“Almaniyada doktorluğu uğurla
müdafiə edənin elmi rəhbərini
qoşquya qoşurlar”
Ağamir Əsgərov: “Əlillərin
məşğulluğunun təmin olunması problemləri ilə
bağlı mövzum almanların diqqətini cəlb etdi”
Almaniya ideyalar ölkəsidir. Bu ölkədə təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Sevindirici haldır ki, universitetlərinə dünyanın bütün ölkələrindən böyük axın olan Almaniya ali məktəblərində təhsil alan azərbaycanlıların sayı son illər durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 120-yə yaxın azərbaycanlı Almaniyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali təhsillərini başa vuraraq yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədirlər. Bu imkanları dəyərləndirənlərdən biri də Qafqaz Universitetinin İqtisadiyyat fakültəsinin Mühasibat Uçotu və Audit Kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ağamir Əsgərovdur. Almaniya və onun təhsili haqqında özündən eşidək.
- Almaniyada
keçirdiyiniz günlərlə
bağlı təəssüratlarınızı öyrənmək
istərdik. Gediş məqsədləriniz
nə idi və nələrə nail ola bildiniz?
- Almaniya təhsili hər zaman diqqət mərkəzində olub. Elə mənim də maraq dairəmdə olan bu ölkəyə doktorluq araşdırması proqramı çərçivəsində 11 ay müddətində (13 yanvar 2014 – 19 dekabr 2014) getdim. Erasmus Mundus Alrakis II proqramı çərçivəsində bu ölkənin Goettingen şəhərində yerləşən “Georg – August” Universitetinin Sosial elmlər fakültəsində doktorantura işimlə bağlı araşdırma aparmaq imkanım oldu. Yeri gəlmişkən deyim ki, Georg-August universiteti 2014- cü ildə 43-cü Nobel mükafatını aldı.
- Proqram
çərçivəsində qarşıya qoyulan
məqsədlərinizə nail ola bildinizmi?
- Çox sevinirəm ki, proqram çərçivəsində qarşıma qoyulan məqsədlərimə nail ola bildim. Belə ki, mənim doktorantura təhsilim zamanı araşdırma mövzum “Əlillərin məşğulluğunun təmin olunması problemləri və bu sahədə AB təcrübəsi” idi. Bu müddət ərzində nəzərdə tutduğum mövzuları ciddi araşdıraraq tamamladım və uğurlu bir nəticə əldə etdim. Uğurumun isə əsas səbəbi o oldu ki, Almaniyada əlillərin əmək fəaliyyətinin genişləndirilməsi ilə bağlı çox sayda tədbirlər işləyib həyata keçirilir. Eyni zamanda Almaniyada bu sahəyə diqqət böyükdür. Hətta mən bir şeyi nəzərə çatdırmaq istərdim ki, bu proqram vasitəsilə hər hansı bir ölkəyə gemək üçün ingilis dilini bilməli və bunun üçün İELTS sertifikatına sahib olmalı idim. Ancaq sertifikatım olmadığı halda, məqaləmin mövzusu onları cəlb etdi və proqrama qatılma imkanım oldu. Bunu deməkdə məqsədim almanların əlil insanların cəmiyyətə inteqrasiyası ilə bağlı həssaslığını nəzərə çatdırmaqdır. Bu ölkədə fiziki məhdudiyyətli bir şəxs özünü digərlərindən fərqli hiss etmir. Hətta bir gün kitabxanaya daxil olan fiziki məhdudiyyətli bir şəxsə əyləşmək üçün neçə nəfər yer versə də, o, bundan imtina edir. Onlara hər şərait yaradıldığı üçün hər ehtiyaclarını istənilən yerdə özləri təmin edə bilirlər. Ona görə də bu kimi xüsusi münasibətlərlə qarşılaşdıqları zaman “mənim səndən heç bir fərqim yoxdur” baxışı ilə baxırlar.
Bu minvalla mən sadəcə olaraq əlillərin məşğulluğuna aid xarici təcrübəni deyil, bundan başqa dünyanın inkişaf etmiş əksər ölkələrində tətbiq olunan və əlillərin məşğullunun təmini üçün AB-nin fərqli-fərqli ölkələrinin də tətbiq etdiyi Kvota (əlillərin məşğulluğunun təmin edilməsinə xidmət edən və dövlət tərəfindən tətbiq olunan metod) sisteminə aid təcrübəni də araşdırdım.
- Ağamir
müəllim, Almaniyada olduğunuz
müddətdə hansı dərslərdə iştirak
etdiniz? Hansı fürsətləri dəyərləndirmə
imkanı əldə etdiniz?
- Proqram müddətində universitetdə ingilis dilində tədris olunan “European Economy (Avropa iqtisadiyyatı)” , “Introduction to Scientific Writing (Elmi yazılara giriş) adlı iki dərsdə iştirak etdim.” Eyni zamanda alman dili biliklərimi inkişaf etdirmək üçün də “German language course (Alman dili kursu)” dərsinə dinləyici olaraq qatıldım. Əlimə fürsət düşmüşkən universitetin zəngin kitabxanasından istifadə edərək “məşğulluq və əmək bazarı haqqında Qərb nəzəriyyəsi” ni araşdırdım. Eyni zamanda universitetin elektron kitabxanasından istifadə edərək araşdırma mövzum ilə əlaqədar elektron databazalardan 100-dən çox məqalə və kitab endirərək bunların bir çoxunu oxudum və lazımi qeydlərimi götürdüm. Almaniyada topladığım materiallar əsasında iki elmi məqalə hazırlamışam və yayımlanması üçün müxtəlif elmi jurnallara göndərmişəm. Almaniyada olduğum müddətdə həmçinin ingilis dili biliklərimi inkişaf etdirmək üçün özəl kurslara qatılmışam.
