“Xaricdə əldə etdiyim bilikləri gənc nəsillə paylaşmaq məqsədilə Bakıya qayıtdım”

 

Süleyman Süleymanzadə: “Öz məqsədimi Bakı Ali Neft Məktəbində reallaşdırdım”

 

Layihə çərçivəsində müsahibimiz Bakı Ali Neft Məktəbinin Kompüter və İKT kafedrasının müəllimi Süleyman Süleymanzadədir:

 

Bu gün gənclərimiz ölkə daxilində təhsil almaqla kifayətlənməyib, eyni zamanda təhsillərini xarici ölkələrdə davam etdirirlər. Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın müxtəlif ölkələrində 3183 azərbaycanlı gənc təhsil alır. Həmin proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura pilləsində təhsil almaq hüququ qazanıb. Beləliklə, dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün xaricdə təhsil alan bir çox azərbaycanlı gənclər var ki, onların yüksəkixtisaslı gənc kadr kimi Vətənə dönməsi və burada müvafiq qurumlarda çalışması ölkəmizin həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Belə gənclərdən biri də Bakı Ali Neft Məktəbinin Kompüter və İKT kafedrasının müəllimi Süleyman Süleymanzadədir.

Süleyman Süleymanzadə 1986-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakının 200 nömrəli məktəbində alıb. 2002-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında yüksək bal toplayaraq Milli Aviasiya Akademiyasının Mühəndis sistemotexnik ixtisasına qəbul olub. Akademiyada təhsil aldığı zaman proqramlaşdırma üzrə olimpiadada iştirak edibbirinci yeri tutub. 2007-ci ildə Azərbaycanda ali təhsilini fərqlənmə diplomu ilə başa vurub və həmin il hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra Almaniyanın Dresden Texniki Universitetinin Kompüter mühəndisliyi ixtisasının magistratura pilləsinə qəbul olub. 2014-cü ildən BANM-in Kompüter və İKT kafedrasında müəllim vəzifəsində çalışır.

- Necə oldu ki, Almaniyada Kompüter mühəndisliyi ixtisası üzrə təhsil almaq və müəllim olmaq qərarına gəldiniz?

- Kompüter mühəndisi olmaq mənim uşaqlıq arzum idi. Azərbaycandakı təhsilimi başa vurub Almaniyada bu ixtisas üzrə təhsil aldım. Xaricdə əldə etdiyim kompüter üzrə biliklərimi bizim gənc nəsillə paylaşmaq məqsədilə Bakıya qayıtdım və müəllim olmaq arzusu ilə bu peşəni seçdim. Öz məqsədimi Bakı Ali Neft Məktəbində reallaşdırdım.

- Xaricdəki təhsilin Azərbaycandakı təhsildən fərqi ilə bağlı nə deyərdiniz?

- Əsas fərq ondan ibarətdir ki, xaricdəki təhsil sistemində tələbə öz ixtisasına və istəyinə uyğun keçəcəyi fənləri seçir. Tələbənin dərs oxumağa münasibəti isə tam fərqlidir. Müəllim onları oxumağa məcbur etmir, özləri öz üzərində işləməyi vacib sayırlar. Əgər müəllim tələbələrə hər hansı bir layihə işləməyi və yaxud tədqiqat aparmağı tapşırırsa, tələbələr bütün tapşırıqları müəllimin köməyi olmadan özləri yerinə yetirirlər. Kitabxanadan, internetdən və müxtəlif resurslardan lazımi materialları toplayıb, tapşırılan işi həll edirlər. Heç bir tələbə müəllimə demir kibiz bunu keçməmişik”. Xaricdəki müəllimlər tələbələrə deyirlər : “Nəyi keçməmisiniz - özünüz oxuyun”. Bu xaricdəki təhsilin həm müsbət, həm də mənfi cəhətidir.

