Qocalma proseslərini və uzunömürlülük mexanizmlərini
öyrənən gənc tədqiqatçı
Zenfira Qədimova: “Əhalinin və onun sağlamlığının yaş xarakteristikasının mühüm
göstəricilərindən biri uzunömürlülük
səviyyəsidir”
Layihə çərçivəsində
müsahibimiz AMEA-nın A.İ.Qarayev
adına Fiziologiya İnstitutunun
elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimovadır.
- Öncə özünüz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.
- Mən-Zenfira Qədimova AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədriyəm.
2005-ci ildə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Fiziologiya ixtisası üzrə aspirantura (indiki doktorantura) şöbəsinə daxil olmuşam, 2012-ci ildə “Azərbaycanın Şimal-Qərb regionunda yaşayan uzunömürlülərdə bəzi fizioloji göstəricilərin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişəm. Dissertasiya işimə dair 35 elmi əsərin müəllifiyəm. Dəfələrlə xarici ölkələrdə beynəlxalq elmi konfranslarda və yerli konfranslarda iştirak etmiş və elmi işimə dair məruzə ilə çıxış etmişəm.
-Tədqiqat
apardığınız sahə barəsində hansı fikirləriniz
var?
- Elmi tədqiqat sahəm-herontologiya-qocalma proseslərinin və uzunömürlülük mexanizmlərinin öyrənilməsidir. Orqanizmin qocalma prosesinə həsr olunmuş bir çox nəzəriyyələrin mövcud olmasına baxmayaraq, insan orqanizminin hansı üzvünün tez qocalaraq ömür müddətini təyin etməsi herontologiya elmi üçün bu gün də aktual olaraq qalmaqdadır. İnsan ömrünün uzunluğu bir sıra sosial və iqtisadi amillərlə, sağlamlıq vəziyyəti və həyat tərzi ilə, eləcə də fiziki əmək qabiliyyəti və onun xarakteri ilə bağlıdır. Dünya üzrə uzunömürlülərin sayı adətən iqtisadi və sosial cəhətdən inkişaf etmiş ölkələrdə daha çoxdur. Sosial-iqtisadi amillərlə yanaşı, yaşadığımız cəmiyyətin bugünkü psixoloji durumunun da ölkədəki demoqrafik göstəricilərə və bioloji həyat müddətinə ciddi təsiri vardır. Orqanizmin qocalma prosesinin dərk olunması nöqteyi-nəzərindən uzunömürlülük fenomeni, şübhəsiz, maraq doğurur. Uzunömürlülük fizioloji qocalmanın təzahürü və nəticəsidir. Uzunömürlülər isə fizioloji qocalığın təbii modelidirlər. Uzunömürlülər əslində insanın ömür müddətinin maksimal növünün reallaşmış formasıdırlar. Yaşı 90-dan yuxarı olan insanların-uzunömürlülərin kliniki-fizioloji xüsusiyyətlərinin tədqiqi, ontogenezin ən son mərhələsində qocalmanın biologiyasının fundamental məsələlərinin populyasiya səviyyəsində həlli mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən tədqiqat obyektimiz olaraq Azərbaycanın Şimal-Qərb regionunda - Qax və Zaqatala rayonlarında yaşayan uzunömürlülər üzərində bəzi fizioloji parametrləri tədqiq etmişik. Eyni zamanda Bakı şəhərində herontoloji yaş qruplarına xidmət göstərən “Sağlamlıq sahəsi” poliklinikasında tədqiqatlarımızı davam etdiririk.
-Bu
sahə üzrə xarici ölkələrdə
aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar
arasında hansı fərqli və ümumi
cəhətlər var?
- Ahıl, qoca və uzunömürlü insanların sağlamlığı və fəal uzunömürlülük problemi orqanizmin qocalma prosesi zamanı onda gedən fizioloji və patoloji proseslərin təbiətini dərindən öyrənmək üçün kompleksli herontoloji tədqiqatların aparılmasını tələb edir. Bildiyiniz kimi, vətənimiz Azərbaycan uzunömürlülər diyarı kimi şöhrət qazanıb. Hələ keçən əsrin əvvəllərindən ölkəmizdə xarici herontoloqlar və yerli alimlər tərəfindən uzunömürlülüyün və qocalma mexanizmlərinin öyrənilməsinə yönəlmiş elmi-tədqiqat işlərinə başlanılıb. Hal-hazırda qocalmanın təbiətinə, insanın ömür müddətinin artırılması məsələsinə baxışda, ümumiyyətlə elm və həyatın bütün sahələrində bir proqres görünür. Son illər xarici elmi tədqiqat mərkəzlərində uzunömürlülüyün tədqiqi gen səviyyəsində, molekulyar səviyyədə aparılır, erkən qocalmanın (progeriyanın) qarşısının alınması və eyni zamanda sağlam və fəal uzunömürlülüyə nail olmağın üsulları öyrənilir.
