Səlhət Abbasova: “Avropa Oyunları milyonlarla insana Azərbaycan haqqında məlumat çatdıracaq”

 

“Avropa Oyunları Əməliyyat Komitəsində təmsil olunan idman mütəxəssisi: Avropa Oyunlarına hazırlıq yüksək səviyyədədir, yeni idman qurğuları, idmançılar kəndi istifadəyə verilib. Bu Oyunları uğurla başa çatdırmaq üçün hər birimiz səy göstərməliyik”

 

Birinci Avropa Oyunları yaxınlaşdıqca ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərin sayı daha da artır. Mütəxəssislər bu Oyunların təşkilini ölkəmiz üçün müsbət addım kimi dəyərləndirirlər. Müsahibimiz 25 ilə yaxın müddətdir idman sahəsində çalışan, biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri və nəhayət, ölkəmizdə keçiriləcək Bakı Avropa Oyunları Əməliyyat Komitəsində təmsil olunan idman mütəxəssisi Səlhət Abbasovadır:

- Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Birinci Avropa Oyunları həcminə görə, ölkəmizdə indiyədək keçirilmiş bütün beynəlxalq tədbirlərdən geniş olacaq. Bu isə o deməkdir ki, həm tədbirə birbaşa cəlb olunmuş on minlərlə insan, bunlar idmançılar, işçi qüvvəsi, rəsmilər, qonaqlar, turistlər və s. ölkəmiz haqqında, onun mədəniyyəti və potensialı haqqında məlumatlı olacaqlar. Daha böyük bir qüvvə media və yayım şirkətləridir ki, onlar da öz növbəsində Birinci Avropa Oyunları və ona ev sahibliyi edən ölkə haqqında məlumatları dünyanın hər bir tərəfində yaşayan milyonlarla insana televiziya, radio, internet şəbəkələri, yazılı mətbuat vasitəsilə ötürür. Yəni Avropa Oyunları milyonlarla insana Azərbaycan haqqında məlumat çatdıracaq. Müasir dünyada informasiya müharibəsinin hökm sürdüyünü nəzərə alsaq, ölkəmizdə meqa tədbirin keçirilməsindən səmərəli istifadə edəriksə, böyük irəliləyişə nail ola bilərik.

Əlbəttə, bu imkandan yalnız idman tədbirinin dünya ölkələrinə yayımı və ya yarış iştirakçılarının idman yarışından təəssüratı ilə kifayətlənsək o qədər effektli nəticə əldə edə bilmərik. Bütün əhalimizin böyükdən kiçiyədək bu mühüm idman tədbirinin qurucusuna çevrilməliyik. Əslində gündəlik həyatımızı bir az rəng qataraq, vətənpərvərlik hisslərimizi daha əyani ifadə etmək yerinə düşər. İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar ölkəmizdə çoxsaylı əcnəbi mütəxəssislər çalışır, onlar yalnız Bakı şəhərində deyil, ölkəmizin regionlarına da məmnuniyyətlə səfər edirlər. Burada gördüklərini ailələri və dostları ilə bölüşürlər. Bu isə o deməkdir ki, bu insanlar bizim həyat tərzimiz, mədəniyyətimiz, tariximiz və məişətimizlə bağlı məlumatları yayırlar, xalqımız haqqımızda fikir formalaşdırılmasında fəal iştirak edirlər. Əlbəttə ki, mərkəzləşmiş şəkildə ölkəmizdə abadlıq işləri görülür, mədəni tədbirlər təşkil edilir, amma təcrübə göstərir ki, bir əcnəbi daha çox kiçik detallara diqqət göstərir. Məsələn, fərdi evlərin arxitekturası, səliqə-sahmanı kimi məişət xarakterli detallar, vətəndaşlarımızın fərdi davranışı və məsələlərə yanaşmasını nəzərə alaraq bir xalq, ölkə haqqında özündə fikir yaradır və onu steriotipləşdirir. Buradan irəli gələrək deyə bilərik ki, hər bir vətəndaş Avropa Oyunlarının keçirilməsi ərəfəsində xalqımızın hər bir üzvü vətənimiz haqqında təəssürat yaratmaq üçün böyük şans əldə edib. İndi qalır ki, bu şansı müsbət istiqamətə yönəldək. Bunun üçün Avropa Oyunları Əməliyyat Komitəsində çalışmaq mütləq deyil, hər bir peşə sahibi öz fəaliyyəti ilə, hətta hazırda içtimai əmək fəaliyyəti ilə məşğul olmayanlar belə daha yaradıcı olaraq bu ümumxalq işində iştirak edə bilər.

