“Dövlət ölkəşünaslığın
inkişafina böyük əhəmiyyət verir”
Qalib Barxalov: “Bu sahədə uğurlar əldə edilib”
Müsahibimiz Bakı Slavyan Universitetinin “Ölkəşünaslıq” Elmi-Tədqiqat Laboratoriyasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qalib Nəcmi oğlu Barxalovdur.
- Qalib müəllim, “Ölkəşünaslıq” elmi-tədqiqat laboratoriyasının yaranma tarixi və fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- “Ölkəşünaslıq” elmi-tədqiqat laboratoriyası o zamankı rektor, akademik K.M.Abdullayevin 10.09.2003-cü il əmri ilə yaradılıb. Elmi-tədqiqat laboratoriyasının məqsədi slavyan ölkələri, həmçinin Azərbaycan, Türkiyə, Yunanıstan və s. ölkələrə dair sistemli şəkildə məlumat və elmi materiallar toplamaq, onları təhlil etmək, əldə edilmiş nəticəni regionşünaslıq istiqaməti üzrə tədris prosesinə tətbiq etmək, eyni zamanda göstərilən ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri, siyasi sistemi, ictimai-siyasi və fəlsəfi fikri üzrə elmi-tədqiqat işləri aparmaqdır.
BSU-nun məqsəd və iş planına uyğun elmi-tədqiqat işlərinin aparılması, profilə uyğun elmi-praktiki konfransların, daimi fəaliyyətdə olan elmi-nəzəri seminarların və s. təşkil edilməsi, universitetimizin əlaqə qurduğu xarici ölkə universitetləri ilə əməkdaşlıq, BSU-da tədris edilən fənləri metodik (tədris) vəsaitlərlə təmin etmək laboratoriyamızın qarşısında duran vəzifələrdəndir.
“Ölkəşünaslıq” elmi-tədqiqat laboratoriyası BSU-da tədris edilən regionların və ayrı-ayrı ölkələrin coğrafiyasını, iqtisadiyyatını, sosial-mədəni mühitini, konfessional əlaqələrini və s. məsələləri araşdıraraq onları kompleks şəkildə öyrənir. Universitetimizdə tədris edilən ixtisaslardan biri də azərbaycanşünaslıq ixtisasıdır. Buna görə də laboratoriyamız öz elmi potensialından istifadə edərək müxtəlif ölkələrin xarici siyasətində Azərbaycanın yerini, ölkəmizin digər dövlətlər və beynəlxalq strukturlarla qarşılıqlı münasibətlərini, eyni zamanda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Qafqazda baş verən digər münaqişələr üzrə də araşdırmalar aparır.
Laboratoriyanın
ümumi tədqiqat sahəsi var. Əgər
yarandığı vaxtdan laboratoriyada çalışan tədqiqatçıların
hər biri müxtəlif sahələr, ölkələr
üzrə tədqiqat aparırdılarsa, tədqiqatların
daha faydalı və dolğun olması məqsədilə
sonradan bütün tədqiqatçılar paralel olaraq eyni
ölkə üzərində araşdırmalar aparmaq qərarına
gəldilər. Onlar, eyni zamanda bir ölkənin müxtəlif
sahələri - ictimai-siyasi fikri, sosial-iqtisadi vəziyyəti,
beynəlxalq münasibətləri, tarixi, coğrafiyası və
s. sahələri üzrə tədqiqatlar aparırlar.
Hazırda əməkdaşlarımız tərəfindən
laboratoriyanın “Ölkələrlə tanışlıq”
layihəsi çərçivəsində Polşa
haqqında müxtəlif sahələri əhatə edən,
Azərbaycan dilində genişhəcmli məlumat kitabı
hazırlanmaqdadır. Bu tip kitabların işlənməsi ona
görə zəruridir ki, müəyyən ölkə
üzrə təhsil alan tələbələrin
qarşılaşdığı informasiya
qıtlığı problemi aradan qaldırılsın. Bu,
xüsusilə Azərbaycan bölməsində təhsil alan tələbələrə
aiddir.
Laboratoriyamızın
əməkdaşları mütəmadi olaraq müxtəlif
mövzularda təşkil edilmiş ümumrespublika və beynəlxalq
(o cümlədən xarici ölkələrdə keçirilən)
konfranslarda fəal iştirak edirlər.
