Tədris olunan fənlərin sayının azaldılması təklif edilir

 

Fənlərin sayının azaldılması təhsil alanların təhsilə marağının artmasına və öyrənməyə meyillərinin inkişafına səbəb ola bilər

 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “12 illik təhsilin struktur və məzmun məsələləri” mövzusunda tədbir keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda 12 illik təhsillə bağlı məsələyə toxunacağıq. Tədbiri giriş sözü ilə açan institutun direktor müavini Ənvər Abbasov ilk olaraq bütün fənn işçi qruplarının üzvlərini və digər tədbir iştirakçılarını salamlayıb. Sonra təhsil haqqında vacib olan ən əsas məsələlərə toxunaraq qanunlarda qeyd olunan bəndlər barədə geniş məlumat verib. O, təhsil haqqında qanun, o cümlədən təhsilin inkişafı üzrə Dövlət Strategiyasında göstərilmiş 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması və tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi ilə bağlı maddələr haqqında danışıb.

 

Əksər təhsil işçiləri ümumi təhsilin səviyyələri üçün təklif olunan strukturun 4+6+2 olmasını dəstəkləyir

Tədbirin məqsədi 12 illik təhsilə keçidlə bağlı təlim məzmununun, milli təhsil standartlarının hazırlanması üçün təhsilin strukturu, tədris planına daxil olan fənlərin aydın təsəvvür olunması idi. Təqdimatla çıxış edən institutun ümumi təhsil və məktəbdənkənar təhsilin şöbə müdiri Bibixanım İbadova mövzu ətrafında apardıqları araşdırmalardan söhbət açıb. O bildirib ki, aparılan sorğulardan və öncədən keçirilmiş görüşlərin nəticələrindən belə məlum olub ki, əksər təhsil işçiləri ümumi təhsilin səviyyələri üçün təklif olunan strukturun 4+6+2 olmasını dəstəkləyir. Çıxışçı Beynəlxalq təcrübənin öyrənilməsindən də söhbət açıb. Bunun üçün 59 ölkənin təhsil sisteminin strukturunu araşdırdıqlarını deyib. Təqdimat zamanı məlum olub ki, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı 11-dir. Təklif olunur ki, fənlərin sayı azaldılsın və riyaziyyat fənni ilə informatika inteqrativ bir fənn kimi birlikdə keçirilsin. Ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı hazırda 17-dir.

 

“Yetişməkdə olan gənc nəslin maraq dairəsinə və düşüncə tərzinə, təlim prosesinin tələblərinə və texnologiyalarına uyğunlaşdırılmış şəxsiyyətyönlü dərsliklərin yaradılması olduqca məsuliyyətli bir işdir

 

Təklif olunur ki, burada da fənlərin bir neçəsi birləşsin və ümumi fənn sayı 13-ə endirilsin. Tam orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı isə hazırda 14-dür. Təklif olunur ki, əsas fənlər üzrə sayı 9 olsun. Təmayüllər üzrə istiqamətlərdə isə Humanitar (Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Xarici dil), Texniki (Riyaziyyat, İnformatika, Fizika), Təbiət elmləri (Fizika, Kimya, Coğrafiya, Biologiya) və digər istiqamətlər üzrə fənlərin sayının azaldılması da təklif olunur. Təqdimatdan sonra işçi qrupların nümayəndələri maraqlı rəy və təkliflər ilə müzakirələrə qatılıblar. Fənlərin sayının azaldılmasının, bununla da şagirdlərin dərs yükünün azaldılmasının təqdirəlayiq bir hal olacağını vurğulayıblar. Bildiriblər ki, gələcəkdə fənlərin sayının azaldılması təhsil alanların təhsilə marağının artmasına və öyrənməyə meyillərinin inkişafına səbəb ola biləcək bir dəstəkləyici vasitə olacaq. Tədbirdə məktəb direktorları, bütün fənlər üzrə işçi qrupunun nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər. Sonda bu müzakirələrin bir daha təkrar keçirilməsinə ehtiyac duyulduğu vurğulanıb.

