“Dərslərin keyfiyyətini artırmaq zəruridir”

 

Gülşən Məmmədova: “Məkrəblərdəki kimya laboratoriyaları daha zəngin avadanlıqlarla təchiz olunmalı, laboratoriyada fəaliyyət göstərən laborantlar təcrübəli, kimya avadanlıqları ilə səlist işləmə bacarığına malik olan yüksəkixtisaslı kadrlar olmalıdırlar”

 

Layihə çərçivəsində müsahibimiz Goycay rayonu Ziya Bunyadov adına 3 nömrəli tam orta məktəbin kimya müəllimi Gülşən Məmmədovadır. O, müsahibəyə ölkəmizdə təhsil sahəsində görülən işlərlə bağlı məlumat verməklə başladı:

- Son zamanlar təhsilimizdə baş verən islahatlar həmkarlarımla bərabər məni də həm pedaqoq, həm də bir valideyn kimi çox sevindirir. Ölkəmizdə baş verən bu islahatları zəruri edən səbəblər danılmazdır. Günbəgün dəyişən, yenilənən və gözəlləşən ölkəmizdə dəyişən həyat tərzi, informasiya bolluğu, şəxsiyyət azadlığı, virtual ünsiyyətin yayılması, cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, bazar iqdisadiyyatına keçid dünya təhsil sisteminə inteqrasiya təhsilimizdə köklü dəyişikliklər baş verməsinə ehtiyac yaratdı. Bu islahatlar 1999-cu ildən başlayaraq davamlı surətdə aparılmaqdadır və ümid edirəm ki təhsilimizdə mövcud çatışmazlıqlar tam aradan qaldırılana qədər bu islahatlar davam edəcək. İslahatların üstün cəhətləri ondan ibarətdir ki, dövlət təhsil müəssisələrində şagirdlərimizə nəinki savad və tərbiyə, həmçinin Vətən, cəmiyyət və ailədə özünü yararlı və xoşbəxt hiss etməsi uçun zəruri olan bacarıqlar, vərdişlər, üzə çıxarılıb inkişaf etdirilmiş qabiliyyətlərin də formalaşdırılması istiqamətində böyük rol oynayır. Təbii ki, görülən işlərin müsbət nəticəsi də var. Mən orta məktəbdə kimya fənnini tədris edən bir müəllim olaraq son zamanlar şagirdlərdə təhsilə marağın yüksəlməsinin şahidiyəm və istərdim ki, bu maraq artmaqda davam etsin, lakin hələ görüləsi və inkişaf etdirilməsi cox işlərimiz var. Arzu edirəm ki həm şəhər, həm də bölgələrimizdə olan bütün məktəblər internetkompüter texnologiyaları ilə tam təmin olunsun və dərslər müasir zamanın tələblərinə cavab verən şəraitdə aparılsın. Çünki şagirdlərimizin savad və bacarıqlara yiyələnməsi, onların dərs zamanı öyrənəcəklərini onlar qarşısına tədqiq olunacaq bir problem şəklində qoyubbu problemin həlli yolunda aparılan tədqiqat üçün sinif daxilində maksimum münbit şərait yaradılmalıdır. Bu isə şagirdlərimizin istedad və bacarıqları sinif daxilində müəllimin nəzarəti və istiqaməti altında üzə çıxarılıb inkişaf etdirilməsi üçün vacibdir.

- Dərslərin səmərəliliyini artırmaq üçün nə etmək lazımdır?

- Şagirdlərin Vətənə, cəmiyyətə, ailəyə yararlı vətəndaş və şəxsiyyət kimi yetişmələri, lazımi bacarıq və vərdişlərə yiyələnməsi naminə dərslərin keyfiyyətini artırmaq zəruridir. Bunun üçün kimya laboratoriyaları daha zəngin, lazımi texnologiya, reagentlər və avadanlıqlarla təchiz olunmalı, həmçinin laboratoriyada fəaliyyət göstərən laborantlar təcrübəli, kimya avadanlıqları, aparatları və reaktivləri ilə səlist işləmə bacarığına malik olan yüksəkixtisaslı kadrlar olmalı, praktiki işlər və təcrübələr zamanı dərslərdə fəal iştirak edərək kimya dərslərinin səmərəli və təhlükəsiz aparılmasına ciddi nəzarət etməlidir. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinə müvafiq olaraq, təhsilimizin vəzifəsi şagirdlərimizi bacarıqsız, yiyələndiyi quru bilikdən harada və necə istifadə etməyi bacarmayan, özünə inamı olmayan bir maketə deyil, yüksək kompetensiyalı- bacarıqlı və qabiliyyətli şəxsiyyətə çevirmək üçün sadalanan şəraitin yaradılması arzuolunandır. Hər bir müəllim öz dərsini nəticəyönümlü fəal təlim şəklində quraraq, milli və ümumbəşəri dəyərləri nəzərə alaraq, fənlərarası və fəndaxili inteqrasiya edərək, şagirdlər arasında bərabər imkanların yaradılmasına nail olaraq, hər bir şagirdin xüsusi qabiliyyət və bacariqlarının inkişafı üçün onun fəaliyyətini stimullaşdırılmasına çalışaraq, dəstəkləyici mühit yaratmalıdır.