 

“Xaricdəki təhsil sistemində tələbə öz ixtisasına və istəyinə uyğun keçəcəyi fənləri seçir. Tələbənin dərs oxumağa münasibəti isə tam fərqlidir. Müəllim onları oxumağa məcbur etmir, özləri öz üzərində işləməyi vacib sayırlar. Əgər müəllim tələbələrə hər hansı bir layihə işləməyi və yaxud tədqiqat aparmağı tapşırırsa, tələbələr bütün tapşırıqları müəllimin köməyi olmadan özləri yerinə yetirirlər”

 

Mənfi tərəfi ondadır ki, xaricdə müəllim və tələbə arasında interaktivlik zəif olur. Xaricdə oxumağın müsbət cəhətlərindən biriodur ki, müxtəlif ölkələrdən gələn tələbələrin sayı çox olurbu da müxtəlif millətli tələbələr arasında münasibətlər yaradır. Tələbələrin dünyagöruşləri, dil bilikləri və ünsiyyətləri genişlənir. Onu da qeyd edim ki, Azərbaycanda gənclərə verilən imkanlar heç də xaricdə yaradılan imkanlardan geri qalmır. Dövlətimiz gənclərin innovativkreativ bacarıqlarını üzə çıxarmaq və müvafiq fəaliyyət sahələrində həmin bacarıqları tətbiq etmələri üçün imkanlar və hər cür şərait yaradır. Məsələn, gənclərin cəmiyyətimizdə aparıcı və mühüm rollardan birini tutması üçün günü-gündən inkişaf edən dövlətimiz, onlara çox unikal imkanlar yaradır, bütün istiqamətlərdə fərqli layihələr, teleradio proqramları, yarışlar və digər yeniliklər həyata keçirir. Hətta xaricdə oxuyan gənclər də bu layihələrə qoşulur və bəzi təcrübə imkanlarını yalnız bizim ölkədə ala bilərlər. Xaricdə isə belə təcrübə qazanmaq çox çətindir.

- İlk əmək fəaliyyətinizə harada başlamısınız?

- İlk işimə Almaniyada başlamışam. Orada elektron bilet satış sisteminin təchizatı və işləmə prinsipinin quraşdırılması ilə məşğul olmuşam.

- Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamanız necə oldu ? BANM-in Kompüter və İKT kafedrasının müəllimi olaraq üzərinizə hansı öhdəliklər düşürişinizin öhdəsindən necə gəlirsiniz?

- Bakı Ali Neft Məktəbi haqqında çox müsbət fikirlər eşidirdim. Buradakı təhsilin ingilis dilində olduğunu və fənlərin xarici proqramlar üzrə tədris edildiyini bilirdim. Düşündüm ki, mən Almaniyada kompüter mühəndisliyi üzrə əldə etdiyim biliklərimi məhz bu ali məktəbin tələbələri ilə bölüşməliyəm. Özüm haqqında məlumatları ali məktəbə göndərdikdən sonra, rektor Elmar Qasımov məni ali məktəbə dəvət etdiElmi Şura qarşısında “Dependable systems”(Asılı sistemlər) mövzusunda təqdimatla çıxış etdim. Daha sonra Kompüter və İKT kafedrasına müəllim təyin olundum. Bu kafedranın müəllimi olaraq üzərimə düşən öhdəliklər çoxdur. Mənim işim, həmçinin elmi tədqiqatlar aparmaqyeni elmi məqalələr yazmaqdır.

- Gənc müəllim olmağın hansı çətinlikləri və üstünlükləri var? Müəllim olmaq sizin üçün nə deməkdir?

- Müəllim, ilk növbədə məsuliyyətli şəxs olmalıdır və düşünməlidir ki, onun tələbələri ölkənin gələcəyidir. Mənim fikrimcə, müəllim olmaq - gələcək cəmiyyəti qurmaq və yetişdirmək deməkdir. Tələbələrlə yaxşı münasibət qurmaq üçün müəllim dərslərini maraqlı və interaktiv şəkildə keçməlidir.

- Bir gənc olaraq, ali təhsil ocağında gənclərlə və professor-müəllim heyəti ilə işləməyin sizin üçün məsuliyyəti nədən ibarətdir? Bir savadlı gənc üçün müasir gənclərlə və alimlərlə işləmək nə dərəcədə asan və çətindir?

- Məncə, məsuliyyət barəsində ayrı-seçkilik eləmək düzgün deyil. Məsuliyyətli şəxs hər yerdə və hər peşədə məsuliyyətli olmalıdır. Onu deyə bilərəm ki, alimlərlə və müasir gənclərlə işləmək mənim üçün çox məsuliyyətli, dəyərli və maraqlıdır.

 

Nigar Abdullayeva

Palitra.-2015.-15 may.-S.13.