“Azərbaycan
universitetlərinin texniki
bazası çox güclüdür”
Adil Rəhimli: “Tələbələrə
asan şəkildə
xaricdə təcrübə
almaları üçün
daha çox şərait yaradılmalıdır”
Layihə çərçivəsində
Gürcüstan Tibb Universitetinin tələbəsi
Adil Rəhimli ilə müsahibəni təqdim edirik.
-Öncə özünüz
haqda məlumat vermənizi istərdik.
- 1987-ci ildə Ağdam şəhərində həkim
ailəsində doğulmuşam.
Tərtər şəhəri,
6 saylı orta məktəbi bitirib
4-cü ixtisas qrupuna imtahan verdim, lakin istədiyim ixtisasa qəbul ola bilmədim.
Atamın istəyi isə
məni həkim görməkdir. Öncə hərbi
xidmətə yollandım.
Vətənə olan borcumu başa vurub Gürcüstan Tibb Universitetinə sənəd
verdim. Universitetin nəzdində yenidən
hazırlıq qrupuna yazıldım. Hazırda
diş həkimi ixtisası üzrə 5-ci
kurs tələbəsiyəm.
- “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil
almasına dair Dövlət Proqramı”nın rolunu necə qiymətləndirirsiniz?
-Təhsil millətin gələcəyidir. Azərbaycan Respublikası
gənclərimizin inkişafında
və xaricdə təhsil proqramları çox uğurla yerinə yetirilir. Bildiyimə görə, dünyanın
60-dan çox ölkəsində
tələbələrimiz təhsil
alır, bu ölkələrdən biri
də Gürcüstan
Respublikasıdır. Dövlətimiz bir çox ölkələr üçün
dövlət proqramları
hazırlasa da lakin Gürcüstan üçün bu proqram hələ ki mövcud deyil. Yəqin ki, yaxın
gələcəkdə bu
məsələ də
öz həllini tapar. Gürcüstanda minlərcə azərbaycanlı
tələbələr təhsil
alır və Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən
təhsil ödənişləri
edilir. Lakin bu, Gürcüstan
vətəndaşları üçün
şamildir.
-Gürcüstan tibbi təhsili hansı cəhəti ilə seçilir?
-Gürcüstan tibb universitetlərinin hazırkı
vəziyyəti ilə
Azərbaycan təhsil
sistemi arasında elə də böyük fərq yoxdur. Hər iki dövlətlərin,
imtahan-keçid balları
51 xalla hesablanır.
Dərs aktivliyi imtahankeçmə
balları 31-dir. Dərsliklər
arasında amma fərqlər mövcuddur.
Məsələn, Azərbaycan dərsliklərində
müəlliflərin hamısı
həmin universitetin müəllimləridir. Lakin Gürcüstanda
xarici ədəbiyyatlara
çox üstünlük
verilir.
Anatomiya,
Biokimya, Fiziologiya, Histologiya, Fizika və s. bunların hamısının müəllifləri
xaricilərdir. Azərbaycan tibb
kitablarından da istifadə edirəm, lakin nədənsə bizim kitablarda cümlələr çox
qəliz qurulur və təəssüf ki, kitablar xarici
ədəbiyyatlar kimi
tam dolğun deyil.
-Elm və təhsilin inkişafı üçün hansı addımların atılmasına
ehtiyac var?
- Tələbələrə asan
şəkildə xaricdə
təcrübə almaları
üçün daha çox şərait yaradılmalıdır. Savadlı müəllimlər
dəvət edib təcrübələrinə yiyələnmək
lazımdır. Eyni ilə
Gürcüstanda Almaniya,
ABŞ, Çindən alimlər
gəlib dərslər
keçirlər. Gürcüstanla müqayisədə Azərbaycanda
əcnəbi tələbələr
də çox azdır.
-Xaricdə təhsil alan
gənclərimizin ölkəmizin
müasir tələblərə
cavab verən kadr bazasının gücləndirilməsi baxımdan
hansı rolu var?
-Xaricdə təhsil alan gənclər
dünyəvi bilikləri
öyrənməklə yanaşı,
beynəlxalq təcrübəyə
də yiyələnirlər.
Onların ölkəmizə qayıtdıqdan sonra bu öyrəndiklərini praktikada tətbiq etməsi ölkəmizin inkişafına xidmət edəcək. Onlar Azərbaycanın
gələcəyi və
inkişafı üçün
potensial ixtisaslı kadrlardır.
- Sizin ictimai fəaliyyətiniz
də varmı?
- Burada Azərbaycanın
əlamətdar günləri
ilə bağlı tədbirlər keçiririk. Mənim
təhsil aldığım
universitetdə, eləcə
də Gürcüstandakı
digər ali
təhsil ocaqlarında
çoxlu həmyerlilərimiz
təhsil alırlar. Bu tələblərlə birgə bir sıra görüş və tədbirlər təşkil edirik. Gürcüstan bizə nə
qədər yaxın və qonşu ölkə olsa da yenə də
ölkəmizin burda təbliğinin aparılması
vacibdir. Gürcüstanda digər xalqların da nümayəndələri
də təhsil alır. Biz mütəmadi
olaraq onlarla da görüşüb, ölkəmiz haqqında məlumatlar veririk. 25 apreldə Cavaxaşvili
Universitetinin 1- ci korpusunda Ağırlıqqaldırma
üzrə yarış
keçirildi. Azərbaycandan da idmançılar gəlmişdilər. Biz də orada iştirak
edib idmançılarımıza
mənəvi dəstək
olduq.
