“Onlar Vətənə
böyük sevgi və
şərəflə xidmət etdilər”
28 mart - müstəqil Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Bayram ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat orqanları barədə bir sıra elmi-tarixi araşdırmaların və kitabların müəllifi, tədqiqatçı jurnalist, MTN-in ehtiyatda olan polkovniki Elşad Qoca (İsayev) ilə görüşdük. Elşad müəllimlə olan səmimi söhbətimizi təqdim edirik:
-Söhbətimizə müstəqil Azərbaycan təhlükəsizlik orqanlarının yaranması ilə başlamaq istərdim. Bəlkə bu barədə oxucularımıza məlumat verəsiniz?
- Bildiyiniz kimi, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra gənc ölkə özünün dövlət atributlarını yaratmağa başladı. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi və müstəqilliyinin qorunması qarşıda duran ən prioritet məsələlərdən sayılırdı. Bunun üçün güclü ordu, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının yaradılmasına böyük ehtiyac vardı. Onu da deyim ki, 1918-1920-ci illərdə kəşfiyyat və əks-kəşfiyyat orqanları fəaliyyətini bir neçə mərhələdə qurmuşdu. Birinci mərhələdə bu qurumun fəaliyyəti birbaşa ordu quruculuğu ilə bağlı idi. 1918-ci ilin dekabr ayında Səməd bəy Mehmandarovun hərbi nazir, Əliağa Şıxlinskinin nazir müavini vəzifələrinə təyin olunmaları bu işi daha da sürətləndirdi. Onlar Azərbaycan Ordusunun yaradılması üçün yeni layihələr hazırlayırdılar. Yeni yaradılan hərbi strukturların tərkibində kəşfiyyat və əks-kəşfiyyat orqanlarının da təşkil edilməsi zəruri sayılırdı. Yekun layihə 25 fevral 1919-cu ildə qapalı müzakirə üçün Azərbaycan parlamentinə təqdim olunmuşdur. Elə həmin gün parlament «Hərbi nazirliyin ştatları haqqında» qanun qəbul etmişdir. Qanunda Hərbi Nazirliyin 38 istiqaməti üzrə ştatları müəyyənləşdirilmişdi. Hərbi Nazirlik qəbul edilmiş qanuna əsasən, özünün struktur bölmələrini yaratmağa başladı.
28 mart 1919-cu ildə hərbi nazir tam artilleriya general-leytenantı S.Mehmandarov və Baş Qərargah rəisi general-leytenant M.Sulkeviçin əmri ilə Baş Qərargahın Baş İdarəsinin general-kvartirmeyster şöbəsində dörd bölmə təşkil edildi. Həmin qurumların sırasında əks-kəşfiyyat və kəşfiyyat bölməsi də yer almışdı. Hərbi nazirin əmrinə əsasən, ilkin olaraq 28 nəfərdən təşkil olunmuş bölməyə kornet Ağalarov rəis təyin edilmişdi. S.Mehmandarovun həmin əmrində maraqlı bir məqam da diqqəti cəlb edir. Hərbi nazir özünün 29 mart 1919-cu il tarixli 156 saylı əmrində göstərir ki, Azərbaycan hökumətinin 28 avqust 1918-ci il tarixli 7 saylı sərəncamına əsasən əks-kəşfiyyatın rəisi vəzifəsini müvəqqəti icra edən Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi vəzifəsinə təyin edilir. Deməli, Ağalarov hələ əks-kəşfiyyata 28 avqust 1918-ci ildən rəhbərlik edirdi. Lakin nə Azərbaycan hökumətinin 7 saylı sərəncamını, nə də bu xidmətlə əlaqəli arxiv sənədlərini hələlik tapmaq mümkün olmayıb. Bu məqsədlə araşdırmalar davam etdirilir.
Adından da göründüyü kimi, kəşfiyyat və əks-kəşfiyyat bölməsi fəaliyyətini iki istiqamət üzrə qurmuşdu. Əks-kəşfiyyatçılar Denikin ordusuna, erməni və bolşevik casuslarına qarşı mübarizə aparırdı. Bu barədə Dövlət arxivində xeyli maraqlı sənədlər saxlanılır. Kifayət qədər say tərkibi və yüksək peşə hazırlığı olmayan bölmənin əməkdaşları üçün bu vəzifənin öhdəsindən gəlmək o qədər də asan deyildi. Yalnız Vətən sevgisi onları daha da möhkəm və ayıq olmağa vadar edirdi. Saralmış arxiv sənədlərini vərəqlədikcə bu fədakar insanların gərgin əməyinin şahidi olursan. Bir-birindən maraqlı onlarla əməliyyat tədbirləri həyata keçirilib. Müxtəlif bölgələrdən hazırlanmış əməliyyat arayışları xüsusilə diqqəti cəlb edir. Hətta 1919-cu ilin aprel ayının 5-də Gəncədən Bakıya gələn ilk milli Azərbaycan hərbi hissələrinin şəhərə heç bir təxribat olmadan rahat girişi üçün əks-kəşfiyyat təminatını da bölmənin əməkdaşları həyata keçirmışdilər.