 

“Şagirdlərin maraq və mənəvi tələbatlarının ödənməsi və dərsdən əlavə boş vaxtlarının səmərəli keçirilməsi üçün məktəblərdə rəsm, rəqs və əmək təlimi dərnəkləri təşkil olunması, dəqiq fənlər üzrə çətin qavranılan mövzularla bağlı əlavə məşğələlər keçirilməsi məqsədəuyğun olardı”

 

Bu cür pedaqoji prosesdə təlim məqsədlərini kompleks şəkildə həyata keçirərək dərsi real nəticə ilə yekunlaşdırmaq mümkündür. Müəllım, şagirdə həm valideyn, həm yol göstərən, istiqamət verən, Vətənə, yoldaşlarına qarşı sevgi aşılayan, pozitiv düşünməyi öyrədən, hər işdə bir xeyir olduğuna inandıran, həmişə öyrənməyin vacibliyini aşılayan, xeyir əməl sahibi olmağı, hörmət qazanmağı öyrədən müqəddəs bir varlıqdır. Mən öz müəllimlərimi daimi böyük hörmətlə yad edirəm. Əslində müəllim məfhumu heç bir şəraitdən və zamandan asılı deyil, buna görə də biz müəllimlər bütün çətinliklərə baxmayaraq, öz müqəddəs peşəmizi yaşadırıq. Dövlətimiz çox dəyərli ,hörmətli və fədakar müəllimlərimizin zəhmətinə dəyər verir və onların daha da təkmilləşməsi üçün işlər görür. Axı ölkəmizin gələcəyi və inkişafı müəllimlərimizin böyük zəhmətindən çox asılıdır. Bütün müəllim yoldaşlarıma öz işlərində uğur arzulayıram.

- Məktəb-şagird münasibəti necə qurulmalıdır?

- Müasir dövrdə məktəb-şagird münasibətinin daha sıx qurulmasına böyük ehtiyac var. Belə ki, hər bir valideyn məktəblə bırgə öz övladının təhsil və tərbiyə işlərində fəal iştirak etməlidir. Yalniz məktəb və valideynin birgə sıx fəaliyyəti nəticəsində yüksək keyfiyyətlərə sahib olan şəxsiyyət yetişdirmək olar. Hər bir valideyn məktəblə sıx əlaqə qurmalı və övladının məktəbdaxili fəaliyyəti ilə dərindən maraqlanmalıdır. Təlim prosesində övladının təhsilində baş verən irəliləyiş və ya geriləmələri diqqətlə izləməlidir. Məktəb- valideyn işində vəhdət olmayanda şagirdin həm tərbiyəsi, həm də təhsilində boşluqlar yaranır və bu boşluğu doldurmaq üçün şagird dərsdən yayınaraq təhsildən uzaqlaşır, məktəbdən kənarda pis vərdişlərə aludə olaraq cəmiyyət üçün yararsız bir insana çevrilir. Yeniyetmə şagirdlərin psixologiyası çox həssas olduğundan valideynlər bu dövrlərdə övladlarına daha çox diqqət ayırmalıdır. Məktəb-valideyn əməkdaşlığını asanlaşdırmaq üçün dərsin onlayn izləmə şəraitində aparılması arzu olunandır. Belə ki, hər bir valideyn öz övladının dərsə davamiyyətini, dərs prosesində fəallığını izləyərək onun təlim və tərbiyəsində iştirak edər, məktəblə birgə yüksək nəticələr əldə edər. Valideyn övladının dərslərini onlayn izləyərək ona ixtisas seçimində də doğru yol göstərə bilər. Hazırda cəmiyyətimizdə ağrılı bir xəstəlik hökm sürür. Bir çox valideynlər öz övladının marağını, istedadını və bacarığını nəzərə almadan, özünün arzuladığı sənətə yiyələnməyə övladını məcbur edir. Beləliklə də, şagirdlər ixtisas seçimində səhv addım ataraq sevmədiyi sənətə ürəksiz-yarımçıq yiyələnir, nəticədə insan həyatda və cəmiyyətdə öz yerini tapa bilmir, həm insan özü, həm də onun ətrafı əziyyət çəkir. Bu cür pis halların yaranmaması üçün mən valideynlərə məsləhət görərdim ki, övladlarının məktəbdə həm davranışı, həm təhsili ilə daim maraqlansınlar, övladlarına daha çox vaxt sərf etsinlər. Hər bir valideynin ən vacib vəzifəsi, cəmiyyətdə öz yerini düzgün tapa bilən, həm fiziki, həm də mənəvi cəhətdən sağlam övlad yetişdirməkdir. Şagirdlərin maraq və mənəvi tələbatlarının ödənməsi və dərsdən əlavə boş vaxtlarının səmərəli keçirilməsi üçün məktəblərdə rəsm, rəqs və əmək təlimi dərnəkləri təşkil olunması, dəqiq fənlər üzrə çətin qavranılan mövzularla bağlı əlavə məşğələlər keçirilməsi məqsədəuyğun olardı.

 

Anar Miriyev

Palitra.-2015.-9 may.-S.11.