Qələbədə bizim babamızın da payı var

 

Babamız Barat Əsgərovun sağlığında uşaq olduğumuzdan onun müharibə haqqında danışdıqlarını indi xatırlamırıq. Lakin hər dəfə babamızdan söz düşəndə Telman dayımız böyük fəxrlə atasından eşitdiyi epizodlardan, müharibədə əsgərlərimizin üzləşdikləri çətinliklərdən, onların heç bir ölçüyə gəlməyən rəşadətlərindən ağızdolusu danışır və hər dəfə də kövrəlir, sanki həmin günləri babamla birlikdə yaşayır.

O, qürurla babamızın şəkilləri olan albomu, təltiflərini, orden və medalları bizə göstərir. Bunların arasında I dərəcəli “Vətən müharibəsi ordeni”, “Leninqradın qəhrəmancasına müdafiəsində iştirakına görə” , “1941-1945-ci illərin Böyük Vətən müharibəsində fədakar əməyinə görə ”, “Döyüş xidmətinə görə”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”... medalları və digər mükafatlar var.

Telman Əsgərovun dediklərindən:

-Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Həmin vaxt Azərbaycanın da igid oğul və qızları Sovet-fin müharibəsinə getmişdilər. Onların içində atam Barat Əsgərov da var idi. 1941-ci ilin iyununda atam fin cəbhəsindən Vətənə dönərkən yolda almanların SSRİ-yə hücum xəbərini eşidirkönüllü olaraq yenidən ön cəbhəyə qayıdır.

O illərdə faşistlərlə döyüşlərdə rəşadət göstərmiş 193-cü diviziyanın 896-cı atıcı alayının əsgəri olan atam Qafqazdan Berlinə qədər uzun və şərəfli döyüş yolu keçmişdi. O, dəfələrlə ölümün pəncəsindən qurtulmuş, 2 dəfə ağır yaralanmış və müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdır. Atam sonralar tez-tez Böyük Vətən müharibəsi veteranı kimi yubiley tədbirlərinə dəvət olunurdu.Yaxşı yadımdadır, təhsil aldığım 62 nömrəli orta məktəbdə belə tədbirlərin birində atam növbəti dəfə müharibə ilə bağlı xatirələrini danışarkən dedi: “Əziz balalar, gördüyüm günləri heç birinizə arzulamıram. Arzu edirəm ki, sakitmavi səma altında atalı-analı (O, valideynlərini 1 yaşında itirmişdi) böyüyüb Vətənə dəyərli övlad olasınız”.

Mənim üçün həmişə əzəmət və vüqar rəmzi olan atamın bu məqamda necə kövrəldiyini heç zaman unuda bilmirəm. Bir dəfə anamdanatam həmişə müharibədən danışanda niyə kövrəlir”,-deyə xəbər alanda o dedi ki, atan gördüyü faciələrin heç bir faizini belə dilinə gətirib danışa bilmir.

Dayımız babamızın döyüş yolundan hər dəfə söz açanda mütləq bu günümüzə də toxunur:

-Torpağa, Vətənə bağlılıq məhz belə fədakar insanlardan keçib bizə. Bu gün torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan əsgərlərimiz də həmin od-alovun içindən mərdliklə, hünərlə çıxan igidlərin nəvələri, nəticələridir. Biz müharibə veteranlarını həmişə anmalı, xatırlamalıyıq. O kişilərin davamçıları kimi gənclərimizə nümunə göstərməliyik. Doğma torpaqlarımızın müdafiəsinə qalxan hər bir əsgər bilməlidir ki, bu müqəddəs yolda zəhmət çəkənlər canını belə fəda etməkdən çəkinməyənlər, heç vaxt unudulmurlar.

Biz bacıların birgə təhsil aldığımız Bakı Dövlət Universitetində də faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə bir sıra tədbirlər həyata keçirilir. Təbii ki, bu da gənclərdə vətənpərvərlik hissinin daha da artmasına, ictimai amalın formalaşmasına kömək edir.