“Gənc alimin gələcək plan və fəaliyyəti Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası naminə səy və mübarizədən ibarət olmalıdır”
Bu gün Azərbaycanda artıq herontologiya sahəsində beynəlxalq elmi əlaqələr genişləndirilməkdədir. İnstitutumuzun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz xanım Həşimovanın dəvəti ilə ölkəmizə səfər edən Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidenti, professor V.X.Xavinson və Rusiya Antiqocalma Təbabəti Cəmiyyətinin prezidenti, tibb elmləri doktoru, professor S.V.Trofimova ilə görüş keçirildi. Bu görüşdə Azərbaycan Herontologiya Cəmiyyətinin yaradılması və onun Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasına qəbul edilməsi məsələləri də müzakirə edildi.
-Tədqiq etdiyiniz elmi sahənin Azərbaycan
üçün
aktuallığını necə ifadə edərdiniz?
- Əhalinin və onun sağlamlığının yaş xarakteristikasının mühüm göstəricilərindən biri uzunömürlülük səviyyəsidir. Vaxtilə uzunömürlülər diyarı kimi tanınan Azərbaycanın milli genofondunun qorunması, uzunömürlülərin sayının azalmasına səbəb olan amillərin müəyyən olunması, əhalinin yaş strukturunda baş verən dəyişikliklərin öyrənilməsi çox vacibdir. Bəşəriyyət üçün yalnız fərdin ömür uzunluğunu artırmaq deyil, həm də sağlam və fəal uzunömürlülüyə nail olmaq əsas şərtdir.
-Bu
ixtisasınız yönündə hansı islahatlara
ehtiyac olduğunu düşünürsünüz?
- Son illər bir sıra elm sahələrində olduğu kimi, herontoloji istiqamətdə də müəyyən islahatlara ehtiyac var. Məlum olduğu kimi, qocalıq dövrü orqanizmin ömür müddətinin böyük bir hissəsini əhatə edir; buna görə də ömür uzunluğunun hər hansı bir modeli bu dövrün mövcud olmasını izah etməlidir. Akademiya rəhbərliyinin təşəbbüsü ilə yaxın zamanlarda Azərbaycanda uzunömürlülüyün genetik-molekulyar mexanizmlərinin fundamental tədqiqatlarına başlanılacaq. Bunun üçün uzunömürlülük indeksi yüksək olan regionlara (ilkin olaraq cənub bölgəsinə) elmi ekspedisiya təşkil olunacaq.
-Təhsil və
elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz
ola bilər?
- Təhsil və elm məfhumlarını ayrı-ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. Cəmiyyətin qarşısında duran başlıca vəzifə onun gəncliyini yüksək təhsilə, biliyə malik vətəndaşlar kimi yetişdirməkdir. Azərbaycan gəncləri hər sahədə olduğu kimi elm sahəsində də mühüm uğurlar əldə ediblər. Bu da Azərbaycan gəncliyinin böyük potensialından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının da əsas fəaliyyət istiqaməti dövlət gənclər siyasətinin dövrün tələblərinə uyğun formalaşdırılması, həyata keçirilməsi üçün elmi bazanın yaradılması və gənc nəslin bu sahəyə cəlb olunması, beynəlxalq əlaqələrin qurulmasından və s. ibarətdir.
Bu günün gəncliyi müstəqil Azərbaycan dövlətinin ümid bəslədiyi nəsildir və onların intellekti, təhsil səviyyəsi, dünyagörüşü, bilik və bacarığı, həyat tərzi və s. indi necə formalaşırsa, gələcəkdə də buna uyğun nəticələr verəcək. Gənc alimlərimizə öz elmi potensial imkanlarını lazımi səviyyədə inkişaf etdirməyi və layiqincə dəyərləndirməyi tövsiyə edərdim.
-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?
- Gənc alimin gələcək plan və fəaliyyəti Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası naminə səy və mübarizədən ibarət olmalıdır. Təbii ki, mən də tədqiq etdiyim elm sahəsində yeni metodları tətbiq etməklə Azərbaycanda Herontologiya elminin inkişafı üçün əzmkarlıqla çalışmalıyam. Bu sahənin inkişaf etdirilməsi və gənc alimlərin təkmilləşdirilməsi üçün xarici elmi tədqiqat mərkəzlərinə ezam olunması institut rəhbərliyinin də xüsusi diqqətindədir. Ümid edirəm ki, gənc nəslə diqqət və qayğı olan yerdə uğurlara doğru addımlamaq daha asan olacaq. Sonda isə bütünlükdə Azərbaycan gəncliyinə sağlam mühit və faydalı işgüzarlıq arzulayıram.
İlkin AĞAYEV
Palitra.-2015.-20 aprel.-S.