“Gənclərimiz diplom xatirinə yox, peşəkar kadr olmaları üçün oxumalıdırlar”

 

Anar Xəlilov: “İlk Avropa Oyunlarından bir çox strateji əhəmiyyətli sahələrdə qazancımız gözləniləndir”

 

Layihə çərçivəsində Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovla müsahibəni təqdim edirik

-Öncə təşkilat haqda məlumat vermənizi istərdik...

-Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi 2003-cü ilin sentyabr ayında bir qrup gənc tərəfindən yaradılıb, 2004-cü il yanvar ayının 16-da təsis yığıncağı keçirilib. Birliyin əsas məqsədi Qarabağ həqiqətləri ilə bağlı gənclərin maarifləndirilməsi və eləcə də beynəlxalq aləmdə bu həqiqətlərin təbliğ edilməsidir. Həmçinin gənclərimizə milli-mənəvi dəyərlərimizin təbliği və dövlətçiliyimizin möhkəmlənməsi yolunda onların verə biləcəyi töhfənin nədən ibarət olmasının aşılanması, sağlam cəmiyyət quruculuğunda xidmət göstərmək kimi vəzifələri də birlik qarşısına məqsəd kimi qoyub. Hesab edirəm ki, bu 11 ildə birlik öz məqsəd və vəzifələrinə ciddi şəkildə riayət edib və zəngin iş təcrübəsi qazanıb, ətrafına xeyli gənclər toplayıb. Birlik 40-a yaxın layihə həyata keçirib, elmi konfranslar, dəyirmi masalar təşkil edib. Birliyin üzvləri 20-dən çox beynəlxalq tədbirlərdə iştirak edib. Birliyin yaddaqalan layihələri üç dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaşı”, “Qarabağın xristian abidələri” kitabları, ingilis dilində üç sənədli filmin- “Qafqazın konservatoriyası”, “Qarabağ mədəniyyəti”, “İşğal olunmuş ərazilərin görkəmli şəxsiyyətləri”, Qarabağa aid üç dildə iki CD disk və s. təbliğat materialları olub. Birliyin Qarabağ problemi ilə bağlı gündəlik informasiya portalı olan yknews.az saytı fəaliyyət göstərir. Birlik bir neçə koalisiyanın üzvüdür. Həmçinin birlik Virtualqarabağ İKT mərkəzinin təsisçilərindəndir və bu gün orada uğurla fəaliyyət göstərir. Birlik insan alverinə qarşı mübarizə sahəsində də maarifləndirmə tədbirlərində yaxından iştirak edir. Birlik ümummilli lider Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin yürütdüyü siyasətin gənclər arasında geniş təbliğ olunmasında, Azərbaycana qarşı aparılan hər hansısa çirkin kampaniyaya qarşı öz fəaliyyətini bu gün uğurla həyata keçirir.

-Gənclərin maariflənmə marağı hansı səviyyədədir?

-Gənclərimiz müxtəlif sahələr üzrə maariflənməyə maraq göstərirlər. Sevindirici haldır ki, Qarabağ məsələsində gənclərimiz maariflənməyə çox maraqlıdırlar və əksər gənclərimiz bu gün təbliğatçı kimi yetişməyə can atır. Artıq gənclərimiz beynəlxalq tədbirlərdə layiqlə bu məsələdə Azərbaycanı təmsil edir və öz sözlərini deyirlər. Elm, mədəniyyət, sağlamlıq, beynəlxalq təcrübənin mənimsənilməsi, ictimai fəaliyyət sahələri üzrə gənclərimiz daha çox maariflənməyə can atır. Hesab edirəm ki, müasir gəncliyimiz maariflənməyə maraqlıdır və kifayət qədər dünyagörüşünə malikdir. Xüsusilə xarici dillərin öyrənilməsinə müasir gənclərimiz çox maraqlıdır, artıq üç və daha çox dil bilən gənclərimizin sayı durmadan artır. Bu da gənclərimizin maariflənməsi istiqamətində onlara böyük üstünlük verir.Amma hesab edirəm ki, gənclərimizin maariflənməyə daha da maraq göstərməsi istiqamətində hələ görülməli işlərimiz çoxdur. Xüsusilə ideoloji və dini biliklər istiqamətində fəaliyyət proqramları artırılmalıdır. Bölgələrimizdə bu sahəyə diqqət ayrılmalı, ciddi işlər görülməlidir.

-QHT olaraq gənclərin elm və təhsilinin artırılması üçün hansı layihələr keçirirsiz?