Qeyd edim ki, 2014-cü ilin statistik göstəricilərinə görə Azərbaycanda internet istifadəçiləri əhalinin ümumi sayının 60.3 faizini təşkil edir. Əgər internet istifadəçiləri ən azı öz dostları arasında xalqımızın mədəniyyəti və tarixi ilə bağlı məlumatları bu arada bölüşsələr, kifayət qədər böyük nəticə əldə edərik.

Məncə, Oyunların başlanmasına 1 aydan az qalmış müddətdə müəyyən məqsədlər, hədəflər müəyyən edib, onlara nail olmaq üçün böyük səy göstərə bilərik. Bu məqsədlər ictimai və şəxsi yönümlü ola bilər. Əsas odur ki, faydalı olsun və onları əldə etmək üçün etik prinsiplər pozulmasın.

Bəzi ideyalar verə bilərəm. Əlbəttə, qısa zamanda böyük məqsədlərə nail olmaq çətin olar, amma ən azından məqsədə doğru addım atıla bilər. Oyunların sonunadək (28 iyun) hər gün yürüşə çıxmaq (səhhətinizdən, fiziki formanızdan asılı olaraq konkret hədəflər qoya bilərsiniz). Daima idmanla məşğul olanlar üçün hər gün yürüşə kimi isə yeni bir adamı (dost, qohum, qonşu, həmkar və s.) cəlb etmək, velosiped sürməyi öyrənmək), üzməyi öyrənmək. Sosial mediada Azərbaycan mədəniyyətinə dair 17 məlumatı bölüşmək (daha çox da ola bilər. Oyunların bəzi rəqəmlərindən ruhlanaraq qeyd edirəm. Tədbir 17 gün davam edəcək). İştirakçı ölkələrin bayraqlarını tanımaq, dillərində salamlama ifadələrini öyrənmək. Bəlkə, bağınızda Avropa Oyunlarına həsr olunmuş gül kompozisiyası yaradarsınız. Kollektivinizlə birgə 2015 ağac əkə və ya sulaya bilərsiniz. Ətrafınızdakı insanlara diqqət göstərə, qohumlarınızı ziyarət edə bilərsiz. Unutmayaq ki, idman fəaliyyəti ictimai fəaliyyət kimi insani dəyərləri aşılamaq və yüksəltmək üçün gözəl imkandır və yalnız yüksək fiziki nailiyyətlər əldə etmək məqsədi daşımır. Məncə, ümumilikdə ideya çoxşaxəlidir və fərdi olaraq nizamlana bilər. Əhalimiz məsələyə daha yaradıcı yanaşa bilər.

Avropa Oyunlarının əhəmiyyəti ilə bağlı qeyd edə bilərəm ki, minlərlə yeri açılıb, əhali öz bilik və bacarıqlarını, beynəlxalq mühitdə çalışmaq təcrübəsini artırmaq imkanı əldə edib, idmançılarımızın doğma divarlar və pərəstişkarlardan ruh alaraq uğurlu çıxış etmək şəraiti yaranıb, idman mütəxəssislərimizə daha çox idman yarışlarını yetirmələri ilə canlı izləyib təhlil etmək müsbət təsir edəcəkdir, müxtəlif sahələr Oyunların tələblərini təmin etmək üçün inkişaf etdirilib, infrastruktur möhkəmləndirilib. Bironu nəzərə almaq lazımdır ki, meqa tədbirlərin təşkilatçı ölkəyə təsiri, əslində 3 dövrə bölünür: tədbirdən öncəki dövr, tədbirin keçirildiyi dövr və tədbirdən sonrakı dövr. Odur ki, sonuncu dövrdə birinciikinci dövrlərdə görülən qoyulan sərmayə özünü daha əyani göstərir. Məsələn, yarışlardan öncə tikilmiş mehmanxanalar, yaradılmış infrastruktur, yarışlar zamanı ölkənin imkanlarının təbliği, Oyunlardan sonra buraya böyük turist axınına şərait yaradır. Bu isə qoyulmuş sərmayənin sonradan özünü doğrultması deməkdir və s. Amma bu o demək deyil ki, Oyunlardan sonra heç bir tədbir görmədən müsbət nəticə əldə olunacaq. Məsələn, tikilmiş idman qurğularının səmərəli istifadəsi üçün xüsusi plan hazırlanmalıdır. Həm yerli əhalinin istifadəsi baxımından, həm də beynəlxalq istifadəyə verilməsi baxımından.

-Hazırda Avropa Oyunlarına hazırlığı necə dəyərləndirirsiniz?

