Gəncəli tələbə İlk Avropa
Oyunlarının könüllüsü kimi
Fərid Alməmmədov:
“Tələbələrin elmi biliklərə
yiyələnməsi dövlətin qələbəsi və gələcəyidir”
Ölkə daxilində müxtəlif ali məktəblərdə təhsil alan tələbələrimiz ictimai işlərdə də öz aktivliyi ilə seçilirlər. Xüsusən İlk Avropa Oyunlarda yüzlərlə tələbəmiz könüllü olaraq iştirak etmək qərarı veriblər. Sevindirici haldır ki, paytaxtla yanaşı region gəncləri də böyük həvəslə İlk Avropa Oyunlarının könüllüsü olacaq. Belə gənclərimizdən biri də Azərbaycan Dövlət Aqrar Universitetin tələbəsi Fərid Alməmmədovdur. Onu da əlavə edək ki, müsahibimiz bir neçə dövlət müəssisələrində və QHT-lərdə könüllü olaraq fəaliyyət göstərib. Dediyinə görə, ən çox bilik Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Gəncə “ASAN xidmət” mərkəzinin könüllüsü olarkən əldə edib.
Xatırladaq ki, F.Alməmmədov 6 iyul 1996 - cı il tarixində Gəncə şəhərində dünyaya göz açıb. 1999 -2002-ci illərdə Gəncə şəhəri 29 saylı “Ulduzcuq” uşaq bağçasında məktəbəqədər təhsil alıb. 2002-2013-cü illərdə Gəncə şəhəri 39 saylı Mir Cəlal Paşayev adına tam orta məktəbdə təhsil alıb. 2013 - cü ildə həmin məktəbin Fəxri Fərmanı ilə təltif edilərək nümunəvi şagird məzunu olub. Həmin il Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Dünya iqtisadiyyatı ixtisasına qəbul olub. Hal - hazırda ADAU -nun İqtisadiyyat fakültəsinin 2 - ci kurs tələbəsidir.
-Oxuduğunuz
sahədə istədiyiniz bilgilərə tam
yiyələnə bilirsizmi?
-Təbii ki, təhsil aldığım bu illər ərzində müəyyən biliyə yiyələnmişəm. Azərbaycan Dövlət Aqrar Universiteti bu baxımdan mənə çox şey qazandırıb. Belə ki, təhsil aldığım müddətdə bir sıra dəyərli professor və müəyyən sahələrdə öz sözünü demiş ekspertlərdən mühazirə dinləmək şansı əldə etdim. Ancaq istədiyim səviyyədə təhsilə sahib olmaq üçün bunun kifayət etmədiyini və daha artığını əldə etməli olduğunu düşünürəm. Bu düşüncəm xaricdə təhsil almağım üçün bir növ lokomotiv rolunu oynayır.
-Belə başa düşdüm ki, təhsilinizi xaricdə davam etdirmək fikriniz var?
- Əlbəttə, bunu da qeyd etməliyəm ki, istədiyim səviyyədə təhsilə sahib olmaq üçün bir neçə il kifayət etmir. Fikrimcə, bu, insanın ömrünün sonuna qədər davam etdirməli olduğu bir prosesdir. Necə ki, Peyğəmbərimiz də buyurub: “Beşikdən məzara qədər elm öyrənin”. Bu kəlamın doğruluğunu və elmin sərhəd və ölçü tanımadığını uzaq diyarda daha yaxşı anlayacam.
Ölkədaxili aqrar iqtisadiyyatın inkişafı ən ümdə vəzifələrdən biridir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, ölkənin gücü onun iqtisadiyyatından asılıdır. Bəli, nəticə etibarilə mən də gələcəkdə öz sahəm üzrə yüksək bacarığa və potensiala malik olan Azərbaycan şəxsiyyəti, açıqfikirli düşüncə sahibinə malik bir insan olmaq istəyirəm. Respublikamızın iqtisadi-sosial rifahının yaxşılaşdırılması və inkişaf etdirilməsi sahəsində yüksək nəticələrə imza atmaq istərdim. Qeyd edim ki, Azərbaycan gənclərinin xaricdə təhsilini yüksək qiymətləndirirəm. Əsaslı şəkildə xaricdə təhsil sualına bəli demək istərdim. Çünki Qərb yeniliklərinin mənimsənilməsi və dərk edilməsi sonradan onun ölkəmizdə rasional şəkildə tətbiqi öz bəhrəsini verəcək. Bu baxımdan magistr dərəcəmi Avropada davam etdirməyi düşünurəm.
-Bu
sahədə hansı yeniliklər etmək istərdiniz?
-Əlbəttə, qloballaşma proseslərinin inkişaf etdiyi müasir dünya düzənində dünya iqtisadiyyatı mühüm iqtisadi, eyni zamanda sosial perspektivlərə qadirdir. Bu nöqteyi-nəzərindən yanaşdıqda gələcək elmi-akademik biliklərimin öz sahəm üzrə tətbiqi və assimilyasiya olunması çox vacibdir. Əlbəttə, bu, qabiliyyət və keyfiyyətdən asılıdır. Bu faktorların vəhdəti və rasional tətbiqi mənə gələcəkdə öz sahəmdə yüksək nailiyyətlər qazandıra bilər. Və qazandıracaq. Əminlik, güvən və qabiliyyət mənim üçün hazırkı dünyamızda üstünlük təşkil edən faktorlardır. Bu baxımdan gələcəkdə elmi biliklərimi xaricdə magistr dərəcəsi üzrə artıraraq mühüm keyfiyyət xüsusiyyətlərinə malik yeniliklərin öz doğma yurdumda tətbiqinə çalışacam. Dünya iqtisadi münasibətləri dünya düzəninin əsasını təşkil edir. Gələcəkdə həyata keçiriləcək olan yenilikləri isə, əlbəttə, vaxt və zaman deyilən fenomenlər göstərəcək!
