İnklüziv təhsil üçün təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılıb

 

Sağlamlıq imkanları məhdud olan 60 mindən çox uşaqdan yalnız 12 mini təhsilə cəlb edilib

 

İnklüziv təhsil-əqli və ya fiziki cəhətdən zəif uşaqlara məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil almaq imkanı verən inteqrativ prosesdir. İnklüziv təhsilin köməyi ilə xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)uşaqların təhsil sistemində, yerli icmalarda xüsusi dəstək xidmətləri göstərilməklə yaşıdları ilə birlikdə oynamalarına, təhsil almalarına, inkişaf etmələrinə şərait yaradır.

Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələ ilə bağlı məqamlara toxunacağıq. Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılıb.

Ölkəmizdə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanun qəbul edilib. Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapıb, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunub. Qanunun icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı qərarlar, o cümlədən "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul edilib. Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. Bu tip təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox olmamaq şərtilə komplektləşdirilərək onlara zəruri köməkçi xidmət təşkil edilir. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı" təsdiq edilib, İnkişaf Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib hazırlanıb.

 

İnklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur

Bu məsələlər Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) “İnklüzivxüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda təşkil edilən dəyirmi masada da müzakirə edilib. Tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, dəyirmi masanın məqsədi müasir dövrdə ölkədə təhsil siyasətinin prioritet məsələlərindən biri sayılan xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılması, inklüziv təhsilin tətbiqində real vəziyyəti, mövcud problemləri öyrənmək və beynəlxalq təcrübənin Azərbaycan təhsilinə inteqrasiyasıdır. Q. Novruzov deyib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsil verənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu gün Azərbaycanda 530 min əlil varsa, onların 64 mini uşaqlardır. Onun sözlərinə görə, təhlillər göstərib ki, əlil uşaqların təxminən 50%-ə qədəri 3 yaşa qədər olan həkim və valideyn nöqsanlarının qurbanıdırlar: “Sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək tarixən savab hesab olunub. Son illər Təhsil Nazirliyində bu sahədə ardıcıl aparılıb. İnklüziv təhsil sisteminin özü Azərbaycan üçün yeni idi. Bu sistemin özünün dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda qurulması yeni istiqamət oldubu istiqamətdə zamanla addım-addım işlər görüldü. Bu gün Azərbaycanda bu sahədə müəyyən təcrübə əldə olunub. Bununla bağlı hüququ baza var, qanunlarda bu məsələ təsbit olunub. Amma onu da deməliyik ki, qanunvericilikdə müəyyən boşluqlar var. Qanunda xüsusi təhsillə bağlı hissədə kiçik düzəliş olmalıdır. Evdəki təhsillə xüsusi müəssisədə olan təhsil arasındakı ödəmədə fərq varbunu aradan qaldırmalıyıq”.

 

Mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da bu sahədə əldə olunan uğurlarla yanaşı, müəyyən problemlərin də olduğunu deyib. A. Sofiyeva onu da bildirib ki, mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir, ölkədə inklüziv təhsilin inkişafı vacib məsələdir və bu sahədə elmi yanaşmaya da ehtiyac var. Tədbirdə bildirilib ki, hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud olan 60 mindən çox uşaqdan yalnız 12 mini təhsilə cəlb edilib. Ölkəmizdə belə uşaqların təhsilinin təşkili üzrə hərtərəfli imkanlar var və hazırda onlar üçün təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılıb. Elə uşaqlar da var ki, onlar daha artıq qayğı və diqqət, təhsilin təşkilində xüsusi forma, yanaşma tələb edir. Bunun da ən optimal variantı inklüziv təhsildir. Qeyd edilib ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir. Bu tip təhsil psixofiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil qərarvermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır. Bu halda, sağlamlığı məhdud olan uşaqların yaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır. Mövzu ilə əlaqədar dəyirmi masada Təhsil Nazirliyi, De-institutlaşma və Uşaqların müdafiəsi İdarəsinin sosial işin təşkili və statistika şöbəsinin müdiri Anar Xələfovun “Azərbaycan Respublikasında əlilliyi olan insanların təhsilinin təşkili”, ARTPİ-nin inklüziv təhsil şöbəsinin müdiri Lalə İmanovanın “İnklüzivxüsusi təhsilin ümumi vəziyyəti”, həmin şöbənin aparıcı elmi işçisi Elmira Kərimovanın “İnklüzivxüsusi təhsilin problemləri”, böyük elmi işçisi Fərid Süleymanovunİnklüzivxüsusi təhsildə beynəlxalq təcrübə” mövzusunda təqdimatları dinlənildi. Mövzular ətrafında müzakirələr və çıxışlar oldu. Dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı, xüsusi qayğıya ehtiyacı olan insanların problemləri ilə məşğul olan aidiyyəti qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, bu sahədə ixtisaslaşmış aparıcı mütəxəssisləri (internat məktəblərin, gözdən əlillər və korlar cəmiyyətləri ictimai birliklərinin rəhbərləri, psixoloji, defektoloji, loqopedik xidmətləri göstərən mərkəzlərin rəhbərləri, o cümlədən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin alimləri), ARTPİ-nin elmi məsləhətçiləri, direktor müavinləri, şöbə müdirləri və KİV nümayəndələri iştirak ediblər.

 

Anar Miriyev

Palitra.-2015.-30 mart.-S.11.