“Arzum budur
ki, gücüm yetdiyi qədər xalqıma xidmət edim”
Heydər Anatollu: “Zaman dəyişdikcə,
sənətə baxışlar, insan düşüncələri
və duyğuları da dəyişir”
Müsahibimiz Azərbaycan Dövlət Televiziya və Radiosu Cahangir Cahangirov adına xorun solisti, Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin
Əlahiddə Nümunəvi Orkestrinin solisti, respublikanın Xalq artisti Heydər Anatolludur:
- Bu gün musiqi aləmimizdə orkestrlərin fəaliyyəti və orkestrlərdə çalışan solistlərin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Şükürlər olsun ki, bu gün musiqi aləmimizdə çox gözəl təşkil olunmuş musiqi kollektivlərimiz var. İstedadlı və bacarıqlı musiqiçilərin fəaliyyətilə orkestr və ansanblların inkişafı göz qabağındadır. Hər bir kollektivi götürsək böyük uğurlarla çıxış edirlər. Orkestrlərdə çalışmaq üçün gənc istedadlar cəlb olunur. Məsələn, Azərbaycan Dövlət Televiziyası və Radiosunun Musiqi Kollektivləri yüksək səviyyədə fəaliyyət göstərən kollektivlərdir.
- Siz Azərbaycan musiqi dünyasının “Qızıl dövrü”nü, o dövrü yaşamış sənətkarları görmüsünüz. Müasir Azərbaycan musiqisinə də yaxından bələdsiniz. O dövrün musiqi həyatı ilə müasir musiqimizin fərqi varmı?
- Fərq, əlbəttə ki, var. Çünki hər şey zamanın ritmi ilə dəyişir. Bu gün müasir zamanın musiqisi, musiqiyə təlabat tamam başqadır. Vurğuladığınız kimi, “Qızıl dövr”ün musiqisi və o dövrdə yaşamış sənətkarlar. O dövrü təsəvvür etmək belə, artıq xəyal olub. O dövrün musiqi həyatı ilə müasir musiqimizin fərqini, şübhəsiz, duyuruq. Çünki zaman dəyişdikcə, sənətə baxışlar, insan düşüncələri və duyğuları da dəyişir.
Ancaq mənim üçün keçmiş dövrün musiqisi daha əzizdir. Bu səmimi sözümdür. Dahi musiqiçilər, böyük sənətkarlar və əvəzolunmaz musiqi əsərləri, bir başqa duyğular bəxş edirdi insana. Biz o musiqilərlə böyümüşük və qidalanmışıq. Müasir musiqi ilə retro musiqisinin ab-havası tamam fərqlidir. Onların fərqini təkcə mən deyil, bütün sənət dostlarım duyur və əlbəttə ki, xalqımız da hiss edir.
Müasir Azərbaycan musiqisi də zamanın tələbinə uyğun yüksək səviyyədə inkişaf edir. Beynəlxalq müsabiqələrdə öz layiqli yerini tutur. Bu, fəxr ediləcək bir məqamdır. Mən belə hesab edirəm ki, Azərbaycan musiqisi hansı dövrü yaşayırsa-yaşasın, öz zirvəsini hər zaman qorumaqdadır.
- Sizin
repertuarınızda “Qızıl dövr”ün musiqiləri daha çox yer alır. Həmin
mahnıları ifa etdiyiniz
zaman o dövrün
əhvalı-ruhiyyəsini duyursunuzmu?
- Bəli. Mənim repertuarımda estrada janrı, klassik musiqi, xalq mahnıları da yer alır. Müasir dövrdə gözəl və istedadlı bəstəkarlarla çalışıram. Ancaq retro musiqisi mənə daha doğmadır. Mənim ifa etdiyim hər bir mahnı böyük sənətkarlarımızın bəxş etdiyi xəzinədir. Mən vaxtilə o xəzinələri korifeylərimizin dilindən canlı eşitmişəm. Bu gün isə həmin lent yazılarını dinlədiyim zaman o günlər yadıma düşür. İfa etdiyim zaman isə şübhəsiz ki, o dövrü xatırlamamaq, o dövrün ab-havasını duymamaq mümkün deyil.