-Azərbaycanda aqrar iqtisadiyyatın inkişafını necə
qiymətləndirirsiz?
-İndiki dövrdə normal qiymətləndirirəm. Bildiyimiz kimi, 1991-ci il 18 oktyabr Konstitusiya aktı ilə Azərbaycan Respublikası Müstəqillik əldə etdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən respublikamızda sovet idarəçiliyindən qalma inzibati idarəçilik sisteminə və baryerinə son qoyuldu. Beləliklə, keçmiş postsovet ölkələri, eyni zamanda Azərbaycan bazar iqtisadiyyatına keçid şəraitinə addımladı. Bu yolda qətiyyətli addımlarla addımlayırıq. Bazar iqtisadiyyatına keçid Azərbaycanın dünya iqtisadiyyatı və inteqrasiya proseslərində inkişafını sürətləndirdi. Gələcək, yüksək elmi bacarıqlara malik gənclərin Azərbaycanın aqrar iqtisadiyyatında inkişafını yüksək dəyərləndirəcək. Mən özümü bu parlaq gənclərdən biri kimi görürəm.
-Aqrar iqtisadiyyatla bağlı lazımi kitablar varmı?
-Hələ ki, ölkəmizdə aqrar iqtisadiyyatla bağlı çox deyil, müəyyən sayda lazımi kitablar mövcuddur. Bəzən kitab çatışmazlığı yaşandıqda rus dilli və bəzən isə zərurət yarandıqda ingilis dilli ədəbiyyatlara daha çox üstünlük veririk. Lakin Azərbaycanda aqrar iqtisadiyyata dair elmi kitablar, məqalələrin çoxsaylı nəşri nəinki biz, gələcək nəsillər üçün də sərfəli və məqsədəuyğundur.
-Ümumiyyətlə,
tələbələrin elmi biliklərə
yiyələnməyə marağı hansı səviyyədədir?
-Müasir dünya düzənində, eyni zamanda respublikamızda tələbələrin elmi biliklərə yiyələnməsi dövlətin qələbəsi və gələcəyidir. Öz müşahidələrimə və biliklərimə əsaslanaraq qeyd etmək istərdim ki, Azərbaycanda kifayət qədər savadlı, elmi düşüncəsi və intellektual səviyyəsi yüksək olan gənclər var. Bu gənclər bizim nəinki gələcəyimiz, eyni zamanda uğurumuz, təminatçımız və gələcəyimizdir! Mən bir gənc kimi tələbələrin yüksək nailiyyətlər əldə etməsini həyatda uğurlu addım kimi ehtiva edirəm. Hər kəs öz ixtisası kimi seçdiyi sahəni oxumalı, mülahizələr, qərarlar qəbul etməyi və nəticə çıxarmağı bacarmalıdır.
-İlk
Avropa Oyunlarında könüllü
olaraq iştirak etmək
nə dərəcədə maraqlıdır?
-Dünya dili
ilə desək, “Multi cultural
relations and Mutual respect” (Yüksək
mədəni əlaqələr və qarşılıqlı
hörmət) prinsipi dövlətlərarası
münasibətlərin göstəricisi və özək faktorudur. Bunu unutmaq olmaz!
Əvvəla, qeyd edim
ki, Azərbaycanın nəinki siyasi, iqtisadi, idman, eyni zamanda
incəsənət sahəsində belə iştirak
etmək mənim üçün qələbədir.
Çünki könüllü
olaraq mən özlüyümdə ali məsuliyyət və vəzifə hiss edirəm. “Try to do my best” (Özüm üçün əlimdən
gələni etmək)
ifadəsi bu zaman önə çıxır. Bacarıq
və bilik nöqteyi-nəzərindən gələn
qonaqlar qarşısında
dil bacarığımı
nümayiş etdirmək,
onlarla mədəni, iqtisadi, idman sahəsində dialoqlar aparmaq, bu dialoqda
isti münasibətlərin
təmini, eyni zamanda xoş münasibətə nail olmaq,
Vətənimizi yüksək
şəkildə təmsil
etməyi qarşıma
ali məqsəd
kimi qoymuşam. “Each
volunteer means only a representative-Hər bir könüllü elə bir təmsilçidir.
-Könüllü
olaraq bu Oyunlarda əsas vəzifəniz nədən
ibarətdir?
- Könüllülüyün əsas
şərti həvəsli
olmaqdır. Mən də həvəslə
orada öz borcumu kiçik də olsa Vətənimin
uğuru naminə həyata keçirəcəm.
Vəzifəm nəticə etibarilə
qonaqların qarşılanması,
onlara Azərbaycanın
mədəniyyəti, mədəni-müxtəliflik,
adət -ənənələri,
yüksək mətbəx
mədəniyyəti haqqında
onlara maraqlı və əhəmiyyətli
məlumatlar verməkdir.
-Perspektiv planlarınız nədən
ibarətdir?
-Gələcəkdə elmi
fəaliyyətimi artırmaq,
xaricdə magistr dərəcəsi üzrə
təhsil almaqdır. Xaricdə qazanacağım iqtisadi bilikləri respublikamızda
tətbiqinə çalışmaq,
bu sahədə ixtisaslaşdırılmış kadrların yetişdirilməsində
mühüm rol oynamaqdır. Məşhur türk yazıçısı
Peyami Safanın sözləri ilə desək, Avropa mədəniyyətini deyil,
onun texnologiyasını
mənimsə. Gələcək perspektivləri isə, əlbəttə, görüləcək
işlər, qabiliyyət,
səbir və zaman göstərəcək.
Fuad Hüseynzadə
Palitra.-2015.-7 may.-S.11.