ETL
özü də müxtəlif səpkili konfranslar və
seminarlar təşkil edir, eyni zamanda universitetimizdə
keçirilən digər konfransların da təşkil edilməsi
prosesində iştirak edir. Onu da qeyd edək ki, universitetimiz
artıq neçə ildir ki, ümummilli lider Heydər
Əliyevin anadan olmasının ildönümünə həsr
olunan “Azərbaycanşünaslığın aktual problemləri”
adlı beynəlxalq elmi konfrans təşkil edir. Əməkdaşlarımız
həmin konfransın təşkil edilməsində fəal
iştirak etməklə yanaşı, həmçinin bölmə
içlaslarında da məqalə və məruzələrlə
çıxış edirlər.
“Ölkəşünaslıq”
ETL-in elmi işçisi K.Ruintən 2014-cü ilin mart
ayında Azərbaycan Respublikasının Prezidenti yanında
İdarəçilik Akademiyasında fəaliyyət göstərən
Müdafiə Şurasında “Qafqaz regionu İranın
kütləvi informasiya vasitələrində” mövzusunda
namizədlik dissertasiyası müdafiə edib. Qeyd edək ki,
bu “Ölkəşünaslıq” ETL-ə təhkim olunmuş
dissertasiya işləri arasında ilk müdafiədir.
Hazırda laboratoriyamıza 2 dissertant təhkim olunub, 2 əməkdaşımız
isə qiyabi olaraq, doktarantura pilləsində təhsilini davam etdirir.
Laboratoriyamızda
hər il beynəlxalq münasibətlər və
regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələr
istehsalat təcrübəsi keçirlər. Həmçinin
Ukrayna, Polşa, Bolqarıstan, Rusiya və s. ölkələrdən
gələn tələbələr üçün müxtəlif
mövzularda mühazirələr və müzakirələr
aparılır.
Ümumiyyətlə,
laboratoriyamızın əməkdaşları Bakı Slavyan
Universiteti rəhbərliyinin tapşırıqlarını
yerinə yetirərək öz fəaliyyətlərini intensiv
surətdə inkişaf etdirməyə
çalışırlar.
Göstərilənlərlə
yanaşı, laboratoriya əməkdaşlarının hər
birinin müxtəlif sahələr və ölkələr
üzrə də müstəqil tədqiqat sahələri var.
- Tədqiqatların
nəticəsi olaraq laboratoriya hansı nailiyyətləri əldə
edib və mümkünsə, elmi-nəzəri seminarlar
haqqında məlumat verərdiniz...
- Əvvəldə
qeyd etdiyim kimi, laboratoriya əməkdaşları hər il
üçün müəyyən bir ölkə üzrə
müxtəlif istiqamətlərdə tədqiqat işləri
aparırlar. İlin sonunda həmin tədqiqat işləri
müzakirədən keçirilir və uyğun sahələr
üzrə mütəxəssislərdən həmin işlər
üçün rəy alınır. Müsbət rəy
almış işlər laboratoriyanın illik hesabatı olaraq
1 kitabda cəmlənərək cildlənir. Həmin işlərdən
universitetimizdə müvafiq fənlər üzrə istifadə
olunur. Bu işlər, həmçinin tədqiqat obyekti
olmuş ölkə ilə bağlı informasiya toplamaq istəyən
mütəxəssislər üçün əhəmiyyətli
mənbə bazasıdır.
