“I Avropa Oyunları Azərbaycanın dünyada formalaşmış idman imicini daha da gücləndirəcək”

 

Eldar Mirzəliyev: “Bələdiyyələrin inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir”

Son illər gənclərimiz bir çox sahələrdə olduğu kimi, bələdiyyələrdə də öz aktivliyi ilə seçilir. Müsahibimiz Eldar Mirzəliyev də Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsində Yerli Büdcə komissiyasının sədr müavini vəzifəsində fəaliyyət göstərir. Qeyd edək ki, E.Mirzəliyev 18.01.1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1999 -cu ildə Bakı İnşaat Texnikumunun İnzibati idarəetmə fakültəsinə qəbul olub. Texnikumu bitirdikdən sonra 2002-ci ildə Sumqayıt Dövlət Universitetinin İnzibati idarəetmə fakültəsinə daxil olub və 2006-cı ildə həmin universiteti bitirib. 2009-cu və 2014-cü illərdə keçirilən Bələdiyyə seçkilərində iştirak edərək uğur qazanıb.

 

-Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?

-Hər bir dövlət öz xoşbəxt gələcəyini gənc nəslə bağlayır. Gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi dövlətin prioritet məsələlərindəndir. Dövlətin gənclərlə bağlı həyata keçirdiyi ən mühüm siyasət bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasından ibarətdir.

Ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində də gənclər siyasəti mühüm yer tuturdu. Hazırda ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyev də gənclərə çox böyük diqqət və qayğı göstərir. Bu diqqət və qayğı son on ildə təsdiqlənərək icra edilmiş müvafiq dövlət proqramlarında,gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fondun yaradılmasında, "2015 - 2025 -ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncamda öz təsdiqini tapır.

Bütün bunların nəticəsi olaraq, cəmiyyətin inkişafında gənclərin rolu xeyli artıb. Onlar ən mötəbər kürsülərdə öz sözlərini demək imkanı qazanmış, dövlət idarəetmə orqanlarında məsul vəzifələr tutmuş,biliklərini cəmiyyətin inkişafı naminə sərf etmiş gənclərdir.

-Dövlət-bələdiyyə münasibətləri necədir?

-Bələdiyyələrin inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir. Fəaliyyət göstərdiyi 15 il ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən 30-dan çox qanunnormativ aktlar qəbul edilib, bələdiyyələrin formalaşması və inkişafı üçün vacib addımlar atılıb.

Prezident İlham Əliyevin imzaladığı son sərəncamlar, "Büdcə sistemi haqqında" qanuna, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna, "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklərin edilməsi bələdiyyələrə olan diqqətin nümunəsidir.

Bu dəyişikliklər bələdiyyələrin fəaliyyətinin artırılmasına, əhalinin sosial-iqtisadi, mədəni həyatının təşkilində fəal iştirakına təkan olacaq.

-İnsanların bələdiyyə ilə bağlı maariflənmə səviyyəsi sizi qane edirmi?

-İnsanların bələdiyyə ilə bağlı maariflənmə səviyyəsi məni qismən qane edir. Vətəndaşlarımızın öz bələdiyyələrinin qurulmasında yaxından iştirak etməsinə, onun strukturlarının prinsipi ilə tanış olmasına baxmayaraq, hələ də bir çoxları bələdiyyələri "torpaq satan" qurum kimi tanıyır. Buna səbəb isə "Bələdiyyə - vətəndaş" münasibətlərində və əhalinin maarifləndirilməsində zəifliyin olmasıdır. Bildiyimiz kimi, bələdiyyə büdcəsi, əsasən yerli vergilərdən formalaşır. Əhalinin maarifləndirilməsində zəifliyin olması vergi yığımına da öz təsirini göstərir.

Bu stereotipləri sındırmaq üçün əhali ilə müntəzəm görüşlər təşkil etmək və əhalini bələdiyyələrlə əməkdaşlığa dəvət etmək lazımdır. Əhalinin məlumatlandırılmasında KİV-lər böyük rol oynayır. Televiziya kanalları sosial roliklər, qəzet, jurnal və xəbər portalları isə xüsusi maarifləndirici məqalələr vasitəsi ilə əhalinin maarifləndirilməsində bələdiyyələrə dəstək ola bilər.