- Siz mərhum sənətkarımız Anatollu Qəniyevin yadigarısınız. Onun sənətini layiqincə davam etdirirsiniz. Anatollu müəllimin sənətini yaşatmaq üçün daha nələri etmək istərdiniz?
- Mənim ən birinci məqsədim böyük sənətkar Anatollu Qəniyevin sənətini daim yaşatmaqdır. Onun haqqında verilişlərin hazırlanması, yaradıcılıq konsertlərini təşkil etməkdir. Şübhəsiz ki, Azərbaycan Dövlət Televiziyası və Radiosunun “Qızıl fond”unda saxlanılan lent yazıları efir məkanlarında və radio dalğalarında tez-tez səslənir. Bu əlbəttə ki, böyük sənətkara verilən qiymət və dəyərdir.
Anatollu müəllimin ifa etdiyi bir neçə mahnı da mənim repertuarımı bəzəyir. Onları sevə-sevə, böyük sevinc və fəxr hissi ilə ifa edirəm. Düşünürəm, bu da sənətkarın adını yaşatmaq üçün əsas və vacib addımlardan biridir.
Bu gün gənc ifaçılarımız da var ki, Anatollu Qəniyevin repertuarına müraciət ediblər. Onun ifa etdiyi mahnıları bu gün gənclərimiz həvəslə ifa edirlər. Bütün bunların hamısı o deməkdir ki, Anatollu Qəniyev kimi bir sənətkarın adı və sənəti bu gün də yaşayır.
- Sizcə Anatollu müəllim Azərbaycan musiqisinə,
Azərbaycan ifaçılıq sənətinə hansı
töhfələr verib?
- Şübhə yox ki, Anatollu müəllim musiqi dünyamıza, ifaçılıq sənətinə böyük töhfələr verib. Əvəzolunmaz ifa tərzi,efir mədəniyyəti, sənətə, musiqiyə qarşı böyük diqqəti ifaçılıq sənətinə bəxş etdiyi töhfələrdən biridir. Artıq 30 ildir o sənətkar dünyasını dəyişib. Ancaq onun ifa etdiyi mahnılar hər yerdə səslənir, adı hər söhbətdə çəkilir. Yaddan çıxmır bu insan. Bunun özü o deməkdir ki, o, musiqi aləmində, musiqi dünyasında böyük bir iz qoyub getdi.
- Siz
musiqiçi olaraq, Azərbaycan
musiqi dünyasına nələr bəxş
etmək arzusundasınız?
- Qeyd etmək istəyirəm
ki, bu gün
nə öyrəniriksə və öyrədiriksə, dahilərimizin
əvəzolunmaz musiqiləri ilə bəhrələnirik. Bundan sonra da
bacardığımız qədər müasir
musiqimizə töhfələrimizi verməyə
çalışacağıq. Bu, əlbəttə
ki, bizim borcumuzdur. Bizdən öncəki
nəsillərin qoyduğu zəngin xəzinəni,
bəxş etdiyi töhfələri gələcək
nəsillərə qüsursuz
çatdırmaq lazımdır.
Çalışdığım Müdafiə Nazirliyinin Nümunəvi Orkestrində hərbçilərimizin,
əsgərlərimizin qarşısında
çıxış edirəm. Dövlət tədbirlərində
yaxından iştirak edirəm. Bu əlbəttə ki, sənətimə
diqqət və sevginin bir
göstəricisidir. Allah hər kəsə
cansağlığı versin. Arzum budur ki,
gücüm yetdiyi qədər
xalqıma xidmət edim.
Xəyalə
GÜNƏŞ
Palitra.-2015.-20 may.S.