 

Dərslik biliklərin yeganə mənbəyi deyil, onların əldə olunmasında ötürücü funksiya daşıyan vasitələrdən biridir

“Şəxsiyyətyönlü məktəb dərsliklərinin hazırlanması” mövzusunda pedaqoji innovasiyalar seminarında çıxış edən ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov qeyd edib ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanın təhsil işçiləri, gənc tədqiqatçıları və alimləri nüfuzlu beynəlxalq tədbirlərdə, konfranslarda yüksək kürsülərə dəvətlər alırlar, orada Azərbaycanı layiqincə təmsil edirlər. ARTPİ-nin şöbə müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev “Şəxsiyyətyönlü məktəb dərsliklərinin hazırlanması” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 1-ci strateji istiqamətində göstərilmiş “Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması” məsələsinə toxunaraq yetişməkdə olan gənc nəslin maraq dairəsinə və düşüncə tərzinə, təlim prosesinin tələblərinə və texnologiyalarına uyğunlaşdırılmış şəxsiyyətyönlü dərsliklərin yaradılmasının olduqca məsuliyyətli bir olduğunu deyib. Çıxışda müasir dərsliyin təhsil standartlarında nəzərdə tutulmuş bilik və bacarıqların reallaşmasını təmin edən ən mühüm mənbə olub, təlim prosesinin təşkilində başlıca vasitə rolunu oynadığını, konkret fənn üzrə sistemləşdirilmiş təlim materialını özündə əks etdirməli, sinfin anlam səviyyəsinə uyğun və şagirdlərin özünütəhsilinə xidmət etməli olduğunu vurğulanıb. İnformasiya texnologiyasının yüksək sürətlə inkişaf etdiyi hazırkı mərhələdə dərsliyin biliklərin yeganə mənbəyi deyil, onların əldə olunmasında ötürücü funksiya daşıyan vasitələrdən biri olduğu qeyd edilib. Seminar iştirakçılarına şöbə tərəfindən aparılan beynəlxalq araşdırmalardan əldə etdiyi məlumatlar da təqdim edilib. Xarici ölkələrdə dərsliklərin hazırlanması və onların qiymətləndirilməsi prosesindən söhbət açan Asif Hacıyev ənənəvi modeldə və müasir dövrdə hazırlanmış dərsliklərin məzmunun hazırlanması qaydaları və onlara verilən müasir tələblərdən geniş danışıb. Sonda şəxsiyyətyönlü məktəb dərsliklərinin hazırlanması prosesində gələcəkdə Təhsil Problemləri İnstitutunun görəcəyi işlər barədə təkliflərini institutun rəhbərliyinə və seminar iştirkaçılarına çatdırıb. Təqdimatdan sonra mövzu ilə bağlı seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb, geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Təhsil Problemləri İnstitutundaİlk peşə - ixtisas təhsili üzrə mövcud təhsil standartlarının hazırlanması” mövzusunda da tədbir keçirilib. Seminar- treninq formatında keçirilən tədbir ARTPİ-nin İlk peşə-ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov tərəfindən aparılıb. “İlk peşə - ixtisas təhsili üzrə mövcud təhsil standartlarının hazırlanması”na dair keçirilən seminar - treninqdə institutun şöbə müdiri Rəsul Əsgərov çıxışında xüsusi hazırlanmış təqdimatla geniş məruzə ilə çıxış edib. Onun məruzəsi ilk peşə-ixtisas təhsilinin məzmunu, ilk peşə-ixtisas təhsilinin idarə olunması, ilk peşə-ixtisas təhsilinin maddi-texniki və tədris bazası, ik peşə-ixtisas təhsilinin infrastrukturu, ilk peşə-ixtisas təhsili sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri, ilk peşə-ixtisas təhsili pilləsində təhsilalanların bilik, bacarıq və vərdişləri səviyyəsi ilə bağlı olub. Təqdimatdan sonra seminar- treninq iştirakçıları mövzu ətrafında geniş müzakirələrə başlayıb. Mövcud ilk peşə-ixtisas təhsilinin məzmununda gələcəkdə görüləcək dəyişikliklər və əlavələr barədə maraqlı rəy və təkliflərini bildiriblər. Seminar- treninqə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları, tədris istehsalat işləri üzrə direktor müavinləri, metod- birləşmələrin sədrləri, ixtisas fənn müəllimləri, baş ustalar, istehsalat təlim ustaları, institutun müvafiq şöbəsinin əməkdaşları və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

 

Anar Miriyev

Palitra.-2015.-1 may.-S.11.