-Bəli, elm və təhsil istiqamətində birliyimiz layihələr həyata keçirib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə məcburi köçkün gənclərimizə İKT biliklərinin artırılması üzrə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bölgələrimizdə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tarix mövzusunda, Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə müxtəlif təhsil sahələri üzrə layihələr həyata keçirmişik. Beynəlxalq təşkilatların da dəstəyi ilə bir neçə bu istiqamətdə layihələrimiz olub. Bütün bu layihələr zamanı müxtəlif elmi təbliğat vasitələri birlik tərəfindən hazırlanıb və gənclərimizə paylanıb.

-Gənclərin təhsil şüurunun artması üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

-Gənclərimizin təhsil şüurunun formalaşmasında cəmiyyət və dövlətlə yanaşı, birinci vəzifə valideynlərindir. Düşünürəm ki, valideynlər öz övladlarında bu şüurun inkişaf etməsində əsas faktordur. Təbii ki, bundan sonra onların həvəsləndirilməsi, təhsilinin keyfiyyəti və s. məsələlərdə məsuliyyət cəmiyyət və dövlətin üzərinə düşür. Cəmiyyətin üzərinə düşən məsuliyyətin əsası o olmalıdır ki, yüksək təhsilli gənclərimiz cəmiyyətdə yüksək qarşılanmalıdır və onlara qarşı münasibət müsbət mənada fərqlənməlidir. Cəmiyyətin təhsilli gənclərə müsbət münasibəti gənclərdə təhsil şüurunun yüksəlməsinə gətirib çıxaracaq. Dövlətin üzərinə düşən məsuliyyət isə yüksək təhsilli gənclərə diqqətin artırılması və onların məşğulluğunun təmin olunmasında xüsusi proqramın həyata keçirilməsi olmalıdır. Həmçinin dövlət təhsil ocaqlarının yüksək səviyyədə, müasir tələblərə cavab verəcək səviyyəyə çatmasına çalışmalı, yüksək biliyə malik müəllim ordusunun yaranmasına nail olmalıdır. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə bu gün böyük işlər görülür və müasir təhsil ocaqları inşa edilir. Yeni təhsil proqramları qəbul edilir. Müəllimlərin peşəkarlığının artırılması istiqamətində işlər gedir. Yüksək təhsilli gənclərimiz müxtəlif dövlət işlərində mühüm postlara təyin olunurlar. Düzdür, gənclərimizin məşğulluq məsələsində hələ də problemlər qalsa da, hesab edirəm ki, zamanla bu məsələ öz həllini tapacaq. Ancaq bir məsələni də qeyd edim ki, yüksək təhsilə malik bir neçə xarici dil bilən gənc bu gün Azərbaycanda işsiz qala bilməz, istər dövlət və ya qeyri-dövlət sahəsi olsun, bu cür gənclərə tələbat var. Ona görə də gənclərimiz təhsil alarkən diplom xatirinə yox peşəkar kadr olmaları üçün oxumalıdırlar.

-Ümumiyyətlə, bu sahədə hansı yeniliklər edilməlidir?

-Bu sahədə daim yeniliklər edilməlidir. Çünki hər bir müsbət yenilik gənclərin təhsil şüurunun artmasına xidmət edir. Azərbaycanımızın güclü olması isə yüksək təhsil almış vətəndaşlarımızın yetişməyindədir. Təhsilli cəmiyyət həmişə güclüdür. İqtisadiyyatın güclü olması təhsilin keyfiyyətindən asılıdır. İqtisadi güc isə müasir dünyada güclü dövlət modelinin yaranması deməkdir. Müasir dünyada dövlətin ərazisinin böyük olması faktoru artıq get-gedə önəm daşımayacaq, həmin dövlətdə elmin, təhsilin səviyyəsinin yüksək olması onun gücünü müəyyən edəcək. Buna görə bu sahədə daim qanunauyğun şəkildə yeniliklər aparmalıyıq. Eksperimentlər həyata keçirməyə çalışmamalı, təcrübədən keçirilmiş və uğur qazanmış beynəlxalq təcrübələrə üstünlük verməliyik. Hətta keçmiş nailiyyətlərdən də, məsələn, sovet dönəminin uğur qazanmış təcrübələrindən müasirləşdirilmiş formada istifadə etməliyik. Bir də gənclərin təhsil şüurunun artırılmasında əsas faktorlardan biri də həvəsləndirici stimulların artırılmasıdır. Hesab edirəm ki, bu cür stimulların artırılması çox vacibdir.

-Gənclər öz elmi potensiallarını tam ortaya qoya bilirlərmi?

