Xanım Həsənova: “Bayram
ərəfəsində dərsə milli
geyimdə gəldim”
“Müəllim şagirdlərə
təhsil öyrətməklə yanaşı, onlarda milli adət-ənənələrimizə,
tariximizə sevgi oyatmalıdır”
Layihə çərçivəsində növbəti müsahibimiz Göygöl rayon Xaqani kənd Araz Möyləmov adına tam orta məktəbin ibtidai sinif müəllimi Xanım Həsənovadır:
- Bu gün ibtidai sinifdəki şagirdlərin təhsil səviyyəsini necə dəyərləndirirsiniz?
- Hər bir şagird ailə və ətraf mühitdən aldığı tərbiyəni ibtidai sinifdə təqdim edir. Bu təqdimat şagird şəxsiyyətinin başlanğıcıdır. Müəllimlə başlayan məktəb yolunda şagirdlərin gözləri savadlı və şəxsiyyətli insan kimi açılmalıdır. İstər ibtidai, istərsə də yuxarı sinif olsun, təhsilin səviyyəsi, müəllimin biliyi, bacarığı qədərdir. Buna görə də bütün şagirdlərimizə savadlı, bilikli, bacarıqlı, yaradıcı müəllimlər arzu edirəm. Mən inanıram ki, belə müəllimlərimiz yetərincə var.
- Ümumiyyətlə, bəzən valideynlər ibtidai siniflərdə təhsil proqramının ağır olduğunu deyirlər. Siz bunu necə qiymətləndirirsiniz?
- Mən çox istərdim ki, belə düşünən valideynlərə iki təkliflə müraciət edim. Onlar uşaqlarının gələcəyi, inkişafı üçün hansı təhsil proqramını seçərdilər? Əgər mən A hərfini keçirəmsə , mən bunu yalnız hərf kimi, uşağınızın yazma, oxumağı bilməsi üçün öyrədəcəyəm. Yaxud əgər A hərfi keçirəmsə, bu hərfi yazıb- oxumaqla yanaşı, həmin hərfə aid olan bütün anlayışlardan xəbərdar olacaqlar. İnanıram ki, ikinci təklif qəbul olunacaq. Müasir təhsil bu qədər əhatəli bir proqram üzrə işlənib. İstərdim ki, valideynlər, bu proqramı çətin kimi yox, geniş, əhatəli bir təhsil proqramı kimi qəbul etsinlər.
- Bu günlərdə TQDK ibtidai sinif dərsliklərində problemlərin mövcud olduğunu açıqladı. Siz bir müəllim kimi bununla bağlı nə düşünürsünüz?
- Əvvəla onu düşünürəm ki, əgər dərsliklərdə problem varsa, onun həlli də olmalıdır. Nədənsə hər bir problemin başında savad görürəm. Savadsızlıqdan yaranan problemlər o zaman həll oluna bilər ki, onu görə biləsən. Görmək üçün məqsəd olmalıdır. Qarşıya məqsəd qoyulsa, dərsliklərdəki problemlər də öz həllini tapacaq. Ən sadə bir nümunəni qeyd etmək istərdim. Belə ki, işğal olunmuş torpaqlarımızın bəziləri dərs kitablarında hərəsi bir tarixdə göstərilir.
“Müəllim sədaqətli fədaidir. Əgər bu gün kimsə müəllim olmaq istəmirsə, bəlkə də özünü müəllim kimi təqdim edə bilməməsindən irəli gəlir”
Hansı mənbə doğrudur, deyə şagird tərəddüd edir. Bu, mübahisəyə səbəb olur. Yəni bu tarixi dəqiq göstərsək olmazmı? Və ya ibtidai sinif “Riyaziyyat” dərsliklərində belə bir başlıq var- “Öyrənmə”. Bilirik ki, ma-mə inkar şəkilçisidir. Əgər bu qayda olaraq öyrənmək üçün nəzərdə tutulubsa, niyə “Öyrənmə” başlığı altında olmalıdır? Olmaz ki, “Yadda saxla”, “Qayda” və ya elə “Öyrənmək” olsun. Bu sözü mən uşaqlara çox çətinliklə başa saldım ki, öyrənmək üçün nəzərdə tutulan qaydalar deməkdir. Hamısı deyirdi ki, “Müəllim, axı yazılıb ki, öyrənmə...”
Bunlar sadə problemlərdir. Çətinləri isə uşaqların yaş səviyyəsinə uyğun olan tələblərə aiddir. Çətinlik dərəcəsindən tutmuş, mükəmməlliyinə kimi hər bir dərslik uşaqda maraq oyatmalı və onu cəlb eləməlidir.
- Dərs zamanı yeni tədris metodlarından istifadəni necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, dərsimi fəal təlim üzərində qururam. Bu təlimi məcburən yox, sevərək istifadə edirəm. Nəticəsini də sinfimin fəallığı ilə görürəm. Artıq hamıya məlumdur ki, Azərbaycan Respublikasının təhsil sahəsində kurikulum islahatları tətbiq olunur. Kurikulumda təlim metodları çox geniş şəkildə ifadə olunub. Bir müəllim kimi müasir təlim metodlarından həm yararlanır, həm də istifadə edirəm. Ənənəvi təlimlə müqayisədə fəal təlimin üstünlüyü açıq şəkildə sübut olunur.
- Bu gün gənclərin bədii kitaba marağının az olduğu bildirilir. Sizə elə gəlmirmi ki, bunun əsası ibtidai siniflərdə qoyulmalıdır?