Lakin ETL əməkdaşlarının
fəaliyyəti bununla məhdudlaşmır. Bu günə
kimi laboratoriya əməkdaşları tərəfindən 5
monoqrafiya çap etdirilib. Eyni zamanda son 5 ildə ETL tərəfindən
1 dərs vəsaiti, 14 metodik vəsait, 2 proqram, 10-u xaricdə
dərc edilməklə 68 məqalə, 2-si xaricdə olmaqla 5
tezis işıq üzü görüb. Son tədris ilində
laboratoriyamızın baş elmi işçisi kulturalogiya elmləri
doktoru Ç.Ə.Abdullayevin 192 səhifəlik “Azərbaycan-Almaniya
əlaqələri” adlı dəsrliyi çap olunub, əməkdaşımız
K.F.Ruintən “XX əsrin sonu-XXI əsrin əvvəllərində
Mərkəzi Asiyanın türk dövlətləri dünya
dövlətlərinin maraqları sistemində” adlı dərs
vəsaitinin redaktoru olub, mənim tərəfimdən Beynəlxalq
münasibətlər və regionşünaslıq fakültəsində
tədris olunan “Sosial-siyasi təlimlər tarixi” fənni
üzrə Azərbaycan və rus dillərində proqramlar
hazırlanıb, həmçinin laboratoriyamız “Azərbaycanşünaslıq”
tədris-mədəniyyət mərkəzi ilə birgə “Azərbaycan
regionları. Yeni inkişaf dövrü” adlı 3 cildlik
kitabın müzakirəsini təşkil edib və
keçirib.
Son 5 ildə
əməkdaşlarımız 25 konfransda iştirak ediblər
ki, onlardan 2-si ümumrespublika, 10-u ölkədən kənarda
keçirilməklə 23-ü beynəlxalq konfransdır.
Qeyd
etdiyimiz kimi, bizim fəaliyyətimizin bir hissəsi də elmi-nəzəri
seminarlar təşkil etmək və keçirməkdir. Son 5
ildə laboratoriyamız tərəfindən 15 elmi-nəzəri
seminar təşkil edilib və keçirilib.
Misal
olaraq, “Müasir Azərbaycanda azərbaycançılıq
ideologiyası”, “Azərbaycan dövlət quruculuğunda yeni
formalar və üsullar”, “Azərbaycanda dini konfessiyalar.
Müasir Azərbaycanda dini tolerantlıq”, “Belarusda fəlsəfi
və ictimai-siyasi fikir”, “Azərbaycanda törədilmiş
soyqırımlar”, “İnnovasiya və texnologiya: müasir
dövr, dövlətçilikdə yeri və tətbiqi”;
“Dünya obrazları, virtual dünya və aləm, gündəlik
davranış etikası (Virtual aləmin real həyata təsiri)”;
“İctimai diplomatiyanın müasir beynəlxalq münasibətlərdə
yeri və rolu” və s. bu kimi mövzularda keçirilmiş
seminarları göstərmək olar.
- Tədqiqatlar
əsasən hansı istiqamətlərdə aparılır?
- Əməkdaşların
elmi fəaliyyəti müxtəlif region ölkələrinin
tarixinin, etnomədəniyyətinin, dini konfessiyalarının,
iqtisadiyyatının, xarici siyasətinin, siyasi sisteminin,
coğrafiyasının və s. araşdırılması və
tədqiqi istiqamətlərində aparılır. İndiyədək
Ukrayna, Rusiya, Çexiya, Belarus, Polşa və s. ölkələr
üzrə kompleks araşdırmalar aparılıb.
- Qalib
müəllim, Sizin “Ekoloji şüurun sosiomədəni əsasları”
adlı çox maraqlı bir mövzu üzərində tədqiqat
apardığınızı və həmin mövzuda
monoqrafiyanızın dərc edildiyini öyrəndik. Bu barədə
oxucularımıza qisa məlumat verməniz maraqlı
olardı.
-
İnsanın yaşayış mühiti intensiv şəkildə
qlobal təsirlərə məruz qalır və bu,
dövrümüzün səciyyəvi xüsusiyyətlərindəndir.
Bu təsirlər heç də həmişə müsbət
nəticələr vermir, eyni dərəcədə intensiv
olaraq qlobal səviyyədə neqativ nəticələrlə
də müşayiət olunur.
Bu tədqiqatın
vacibliyini və sosial-praktik əhəmiyyətini müəyyən
edən cəhətlərdən biri odur ki, müasir ekoloji
situasiyanın çətinlikləri, müəyyən dərəcədə,
insan tələbatlarının və dəyərlərinin
strukturundan irəli gəlir və hər bir insanın taleyi ilə
bağlıdır.
