Elm sahəsində bəzi mərhələlərin sadələşdirilməsi işin xeyrinə olardı”

 

Könül Hacıyeva: “Nizami Gəncəvi irsi ilə gələcəkdə daha dərindən məşğul olmaq arzusundayam

 

Layihə çərçivəsində müsahibimiz AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Könül Hacıyevadır:

-Mən - Könül Hacıyeva, 1992-ci ildə Bakı şəhəri Hüseyn Cavid adına 132 nömrəli orta ümumtəhsil məktəbini bitirib, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşam. Hələ kiçik yaşlarımdan fars dilinin şirinliyinə və gözəlliyinə bir heyranlıq duyurdum. Bu dilə müstəqil yiyələnməyə başladım. Təhsil aldığım məktəbdə xarici dil fənni olaraq ingilis dilini öyrəndiyimə baxmayaraq, ali məktəbə sənəd verərkən fars filologiyası ixtisasını seçdim. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakıdakı 46 saylı orta məktəbdə fars dili müəllimi kimi fəaliyyətə başladım. Daha sonra AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əyani aspiranturasını bitirdim. 2000-ci ildən etibarən elmi məqalələrim çap olunmağa başladı. Ailə vəziyyətimlə əlaqədar olaraq bir müddət həm elmi, həm də əmək fəaliyyətimə ara verməli oldum. 2007-ci ildə XV əsr Azərbaycan şairi, Şirvanşahlar dövrünün tarixini şeirlərində əks etdirən qələm ustası Bədr Şirvaninin həyat və yaradıcılığı haqqında monoqrafiyam çıxdı. 2008-ci ildə isə həmin mövzuda dissertasiya işi müdafiə edib filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldım. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıram, 36 elmi məqaləm var, vaxtaşırı respublika və beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış edirəm. Hal-hazırda elmlər doktoru adı almaq üçün doktorluq dissertasiyası üzərində işləyirəm. Tədqiqat obyektim Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatıdır.

- Təhsil aldığınız sahə barəsində hansı fikirləıriniz var?

- Təhsil aldığım sahə çoxşaxəlidir. Yəni, şərqşünaslıq ixtisasına yiyələnlərin arasından müxtəlif sahələrdə “yararlı” ola biləcək mütəxəssislər yetişir. Təsadüfi deyildir ki, mən məzun olduğum zamanondan əvvəllər həmin fakültəni bitirmək haqqındakı sənəddə, yəni diplomda məzunlara filoloq, fars və Azərbaycan dili və ədəbiyyatı müəllimi, tərcüməçi ixtisaslarının verildiyi qeyd olunurdu. Şərqşünaslar ədəbiyyatşünas, dilçi, filosof, tərcüməçi, jurnalist, tarixçipolitoloq ola bilirlər. Bu siyahını uzatmaq da olar. Ən müxtəlif sahələrdə fəaliyyət göstərən həmkarlarımız kifayət qədərdir. Bu yaxınlarda dünyasını dəyişən məşhur politoloq Vəfa Quluzadə də ixtisasca şərqşünas idi.

-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Təhsil aldığım sahə Azərbaycana və onun maddi-mənəvi dəyərlərinə daha geniş və əhatəli yanaşmaq, xalqımızın tariximilli varlığı hesab edilən dilibu dildə yaradılmış ədəbiyyatı, o cümlədən, milli təfəkkürünü Şərq konteksində öyrənib dəyərləndirmək baxımından aktualdır. Bildiyimiz kimi, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və s. haqqında orta əsrlərdə yazılmış əsərlərin böyük qismi ərəb və fars dillərindədir. Bütün bunlarla bərabər, ta qədimdən XX əsrin əvvəllərinə qədər Azərbaycan ədəbiyyatına aid nümunələrin bir çoxunun fars dilində yaradılmış olduğunu da nəzərə alsaq, fars və ərəb dilini bilən yaxşı mütəxəssislərə hər zaman ehtiyac duyulduğunu söyləmək olar. Anadilli ədəbiyyatımızın görkəmli nümayəndələri sayılan Nəsimi, Kişvəri, Füzuli və digərlərinin fars dilində də əsərləri var. Bu şairlərin ədəbi irsini dolğun şəkildə dəyərləndirmək baxımından həmin əsərlər tədqiqatdan kənarda qalmamalıdır.

