Rusiya Kimya-Texnologiya Universitetinin dosenti: “Azərbaycanlı
olmağın qüruru başqadır”
Aytən Muradova:
“Moskvada yaşayan soydaşlarımız bilik və
bacarıqları ilə elm və təhsil sisteminə
böyük töhfə verirlər”
Rusiyada yaşayan
azərbaycanlıların burada müxtəlif sahələrdə
çalışması, aktiv fəaliyyət göstərmələri
barədə dəfələrlə məlumatlar dərc
etmişik, soydaşlarımızdan müsahibələr
almışıq. Budəfəki müsahibimiz isə Moskvada
elmi fəaliyyətlə məşğul olan Aytən
Muradovadır. Aytən xanım hazırda D.İ. Mendeleyev
adına Rusiya Kimya-Texnologiya Universitetinin Nanomateriallar və
nanotexnologiyalar kafedrasında dosent vəzifəsində
çalışır. Xaricdə yaşayan və fəxr ediləsi
həmvətənlərimizdən olan xanımla olan müsahibəni
oxuculara təqdim edirik:
-Özünüz
barədə ətraflı məlumat verərdiniz.
-Mən, Aytən Qələndər qızı Muradova 26 sentyabr 1984-cü ildə Gürcüstanda, Dmanisi rayonunun o qədər də böyük olmayan, ancaq öz gözəlliyi ilə göz oxşayan və dağlarla əhatə olunan Oruzman kəndində dünyaya göz açmışam. 4 yaşında olarkən ailəmizlə Rusiya Federasiyasına köçdük. Atamın işi ilə əlaqədar (inşaat mühəndisi olaraq çalışırdı) Rusiya Federasiyasında yaşayış yerini tez-tez dəyişmək məcburiyyətində qalırdıq. Buna görə də, mənim üçün ən çətin məqam oxuduğum orta məktəbi dəyişmək idi. Xatirimdədir ki, həmin müddətdə 5 orta təhsil müəssisəsi dəyişmişdim. Ancaq buna baxmayaraq, oxumaq və yüksək nailiyyətlər əldə etmək həvəsi mənim üçün birinci dərəcəli önəm daşıyırdı. Hələ orta məktəbdə oxuyarkən, mən kimya fənni ilə xüsusi olaraq maraqlanırdım. Nəzərim hansı tərəfə yönəlirdisə, başa düşürdüm ki, bizi kimyəvi zavodlarda müxtəlif materiallardan hazırlanmış məhsullar əhatə edir. Məktəbdə oxuyarkən tədris proqramı mənə çox sadə gəlirdi və daha təkmil bir proqrama uyğun olaraq təhsil almaq istəyirdim. Bundan sonra kimya fənnini daha dərindən öyrənməyə başladım və bu cəhdlərim mənə kimya sahəsində bir çox olimpiadalarda iştirak etməyə və mükafata layiq yerlər tutmağa yardımçı oldu. Orta məktəbi gümüş medalla bitirdikdən sonra ailəmlə birlikdə 2003-cü ildə Bakıya köçdük və elə həmin il Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Tətbiqi kimya ixtisasına qəbul oldum.
- Dəqiq
elmlər çətin olur deyirlər. Ümumiyyətlə
belə bir elmə-kimya sahəsinə maraq sizdə haradan
yaranıb?
-Mən hər
zaman dəqiq elmlərə üstünlük vermişəm və
tələbəlik dövründə dəqiq elmlərə
aid fənlər üzrə verdiyim bütün imtahanlarda
yüksək nəticələr əldə etmişəm. Yadımdadır ki, hələ ikinci kursda oxuyarkən
Ali riyaziyyat fənnindən keçirilən yazılı
imtahan zamanı əldə etdiyim yüksək nəticəni
görən imtahan üzrə əlaqələndirici Mustafa
Muradov məni BDU nəzdində fəaliyyət göstərən
Nanomərkəzdəki qrupa işləməyə dəvət
etdi. Bu mənim kiçik obyektlər aləminə
“səyahətimin” başlanğıcı idi və bu sahədə
mənim ilk müəllimim və rəhbərim Mustafa Muradov
oldu. Məhz buna görə də, mən
ona öz dərin minnətdarlığımı bildirirəm.