-Gənclər bələdiyyə fəaliyyətində lazımi qədər təmsil olunurmu?

-Cənab İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad hər zaman diqqəti cəlb edib. Müxtəlif sahələrdə olduğu kimi, bələdiyyə fəaliyyətində də gənclər təmsil olunur. 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində uğur qazananların 30%-i, yəni 4303 nəfəri gənclər olubonlardan 326 nəfəri bələdiyyə sədri vəzifəsində çalışıblar.

23 dekabr 2014-cü il tarixində keçirilən bələdiyyə seçkilərində gənclərin aktivliyi nəzərəçarpacaq dərəcədə idi. Bunun nəticəsi olaraq yeni tərkibdə 30 yaşa qədər gənclər əvvəlki dövrlərlə müqayisədə 9% faiz artıb, yəni 36.5 % təşkil edir.

-Hazırda bələdiyyə institut olaraq öz effektini verirmi?

-İlk dəfə 1999-cu ildə 2757 bələdiyyə üzrə seçkilər keçirilib. Dövlət yerli əhəmiyyətli iqtisadi-sosial, ekoloji problemlərin həlli üzrə özünün səlahiyyətlərinin bir qisminibu səlahiyyətləri həyata keçirmək üçün lazım olan əmlak, vəsait və maliyyə mənbələrini bələdiyyələrə verdi.

Bir çox bələdiyyələr fəaliyyətlərini gördüyü işlərlə doğrultsa da, bəziləri öz fəaliyyətsizlikləri ilə seçilirlər. Bu fəaliyyətsizliyin nəticəsi olaraq, 2009-cu ildə bir sıra xırda bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildibundan sonra yerli idarəetmə orqanlarının sayı 1718-ə qədər azaldıldı.

Bələdiyyələrin sayının azaldılması bələdiyyə institutunun öz effektini tam vermədiyinin nümunəsidir. Bəzən səlahiyyətlərinin azlığı, maliyyə çatışmazlığı bələdiyyələrin üzünü qara edir. Lakin müxtəlif dövrlərdə müxtəlif layihələrlə uğur qazanan yerli özünüidarəetmə orqanları da az deyildir.

Prezident İlham Əliyevin qayğısı nəticəsində yerli özünüidarə orqanlarının daha da inkişaf edəcəyinə və uğurlarının artacağına inanırıq.

-Gənc olaraq bələdiyyəyə nə töhfə verəcəksiniz?

-Arxada qoyduğumuz 5 il Qaraçuxur bələdiyyəsi üçün uğurlu illərdən oldu. Biz öz üzərimizə düşən vəzifələri yerinə yetirərək QaraçuxurYeni Günəşli qəsəbələrinin problemlərinin həllində əsas iştirakçıya çevrilməyə çalışdıq.

Qəsəbədə abadlıq və quruculuq işləri aparılıb. Buna nümunə olaraq Yeni Günəşli qəsəbəsindəki "D" massivində "D" parkı adlı yeni parkın salınmasını, Cəlal QurbanovVaqif Aslanov küçələri arasında böyük bir sahəni əhatə edən "Veteranlar xiyabanı" parkının salınmasını, Rafiq Əlizadə küçəsində yerləşən və məcburi köçkünlərin yaşadığı 14b saylı binanın həyətində Xeyir-Şər evinin tikilməsini göstərmək olar. Bundan əlavə, Suraxanı Rayon İcra Hakimiyyətininn dəstəyi sayəsində Qaraçuxur qəsəbəsinin Kərəm İsmayılov, Qəzənfər Vəliyev və Abbasqulu bəy Şadlinski küçələrində abadlıq işinin görülməsini, məhəllədaxili yollara asfalt və çınqıl döşənməsini görülən işlər siyahısına əlavə etmək olar. Bu, görülən işlərin bir hissəsidir.

Vaxtaşırı ərazidə keçirilən görüşlərdə sakinlərin problem və təklifləri dinlənilib, bələdiyyənin imkanı daxilində öz həllini tapıb.

