“Latviyalılar “Bakı-2015” haqqında kifayət qədər müsbət düşüncədədirlər”

 

Azər Abbasov: “Dünya xalqları, eləcə də latviyalılar Azərbaycanın hansı gücə malik olduğunu görəcəklər”

“Bakı-2015” yaxınlaşdıqca, bu beynəlxalq tədbirin xaricdə təbliği daha da güclənib. Bu baxımdan diasporumuz da aktivlik göstərir. Artıq xarici ölkələrdə ilk Avropa Oyunları ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Bu istiqamətdə Latviyadakı diasporumuz da təbliğat aparır. Elə Azərbaycan-Latviya Dostluq Birliyinin sədri Azər Abbasovla da “Bakı-2015”lə bağlı söhbət etdik. Xatırladaq ki, Şuşada anadan olan Azər Abbasov ilk ali təhsilini Latviyada alıb. Hazırda Baltik Beynəlxalq Akademiyasının bakalavrıdır. O, təhsil almaqla yanaşı, Azərbaycan-Latviya Dostluq Birliyinin də sədri olaraq aktiv ictimai fəaliyyətlə məşğuldur.

-İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi sizi nə dərəcədə sevindirir?

-Harada yaşamağımızdan asılı olmayaraq Vətənimizin hər bir uğuru bizi hədsiz sevindirir. İlk Avropa Oyunları kimi beynəlxalq idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsi bizim üçün fəxrdir. Bu, ölkəmiz üçün möhtəşəm uğurdur. Bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi biz xaricdə yaşayanlar üçün ikiqat sevincdir. Çünki Azərbaycanda hər belə beynəlxalq səviyyəli tədbir keçiriləndə ölkəmiz daha da tanınır. Belə olduqda bizim də fəxrlə Azərbaycan haqqında danışmağa daha çox sözümüz olur. İnanıram ki, “Bakı-2015”-dən sonra Azərbaycanın beynəlxalq aləmdə səviyyəsi daha da yüksələcək. Eyni zamanda dünya xalqları, eləcə də latviyalılar Azərbaycanın hansı gücə malik olduğunu görəcəklər.

-Bu Oyunlarla bağlı Latviyada hansı təbliğati işlər görülür?

-Azərbaycan Respublikasının Latviyadakı səfirliyi tərəfindən ilk Avropa Oyunları ilə bağlı təbliğat xarakterli tədbirlər və görüşlər keçirilməkdədir. Səfirlik, eyni zamanda bu və digər istiqamətdə görülən işlərdə biz gənclərə, eləcə də diasporumuza öz dəstəyini əsirgəmir. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalova buna görə təşəkkürümü bildirirəm.

Biz Latviya-Azərbaycan Dostluq Birliyi olaraq, ümumiyyətlə, Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixinin təbliği, həmçinin ölkəmizin əlamətdar günləri ilə bağlı tədbirlər keçiririk. “Bakı-2015”-ə saylı günlər qalır deyə, əsas təbliğati işimizi bu istiqamətdə aparırıq. Belə ki, Riqa və digər şəhərlərdə ilk Avropa Oyunlarının Azərbaycan guşələri təşkil olunur. Xüsusən ilk Avropa Oyunlarının Latviya mediasında təbliğatını gücləndirmişik. Latviyada ayda bir dəfə efirdə olan radio vasitəsilə “Bakı-2015” haqda məlumatlar verir, eyni zamanda diaspor xəbərləri yayımlayırıq. Həmçinin Latviyanın nüfuzlu mətbuat orqanlarında ilk Avropa Oyunları haqda yazılar dərc etdiririk. Bu yaxınlarda Latviyanın “Valmiera24” qəzetində və saytında (valmiera.pilseta24.lv) “Azərbaycan ilk Avropa Oyunlarına hazırdır” adlı məqaləmiz dərc olundu. Məqalədə Azərbaycan, eləcə də ilk Avropa Oyunları ilə bağlı ətraflı məlumat verilib. Növbəti günlərdə Latviyanın daha bir neçə KİV-ində “Bakı-2015”-lə bağlı yazımız veriləcək. Ümumiyyətlə, bu istiqamətdə tədbirlərimizi daha da çoxaltmışıq. Çalışırıq ki, bu təbliğat, əsasən, kütləvi xarakter alsın.

-Latışlarda ilk Avropa Oyunları haqda hansı fikir formalaşıb?

-Latviyalılar “Bakı-2015” haqqında kifayət qədər müsbət düşüncədədirlər. Bu baxımdan Latviyadakı səfirliyimiz və diasporun təbliğatı öz effektini verib. Ümumiyyətlə, Azərbaycan haqqında yerli xalqda pozitiv mövqe formalaşıb. Latışlar böyük həvəslə beynəlxalq idman aləmində mühüm hadisə kimi tarixə düşəcək ilk Avropa Oyunlarının başlanmasını gözləyirlər. Qeyd edim ki, “Bakı-2015”-ə Latviyanın 70 idmançısı qatılacaq. Latviya Olimpiya Komitəsi tərəfindən bu istiqamətdə ciddi hazırlıq işi gedir. Ayrıca “Bakı 2015”-in açılış və bağlanış mərasimləri, eləcə də yarışlar Latviyanın LTV kanalı vasitəsilə də canlı yayımlancaq. Beləcə, “Bakı-2015”-ə baxmağa gələ bilməyən latviyalılar efir vasitəsilə bu Oyunları birbaşa izləmiş olacaqlar.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-16 may.-S.6.