“Güləşçilərimiz Avropa Oyunlarında qazanacaqları medallarla yeni bir tarix yazacaqlar”
Əjdər Cəfərov:
“Oyunlarda iştirak edəcək
güləşçilərin adları, demək olar ki, 80-90 faiz məlumdur. Adları, hələ
açıqlamaq tezdir, ancaq
deyə bilərəm ki, bütün
titullu güləşçilərimizin bu mötəbər
idman yarışında
iştirakı planlaşdırılır”
Avropa Oyunlarına 1 ay
vaxt qalıb. Oyunlarda
50 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının
yarışacağı gözlənilir. İdman
növlərindən biri də güləşdir
ki, ölkəmiz bu idman növü üzrə
də təmsil olunacaq. Güləş idman növü ilə
bağlı ölkəmizdə görülən
hazırlıq işləri ilə bağlı
suallarımızı Azərbaycan Güləş
Federasiyasının baş katibi Əjdər Cəfərov
cavablandırdı:
- Təxminən bir aydan sonra dünya idmanı tarixində yeni səhifənin yazılmasına şahidlik edəcəyik. Bizim üçün sevindirici və qürurlandırıcı məqam odur ki, bu tarixi səhifə məhz Azərbaycanda yazılacaq. Ölkəmiz artıq neçə illərdir ki, beynəlxalq səviyyəli müxtəlif idman tədbirlərinə ev sahibliyi edir və bu baxımdan zəngin təcrübəyə malikdir. Bu isə təsadüfi deyil. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin digər qolları kimi, idman siyasəti də dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezidentin rəhbərliyi altında ölkəmiz son illər bütün dünyanı müsbət mənada heyrətləndirən layihələrə imza atır. Dünya idmanı tarixində ilk dəfə keçiriləcək Avropa Oyunları da ölkə başçımızın qətiyyəti və iradəsinin məntiqi nəticəsidir. Avropa Oyunlarının keçiriləcəyi məlum olandan sonra, bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradıldı. Biz bu gün əminliklə deyə bilərik ki, Oyunların keçirilməsinə iki ildən bir qədər artıq vaxt qalarkən yaradılmasına baxmayaraq, Təşkilat Komitəsi qarşıya qoyulan məqsədlərə tam nail olub, “Bakı-2015”-in yüksək səviyyədə təşkili üçün bütün lazımi işlər görülüb. Avropa Oyunlarında təmsil olunacaq 20 idman növündən biri olan güləş xalqımızın, idmansevərlərin daha çox medal gözlədikləri növlərdən biridir. Çünki güləşçilərimiz daima qatıldıqları yarışlardan, Avropa və Dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallar qazanaraq bayrağımızı yüksəldib, himnimizi səsləndiriblər. Qazanılan nailiyyətlər, ilk növbədə ölkəmizdə həyata keçirilən idman siyasətinin məntiqi nəticəsidir. Çünki idmançılarımız ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Ölkə başçımız İlham Əliyev daim idmançıların uğurlarını izləyir, onlarla mötəbər beynəlxalq yarışlardan sonra görüşür. Bu da idmançılara, xüsusən də güləşçilərimizə əlavə stimul verir. Bundan başqa, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və I vitse-prezident Namiq Əliyevin güləşçilərin yüksək səviyyədə hazırlıq keçmələri üçün lazım olan işlərin görülməsinə xüsusi diqqət yetirir. İdmançıların təlim-məşq toplanışları, vaxtlı-vaxtında vitaminlərlə təmin edilməsi, onların ailə-məişət problemlərinin həlli və digər bütün istiqamətlərdə fasiləsiz işlər görülür. Təbii ki, ilk Avropa Oyunlarının da ölkəmizdə keçirilməsi məlum olandan sonra güləşçilərimizin hazırlıqlarına start verdik. Bu ilin əvvəlindən isə federasiya prezidenti Fazil Məmmədovun imzaladığı əmrə əsasən, xüsusi bir proqram tərtib olundu. Hazırda hazırlıqlar məhz bu proqrama uyğun olaraq aparılır. İlin əvvəlindən etibarən yığma komandalarımız həm Bakıda, həm bölgələrimizdə, eyni zamanda ölkədən kənarda təlim-məşq toplanışları keçib. Bu gün də bu məşqlər fasiləsiz davam edir. Qeyd edim ki, sərbəst güləş yığmamız hazırda Bakıdakı Olimpiya Güləş Mərkəzində, Yunan-Roma güləşçilərimiz Xaçmaz Olimpiya İdman Kompleksində, qadın güləşçilərimiz isə Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin yığma komandası ilə birgə təlimləri davam etdirir.
- Ümumiyyətlə,
Güləş Federasiyası neçə idmançı ilə
təmsil olunacaq və həmin
iştirakçılar arasında məşhur
idmançılarımız varmı?
- Bildiyiniz kimi, Avropa Oyunlarında güləş idmanı yarışları 3 növ üzrə keçiriləcək - sərbəst güləş üzrə kişilər, sərbəst güləş üzrə qadınlar və Yunan-Roma güləşçiləri. Hər bir növdə 8 çəki dərəcəsində yarışlar keçiriləcək və Azərbaycan yığması bütün çəki dərəcələrində təmsil olunacaq. Ümumilikdə, 24 güləşçimiz ilk Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Oyunlarda iştirak edəcək güləşçilərin adları, demək olar ki, 80-90 faiz məlumdur. Adları hələ açıqlamaq tezdir, ancaq deyə bilərəm ki, bütün titullu güləşçilərimizin bu mötəbər idman yarışında iştirakı planlaşdırılır.