Nanotexnologiyalar sahəsində elmi ədəbiyyatlarla işləməklə
və onları dərindən öyrənməklə yanaşı, iş saatlarından kənar asudə
vaxtımın çox hissəsini laboratoriyada keçirir və
təcrübələr aparırdım. Bununla
yanaşı, nanotexnologiyalar sahəsində beynəlxalq layihələrdə
iştirak edirdim. Bakalavr dərəcəsini
aldıqdan sonra magistr dərəcəsini üzvi kimya istiqaməti
üzrə BDU-da almağa başlasam da, orada təhsilimi
başa çatdıra bilmədim. Belə
ki, mənim maraq dairəm daha çox nanotexnologiyalarla
bağlı olduğu üçün bu sahədə də
öz təhsilimi davam etdirmək fikrində idim. BDU-da isə həmin dövrdə təəssüf
ki, belə bir ixtisas mövcud deyildi. Buna görə də
magistratura təhsilimi bu ali təhsil
ocağında dayandıraraq təhsilimi Moskvada, D.İ.
Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin Nanomateriallar
və nanotexnologiyalar kafedrasının magistratura pilləsində
davam etdirmək qərarı verdim və bura qəbul oldum. 2010-cu ildə isə magistraturanı fərqlənmə
ilə bitərək aspiranturaya qəbul oldum. Elmi
işim əsas etibarilə maqnetik materillar, sənaye və
tibdə istifadə edilən və insan orqanizmi
üçün az təsiri ola biləcək
perspektiv nanotexnologiyalarla bağlı tədqiqatlar həyata
keçirirdim.
2013-cü
ildə namizədlik dissertasiyasını uğurla müdafiə
etmişəm və hazırda Moskvada, D.İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin
Nanomateriallar və nanotexnologiyalar kafedrasında dosent olaraq
çalışıram.
“Azərbaycanın iqtisadi müstəqilliyinin əsası
qoyulub, ölkəmiz özünün hər sahədə təhlükəsizliyini
tam təmin edib. Bununla belə, Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə
siyasəti Azərbaycanın sürətli inkişafına səbəb
olub. Bunu kənardan baxdıqda daha aydın
şəkildə görmək olur”.
-Fəxr
ediləsi haldır ki, Rusiyada yaşayan azərbaycanlılar
arasından sizin kimi elm adamları ilə tez-tez
rastlaşırıq. Soydaşlarımızın
oradakı fəaliyyətləri necə, sizi qane edirmi?
-Azərbaycanlılar Rusiyanın demək olar ki,
bütün regionlarında yaşayır və aktiv fəaliyyət
göstərirlər. Rəsmi olan məlumatlara əsasən Azərbaycan
icmaları Dağıstan, Moskva, Sankt-Peterburq, Tümen, Rostov,
Saratov və digər əyalət və şəhərlərdə
yerləşirlər. Onu deyə bilərəm
ki, təkcə Moskvada 1 milyondan çox azərbaycanlı
yaşayır. Sizi maraqlandırır ki,
burada azərbaycanlılar nə ilə məşğul
olurlar, əsasən də Moskvada. Bu suala
aydınlıq gətirim. Bildiyiniz kimi, bir
çox insanlarda belə fikir formalaşıb ki, Rusiyada, əsasən
də Moskvada yaşayan azərbaycanlıların bir çoxu
yalnız biznes sferasında çalışır. Amma
bir məsələni xüsusilə qeyd etmək istərdim
ki, Moskvada təhsil, idman, mədəniyyət sahələrində
və dövlət müəssisələrində, prokurorluq
və ədliyyə orqanlarında, diplomatik sferada
çalışan kifayət qədər
soydaşlarımız var. Mən təhsil sahəsində
çalışdığım üçün bir sıra
insanların adını xüsusi qeyd edə bilərəm. Bu
şəxslərdən Moskva Dövlət Humanitar-İqtisadi
Universitetinin rektoru, cənab Vaqif Bayramov, Moskvada 157 saylı
orta təhsil məktəbin direktoru Elmira İsmayılova,
Moskva Dövlət Linqvistika Universiteti nəzdində yerləşən
Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin
direktoru Bella Musayeva, 1331 saylı orta təhsil müəssisənin
Azərbaycan sektorunun rəhbəri Məmmədova Validə,
Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov,
Moskva məktəblərinin müəllimləri -Xalidə Səmədova,
Sevil İsmayılova, Zeynalova Gülnarə və bir
çoxlarının adını xüsusi qeyd etmək olar. Onlar öz bilik və bacarıqları ilə Rusiyada
elm və təhsil sisteminə böyük töhfə verməyə
davam edirlər.