Bölmənin kəşfiyyatçıları da qarşıya qoyulan tapşırıqları uğurla yerınə yetirməyə çalışırdılar. Hərbi nazir S.Mehmandarov Nazirlər Şurasının sədrinə yazdığı məktubda göstərirdi ki, düşmən haqqında mümkün məlumatları toplamaq, xaricdə hərbi agentura yaratmaq gənç ölkənin təhlükəsizliyi üçün olduqça vaçibdir. Və bunun üçün bir sıra tədbirlərin həyata keçirilməsini xahiş edirdi.
Kəşfiyyat işləri də müxtəlif istiqamətlər üzrə qurulmuşdu. Xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarda çalışan hərbi attaşelərə, eyni zamanda, kəşfiyyatçı funksiyaları da tapşırılmışdı. Hərbi Nazirliyin Baş Qərargahının rəhbər heyətinin Tiflisdəki Azərbaycan diplomatik missiyasının hərbi attaşesi podpolkovnik Məmməd bəy Əliyevlə yazışmaları yuxarıda dediklərimizi sübuta yetirir. Mühüm əhəmiyyət kəsb edən əməliyyat məlumatları şifrteleqram vasitəsilə Bakıya göndərilirdi. Məmməd bəyə bununla yanaşı, əlavə tapşırıqlar da verilmişdi. Ermənistan qoşunları barədə məlumatların toplanılması da ona həvalə olunmuşdu. O, eyni zamanda Gürcüstanın Baş Qərargahı ilə birlikdə Ermənistana qarşı aparılan gizli kəşfiyyat işlərində də yaxından iştirak etməliydi.
Bundan başqa, kəşfiyyatçılar Ermənistan ərazısində də fəaliyyət göstərir və mərkəzə mühüm hərbi-siyasi xarakterli məlumatlar göndərirdilər. Baş Qərargaha Ermənistandan ötürülən məlumatların çoxu «Şahzadə Məmməd» imzası ilə verilmişdir. Təbii ki, bu hansısa bir kəşfiyyatçının dəyişdirilmiş, daha dəqiq desək, kodlaşdırılmış adı idi.
Kəşfiyyatçılar Xarici İşlər Nazirliyi ilə də qarşılıqlı əməkdaşlıq edir, diplomatiya şöbəsinin kargüzarlıq və şifrləmə bölməsinin əməkdaşlarına məxfi kargüzarlıq və şifrləmənin sirlərini öyrədirdilər. Eyni zamanda, əldə edilmiş mühüm məlumatlar tanışlıq üçün Xarici İşlər Nazirliyinə göndərilirdi. Diplomatlar da öz növbəsində ayrı-ayrı ölkələrdə Azərbaycan nümayəndəliyinin əməkdaşları vasitəsi ilə topladıqları məlumatları Hərbi nazirliyə ünvanlayırdılar. Müxtəlif mənbələrdən alınmış informasiyalar mərkəzdə ümumiləşdirilir və ölkənin siyasi rəhbərliyinə məruzə olunurdu.
Denikinin Könüllülər ordusunun 1919-cu ilin mayında Petrovsk və Dərbəndi tutmaları vəziyyəti kəskinləşdirdi. Onlar Azərbaycan və Gürcüstana tərəf irəliləyirdilər. Azərbaycan hökuməti təcili tədbirlər görməyə məcbur oldu. Dövlət Müdafiə Komitəsinin yaradıldı və ölkədə hərbi vəziyyət elan olundu.
Ölkədə əks-kəşfiyyat işinin təmin edilməsi olduqca vacib idi. Bu sahənin müstəqil quruma çevrilməsinə ehtiyac yaranmışdı. Kəşfiyyat xidməti Hərbi nazirliyin tərkibində qaldı. Ağalarov da xidmətini burada ştab rotmistri kimi davam etdirirdi. Polkovnik İrza bəy Hacıbəylinski bir müddət Qərargahın general-kvartirmeyster idarəsinin kəşfiyyatəməliyyat bölməsinin rəisi vəzifəsində çalışdı.
11 iyun 1919-cu ildə sırf əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olacaq müstəqil qurum - Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) təşkil edildi.
-Bunu AXC dövründə fəaliyyət göstərən təhlükəsizlik orqanlarının ikinci mərhələsi adlandırmaq olarmı?