- Avropa Oyunlarına hazırlıq yüksək səviyyədədir, yeni idman qurğuları, idmançılar kəndi istifadəyə verilib. Qurğularda müxtəlif idman növləri üzrə sınaq yarışları keçirilib. Bu tədbirlər həm təşkilatı əməliyyatların yoxlanılması baxımından, həm də idmançıların yarış təcrübəsinin artırılması baxımından çox səmərəli olub. Artıq, qeyd etdiyimiz kimi, ümumilikdə şəhərimizdə abadlıq işləri görülüb. Eyni zamanda mütəxəssislər və könüllülərin də hazırlığına peşəkarcasına yanaşılır. Necə deyərlər, qalır ümumi əhalimiz... Hamının daha sayıq olması da çox vacibdir. Əlbəttə ki, hüquq mühafizə orqanları öz işlərini peşəkarlıqla yerinə yetirəcəklər. Lakin unutmamalıyıq ki, bura bizim Vətənimizdir və bu Oyunları uğurla başa çatdırmaq üçün hər birimiz səy göstərməliyik.

-İlk Avropa Oyunlarında gənclərin, xüsusilə də çoxsaylı könüllülərin rolunu necə qiymətləndirirsiniz?

- Könüllülər olmadan belə böyük tədbirlərin öhdəsindən gəlmək mümkün olmaz. Könüllülər hərəkatı dünyanın bir çox yerində artıq ənənəvi bir hal alıb. İnsanlar öz gündəlik fəaliyyətindən başqa, cəmiyyətə hər hansı bir şəkildə fayda vermək üçün müxtəlif ictimai işlərə məmnuniyyətlə cəlb olunurlar. Xüsusilə işdən kənar vaxtı daha çox olanlar, təqaüdçülər, evdar qadınlar və s. Gənclər və tələbələr üçün isə bu, daha çox təcrübəsi toplamaq üçün imkandır. Könüllülük vətənpərvərlikdir, təmənnasız olaraq vətəndaşlıq mövqeyini ifadə etmək üçün bir şansdır. İnsanlar burada fərq qoymadan birgə çalışmaqdan zövq alır, özlərinə dost qazanırlar.

Birinci Avropa Oyunlarının könüllüləri tarixi bir hadisənin iştirakçısı olacaqlar. Onlar Avropa qitəsinin ilk möhtəşəm yarışında iştirak etməklə bərabər, Azərbaycanın da tarixində ilk dəfə belə böyük həcmli tədbirin təşkilinə cəlb olunacaqlar. Biz könüllülərimizlə fəxr edironlara təşəkkür edirik. Əminəm ki, onların uğurlu fəaliyyəti haqqında məlumatlar bütün dünyaya yayılacaq.

-İdman mütəxəssisi kimi idmançılarımızın şansını necə dəyərləndirirsiniz?

- İdmançılarımız öz Vətənlərində, doğma divarlar və azarkeşlər arasında çıxış edəcəklər. Bu onların şansını artıracaq. Bəzi idman növləri bizim üçün yenidir. Amma idmançılarımızın mübarizəni sonadək aparması çox vacibdir. Daha vacib olanı isə ədalətli mübarizə aparmaqdır. İdman insanlara zövq verməli, yüksək mənəvi keyfiyyətlər aşılamalıdır.

-Bu oyunlar gənclərdə idmana marağın artmasında necə rol oynaya bilər?

- Əlbəttə ki, ölkədə təşkil edilən belə idman tədbirləri idmanla məşğul olmağa marağı artırır. Uşaq və gənclər özlərinə ideal seçir və idmançılar tək güclü olmaq, diqqət mərkəzində olmaq istəyirlər. Bu yarışlar, düşünürəmki, valideynlərin də yanaşmasına müsbət təsir edər. Bu həqiqətdir ki, valideynlər uşaqların idmanla məşğul olmasında, onların seçimində mühüm rol oynayırlar. Əslində bu bir ayrı, müzakirəyə ehtiyacı olan mövzudur.

- 20 idman növü üzrə Oyunların keçirilməsi idmançılarımızda bir sıra idman növlərinə marağı artıra bilərmi?

- Sözsüz ki, yarışların proqramına daxil edilmiş bəzi idman növləri bizim ölkəmizdə o qədər də populyar deyil. Onları canlı izləməklə oyun həyəcanını hiss etmək imkanı yaranır və məşğul olmağa maraq arta bilər. Xüsusilə çimərlik futboluvoleybolu, su idman növləri bizim təbii imkanlarımızla yaxşı uzlaşır.

Bu arada mətbuat nümayəndələrinə də uğurlar arzulamaq istəyirəm. Oyunların uğurlu keçməsi və əhalinin müvafiq məlumatlanması və maariflənməsində kütləvi informasiya vasitələrinin rolu çox mühümdür.

Nigar Abdullayeva

Palitra.-2015.-19 may.-S.6.