Bu gün əsasən
İlk Avropa Oyunları ilə bağlı təbliğat
aparırıq. İstər gürcülərə, istərsə də digər əcnəbi xalqların nümayəndələrinə
“Bakı2015”lə bağlı məlumatlar veririk.
-Xaricdəki gənclərə milli özünüdərk hissinin
aşılanmasında təhsilin
nə kimi rolu var?
-Qloballaşma, informasiya cəmiyyətinin qurulması,
mədəniyyətlərarası dialoq prosesləri hər bir xalqın
intellektual potensialının
artırılmasını zərurətə
çevirməkdədir. Eyni
zamanda, milli mədəniyyətin qorunması,
xaricdə yaşayan və təhsil alan gənc
soydaşlarımız arasında
milli özünüdərk
hissinin aşılanması
istiqamətində ən
səmərəli yollardan
biri elm, təhsil və mədəniyyətə
diqqətin artırılmasıdır.
Gənc nəslin müasir elmlərə yiyələnməsi,
ümumbəşəri dəyərlərə
hörmət, eyni zamanda milli-mənəvi dəyərlərə sədaqət
ruhunda tərbiyə edilməsi xarici ölkələrdə Azərbaycanın
intellektual potensialının
yüksəldilməsinə xidmət edir. Gənc nəslin milli kökə, milli-mənəvi
dəyərlərə bağlılığının
möhkəmləndirilməli, tarixi Vətənlə əlaqələri genişləndirilməlidir.
Xaricdəki gənclərimizin təhsil aldıqları və ya yaşadıqları
dövlətlərin qanunvericiliyinə,
eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan tarixinin, mədəniyyətinin,
incəsənətinin öyrədilməsi,
yerli əhali arasında təbliği istiqamətində səyləri
birləşdirilməlidir. Onların bu istiqamətdə qarşılaşdıqları problemlər və vermək istədikləri
təkliflər bir toplum halına salınmalıdır.
-Xaricdəki gənclərin vətənlə
əlaqələrinin möhkəmləndirilməsi
üçün hansı
işlər görülməlidir?
-Bu gün Azərbaycan gəncliyi vətənpərvərliyi,
dövlətə və
xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti,
müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər
ön sırada Azərbaycanın maraqlarını
müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz
dəyərli töhfələrini
verirlər. Dövlətin gənclər siyasətinin
başlıca məqsədləri
gənclərin hərtərəfli
inkişafını təmin
etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli
yer tutması üçün əlverişli
şəraiti yaratmaqdır.
Bu gün xaricdə təhsil alan
və yaşayan gənclərin ictimai-siyasi
fəaliyyətini davamlı
etmək lazımdır.
Xaricdə oxuyan gənclərin
potensialları düzgün
yönəldilməli, həqiqətlərimizi
lazımi formada çatdırmağa təşviq
edilməlidir. Elə olmalıdır
ki, xaricdə təhsil almağa gedən hər bir gəncimiz bizi bizdən itirməsin. Bu baxımdan gənclərin
vətənlə əlaqələri
daha da möhkəmləndirilməlidir.
Xaricdəki gənclərin öz
doğma torpaqlarına
bağlanması, onların
xaricdə Azərbaycan
həqiqətlərini yayma
işini daha aktivləşdirməsi üçün
layihələr keçirilməlidir.
-Kənardan
Azərbaycan təhsilinin
inkişafı necə
görünür?
-Bu gün Azərbaycan universitetlərinin texniki bazası çox güclüdür. Savadlı kadrlarımız,
gənclərimiz çoxdur.
Vaqif Şadlinski kimi tibdə öz sözün demiş alimlərimiz Gürcüstan
universitetlərində dillər
əzbəridir. Tibbi konfranslarda
Azərbaycandan doktorlarımız
iştirak edir, onların savadlı ilə qürur duyuruq. Savadlı müzakirələr aparılır. Hətta təcrübələrindən
belə, yararlanmağa
çalışırlar.
-Perspektivdə hansı işləriniz gözlənilir?
- Bu il ali təhsilimi başa vururam. Qarşıda isə məni
dövlət imtahanı
gözləyir. İmtahanı verib, həkim kimi dövlətimə xidmət göstərəcəm.
Sonda fürsətdən istifadə
edib Gürcüstanda təhsil almağa gələn gənclərə
səslənirəm. Gürcüstanda qiyabi təhsil yoxdur. Çox insan deyə
bilər ki, hansısa tanışı
burada qiyabi təhsil alır, onlar qeyri-qanuni universitetlərdir. “MİMİ”
və “MAUP” Ukrayna filialları adı altında fəaliyyət göstərən bu universitetlərin verdikləri
diplomlar da adi kağız parçasından başqa
bir şey deyil. Valideynlərin bu
məsələdən xəbərdar olmaları vacibdir.
Fuad Hüseynzadə
Palitra.-2015.-2 may.-S.11.