- Avropa
Oyunlarda ümumilikdə güləşçilərimizin
şanslarını necə qiymətləndirirsiniz?
- İdmanda proqnoz vermək çətindir. Əvvəlcədən dəqiq nə isə demək olmur. Ancaq deyə bilərəm ki, medallarımız olacaq, himnimiz səslənəcək, bayrağımız yüksələcək. Bilirsiniz ki, güləşçilərimiz hər zaman öz uğurları ilə xalqımızı sevindiriblər. Əminik ki, bu dəfə də belə olacaq. Müxtəlif əyarlı medallar qazanmağa iddialıyıq. Çünki bütün mötəbər beynəlxalq yarışlarda güləşçilərimiz demək olar ki, həmişə ilk üçlükdə qərarlaşıblar. Bu gün Azərbaycan dünyada həm də bir güləş ölkəsi kimi məşhurdur. Londonda keçirilən son Yay Olimpiya Oyunlarında qazanılan 2 qızıl, 2 gümüş və 3 bürünc medal güləşçilərimizin uğurlarının təsadüfi olmadığını bir daha təsdiq etdi. İnanırıq ki, bu ənənə ilk Avropa Oyunlarında da davam edəcək və güləşçilərimiz qazanacaqları yüksək əyarlı medallarla yeni bir tarix yazacaqlar.
- Hazırda güləşçilərimizin əsas rəqibləri məlumdurmu?
- Əvvəllər güclü güləşçilər yalnız bir neçə ölkədən olurdu. Ancaq indi dünyanın demək olar ki, bütün ölkələrində güclü idmançılar yetişir. Avropa Oyunlarında yalnız Avropa qitəsinin təmsilçiləri iştirak edəcək. Hər bir ölkənin də bir və ya bir neçə çəki dərəcəsində güclü güləşçisi var. Ona görə də xüsusi olaraq fərqləndirmə aparmaq çətindir.
- Bəs yerli hakimlərimiz yarışların idarə
edilməsində iştirak edəcəklərmi?
- Azərbaycan Güləş Federasiyası güləşçilərlə yanaşı, ölkəmizdə hakimlik institutunun da təkmilləşdirilməsi istiqamətində mütəmadi işlər görür. Həm milli dərəcəli hakimlərimizin, həm də beynəlxalq dərəcəli hakimlərimizin təcrübələrini artırmaq məqsədilə yerli və beynəlxalq yarışlarda iştirakı təmin edilir, eyni zamanda onlar il ərzində müxtəlif beynəlxalq kurslara ezam edilir. Bunun da nəticəsidir ki, bu gün ölkəmizdə 20-dən artıq beynəlxalq dərəcəli hakim var. Çalışırıq ki, bu hakimlərin sayı ildən-ilə artsın. Bu istiqamətdə federasiya prezidenti Fazil Məmmədovun imzaladığı proqrama əsasən işlərimizi davam etdiririk. Avropa Oyunlarında ölkəmizi güləş hakimlərimiz də təmsil edəcək. Super kateqoriyalı beynəlxalq hakimlərimiz Hicran Şərifov və İntiqam Alıyev Avropa Oyunlarının güləş yarışlarında Azərbaycanın ədalət təmsilçiləri kimi iştirak edəcək.
- Qeyd
etdiniz ki, güləşçilərimiz
hazırda məşqləri davam etdirirlər.
Məşqlərlə bağlı nə deyərdiniz?
- Yunan - Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri I Avropa Oyunlarına hazırlığı Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir.
Mayın 7-dən başlayan təlim-məşq toplanışında baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə yığmanın bütün üzvləri iştirak edir. Təlimlərə ümumilikdə 30-a yaxın güləşçi dəvət olunub. Bununla yanaşı, məşqlərin səmərəsini artırmaq üçün üç gürcü pəhləvan da təlimlərə cəlb olunub. Məşqçilər korpusu gündə iki dəfə keçirilən məşqlərdə əsasən texniki hazırlıqlara üstünlük verir. Baş məşqçi Cəmşid Xeyrabadi yığma komanda üzvlərinin həm taktiki, həm də texniki baxımdan tam hazır olduqlarını deyib. O da vurğulayıb ki, azarkeşlər bizdən yüksək nəticələr gözləyirlər və var gücümüzlə çalışırıq ki, yüksək əyarlı medallar, qızıl medallar qazanaq və bütün Azərbaycanı sevindirək.
Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov da bildirib ki, birinci Avropa Oyunlarına təxminən bir ay vaxt qaldığından fiziki təlimləri azaldaraq, əsasən döşək üzərində fərdi məşqlər keçirilir. Bildirilib ki, fevralda keçirilən dünya kuboku yarışlarında güləşçilərimiz qalib gəldiklərindən birinci Avropa Oyunlarına da çox iddialı qatılacaqlar. İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Bunun müqabilində biz də əlimizdən gələni edirik ki, qatıldığımız hər bir yarışda yüksək yerlər qazanaq. Güləşçilərimiz ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında iştirakın məsuliyyətini tam dərk edirlər. Onların hər biri fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa iddialıdır. Yığma komandamızın üzvü Elvin Mürsəliyev də birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə keçdiyini, qarşıdakı yarışa çox ciddi hazırlaşdıqlarını deyib: “Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. Birinci Avropa Oyunlarının Bakıda təşkil olunması bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır”. Qeyd edim ki, təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.
Nigar Abdullayeva
Palitra.-2015.-13 may.-S.7.