- Bəli, düz buyurursunuz, əlbəttə ibtidai təhsil nə qədər güclü, möhkəm təməlli qurulsa, daha çox irəli getmək olar. Öz sinfimdə kitaba marağı artırmaq üçün birinci, savadlı olmaq anlayışını uşaqlara dərk etdirmişəm. Davamlı olaraq bildirirəm ki, “Beşikdən qəbir evinə kimi elm öyrənin”. Məhəmməd peyğəmbərin bu kəlamı bizim sinif üçün bir şüardır. Oxumaq həm də bizə təkcə bilik vermir, hətta həyatda qarşımıza çıxan hər bir problemin həllini tapmaq üçün bir vasitədir. Hər həftənin şənbə günü dərsdən sonra “Oxu saatı” adlı məşğələ keçirik. Məşğələdə məktəbin kitabxanasından müxtəlif tipli hekayə, nağıllar alınıb oxunulur və mövzu ətrafında həyatla əlaqəli müzakirələr aparırıq. Əsas odur ki, hər bir fərd oxumağı həyatının ən vacib hissəsi hesab etməlidir. Nə üçün oxuduğunu anlamalıdır.
- Sizcə, şagirdlərin təhsil probleminin həllində valideyn-müəllim münasibətləri nə dərəcədə önəmlidir?
- Həyatda hər bir
varlıq fəaliyyəti ilə fərqlənir. Müəllim və valideyn birliyi vacibdir. Hər ikisi
eyni istiqamətdə hərəkət etməlidir.
İnanıram ki, bütün
valideynlər uşağının
savadlı bir şəxsiyyət olmasını
istəyir. Bunun üçün onları
əvvəlcə uşaqlarının
nailiyyəti ilə tanış etmək lazımdır . Valideyn müəllimə inanmalıdır. Fikrimcə belə
olarsa, hər bir valideyn müəllimlə
birgə əməkdaşlıq
edər.
- Bugünkü müəllimlərin
davranış və təhsil metodikası şagirdlərin müəllim
peşəsinə sevgisinin
artmasına imkan verirmi?
- Müəllim sədaqətli
fədaidir. Əgər
bu gün heç kim
müəllim olmaq istəmirsə, bəlkə
də özünü
müəllim kimi təqdim edə bilməməsindən irəli
gəlir. Valideynin inamını qazanan
hər bir müəllim şagirdi üçün ən nümunəvi örnək
olacaq.
- Şagirdlərin dərsdənkənar
nəyisə oxumağı
və ya motivasiyada izlənilən
video nə kimi nəticə verir?
- Şagirdlər çox
çalışırlar ki,
maraqla izlədikləri
videonun, hansısa tapşırığın və
ya problemin həllini tapsınlar. Onlar bu məqsədə çatırlar,
nəticə dərsin
digər mərhələlərində
özünü göstərir.
Həmçinin şagirdlər bizim
məktəbdəki kitabxanadan
əlavə, kənddə
fəaliyyət göstərən
kitabxanadan kitab alıb oxuyurlar. Onlar kitabxanaya üzv yazılırlar. Bəzən,
hətta elə olur ki, özüm
uşaqlara deyirəm ki, daha bəsdirin,
kitab almayın, bir az fasilə verin. Oxuduqları hər bir mövzunu
mənə nəql edirlər, inanın ki, məni tənəffüsə
belə çıxmağa
qoymurlar.
- Özünüz necə, təcrübənizi daha da artırmaq üçün nə oxuyursunuz, yaxud hansı verilişi izləyirsiniz?
- Əlbəttə, oxuyuram. Televiziya verilişlərinə
çox baxmıram, amma mən şagirdlərimlə
birgə hələ də öyrənirəm.
- Novruz bayramı qabağı siz milli geyimdə dərs keçmisiniz. Sizcə, bu şagirdlərə necə təsir bağışlayır?
- Mən 2004-cü ildən müəllim kimi çalışıram. Müəllimlik fəaliyyətimdə hər zaman tədrislə yanaşı, şagirdlərə milli adət-ənənələrimizi aşılamağa çalışmışam. İbtidai sinif elə bir mərhələdir ki, bu dövrdə şagirdlər əldə etdikləri bilikləri, məlumatları heç bir zaman unutmurlar, onların yaddaşına əbədi həkk olunur. Ümumiyyətlə, milli adət-ənənələrimizi qoruyub yaşatmaq hər birimizin mənəvi borcudur. O cümlədən, milli geyimlərimizi də unutmamalıyıq. Belə geyimdə olmaq həm mənim üçün çox xoş təsir bağışlayır, həm dərs uşaqların yaddaşına əbədi həkk olunur. Gələcəkdə müəllim olduqda hər bir şagird də milli geyimdə məktəbə gələrsə, şagirdlərinin qarşısına bu geyimdə çıxarsa bu, milli geyimlərimizin nəsillərin yaddaşından silinməməsinə imkan yaradar. Müəllim şagirdlərə təhsil öyrətməklə yanaşı, onlarda milli adət-ənənələrimizə, tariximizə sevgi oyatmalıdır. Bu bayramda da mənin şagirdlərimin qarşısına məhz milli geyimdə çıxmağım onları çox sevindirdi və xoş təsir bağışladı. İnanıram ki, bu, uzun illər onların yaddaşından silinməyək.
Nigar Abdullayeva
Palitra.-2015.-20 mart.-S.11.