“Bakı Ali Neft Məktəbi yaxşı təhsil verir”
“Məqsədim
Azərbaycanın neft-qaz sahəsində
önəmli yerlərdən birini
tutmaqdır”
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Ölkəmizdə də bu istiqamət hər zaman prioritet olub. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, sənayenin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib.
Gənclərin mənəvi inkişafında təhsil mühüm amillərdən biridir. Ölkəmizdə gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. 2014-cü ildə ölkəmizdə bakalavriat səviyyəsində 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin 9 sentyabr 2014-cü il sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Bu tələbələr sırasında 16 nəfər tələbə məhz Bakı Ali Neft Məktəbinin tələbəsidir. BANM-ın məqsədi müxtəlif enerji sektorları, o cümlədən neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili biliklərinə və bacarıqlara malik yeni nəsil mühəndis kadrları yetişdirmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Ali məktəbin perspektiv hədəfi isə mühəndislik sahəsində ixtisaslaşmış beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisələrindən birinə çevrilmək və istər yerli, istərsə də əcnəbi tələbələrə dünyanın aparıcı universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində təhsil verə bilməkdir. Müsahibimiz Bakı Ali Neft Məktəbinin tələbəsi, Prezident təqaüdçüsü Elmir Əbilovdur.
Elmir Əbilov 23 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 2003-2014-cü illərdə Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyində alıb və liseyi əla qiymətlərlə bitirib. Riyaziyyat və fizika fənləri üzrə keçirilən şəhərlərarası olimpiadalarda iştirak edib və I yerə çıxıb. 2014-2015-ci tədris ili üzrə keçirilən TQDK-nın qəbul imtahanında 695 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub.
- Elmir, ötən il ali məktəblərə qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarını bölüşərdin...
- İmtahandan qabaq, xüsusilə də imtahana son bir-iki ay qalmış əsas məqsədimə çatmaq - 700 bal toplamaq üçün əlimdən gələni edirdim və bacardıqca çox oxuyurdum. Valideynlərim, müəllimlərim və ətrafımdakı yaxın insanlar mənim yüksək bal toplayacağıma inanırdılar. Bunun özü mənim üçün həm güclü motivasiya, həm də böyük gərginlik idi. Qəbul imtahanına gəldikdə isə, olduqca gərgin keçmişdi. İmtahandan çıxandan sonrakı dövr isə, məncə, daha gərgin dövrdür. Xüsusilə nəticələri yoxlayıb, balını səbirsizliklə gözlədiyin vaxt.
- Sınaq
imtahanlarında nəticələrin necə olub?
Qəbul imtahanında yüksək bal
toplayacağına özün
inanırdınmı?
- Sınaq imtahanlarında 650 baldan yüksək bal toplayırdım. Qəbul imtahanında yüksək bal toplayacağıma çox inanırdım. Məhz özümə inam mənim üçün böyük motivasiya oldu. Yaxın ətrafım da hər zaman məndən 700 bal gözlədiklərini deyiblər.
- İmtahanda
600 baldan yüksək nəticəni
göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə
götürməlidir və ixtisas seçimini necə etməlidir?
- Abituriyent ilk olaraq böyük məsuliyyətlə çalışmalı, bütün tapşırıqları davamlı olaraq yerinə yetirməli, lazım olduqda yatmamağı belə gözə almalıdır. Lakin bu o demək deyil ki, bütün dünyadan təcrid olunmalıdır. Müəyyən aralıqlarla istirahətinə də yer ayırmalıdır.
“BANM-ə qəbul olmaq istəyən abituriyentlərə məsləhət görərdim ki, indidən yüksək bal toplamağı qarşılarına məqsəd qoysunlar. Burada oxumaq tək texniki biliklərlə kifayətlənmək demək deyil. Bu biliklərlə yanaşı, həmçinin fəal və geniş dünya görüşünə sahib olmalısan”
Bir il boyunca səhərdən axşamadək dərs
oxumaq, əlavə olaraq
imtahan günü
haqqında fikirləşmək olduqca böyük stressdir. İxtisas seçimlərini isə məsləhət
görərdim ki, öz
istəkləri ilə etsinlər. Bununla
belə, valideynləri və digər böyüklərlə
də məsləhətləşmələri olduqca vacibdir.
- Niyə məhz
bu ixtisası və BANM-i
seçdin və bu seçimi etdikdə hansı məqsədləri
qarşına qoydun?
- Ağlımda olan ilk yerlərdən biri BANM idi. BANM-ə daxil
olmağımı xüsusilə
valideynlərim çox
istəyirdilər. İki ixtisas
arasında seçim etməli idim, sonda “Neft-qaz mühəndisliyi” ixtisasını
seçməyə qərar
verdim. Bu seçimi etməyimdə
isə internetdən oxuduğum məlumatlar və insanlar arasında apardığım
araşdırma böyük
rol oynadı. Sonda qərarı özüm verdim və bu ixtisası seçdim.
- Mühəndislik sahəsinə
marağın necə
yaranıb və gələcək üçün
məqsədin nədir?
- Riyaziyyat və fizika fənlərinə olan böyük marağım məndə
mühəndis olmaq istəyi yaratdı. Məqsədim isə gələcəkdə
öz ixtisasım üzrə peşəkar mühəndis olmaq və Azərbaycanın neft-qaz sahəsində önəmli yerlərdən
birini tutmaqdır.
- BANM-də ali təhsil
almaq üçün
bura qəbul olmaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə
dəyərləndirirsən?
- BANM-ə
qəbul olmaq istəyən abituriyentlərə
məsləhət görərdim
ki, indidən yüksək bal toplamağı qarşılarına
məqsəd qoysunlar.
Burada oxumaq tək texniki biliklərlə kifayətlənmək demək
deyil. Bu biliklərlə yanaşı,
həmçinin fəal
və geniş dünya görüşünə
sahib olmalısan. Buradakı təhsil
səviyyəsini çox
yüksək qiymətləndirirəm,
çünki buradan məzun olduqda həm ingilis dilli yüksəkixtisaslı,
həm də dünyagörüşlü bir
gənc kadr olacağam. Azərbaycanda ala biləcəyim ən yaxşı təhsili burada aldığıma əminəm.
Çünki ölkəmizdə ən yaxşı təhsil Bakı Ali Neft Məktəbindədir.
- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin
və hobbin var?
- Boş vaxtlarımda yerli və xarici
ədəbiyyata aid kitablar
oxuyuram. Dünyagörüşü tələb edən
intellektual oyunlarda tək və komanda şəklində iştirak etməyi çox sevirəm.
- Humanitar fənlərə və ədəbiyyata marağın
necədir?
- Humanitar fənlərə və xüsusilə ədəbiyyata marağım
var. Ən sevdiyim kitablar isə, Patrix Zuskindin “Ətriyyatçı”, Sabahattin
Alinin “Xəz paltolu Madonna”, Elif Şafakın “Aşk”,
Robin Şarmanın ““Ferrari”sini
satmış rahib”dir.
Nigar Abdullayeva
Palitra.-2015.-6 may.-S11.