- Siz də
sadaladığınız azərbaycanlılar kimi müəllimlik
fəaliyyəti ilə məşğulsunuz. Ümumiyyətlə,
azərbaycanlı birinin Rusiyada fənn tədris eləməsinin
müsbət cəhətləri nədir?
- Mən
hələ magistratura pilləsində təhsil alarkən dərs
tədris etməyə başladım. 2010-2014-cü
illərdə Nanomateriallar və nanotexnologiya kafedrasında
assistent vəzifəsində çalışırdım və
çalışdığım müddətdə mühazirə
və seminarlar aparır, laboratoriya təcrübələri
işləyib hazırlayır və onları sınaqdan
keçirirdim.
Eyni
zamanda, Rusiya Federasiyası Təhsil Nazirliyinin Ümumrusiya Ali
Təhsil Müəssisələrinin nanomateriallar və
nanotexnologiyalar sahəsində tələbə işləri
müsabiqəsinin təşkilat komitəsinin və
jürisinin məsul katibi, həmçinin, Kimya və Kimya
Texnologiyası üzrə gənc alimlərin Beynəlxalq
Konqresinin “Nanomateriallar” bölməsinin katibi vəzifəsində
çalışırdım. Bununla yanaşı, D.İ.
Mendelyev adına Rusiya Kimya-Texnologiya
Universitetinin iki əsas layihəsi üzrə məsul
icraçı funksiyasını həyata keçirirdim. Hazırda isə həmin universitetdə dosent vəzifəsində
çalışıram, laboratoriya məşğələləri
həyata keçirməklə yanaşı, mühazirələr
deyir, diplom işlərinə rəhbərlik edir və
nanotexnologiyalar və nanomateriallar sahəsində tədqiqatlar
aparıram. Hesab edirəm ki, fəaliyyət
sferasından asılı olmayaraq hər kəs öz sevdiyi və
daim özünü inkişaf etdirə biləcəyi işlə
məşğul olmalıdır. Mən tədris
prosesini sevirəm, uşaqlarla, tələblərlə işləməkdən
zövq alıram.
-Sizcə,
müəllim hansı keyfiyyətlərə malik
olmalıdır?
-Düzü
xatırlamıram bu ifadəni kim deyib, amma
orda qeyd edilir ki, “hər bir peşə nizam-intizam və
öhdəlik tələb edir”. Məhz tədris
prosesində də hər şey bundan başlayır. Biz, azərbaycanlılar elə millətik ki, harada
yaşamağımızdan asılı olmayaraq, istənilən
yerdə öz milli ənənələrimizi qoruyuruq,
saxlayırıq. Bir müəllim kimi və
bir azərbaycanlı kimi hər zaman hər yerdə bu mənim
üçün önəmlidir.
-Rusiya Azərbaycan münasibətləri daha da güclənib. Bir elm
adamı kimi bu dostluq münasibətlərini necə dəyərləndirərdiniz?
-Rusiya ilə
Azərbaycanı çox qədim tarixi köklər
bağlayır, xalqlarımız 150 ildən çox bir dövlətin
tərkibində yaşayıb. Mədəniyyətimiz,
təhsilimiz, iqtisadiyyatımız o qədər
qaynayıb-qarışıb ki, bu gün bu köklərin
möhkəmlənməsi, əlaqələrin inkişaf etməsi
artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir.