- Əlbəttə. ƏMT Dövlət Müdafiə Komitəsi qarşısında məsul olmaqla yanaşı, onun tapşırıqlarını yerinə yetirməyi və ən vacib informasiyalarla təmin etməyi öhdəsinə götürmüşdü. Ancaq elə ilk gündən təşkilatın təşkilində problemlər yaşanmağa başladı. Belə ki, əməkdaşların xidmətə qəbul edilməsində partiya prinsipi əsas götürülürdü. Əməkdaşların üçdə ikisi «Müsavat», üçdə biri isə «Hümmət» partiyasından olmalı idi. Eyni zamanda, təşkilat rəhbərinin «Müsavat»dan, müavini isə «Hümmət»dən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatda hümmətçi bolşevikləri tək rəqəmlə, müsavatçıları isə cüt rəqəmlə nömrələyirdilər. ƏMT-nin rəisi vəzifəsinə AXC parlamentinin və aqrar komissiyasının, «Müsavat» partiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanov, rəis müavini isə «Hümmət» partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdi. Onun öldürülməsindən sonra isə bu vəzifəni Mahmud bəy Səfikürdski yerinə yetirməyə başladı. Məmmədbağır Şeyxzamanov təşkilata çox az müddətə rəhbərlik etdi. O, həmin ilin avqust aynın 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edildi və AXC parlamentinin aqrar komissiyasında öz fəaliyyətini davam etdirməyə başladı. Elə həmin gün Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanov şəxsi heyətə təqdim edildi. Təşkilat Naberejnaya küçəsindəki «Lion» mehmanxanasında yerləşirdi. ƏMT-da fəaliyyət göstərdiyi dövrdə təxminən dəyişən tərkibdə 120-dək əməkdaş çalışmışdır. Onların arasında azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar, gürcülər və s. millətin nümayəndələri də işləyirdilər. ƏMT-nin senzura, agentura, müşahidə bölmələri və dəftərxanası vardı. Baş agent (baş əməliyyat müvəkkili) və agentlərdən (əməliyyat müvəkkili) ibarət əməliyyat heyəti fəaliyyət göstərirdi. Bakıda 8 rayon bölməsi, Lənkəranda nümayəndəlik təsis olunmuşdu. Onu da deyək ki, ƏMT öz fəaliyyətini 22 maddədən ibarət olan «Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və vəzifələri haqqında» Əsasnaməyə uyğun olaraq qurmuşdu.
Çoxsaylı arxiv sənədlərinə əsasən demək olar ki, təşkilat fəaliyyət göstərdiyi dövrdə denikinçilərə, ingilis və erməni casuslarına qarşı mübarizə aparırdı. Əməkdaşlar imkanları daxilində ali rəhbərliyi mühüm məlumatlarla təmin etməyə çalışırdılar. Lakin bolşeviklərə qarşı mübarizədə irəliləyiş hiss olunmurdu. Bunun bir sıra səbəbləri olsa da, əsas problem təşkilatın özündə idi. Bildiyiniz kimi, ƏMT yarananda onun üzvlərinin üçdə biri hümmətçi bolşeviklərdən təşkil olunmuşdu. Azərbaycan KP(b)MK-nın gizli qərarına əsasən, ƏMT-yə 17 nəfər daxil olmuşdu. Böyük ümidlərlə yaradılmış yeni orqan belə bir vəziyyətdə fəaliyyət göstərirdi. Bolşevik ƏMT-çılar gizlincə öz partiyalarının tapşırıqlarını yerinə yetirir, faktiki olaraq ölkənin əleyhinə işləyirdilər. Təbii ki, bu tipli qurumlarda partiya prinsipləri ilə işləmək ölkənin maraqlarına zidd idi. Xidməti vəzifələrin yerinə yetirilməsi zamanı ortaya tez-tez problemlər çıxırdı. Bəzən bir təşkilatın nümayəndələri əqidələrinə görə üzbəüz gəlirdilər. Ölkədə, eləcə də orduda bolşevik təhlükəsi yarandığından, ƏMT-nin bolşeviklərə qarşı mübarizəsi hakimiyyəti qane etmədiyindən, bu qurumun ləğv edilməsi və hərbi əks-kəşfiyyatın yaranması məsələsi gündəmə gəlmişdi. Oktyabr ayında hərbi nazir S.Mehmandarov hərbi əks-kəşfiyyatın təsisi və digər məsələlərin həlli üçün Dövlət Müdafiə Komitəsinə geniş məruzə təqdim etmişdi. Dövlət Müdafiə Komitəsi yaranmış vəziyyəti müzakirə edərək, bolşeviklərlə mübarizəni gücləndirmək üçün Bakı Möhkəmləndirilmiş Rayonunun rəisinin səlahiyyətlərini genişləndirmiş, lakin ƏMT ləğv olunmamış, Bakı Möhkəmləndirilmiş Rayonunun tabeçiliyinə verilmişdir. Rayonun rəisi general-mayor Tlexas qatı antibolşevik olduğundan ƏMT bolşeviklərə qarşı daha qətiyyətli mübarizə təşkil olundu. Eyni zamanda, quruma əməkdaşları partiya prinsiplərinə görə deyil, şəxsi keyfiyyətlərinə görə götürməyə başladılar. ƏMT-nin uğurlu əməliyyatları barədə kifayət qədər arxiv sənədləri saxlanılır. Təşkilat mart ayınacan fəaliyyət göstərmişdir.