Ekoloji
şüur cəmiyyətlə təbiətin
qarşılıqlı təsirinin müasir vəziyyətinə
uyğun gələn yeni təfəkkürün və yeni dəyərlərin
formalaşmasında mühüm əhəmiyyət
daşıyır. Eyni zamanda ekoloji şüur bəşəriyyətin
sosial özünüdərkinə çevrilərək XX əsrin
sonu - XXI əsrin əvvəllərində ümumbəşəri
cizgilər əldə edir və müasir dövrün qlobal
problemlərinin həllinə diqqəti yönəldərək,
ümumbəşəri ağılın cizgilərini əldə
edir.
Bu sahədə
praktiki əməllərdən başqa, müasir aləmdə
insan və təbiətin qarşılıqlı təsiri
probleminə yeni yanaşmanın işlənib-hazırlanmasına
böyük diqqət verilir. Bu baxımdan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qərarı
ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi təsadüfi
olmayıb.
Qeyd
edildiyi kimi, hazırda ekoloji şüurun əhəmiyyəti
insan fəaliyyətinin ekoloji meylinin təkmilləşməsindən
ibarətdir.
Keçmişdə
heç vaxt sivilizasiyamızın taleyi və planetimizin mənzərəsi
bu dərəcədə insanın özünün fəaliyyətindən,
bizim nəslin şüurundan və davranışından
asılı olmayıb. Onların qəbul etdiyi qərarların
və hərəkətlərin düzgün olması
üçün insan yeni siyasi, sosial, ekoloji, demoqrafik, fəlsəfi
təfəkkürə yiyələnməlidir. İrəli
sürülən şüurların ekolojiləşdirilməsi
probleminin xüsusiyyəti bundan ibarətdir.
- Azərbaycanda
ölkəşünaslığın inkişafını necə
dəyərləndirirsiniz?
Azərbaycan indi beynəlxalq aləmdə öz sözünü demək imkanı və casarəti olan bir dövlətdir. Buna görə də ölkəmizin müxtəlif ölkələrlə münasibətləri və əlaqələri inkişaf edib, bir çox sahələrdə əməkdaşlıq qurulub. Azərbaycan dövləti getdikcə daha çox ölkələrin diqqətini özünə çəkir və özü də bir çox ölkələrlə əlaqələr qurmaqda və əməkdaşlıq etməkdə maraqlıdır. Bu baxımdan yanaşdıqda, ölkələri yaxından tanımaq, onlar haqqında ətraflı və dolğun informasiyaya malik olmaq çox böyük əhəmiyyət kəsb edir. Ölkələri yaxından tanımaq və tədqiq etmək məqsədilə ölkəmizin müxtəlif institutlarında “Regionşünaslıq” fakültələri, yaxud müəyyən fakültələrdə “regionşünaslıq” ixtisasları açılıb. Bu fakültələrdə müəyyən regionlara dair bilgilərlə yanaşı, həmin regionlara daxil olan ölkələrə dair bilgilər də ayrıca tədris edilir. Regionşünaslıq ixtisası özü də ixtisas ölkəsinin adına uyğun olaraq həmin ölkənin adı ilə adlandırılır. Məsələn, bizim universitetimizdə “Regionşünaslıq” ixtisası alan tələbələr “regionşünas” ixtisası almaqla yanaşı, müəyyən bir ölkə üzrə ixtisaslaşır və həmin ölkə üzrə mütəxəssis olur. Məsələn, azərbaycanşünas, türkiyəşünas”, ukraynaşünas, yunanşünas, rusiyaşünas, polşaşünas və sair. Digər universitetlərdə də belədir. Bu o məqsədlə edilib ki, ölkəmizdə bütün dünya dövlətlərini öyrənən mütəxəssislərimiz olsun. Ölkələrlə tanışlığımız və əlaqələrimiz, eyni zamanda, Azərbaycanı dünyada daha yaxından tanıtmağımıza, ölkəmizin nüfuzuna xələl gətirə biləcək məqamların qarşısını almağa, həmçinin dövlətlər arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir. Onu deyə bilərəm ki, dövlətimiz ölkəşünaslığın inkişafina böyük əhəmiyyət verir və bu sahədə böyük uğurlar əldə edib. Eyni zamanda bu sahədə işlər uğurla davam etdirilir.
Xəyalə GÜNƏŞ
Palitra.-2015.-31 mart.-S.13.