhsilini
xaricdə davam etdirmək qərarı verib. Hazırda
dünyanın ən tanınmış universitetlərindən
birində oxuyan bu aktiv gənclə olan müsahibəni
oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən - Cəlal Məmmədzadə 1993-cü
ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimə 1999-cu ildə Bakı şəhəri
F.Tağıyev adına 72 saylı məktəb-liseyin 1-ci
sinfinə daxil olmaqla başlamışam. 2010-cu ildə məktəbi
fərqlənmə ilə bitirdikdən sonra 650 balla Bakı
Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika
fakültəsinə daxil oldum. Kiçik
yaşlarımda şahmata və dama oyunlarına həvəsim
olduğundan rayon məktəbləri arasında keçirilən
şahmat və dama turnirlərində bir neçə dəfə
iştirak edib qalib olmuşam. Eyni zamanda, təkcə dərslərə
deyil, dərsdən kənar fəaliyyətlərə də hər
zaman marağım olub. Artıq 8-ci sinifdə təhsil
aldığım zaman “Qarabağ, ağrım, qürurum mənim”
adlı respublika muğam yarışmasında 3-cü yerə
layiq görülmüşəm. Orta məktəbdə təhsil
aldığım müddətdə kapitanı olduğum
komanda ilə birlikdə Bakı şəhər məktəbləri
arasında keçirilən məntiq olimpiadasının qalibi
olmuşam. BDU-da bir il təhsil almağıma
baxmayaraq, Dövlət Neft Şirkətinin təşkil etdiyi
daxili təqaüd proqramında iştirak edib, ARDNŞ-in təqaüdçüsü
olmuşam. 2011-ci ildə artıq BDU-da təhsilimə son vermək
qərarına gəldim və Böyük Britaniyanın
Mançester Universitetində kompüter elmləri (BSc
Computer Science) ixtisası üzrə təhsil almağa
başladım. Hazırda isə maliyyə sistemləri mühəndisliyi
(MSc Financial Systems Engineering) ixtisası üzrə London Kollec
Universitetində (University College London) magistr təhsili
alıram.
-Xaricdə
təhsil hər bir gəncin arzusudur. Yəqin sizin də ən
böyük arzunuz bu olub və əzmlə
çalışıb arzunuzu
reallaşdırmısınız...
-Çoxları
deyir ki, hələ kiçik yaşlarımdan xaricdə təhsil
almaq niyyətim olub. Düzü, mən orta məktəb
təhsilinin son ilinə qədər bu fikirdə
olmamışam. Fikrimcə, bunun əsas səbəbi
məlumatsızlıq olub. Bakı şəhərindəki
özəl və ya bir neçə dövlət məktəbini
çıxmaq şərti ilə, demək olar ki, digər
bütün orta məktəblərdə bizim vaxtımızda
şagirdlər ancaq bir istiqamətdə olurdular.
Hamının bir məqsədi olurdu, o da TQDK imtahanında
yüksək bal toplamaq. Şəxsi qənaətimə
görə, TQDK balı abituriyentin bilik
göstəricisi deyil və bu imtahan təhsilimiz
üçün bir çox problemlərin yaranmasına səbəb
olur və olacaq. Hələ məktəb illərinin
son siniflərindən şagirdlərdə “TQDK imtahanı
qorxusu” yaranır və bu da onların özlərini
inkişaf etdirməsinə çox mane olur. Xaricdə oxumaq çoxlarının arzusudur, amma
bizim əlimizdə olan bu imkan nədənsə bizlərə
mümkünsüz görünür. Mənim
xaricdə təhsil almağımın səbəbkarı
valideynlərim olub. Artıq 11-ci sinifdə
təhsil alarkən mən xaricdə təhsil almaqla
bağlı qəti qərarımı vermişdim. Məni
inandırmışdılar ki, əgər TQDK imtahanında
600-dən yüksək bal toplasam, dövlət
məni xaricə oxumağa göndərəcək. Əlbəttə, bu, belə deyildi və bunu TQDK
imtahanının nəticələri açıqlandıqdan
sonra anlamışdım. Buna görə də bir il BDU-da oxumalı və eyni zamanda ingilis dili
biliyimi inkişaf etdirməliydim.
- Oxuduğunuz
hər iki universitet barədə məlumat verərdiniz
- Öncə
bakalavr təhsili aldığım Mançester Universiteti barədə
qısaca danışmaq istərdim. Bu universitet
universitetlərin reytinq siyahısına (www.topuniversities.com) əsasən,
2014-cü ildə dünyada 30-cu pillədə qərarlaşmışdı.
