Ermənistanla müqayisədə abituriyentlərimizin sayı 8 dəfə çoxdur

 

“941 şagird xarici dil fənni əvəzinə, kimya fənnindən

imtahan verəcək”

 

Layihə çərçivəsində növbəti mövzumuz imtahanlarda tətbiq edilən yeniliklərlə bağlıdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirdi. TQDK sədri bildirdi ki, Komissiya iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

M. Abbaszadə qeyd etdi ki, buraxılış imtahanları təsdiq olunmuş qrafikə uyğun olaraq 2, 6, 11, 16 iyun tarixlərində aparılacaq. Bu imtahanlarda respublika üzrə 88 min 151 nəfər XI sinif , 107 min 236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir. Eyni gündə saat 10:00-da buraxılış sinfinin IX, saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər. Komissiya tərəfindən bu imtahanlara hazırlıq istiqamətində kompleks tədbirlər həyata keçirilib. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, respublikanın bütün bölgələri üzrə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə treninqlərin aparılması, “Şagird-məzun” elektron məlumat bazasına buraxılış sinfi şagirdləri haqqında məlumatların daxil edilməsi, yoxlanması, “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikumları)”na uyğun olaraq, testlər bankının zənginləşdirilməsi, eləcə də müxtəlif təşkilati və metodiki işlərlə bağlı genişmiqyaslı hazırlıq işləri tamamlanmaq üzrədir. İmtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq. İmtahan mərkəzləri formalaşdırılarkən şagirdlərin rahatlığını təmin etmək məqsədilə yaşadıqları ərazi üzrə yalnız şəhər və ya rayon mərkəzi deyil, kənd məktəblərinin yerləşdiyi binalardan da istifadə olunub. Bundan başqa, imtahan mərkəzindən 5 kmdaha uzaqda yaşayan şagirdlərin imtahan mərkəzlərinə rahat şəkildə çatdırılması məqsədilə pulsuz avtobus xidmətləri təşkil olunub. Şagirdlərin imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə qaytarılmaları da həmin avtobuslarla təmin olunacaq.

O da vurğulandı ki, TQDK-nın Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, ali təhsil müəssisələrinin V ixtisas qruputam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. 2014-cü ildən isə ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul həmin ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılır. Bu buraxılış imtahanının qaydalarına görə 2015-ci ildən tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyatxarici dil fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Ümumi orta (9 illik) təhsil bazasında buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

 

İyunun 2-də ilk buraxılış

imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

TQDK sədri bildirdi ki, həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 20-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlaraYaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır. Şagirdlər imtahanaİmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb. Həmin gün Bakı şəhərində 31490 (Nərimanov rayonunda 2403, Səbail rayonunda 1641, Yasamal rayonunda 2754, Nəsimi rayonunda 2245, Nizami rayonunda 2521, Binəqədi rayonunda 3855, Sabunçu rayonunda 4503, Xətai rayonunda 3708, Suraxanı rayonunda 2878, Xəzər rayonunda 2750, Qaradağ rayonunda 2043 nəfər, Pirallahı rayonunda 189) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb. Həmin gün Bakı şəhərində 24408 (Nərimanov rayonunda 2050, Səbail rayonunda 1524, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1706, Nizami rayonunda 2189, Binəqədi rayonunda 3169, Sabunçu rayonunda 2753, Xətai rayonunda 3214, Suraxanı rayonunda 2107, Xəzər rayonunda 1846, Qaradağ rayonunda 1383 nəfər, Pirallahı rayonunda 130) şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.

 

Bu ilin aprel ayında TQDK əhaliyə 1 milyon 16 min elektron xidmət göstərib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən vətəndaşlara elektron xidmətlər göstərilir. M. Abbaszadə bildirdi ki, bu ilin aprel ayında Elektron hökumət portalı vasitəsilə əhaliyə 1 milyon 500 mindən çox xidmət göstərilib ki, bunun 1 milyon 16 mini TQDK tərəfindən həyata keçirilib.