1920-ci ilin mart ayının 6-da Nazirlər Şurasının iclasında daxili işlər nazirinin çıxışı dinlənilmiş və həmin çıxışın əsasında ƏMT ləğv edilmişdir.
- Bəs mart ayının 6-dan sonrakı dövrdə ölkədə əks-kəşfiyyat fəaliyyətini hansı qurum yerinə yetirmişdir?
- Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına 52 gün qalmış, yəni mart ayının 6-dan sonra ölkədə əks-kəşfiyyat təminatını Bakı General-qubernatorluğunun tərkibində yaradılmış İnformasiya şöbəsi təmin etmişdir. İnformasiya şöbəsinin yaradılmasını təhlükəsizlik orqanlarının üçüncü mərhələsinə aid etmək olar. Yeni yaradılmış şöbə Nazirlər Şurasının sədrinə və daxili işlər nazirinə tabe idi. ƏMT-nin texniki funksiyaları, o cümlədən təhqiqat, müşahidə, axtarış və s. Bakı General-qubernatorun göstərişi ilə İnformasiya şöbəsinə təhvil verilmişdir. Şöbəyə rəhbərlik Ələkbər xan Şahsuvarova tapşırılmışdı. O, Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitimişdi. Araşdırma zamanı İnformasiya şöbəsində çalışmış yalnız 10-a qədər əməkdaşın adını, soyadını müəyyənləşdirmək mümkün oldu. Burada azərbaycanlılarla yanaşı, türklər, ukraynalılar, gürcülər, ruslar da xidmət edirdilər. Şöbənin rəisi Ələkbər xan Şahsuvarov fəaliyyətinin ilk günlərindən artıq yaxınlaşmaqda olan bolşevik təhlükəsinə qarşı yorulmadan mübarizə aparmışdır. Az və çətin vaxtda o, bir sıra siyasi xarakterli əməliyyat işləri həyata keçirmişdir. Eyni zamanda bolşeviklərin saxladıqları partladıcı maddələrin yerinin müəyyən edilməsi ilə əlaqədar məqsədyönlü əməliyyat tədbirləri aparmış və uğurlu nəticə əldə etmişdi. Balaxanıda gizli iş aparan 22 nəfər gənc bolşevik də müəyyən edilərək həbs edilmişdilər. Və məşhur bolşevik Çurayevin həbsi isə xüsusi hazırlanmış əməliyyat-müşahidə tədbirləri nəticəsində mümkün olmuşdu.
-28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra ölkəmizin mühüm orqanlarında çalışmış vətəndaşlarımızın taleyi barədə nə deyə bilərsiniz?
- Elə işğalın ilk günlərindən təhlükəsizlik orqanlarında çalışmış onlarla Azərbaycan vətəndaşı qırmızı terrorun təzyiqlərinə məruz qaldılar. ƏMT-nin ilk rəisi Məmmədbağır bəy Şeyxzamanov və Bakı General-qubernatorluğunun İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov işğalın ilk günlərində həbs edilərək güllələndilər. Azərbaycan Ordusu Qərargahının kəşfiyyat-əməliyyat bölməsinin rəisi polkovnik İrza bəy Hacıbəylinski də bolşevik gülləsinin qurbanı oldu. Bəziləri Sibirə sürgün olunmuşdu. Azərbaycanın ilk kəşfiyyatçısı Məmməd bəy Əliyev həbsxanalara salınmış, yalnız bir il doqquz aydan sonra həbsdən azad edilmişdi. Əməkdaşların əksəriyyəti bolşevik zindanlarına atılmışdı. Nağı bəy Şeyxzamanov və Mahmud Səfikürdski Türkiyəyə mühacirət etməyə məcbur olmuşdular.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Arxiv sənədlərinə əsasən deyə bilərəm ki, cəmisi iyirmi üç ay fəaliyyət göstərmiş gənc respublikanın təhlükəsizlik orqanlarında çalışmış insanlar Vətənə böyük sevgi və şərəflə xidmət etmişlər. Onlar xatırlanmalı, haqlarında daim yazılmalıdır. Qoy bu gün müstəqil Azərbaycan Respublikasında yaşayan gənclər Vətən fədailərini tanısınlar.
Xəyalə
GÜNƏŞ
Palitra.-2015.-19 mart.-S.10.