Təkcə Avropada deyil, hətta dünyada
çox saylı məşhur məzunları, tədqiqatçıları
olub. Bunlara misal olaraq Con Dalton (müasir kimya və atom nəzəriyyəsinin
banisi), Alan Turinq (kompüter elmlərinin “atası” hesab olunur,
ilk dəfə elektron cihazın yaddaşında əvvəlki
əməliyyatların saxlanması onun alqoritmi əsasında
formalaşıb. “Apple” şirkətinin loqosu da
onun adı ilə bağlıdır), Ernest Rezerford (atomun
planetar modelinin müəllifi və eyni zamanda nüvə
fizikasının “atası” hesab olunur) və digərlərini
qeyd etmək olar. Hazırda təhsil aldığım
“University College London” isə dünyanın ən güclü
20 təhsil ocağından biridir və hətta universitetlərin
reytinq saytında (www.topuniversities.com) ötən il Oksford Universiteti ilə eyni pillədə qərarlaşaraq
dünyanın 5-ci ən güclü universiteti olaraq göstərilmişdi.
Universitet Nobel mükafatı alan tələbə
və tədqiqatçılarının sayına görə
dünyada 20-ci, Böyük Britaniyada 3-cü pillədə qərarlaşıb.
1826-cı ildə yaradılan bu universitet İngiltərədə
yaranan ilk dünyəvi ali təhsil müəssisəsi
olmaqla yanaşı, qadınlar və kişilərə eyni dərəcədə
haqq verən, onları dinindən və sosial durumundan
asılı olmadan qəbul edən bir təhsil ocağı
olub. İstər elm sahəsində, istərsə
də dövlət və idarəetmə sahələrində
universitetin çoxsaylı məzunları var. Bunlara misal
olaraq Mahatma Qandi (Hindistan azadlıq hərəkatının
lideri), Graham Bell (telefonun ixtiraçısı), Con Russel
(Böyük Britaniyanın keçmiş Baş Naziri) və
digərlərini göstərmək olar. Hər
halda bu kimi insanları yetişdirən universitetin təhsil səviyyəsi
məni qane etməyə bilməz. Demək olar ki, hər
dərsimizin sonunda azından 1 saatlıq əlavə
mühazirə olur ki, bu mühazirələri də öz
müəllimlərimiz deyil, dünyanın ən qabaqcıl
şirkətlərində rəhbər vəzifələrdə
çalışan və əksəriyyəti universitetimizin
bir neçə il öncə məzunu olan peşəkarlar
oxuyur. Hətta dünyanın ən qabaqcıl
investisiya bankları olan “Goldman Sachs”, “Morgan Stanley”, “J.P. Morgan”
və daha bir neçəsi işə müraciət
zamanı bizim universitetin tələbələrini ilk mərhələlərdən
azad edərək birbaşa müsahibəyə
çağırır. Bu da universitetin təkcə
təhsillə deyil, həm də tələbələrin gələcək
karyerası ilə də ciddi maraqlandığının, sənaye
ilə sıx əlaqəsi olduğunun bir göstəricisidir.
1-ci semestr zamanı “Microsoft” şirkəti “(Microsoft”un London Ofisi) ilə birgə keçdiyim 2
aylıq təcrübədə də universitetimin
böyük rolu olduğunu qeyd etməliyəm. 20
gün öncə tamamladığımız layihə tələbələr
və “Microsoft” şirkətinin nümayəndələri ilə
birlikdə mart ayının sonlarında Parisdə təqdim
olunacaq.
-Yerli əhalinin adətlərində
hansı maraqlı məqamlar var? Ümumiyyətlə,
yaşadığınız bu ölkədə insanların həyat
tərzi necədir?
-Yəqin
ki, çoxlarımız İngiltərə və ingilislər
haqqında az da olsa, məlumatlıyıq.
Ona görə də bəzi maraqlı məlumatları
qeyd etmək istərdim. İngiltərənin
demək olar ki, özünün mətbəxi yoxdur. Daha doğrusu, ingilis mətbəxi kifayət qədər
bəsit və dadsızdır. Yəqin ki,
Avropanın ən dadsız mətbəxidir. Buna baxmayaraq, Avropada ən yüksək piylənmə
göstəricisi İngiltərəyə məxsusdur. Bunun da əsas göstəricisi kimi ingilislərin
“fast food”u çox yeməsini göstərmək olar. London iqtisadi cəhətdən dünyanın 2-ci mərkəzi
hesab olunur. İngiltərənin digər
şəhərləri ilə müqayisədə daha
çox yüksək mərtəbəli binalara rast gəlinsə
də, buradakı küçələri Nyu Yorkun Manhettendəki
nəhəng binaları ilə müqayisəyə gələ
bilməz. Ümumiyyətlə,
görünür, ingilislər öz tarixlərini çox
sevirlər. Burada bütün tarixi binalar,
qalalar qorunur, əgər artıq çox köhnəlibsə,
sökülmür, təmir olunaraq yenidən istifadəyə
verilir. Bəlkə də, şəxsi fikrim ola bilər, amma ingilislər, xüsusilə də
Londondan olanlar çox səbirli olurlar. Hər
xırda bir işi diqqətlə etməyə
çalışırlar və heç zaman tələsmirlər
deyərdim. Burada adicə, maşın sürərkən
belə ən xırda qayda pozuntusuna belə çox az hallarda rast gələrsən. Ən
əsası, vaxtlarını çox yaxşı idarə etməyi
bacarırlar. Əgər həftənin
5-ci günüdürsə, ingilis tələbələr
axşam mütləq əylənəcək, amma səhəri
gün yenidən dərs oxuyacaq.