-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Azərbaycanda şərqşünaslıq elmi inkişaf etmiş sahələrdəndir. Keçmiş Sovet İttifaqı zamanında da bu sahənin ən tanınmış, peşəkar nümayəndələrinin böyük bir qismi Azərbaycanda yetişmişdi. Azərbaycan Şərqşünaslıq elminin A.İmanquliyeva, Ə.Şəfai, M.Mahmudov, Ə.Məmmədov, M.Əlizadə, H.Mahmudov, V.Məmmədəliyev və s. kimi dünyaca məşhur, görkəmli simaları var. Belə professional mütəxəssislərin yetişməsi, sözsüz ki, uzun illər yorulmadan, müntəzəm çalışmaqla mümkün olur. Bunun üçün də həmin sahədə ibtidai biliyin əldə olunması ilə qoyulan möhkəm təməl olmalıdır. Ölkəmizdə həm ərəb, həm də fars dili təmayüllü məktəblər mövcuddur. Lakin onu qeyd etmək lazımdır ki, onların sayı əvvəllər daha çox olub. Öz təcrübəmə əsaslanıb təəssüflə deyə bilərəm ki, son 10 ildə bir çox məktəblərdə bu dillərin tədrisi ləğv edilib. Halbuki fars ya da ərəb dilləri ingilis və digər Avropa dilləri ilə yanaşı tədris olunrdu. Yəni, birinin tədrisi digərinə hər hansı bir maneçilikya əngəl törətmirdi. Mənim vaxtilə dərs dediyim məktəbdə şagirdlərə farsingilis dilləri paralel olaraq öyrədilirdi. Onlar hər iki dili eyni müvəffəqiyyətlə qavrayıb qənaətbəxş nəticələr göstərirdilər. Ümumiyyətlə, orta ümumtəhsil məktəblərində xarici dil olaraq, ingilis dili ilə kifayətlənmək düzgün deyil. Digər dillərin öyrədilməsi də nəzərdə tutulmalıdır. Məhz bu baxımdan Azərbaycan təhsilində islahatlara ehtiyac var. Mən bunu bir şərqşünas və ədəbiyyatşünas kimi deyirəm. Təhsilimizdə fars və ərəb dillərinin tədrisi məsələsinə bir qədər doğma münasibət göstərilərsə, yetişən gəncliyimiz də öz keçmişinə, mənəvi sərvətlərinə, ədəbiyyatına bağlı olar. Belə ki, bu dillərə az-çox bələd olmaq həm də əski əlifbanı oxumağı bacarmaq, tədris olunan nəsr və nəzm əsərlərindəki fars-ərəb tərkiblərini anlaya bilmək deməkdir. Əgər yeniyetmə və gənclərimiz tarixi yerlərə ekskursiyaya gedərkən qədim abidələrin, daş kitabələrin üzərindəki yazıları oxuya bilərlərsə, bunun nəyi pisdir?! Təsadüfi deyil ki, qardaş Türkiyədə də ərəb qrafikası əsasında olan Osmanlı yazısının öyrədilməsinə başlanılıb.