Babamız sanki biz bacıların başına gələnləri öncədən duyub bu ifadələri işlətmişdi: “Həyat çox qəribədir!” Biz onun rastlaşdığı faciələr ilə hələ dinc dövrdə üzləşdik.Körpə ikən baba - nənəmizi, sonra çox erkən yaşda valideynlərimizi itirdik.Uşaqlıq illərimiz isə Qarabağ müharibəsinə təsadüf etdi.

Biz əvvəllər də müharibə mövzusunda çəkilmiş filmlərə çox baxmış, bu mövzuda yazılmış bədii əsərləri mütaliə etmişik. Müharibənin törətdiyi faciələrin, qiyabi olsa da, şahidi olmuşduq. Lakin heç vaxt ağlımıza gəlməzdi ki, əsl müharibənin nə olduğunu məhz gözlərimizlə görəcəyik. Biz döyüş bölgələrində yaşamasaq da, onun ağrı-acısını yaxından duyduq...

Orta məktəbi bitirdikdən sonra tale bizi Ukraynanın Luqansk şəhərinə aparıb çıxardı.Burada üç il tələbəlik həyatı yaşadıq. Bu ölkədə siyasi durum gündən-günə gərginləşirdi və bildiyimiz kimi, sonda münaqişə müharibə ilə nəticələndi. Luqanskda müharibənin başlanması hər şeyi alt-üst etdi, təhsilimizi yarımçıq qoydu və təcili Bakıya qayıtmalı olduq. Son qərar artıq verilmişdi.

Qeyd etmək istəyirik ki, Ulu Tanrı həmişə bizi xeyirxah insanlarla qarşılaşdırıb.Ata-ana qayğısının şirinliyini dadmasaq da, daim dövlət himayəsini, əzizlərimizin yoxluğunu bizə unutdurmağa çalışan insanların xoş münasibətini hiss etmişik. Ukraynadan qayıtdıqdan sonra Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Milli Məclisin deputatı, BDU-nun rektoru, akademik Abel Məhərrəmova müraciətimiz cavabsız qalmadı. Biz artıq Bakı Dövlət Universitetinin tələbələriyik və ömrümüzün axırına kimi minnətdar olacağımız insanlara isə dərin ehtiramımızı bildiririk.

Telman dayı bizi tez-tez babamızın qəbrini ziyarətə aparır. Qələbə bayramı ərəfəsində onun ruhunu yad etmək üçün yenə buradayıq. Axı o, təkcə baba olmayıb, həm də bu qələbənin qazanılmasında payı olanlardandır. Əlimizdə gül-çiçək dəstəsi sükuta dalıb babamızla yanaşı uyuyan nənəmizin soyuq məzarını qürurehtiram hisləri ilə sükut içərisində seyr edirik. Birdən Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, dayımız oğlu Muradın pıçıltı ilə söylədiyi misralar bizi sanki ayıldır:

Bir ömrun qəm karvanı,

mənzilə çatıb burda,

Durun, rəhmət oxuyun,

bir baba yatıb burda!

 

Od- alovlar içindən,

çıxmış bir igid yatır.

Məna dolu gözüylə,

soyuq daşlardan baxır.

 

Sənin bayramındı bu,

Doqquzu May, babacan.

Sizlər bir mayaksınız

bizlərə, ay babacan.

Evə dönəndə qəlbimizdən yalnız bu fikirlər keçirdi: Biz çalışmalıyıq ki, babamız kimi şərəfli bir ömür yaşayaq.Bir arzumuz da var: Qarabağ torpaqları erməni qəsbkarlarından azad edilsin bu Qələbə münasibətilə ziyarətinə gələndəBayramın mübarək, Barat babadeyək.

Şanlı dünənimizə dərin ehtiramla:

Fatmaxanım Hilalə Dadaşovalar

BDU-nun tələbələri

Palitra.-2015.-6 may.-S.15.