“Bakı müasirliyi və
gözəlliyilə Avropa şəhərləri
ilə rəqabətdədir”
Dündar Keşaplı: “Məncə, Azərbaycan
xalqı bu işlərlə qürur duymalıdır”
Müsahibimiz yenicə təsis olunmuş
İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq
Cəmiyyətinin prezidenti, İtaliyada Ağdəniz Qəzetçilər
Cəmiyyətinin rəhbəri, məşhur jurnalist
Dündar Keşaplıdır. Paytaxt Bakımızın qonağı olan Dündar
Keşaplı yaratdığı qurum və
onun gələcək fəaliyyəti
haqqında “Palitra” qəzetinə eksklüziv müsahibə verdi.
Dündar Keşaplı ilə olan müsahibəmizi təqdim edirik:
- Dündar
bəy, təsis etdiyiniz İtaliya-Azərbaycan
Dostluq və Əməkdaşlıq Cəmiyyətinin
əsas fəaliyyəti nədən ibarətdir?
- Mən 26 ildir ki, İtaliyada
yaşayıram. Həm idman,
həm də mədəniyyət sahəsilə yanaşı,
sənətimlə əlaqədar siyasi
sahədə də əlaqələrim var.
Əslən türk olduğum
üçün Azərbaycan ölkəsinə
və azərbaycanlı qardaşlarıma bir
başqa bağlılığım olub. Azərbaycana səfərlərim olduğundan dostluq əlaqələrim
var. Azərbaycandakı dostum
Rəşad Qurbanovla birlikdə
İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq
Cəmiyyətini təsis etdik.
- Cəmiyyətin
fəaliyyəti hansı yöndə olacaq?
- Məqsəd iki ölkə arasında idman, incəsənət, moda və musiqi sahələrində dostluq əlaqələrində yeni işıq yandırmaqdır. “Bu necə olacaq?” -deyə bilərsiniz. Məsələn, idman sahəsində klublar arasında iş əlaqələrinin qurulması, gənc futbolçuların yetişməsi üçün Bakıdan İtaliyaya göndərilməsi, lazım gələrsə İtaliyadan mütəxəssislərin Bakıya gəlmələrinə təşəbbüs göstərəcəyik.
Mən, həmçinin İtaliyada İdman Yazarları Dərnəyinin idarə heyətinin üzvüyəm. Dərnəyin beynəlxalq əlaqələr üzrə məsul işçisiyəm. Bu yöndə də azərbaycanlı həmkarlarımla iş birliyi hazırlamaq istəyirəm. Çox istəyirəm ki, azərbaycanlı həmkarlarım İtaliyada idman xəbərlərinin hazırlanması ilə yaxından tanış olsunlar. Azərbaycanlı həmkarlarımın media sahəsində yeni təcrübələr əldə etmələri üçün seminarların təşkil olunmasında təşəbbüs edək. İtaliya idman sahəsində çox uğurlu ölkədir. İspaniya, İtaliya, Almaniya, İngiltərə, bu adlar hər zaman gündəmdə olan adlardır. Arzumuz İtaliyada İdman Yazarları Dərnəyi ilə azərbaycanlı jurnalistlərin arasında körpü yaratmaqdır.
Bununla yanaşı, İtaliyanın incəsənəti, moda sahəsi çox məşhurdur. 70-ci illərdə başlayan İtaliya moda sənəti bu gün dünyaya hakim olub. Azərbaycanlıların da İtaliya moda sənətindən agah olmaları, bu sahədə iş birliyinin daha yüksək səviyyədə təşkil olunmasına səbəb olacaq. Məsələn, İtaliyadakı moda mütəxəssislərinin Bakıda yaşayan gənclərlə əlaqələrini təşkil etmək yaxşı ideyadır. Düşünürəm ki, Bakıdan İtaliyaya göndərilən gənclərin məşhur brend markaları şirkətlərində aldıqları təcrübə mədəni əlaqələrin əsas təməli olacaq.
- Azərbaycanlı
həmkarlarınız haqqında nə deyə bilərsiniz?
- İtaliya idmanı dediyimiz zaman “La Gazeta Spor” adlı ən tanınan və oxunan qəzeti yada düşür. Çünki “La Gazeta Spor” qəzetini bütün Avropa tanıyır. Niyə? Çünki bu qəzetdə ən vacib və xüsusi xəbərlərin məlumatları dərc olunur. Azərbaycan 1990-cı ildən bu yana, hətta son 10 il ərzində inkişaf edən bir ölkədir. Mənim Azərbaycan xalqında gördüyüm əsas xüsusiyyət ondan ibarətdir ki, Azərbaycan xalqı inkişafa, inteqrasiyaya özünü hər zaman hazır hiss edir. Bununla da özünü hər zaman yüksəldə bilir. Şübhəsiz ki, Azərbaycanın musiqi mədəniyyəti, incəsənəti, mətbəx mədəniyyəti və bir çox sahələrədə öz imzası var.
Qloballaşan dünyada iş əlaqələri zənginləşir və genişlənir. Bizdə qəzetçilər təşkilatı olduğu üçün mediada çalışan jurnalistlərin hüquqlarının qorunması, lazım olduqda onları yönləndirmək imkanları təmin edilir.