Türkiyənin Bursa bələdiyyəsinə bir qrup bələdiyyə üzvü ilə etdiyimiz səfər, Latviyanın Yekabpils şəhər bələdiyyəsi ilə qarşılıqlı əməkdaşlığın qurulması uğurlarımızın sırasına əlavə olundu. Bələdiyyəmizdə qonaq olan Latviya bələdiyyələr ittifaqının nümayəndələri ilə keçirilən görüşdən sonra Latviyanın Yekabpils şəhərinə dəvət aldıq. Keçirilən görüşlərin nəticəsi olaraq, QaraçuxurYekabpils bələdiyyələri arasında qarşılıqlı əməkdaşlığın qurulması məqsədilə "Qardaşlaşma haqqında" protokol imzalandı. Belə əməkdaşlıqlar bizim üçün beynəlxalq təcrübənin öyrənilməsində təkan olacaq.

Görülən bütün işlər komanda işidir. Qarşımızda olan 5 ildə seçicilərin bizə göstərdikləri etimadı doğruldaraq, qəsəbəmizin inkişafı və qəsəbə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcəyik.

-İlk Avropa Oyunlarının ölkəmizin imicinin artmasında və tanınmasında hansı rolu var?

-Bildiyiniz kimi, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. 12-28 iyun 2015 tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

I Avropa Oyunları Azərbaycanın ev sahibliyi etdiyi ilk beynəlxalq tədbir deyil. Buna görə də bizim bu tədbirdən də üzüağ çıxacağımıza əminəm.

Avropa Oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin və tədbiri işıqlandırmaq üçün xarici jurnalistin gələcəyi nəzərdə tutulur. Hər bir qonaq isə ayrı - ayrılıqda Azərbaycanın təbliğatçısıdır. Bu səbəbdən hər bir azərbaycanlı öz qonaqpərvərliyi və mədəniyyəti ilə gələnləri qarşılamalıdır. Onlar idman oyunlarından başqa, ölkəmizin gəzməli-görməli, qədim tarixə malik olan məkanlarına da baş çəkəcəklər və ümumiyyətlə, Azərbaycanda qonaq olduqları zaman baş verənləri və gördüklərini ölkələrində həmvətənlərinə çatdıracaqlar. Bu isə ölkəmizin daha da tanınmasına səbəb olacaq.

I Avropa Oyunları, həmçinin Azərbaycanın dünyada formalaşmış idman imicini daha da gücləndirəcək. Növbəti beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsinə şərait yaradacaq. Bu cür tədbirlər ölkəyə realloyal turistləri cəlb etmək üçün böyük imkandır.

Oyunlar zamanı hər bir vətəndaşın boynuna böyük məsuliyyət düşür. Bu Oyunlar ölkəmizi daha da yaxşı tanıtmaq üçün bir fürsətdir. Evimizə gələn qonaqları layiqincə qarşılamalıyıq.

-Bələdiyyə olaraq bu Oyunların təbliği ilə bağlı hansı tədbirlər keçirirsiniz?

-Aprelin 26-sı I Avropa Oyunlarının ilk həyəcanını yaşadıq. Oyunların başlanğıc rəmzi olan məşəl Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən qədim Atəşgah məbədində alovlandırıldı. Prezident İlham Əliyev, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirak etdiyi mərasim hər birimiz üçün önəm daşıyan tarixi hadisə idi.

İlk Avropa Oyunlarına 38 gün qalıb. Artıq hazırlıq işləri tamamlanmaq üzrədir. Oyunların başlanğıc gününə qədər hər bir Azərbaycan vətəndaşı bu Oyunların, qonaqlarımız ölkəmizdə olarkən mədəniyyət və qonaqpərvərliyimizin təbliğatçısı olmalıdır.

-Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?

-Gənclər ölkəmizin ictimai - siyasi həyatında kifayət qədər təsiretmə imkanına malikdir. Azərbaycanda gənclərin ideya və təkliflərini həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Gənclərin müxtəlif dövlət orqanlarında təmsil olunması yaradılan şəraitin bariz nümunəsidir.

Biz gənclər dövlətin diqqət və qayğısın yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk etməli və bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasətin uğurlu davamçısı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışmalıyıq.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-5 may.-S.7.