M.Abbaszadə Azərbaycanla qonşu ölkələrdəki məzunların sayını müqayisə edərək bildirdi ki, bu il Ermənistanda 11 min nəfər abituriyent olacaq: “Orada qəbul və buraxılış imtahanları birgə keçirilir. Bu abituriyentlərin imtahan verməsi üçün 34 imtahan mərkəzi yaradılıb. Azərbaycanda isə buraxılış və qəbul imtahanları ayrı keçirilir. Yalnız buraxılış imtahanında 200 minə yaxın abituriyent iştirak edəcək. I-IV qruplar üzrə qəbul imtahanında iştirak etmək üçün 80 min, V qrup üzrə isə 30 min sənəd verilib. Bu rəqəmlər yalnız Ermənistanla bağlı deyil, ayrı-ayrı ölkələr üzrə də statistik məlumatlar var. Belə ki, Qazaxıstanda 17 milyon əhaliyə XI sinif məzunlarının sayı 124 339 nəfərdir. Qırğızıstanda 5 milyon 700 nəfər əhaliyə 16 500 XI sinif məzunu, Belarusda 9 milyon 400 min əhaliyə 58 min XI sinif məzunu, Bolqarıstanda isə 8 milyon əhaliyə 35 min məzun var”.

 

Hər bir şagird komissiyanın Şagird-Məzun Sisteminə daxil olaraq özü haqqında məlumatları yoxlaya bilər

Bu ildən Azərbaycanda tətbiq edilən yeniliklərə əsasən, tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyatxarici dil fənləri üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

TQDK sədri bildirdi ki, xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanında xarici dil fənninin əvəzinə, kimya fənnindən verəcəklər.

M.Abbaszadə buraxılış imtahanında xarici dillərdən imtahan verəcək abituriyentlərin sayını da açıqladı. Onun sözlərinə görə, bu il buraxılış imtahanı verəcək XI sinif şagirdlərindən 73068 nəfəri xarici dil kimi ingilis, 1107 nəfər alman, 2306 nəfər fransız, 27 nəfər ərəb, 11039 nəfər isə rus dilindən imtahan verəcək. XI sinif şagirdlərindən 941 nəfəri isə təhsil aldıqları məktəbdə xarici dil fənni tədris olunmadığı üçün buraxılış imtahanında kimya fənnindən imtahan verəcək.

TQDK sədri əlavə etdi ki, hər bir XI sinif şagirdi komissiyanın Şagird-Məzun Sisteminə daxil olaraq özü haqqında məlumatların düzgünlüyünü yoxlaya bilər. Bu il buraxılış imtahanında iştirak edəcək 88 min 151 nəfər şagirddən yalnız 4 min şagird özü haqqında məlumatları yoxlayıb.

 

Bu ildən etibarən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək

Bu ildən etibarən Azərbaycanda keçirilən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək. M. Abbaszadə bildirdi ki, bu ildən başlayaraq bütün sual kitabçaları unikal olacaq. Onun sözlərinə görə, hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılacaq: “Yenilik odur ki, hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Builki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça edə biləcəyik. Çünki hər bir kitabça hər bir abituriyentə aid variantda ola bilər. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanların keçirilməsinə şərait yaradacaq. Yazı işlərinin yoxlanılmasında artıq yeni texnologiya istifadə oluna biləcək".

M. Abbaszadə qeyd etdi ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: "Sual kitabçalarının şagirdlərə paylanılması prosesi hələ davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunub bununla da yeni növ imtahanların bünövrəsi qoyulub. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçə biləcəyik. Builki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər görmür. Yeni halda kitabçanın üzərində abituriyentin adı, soyadı yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb. Bunun ilk olaraq əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında şahidi olduq. Misal olaraq, bu il əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edilib. Bu da onu göstərir ki, artıq köçürmə hallarının sayı azalır".

 

Nigar Abdullayeva

Palitra.-2015.-2 iyun.-S.11.