Düşünürəm ki, hər iki ölkənin də böyük imkanları var. Bu imkanlardan yararlanmaq da qarşılıqlı olacaq. Qarşılıqlı öyrənəcək çox şey olacaq. Burada yeni tanışlarla görüşəndə, bu, daha aydın olacaq.
“Azərbaycan xalqı inkişafa, inteqrasiyaya özünü hər zaman hazır hiss edir. Bununla da özünü hər zaman yüksəldə bilir. Şübhəsiz ki, Azərbaycanın musiqi mədəniyyəti, incəsənəti, mətbəx mədəniyyəti və bir çox sahələrdə öz imzası var”
İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəsmi təqdimatının bir hissəsini Romada da təşkil edəcəyik. Biz Bakıdakı açılışda İtaliya mədəniyyətini təqdim etdik. Romada da Azərbaycan mədəniyyətini təqdim edəcəyik.
- Hər hansı
bir sahə üzrə təcrübə üçün italyan gənclərinin
Bakıya göndərilməsi düşünülür?
- Bəli. Bu barədə biz Mədəniyyət və Turizm Nazirliyində Fikrət Babayevlə görüşdük. Fikrət Babayev görüşümüzdə bildirdi ki, nazirlik hər sahədə bizi dəstəkləyir. Bizdən istədikləri yeni layihələrin təqdim olunmasıdır. Bu layihələrə əsasən bütün tədbirlər görüləcək.
Mən yeni məlumat aldım ki, burada dünyada ən yaxşı Atıcılıq Mərkəzi var. Bu sahə üzrə İtaliyada maraqlananlar çoxdur. Əlbəttə ki, Azərbaycanın da gizli qalan yönləri var. Musiqi, idman, kino, müxtəlif incəsənət növlərində sərhəd yoxdur. Sərhəd olmadığı üçün mesajlar göndərmək mümkündür. Nəyə görə bu gün dünyada müharibələr olur? Siyasətə görə. İdmana görə müharibə olurmu? Xeyr. Ona görə sənət, idman, musiqi, mədəniyyət ölkələr arasında əlaqələri, işbirliyini gücləndirəcək.
Bununla əlaqədar Azərbaycan dövləti və Prezidenti İlham Əliyev İtaliya ilə davamlı olaraq əlaqələr qururlar.
- Təşkil olunacaq layihələrin ideya
qaynağı kimə məxsusdur?
- Biz cəmiyyət olaraq, iki nəfər deyilik. Bizim müəyyən bir qrupumuz olacaq. Cəmiyyətimiz Romada təsis olunub. Layihələrin müəllifi bir nəfərdən deyil, bir çox insanlardan, dostlardan təklif oluna bilər. Məqsədimiz sən, mən deyil, bizdir. Birlikdə gözəl işlərə imza atmaqdır. Gözəl işlərə də heç kəs arxa çevirməz. Mən hər zaman onu qeyd edirəm ki, bu, böyük bir gəmidir. Bu gəmi okeanda yola çıxacaq. Bu gəmiyə minmək istəyən, gözəl fikirləri olan hər kəsə qapı açıqdır.
- Azərbaycana olan duyğularınızı necə ifadə edərdiniz?..
- Bu, mənim Azərbaycana dördüncü səfərimdir. İlk gəlişimdə həqiqətən heyran qaldım. Azərbaycanda 2 həqiqət var. Müasirlik və qədimlik. Müasir Azərbaycanda qədim Azərbaycan atmosferi var. Yeni Azərbaycan, müasir və modern tikintilər fərqli izlər təqdim edir. Diqqət etdim, yollarınız geniş, təmiz və gözəldir. Avropanın bir çox yerində bu təmizliyi görmək olmur. İtaliya da daxil. Mən Azərbaycanın digər bölgələri ilə hələ tanış olmadığım üçün Bakı haqqında onu deyə bilərəm ki, müasirliyi və gözəlliyilə Avropa şəhərləri ilə rəqabətdədir. Mənə görə Azərbaycan xalqı bu işlərlə qürur duymalıdır. Qısa zaman ərzində bütün çətinliklərdən, müharibələrdən bu günə gəldi. Bir ölkənin çətinliklərə baxmayaraq böyüməsi və inkişafı müşküldür. Ancaq mən bunu Azərbaycan xalqında gördüm. Bu ölkədə həqiqətən də inkişaf var. Mən bunu gördüm.
Hal-hazırda “Baku-2015” İlk Avropa Oyunlarına hazırlıq gedir. Bu, Azərbaycan üçün böyük bir fürsətdir. Siyasi yığıncaq olsaydı, bu qədər media, bu qədər insanı bir araya toplamaq qeyri-mümkündü. Bu qədər yaxşı reklam etmək olmaz. Ancaq idman sahəsində jurnalist, idmançı və milyonlarla tamaşaçı kütləsi olacaq.
Mən xüsusilə qeyd
etmək istəyirəm ki, Bakı həmçinin
çox etibarlı bir
şəhərdir. Qonaq olduğun
2-3 gün ərzində insanların gecə
yarısına qədər şəhərdə gəzmələri,
parklarda istirahət etmələri diqqətimi
çox çəkdi. Mən buna da heyran
oldum.
Xəyalə
GÜNƏŞ
Palitra.-2015.-6 may.-S.13.