-Mən, səhv etmirəmsə, bu gün elm sahəsində artıq gəncləşmə gedir və gənc alimlərin sayı əvvəlki illərə nisbətdə xeyli dəyişib. İstər xaricdə təhsil almış, istərsə də daxildə gənclərimiz bu gün artıq qətiyyətlə öz elmi bacarıqlarını ortaya qoyurlar. Buna misal olaraq son dövrlər dünyanın müxtəlif elm akademiyalarına üzv olan gənclərimizi göstərmək olar. Vaxtilə biz dünyada tanınan və beynəlxalq elmi akademiyaların üzvü olan bir neçə alimimizlə fəxr edərdiksə, bu gün artıq onların sayı o qədər çoxdur ki, dəqiq say göstərmək belə, çətindir. Düzdür, bu sahədə də gənclərimizin öz potensialını ortaya qoyması üçün çoxlu işlər görülməlidir. Bunun üçün birinci növbədə müasir elmi laboratoriyalar yaradılmalıdır. Gənclərin istehsalat sahəsində çəkisi artırılmalı, onların nəzəri biliklərinin praktiki biliyə çevrilməsinə çalışılmalıdır.

-Bu baxımdan dövlət tərəfindən gənclərə yaradılan şəraiti necə qiymətləndirirsiz?

-Bu gün elmdə, təhsildə gənclərimizə göstərilən dövlət qayğısı, mən deyərdim ki, dünyanın əksər dövlətlərində yoxdur. Bütün təhsil sahələri üzrə böyük müasir tikinti işləri gedir. Onların bazaları yenilənir. Yeni kitabxanalar yaradılır. Müasir təhsil kompleksləri tikilir. Müasir elm sahələri üzrə fənlər tədris edilməyə başlanılıb və artıq yerli mütəxəssislər bu fənləri tədris edir. Xaricdə təhsillə bağlı dövlət proqramı qəbul edilib. Ölkə rəhbərinin dediyi “Neft kapitalını insan kapitalına çevirməliyik” fikri bu gün uğurla həyata keçirilir. Bunun müsbət nəticəsini biz yaxın onilliklərdə hiss edəcəyik.

-Bildiyimiz kimi, gələn ay ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Sizcə, Azərbaycan bu Oyunlardan nə qazanacaq?

-İlk növbədə onu qeyd edim ki, bu Oyunların Azərbaycanda keçirilməsi təşəbbüsü və onun reallaşmasının banisi Prezident İlham Əliyevdir və bu idman yarışı yüksək səviyyədə təşkil olunub, uğurla da keçiriləcək. Suala gəlincə, deyim ki, bir çox strateji əhəmiyyətli sahələrdə qazancımız gözləniləndir. Dünyaya sübut edəcəyik ki, cəmi 24 il müstəqillik əldə etmiş dövlət olsaq da, bu cür böyük idman yarışını keçirməyə qadirik. Millət olaraq hansı potensiala malik olduğumuzu ortaya qoyaraq, özümüzü təsdiq və dünya dövlətləri içərisində yerimizi müəyyənləşdirmiş olduq. 27 il müharibə şəraitində olmağımıza baxmayaraq, güclü iqtisadiyyat qura bildik və inkişaf etmiş ölkələr sırasına daxil olmağı bacardıq. İlk Avropa Oyunlarının ən böyük uğuru isə Qarabağ probleminin həlli olacaq. Bu oyunların Azərbaycanda keçirilməsi və yüksək nailiyyət Qarabağın azad olunmasının açarıdır. Mən bunu inamla deyirəm. Dünya bizim yüksək mədəniyyətimizi, intellektimizi, bacarığımızı görəcək. Məhz bu Oyunlardan sonra Qarabağda bizim aparacağımız azadetmə əməliyyatının uğurunu görürəm. Prezidentimizin Qarabağı azad etmək yolunda uzaqgörənliklə atdığı bu addım bizi doğma Şuşamıza, Xankəndinə və digər işğal olunmuş torpaqların azadlığına aparacaq.

-Hazırda hansı işlər üzərində çalışırsız?

-Hazırda Birliyimiz Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ingilis və rus dillərində hazırlanacaq sənədli film üzərində işləyir. Birliyin könüllüləri işğal olunmuş ərazilərimizdən olan əhalinin işğaldan qabaq həmin ərazilərdə çəkdirdikləri foto və videoları toplayır və Birliyin istifadəsində olan yknews.az saytında yerləşdirirlər. Bu, miqyasına görə geniş və əhəmiyyətli bir işdir. Həmçinin erməni yalanlarına qarşı beynəlxalq aləmdə işimizi davam etdirir, hazırladığımız təbliğat vasitələrini geniş surətdə yayırıq. Xatırladım ki, Birliyin bu sahədə böyük təcrübəsi və zəngin arxivi, müxtəlif dillərdə hazırladığı elmi faktlara söykənən təbliğat materialları var.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-13 may.-S.11.