Rusiyada kifayət qədər Azərbaycan vətəndaşı
məskunlaşıb ki, onların sayı bir milyondan artıq
göstərilir, Rusiya vətəndaşlığı olan azərbaycanlıları
da nəzərə alsaq bu, iki milyondan çox edir. Elmlə bağlı məsələlərə gəldikdə
isə Azərbaycanda Rusiyada təhsil almağa həmişə
böyük maraq var. Məhz bu baxımdan da, təhsil sahəsində
ölkələrimiz arasında əməkdaşlıq
inkişaf etməkdədir. Belə ki,
bildiyim qədər hazırda 10 minə qədər azərbaycanlı
tələbə Rusiyada təhsil alır. Rusiya ali məktəblərinin nüfuzlu olması,
rus dilinin Azərbaycanda geniş yayılması və Rusiya-Azərbaycan
münasibətlərinin dostluq xarakteri daşıması bu
marağın əsasını təşkil edir.
“Moskvada təhsil, idman, mədəniyyət sahələrində
və dövlət müəssisələrində, prokurorluq
və ədliyyə orqanlarında, diplomatik sferada
çalışan kifayət qədər soydaşlarımız
var”.
-Sizi Azərbaycana daha çox nələr
bağlayır?
- Rusiyada kifayət qədər məşhur olan və sevilən siyasi lider, ulu öndərimiz Vətəninə sevgisini bütün zamanlar üçün şüara çevriləcək tərzdə bildirib-“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu müdrik sözlər hər bir xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar üçün tezisə çevrilib. Mən də bir gənc olaraq, müəllim və ən əsası da bir azərbaycanlı kimi düşünərək, azərbaycanlı olmağımla fəxr edirəm. Mən Gürcüstanda dünyaya göz açsam da, milliyətcə azərbaycanlıyam. Baxmayaraq Azərbaycanda yaşamıram, amma azərbaycanlı olmağın qüruru başqadır. Ən dəyərli iş isə cəmiyyətdə öhdəmizə düşən vəzifəni vicdanla, mükəmməl icra etməkdir və harada yaşayıb işləməyimizdən asılı olmayaq Azərbaycanımızın adını və azərbaycanlılığımızı daim yüksəkdə tutmaqdır. Bir sözlə,məni Azərbaycana bir çox tellər bağlayır.
-Azərbaycanın hazırkı inkişafı, ölkəmiz kənardan necə görünür?
-Azərbaycan müstəqilliyin əldə edilməsi yolunda kifayət qədər qurbanlar verib, ağır bir mübarizə yolu keçib. Azərbaycanın müasir tarixinə, daha doğrusu, ən yeni tarixinə sistemli yanaşma onun inkişafını düzgün proqnozlaşdırmağa imkan verir. Son illər Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı göz qabağındadır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış strategiyanın uğurla reallaşdırılması nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyulub, ölkəmiz özünün hər sahədə təhlükəsizliyini tam təmin edib. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti Azərbaycanın sürətli inkişafına səbəb olub. Bunu kənardan baxdıqda daha aydın şəkildə görmək olur.
- Gələcəklə bağlı hansı hədəfləriniz və planlarınız var?
-Əlbəttə çox böyük hədəflərim var. Hazırda qarşıma qoyduğum əsas məqsəd doktorluq dissertasiyasını müdafiə etməkdir və bütün gücümü də buna yönəltmişəm. Eyni zamanda müdafiə etdikdən sonra öz sahəm üzrə daha dərin tədqiqatlar aparmağı düşünürəm. Son olaraq isə sizə, bütün kollektivinizə təşəkkürümü bildirirəm və uğurlarınızın davamını arzulayıram. Qəzetiniz isə bir çox müsbət məqamları ilə seçilən, tanınmış bir media orqanıdır və bildiyim qədərilə artıq bir neçə ildir ki, gündəlik qəzet olaraq nəşr edilir. İnşallah daha böyük bir media holdinqi olmanızı arzu edirəm. Təklifim isə gənclərimizi fəallığa istiqamətləndirəcək xəbərlərin və xaricdə yaşayan soydaşlarımızla belə müsahibələrin sayının artırılmasıdır.
Tural
Tağıyev
Palitra.-2015.-19 mart.-S.6.