- Almaniyada
Azərbaycanla bağlı hər hansı tədbir keçirildimi? Nə kimi mözular müzakirə olundu?
- Təbii
ki Azərbaycanla bağlı məsələlərin
müzakirə olunduğu
tədbirlərdə iştirak
etdim. Georg-August Universitetində elmi rəhbərim professor İlona
Ostner tərəfindən
təşkil olunan tədbirdə iştirak edərək “Azərbaycanda
əlillərin məşğulluq
problemi və onun həlli yolları” mövzusunda çıxış etmişəm.
Bu çıxış zamanı Möhtərəm
Prezidentimiz İlham Əliyevin əlillərə
olan diqqəti və ölkəmizdə bu sahədə görülən işlər
barədə ətraflı
məlumat vermişəm.
Bununla bağlı dinləyicilərin
suallarını cavablandırdım.
Keçirdiyimiz görüşlər
içərisində Almaniyada
təhsil alan
tələbələr və
elmi işçilər
birliyi (VASW) tərəfindən
fərqli vaxtlarda Almaniyanın Qoslar şəhərində təşkil
olunan iki günlük tədbirdə
və Almaniyanın Maqdeburg şəhərində
təşkil edilən
III konfransa qatılaraq
apardığımız elmi
müzakirələr də
xüsusi əhəmiyyət
kəsb etdi.
- Almanlar çox çalışqan və
dəqiq millət olaraq tanınırlar. Sizcə, onlar belədirlərmi?
- Açığını
desəm, Almaniya insanları haqqında çox şey demək olar. Adət-ənənələri və yaşayış
tərzləri bizdən
tamamən fərqlidir.
Yemək
adətləri, qonaq qarşılama adətləri
və s.
Dəqiqlik və çalışqanlıq
məsələsinə gəldikdə
isə bu fikirlə tamamən razıyam. Çünki dəqiqlik deyəndə
ağıla ilk gələn
millət elə alman milləti olur. Hətta bəzən dəqiq
insanlar haqqında “filankəsdə alman dəqiqliyi var” da deyirlər. Diqqətimi çəkən məqam
isə o oldu ki, dərslərdə iştirak etmək sərbəst olduğu halda tələbələrin
davamiyyətsizlik problemi
demək olar ki yoxdur. Davamlı şəkildə dərslərdə
iştirak edir, hər hansı bir mövzu ilə bağlı araşdırma aparırlar.
Bu kimi hallara
gündəlik yaşantımızda
da rast gəlmək
mümkündür. Belə
ki, istənilən almanla görüş təyin etsəniz, əmin ola
bilərsiniz ki, təyin etdiyiniz vaxtın tamamında həmin yerdə olacaq.
Qeyd edim ki, Almaniyada
iş rejimi 5 günlükdür. Hətta bununla
bağlı bir şey danışmaq istərdim. Deməli,
azərbaycanlı iş
adamlarından biri Almaniyada təhsil aldıqdan sonra orada ailə şirkətini qurub. Təxminən 17-20 nəfərdən ibarət olan işçilər həftənin
5 günü işləyir,
iki günü istirahət edirlər.
Ancaq bəzən şirkət sahibinin atası işlərini tezləşdirmək
üçün şənbə
günləri də işə gedirdi. Atasına bunu tərgitdirə bilmədiyi
üçün iş
sonlarında şirkətin
daxili şəbəkəsini
kökündən kəsib
sonra evə gedirdi. (Gülür.)
İnsanlarda stres adlı heç bir şey yoxdur. Almanlar ciddi
şəkildə idmanla
məşğul olaraq
sağlamlıqlarına diqqət
edirlər. Şəhərdə velisopedlə hərəkət
edirlər.
- Almaniyada azərbaycanlılara
necə münasibət
gördünüz? Hansı özəlliklər
diqqətinizi çəkdi?
- Almaniyada
çoxlu sayda azərbaycanlı yaşayır.
Demək olar ki, hər şəhərdə
15-20 nəfər azərbaycanlı
ilə tanış
ola bilərsiniz. Qeyd edim ki, buradan
gedən vətəndaşlarımızın
hər biri elmi işlərdə fəaliyyət göstərdiklərindən
bizə qarşı münasibətləri müsbət
mənada fərqlidir.
Hətta
mən Azərbaycan haqqında soruşduğum
təxminən hər
10 nəfərdən 4-nün Azərbaycan haqqında məlumatları vardı.
Kimi nefti ilə, kimi “Evrovision” mahnı müsabiqəsi ilə, kimi də elə
Almaniyada fəaliyyət
göstərən elm və
iş adamları ilə bağlı məlumatlıydı.
Digər yadımda qalan adətlərindən də
danışmaq istəyirəm. Belə
ki, olduğum şəhərdə doktorluğu
müvəffəqiyyətlə müdafiə edən şəxs universitetdən
xüsusi arabaya əyləşdirilərək (at arabası kimi bir şeydir və qoşqu yeri var) akademik
kollektivi ilə birlikdə elmi rəhbəri tərəfindən(elmi rəhbəri
qoşqu yerində olur və o çəkir) şəhərin
mərkəzi hissəsinə
qədər aparılır.
Və orada kollektiv ilə birlikdə doktorluğunu qeyd edirlər.
İlkin AĞAYEV
Palitra.-2015.-18 mart.-S.11.