-Təhsil və elmlə bağlı mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Təhsil haqqında danışarkən, öncə 9-cu və 7-ci sinifdə oxuyan iki şagirdin valideyni kimi hazırkı vəziyyətdən qismən razı olduğumu bildirmək istərdim. Onlardan biri yeni kurikulum proqramı, digəri isə ondan əvvəlki proqram üzrə təhsil alır. Yeni sistemdə dərsin qavranılmasında şagirdlərə lazım olandan artıq sərbəstlik verildiyini düşünürəm. Yəni keçilən mövzunun öyrənilməsinin məsuliyyəti daha çox şagirdin öhdəsinə buraxılır. Bundan əlavə, hər hansı fənnin tədrisində kifayət qədər lüzumsuz məlumatların yer aldığı mövzular vardır ki, şagirdləri əsas məsələdən yayındıra bilir. Şagirdin dərsdə göstərdiyi nəticələrin qiymətləndirilməsi rəqəmlə deyil, uzun cümlələrlə ifadə olunur. Fikrimcə, bu, həm müəllimin vaxtını alır, həm də görünüş, yəni, estetik baxımdan xoş deyil. Keçmiş proqramla oxuyan şagirdin təhsilində isə bir sistemlilik, dəqiqlik vardır. Müəllim onlarla daha çox yazı işləri aparır və müntəzəm olaraq dərs danışmalarını tələb edir. Kurikulum sistemi ilə təhsil alan şagirdin isə dərsə hazırlığı əksər hallarda sual-cavab edilməklə yoxlanılır. Düşünürəm ki, yaşadığımız dövr nə qədər kompüter dövrü olsa da, məktəb şagirdlərində tam mənada yazı və nitq vərdişləri aşılanmalıdır. Bir sözlə, icbari təhsil deyiriksə, şagirdlər sistemli şəkildə aparılan, ən lazımlı məlumatlarla təchiz olunmuş və ən əsası keçilən mövzuların şagirdlərdən tələbkarlıqla ətraflı şəkildə soruşulması nəzərdə tutulmalıdır. Ali təhsildə isə tələbələrin daha çox praktik təhsilə, təcrübi vərdişlərə cəlb olunması məqsədəuyğun olardı. Yəni, onlar yiyələnmək istədikləri ixtisasla bağlı universitet auditoriyasından kənarda, həmin ixtisasın tətbiq edildiyi müəssisələrdə və yerlərində təcrübə qazanmalıdırlar. İrəli sürdüyüm təkliflərin bir çoxu elm sahələrinə də şamil edilə bilər. Elmi tədqiqatla məşğul olmaq istəyən gənclər uzun illər səmərəli araşdırmalarla məşğul olmuş alimlərin çoxşaxəli təcrübəsini öyrənməyə yönləndirilməlidirlər. Bunun üçün daha çox görüşlər təşkil edilməli, seminarlar aparılmalı, magistrlər elmi tədqiqat institutlarında təcrübə keçməlidirlər. Son qeyd etdiyim məsələ artıq qismən həllini tapıb. Belə ki, universitet tələbələrinin AMEA institutlarında təcrübə keçdiyinin şahidi olmaq mümkündür. Bundan əlavə, elm sahəsində bəzi mərhələlərin sadələşdirilməsi işin xeyrinə olardı.

-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Xaricdə təhsil alan gənclərimiz onlara müyəssər olan bu gözəl fürsətdən maksimum dərəcədə istifadə etməyə çalışmalıdırlar. Həmin ölkələrin kitabxanalarındakı nəşrlərdən yararlanaraq daha artıq məlumatlanmağa, biliklərini artırmağa səy göstərməlidirlər. Qeyd etdiklərim xarici ölkələrdə araşdırma ilə məşğul olan elmi tədqiqatçılarımıza da aiddir. Onlara həmin ölkələrin arxivlərində mümkün qədər çox çalışıb daha artıq bilgi əldə etmələrini tövsiyə edədim. Xaricdə fəaliyyət göstərən araşdırmaçı soydaşlarımıza Azərbaycanla bağlı yazılmış materialları tədqiqata cəlb edərək öyrənməkdə, ölkəmiz və xalqımız haqqında ən kiçik məlumatı belə, diqqətdən kənarda qoymayaraq ciddi elmi araşdırmalar aparmaqda müvəffəq olmalarını arzu edirəm. Buradan xarici ölkələrə gedən tələbə və tədqiqatçılarımıza imkan daxilində oradakı Azərbaycan diasporu və Azərbaycan cəmiyyətlərilə əlaqə saxlamağı tövsiyə edərdim. Fikrimcə, ziyalı həmvətənlərimiz qürbətdə bir-birilə fikir və məlumat mübadiləsi aparmalı, daim bir-birinə dayaq olmağa çalışmalıdırlar. Belə olarsa, soydaşlarımız arasında güclü birlik və həmrəylik bərqərar olar.

-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Gələcəkdə plan və fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, öncə elmlər doktoru hazırlığı üzrə doktoranturanı bitirib, dissertasiya işimi müvəffəqiyyətlə müdafiə etməyi nəzərdə tuturam. Tədqiqatlarımı kitab halında nəşr etdirməyi düşünürəm. Bir sıra şairlərimizin araşdırma və tərcüməyə cəlb edilməmiş fars dilində əsərləri vardır ki, onların ölkəmizdən kənardakı nüsxələrini görüb təhlil və tədqiqə cəlb etmək istəyirəm. Haqqında zaman-zaman təhlil və müqayisə xarakterli kiçik araşdırmalar apardığım klassik Azərbaycan poeziyasının sönməyən Günəşi, ən parlaq ədəbi simalardan biri olan Nizami Gəncəvi irsi ilə gələcəkdə daha dərindən məşğul olmaq arzusundayam.

İlkin AĞAYEV

Palitra.-2015.-8 may.-S.11.