-İctimai və ya diaspor
işlərində aktivsinizmi? Ümumiyyətlə,
azərbaycanlılar bu sahədə fəallıq göstərə
bilirlərmi?
-Artıq
İngiltərədə 4-cü ilim tamamlanır və bu
müddət ərzində bir neçə şəhərdə
keçirilən həm mədəni, həm də
ictimai-siyasi tədbirlərdə iştirak etmişəm. Fikrimcə, qıraq şəhərlərdə tələbələr
tərəfindən təşkil olunan tədbirlərdə tələbələrimiz
daha aktiv olurlar. Yəqin ki, Böyük Britaniyada təhsil
alan hər bir tələbəmiz bilir ki,
Mançester Universitetində təhsil alan tələbələrimizin
təşkil etdiyi tədbirlər daha yaxşı
hazırlanır və digərlərindən yaxşı mənada
fərqli olur. Buna səbəb şəhərin
çox böyük olmaması, tələbələrin əksəriyyətinin
eyni universitetdə oxuması və bir-biriləri ilə əlaqələrinin
sıx olmasıdır. Ümumilikdə Londonda təhsil alan tələbələrimizin sayı digər
şəhərlərdəkilərdən dəfələrlə
çoxdur. Amma burada universitetlər çox
olduğundan, şəhər böyük olduğundan bu tələbələri
bir araya gətirmək mümkün deyil. Ona
görə də, Londonda təşkil olunan tədbirlər
daha çox səfirliyimizin, ARDNŞ-in, digər dövlət
qurumlarının və təşkilatların dəstəyi
ilə həyata keçirilir.
-Son illərdə tələbələrimizin
xarici ölkələrdə təhsillərini davam etdirməsi
hallları çoxalıb. Bununla bağlı
dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?
-Xaricdə
təhsil almaq bir çox tələbələrin arzusu olsa
da, hər kəsin təhsil haqqını və yaşamaq xərclərini
qarşılamağa imkanı çatmır. Buna
görə də istər xaricdə təhsil üzrə
Dövlət Proqramının, istərsə də ARDNŞ-in
“Xarici Təqaüd” proqramının rolu böyükdür.
Dövlət Proqramının Böyük
Britaniya üzrə siyahısında olan universitetlərin
çoxuna diqqət yetirsək, görərik ki, təqaüdlə
oxuyan tələbələrin sayı üstünlük təşkil
edir. Sadəcə, növbəti illərdə bu rəqəmin
artmasına daha çox ehtiyac var. Çünki hər il Azərbaycanda 35-40 minə qədər
abituriyent ali təhsil müəssisəsinə daxil olur, amma
ötən il cəmi 589 tələbə (Dövlət
Proqramı: 573, ARDNŞ-in təqaüd proqramı: 16) xaricdə
təhsil almaq üçün təqaüd qazana bilmişdi.
Bu isə hər il universitetə daxil olan tələbələrimizin
təxminən 1.5 – 1.7%-i deməkdir. Amma bunun
üçün tələbələrdən də çox
şey asılıdır və xaricdə təhsil almağa
daha da həvəsli olmalıdırlar. Seçdikləri
ixtisas, qəbul olduqları universitet və proqram
üçün tələb olunan sənədlərin hər
biri qaydasında olmalıdır ki, seçim zamanı digər
namizədlərdən bir addım öndə olsunlar.
-Gələcək
planlarınız barədə də söz açardınız.
-Magistr təhsilim
sentyabr ayının sonunda başa çatacaq. Bu
müddətə qədər dərslərdən əlavə,
ilk planım yayda Londonda bank və ya maliyyə sahəsində
təcrübə proqramında iştirak etməkdir. Düşünürəm ki, təhsilimi başa
vurub Azərbaycana qayıtdıqdan sonra “Microsoft”da əldə
etdiyim və əgər alınarsa, yayda qazanacağım təcrübə
mənim üçün faydalı olacaq. Uzun müddətli
planlara gəldikdə isə, bir neçə il
işlədikdən sonra təhsilimi davam etdirmək niyyətindəyəm.
Çünki hazırda 21 yaşım var və
düşünürəm ki, təhsilimi davam etdirmək
üçün yetərli zamanım var.
Tural
Tağıyev
Palitra.-2015.-17 mart.-S.6.