“Hüquqşünaslıq bizdə
qadınların fəaliyyət sahəsi kimi
qəbul olunmur, amma
belə deyil”
Şəlalə
Həsənova: “Arzu edərdim ki, xaricdə təhsil alan gənclərimiz,
hər şeyə rəğmən, Vətənə
dönsünlər, öyrəndiklərini burada tətbiq
etsinlər”
Şəlalə Şakir qızı Həsənova 1993-cü ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi əla qiymətlərlə bitirib, həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub, 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquqşünas ixtisasına yiyələnib.
O, Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru Bəhram Zahidovun dəvəti ilə AMEA-da əmək fəaliyyətinə başlayıb, əvvəlcə elmi işçi, sonra böyük elmi işçi kimi fəaliyyət göstərib. 1999-cu ildə Bakı Dövlət Universitetinin dissertanturasına qəbul olunaraq Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsi üzrə yetkinlik yaşına çatmayanların məsuliyyətdən azad edilməsinin problem məsələləri mövzusunda dissertasiya üzərində tədqiqatlar aparmış, 2005-ci ildə bu mövzu üzrə müdafiə edərək, hüquq elmləri namizədi (hüquq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsinə layiq görülüb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsində əvvəlcə elmi işçi, 2008-ci ildən isə həmin şöbənin böyük elmi işçisi kimi fəaliyyət göstərir. Şəlalə Həsənova eyni zamanda 16 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğul olur.
Şəlalə Həsənovanın hüquq elminin aktual probleminə həsr olunan çoxsaylı məqalə və tədqiqatları Azərbaycanla yanaşı, Rusiya, Ukrayna və s. xarici dövlətlərin nüfuzlu elmi jurnallarında nəşr olunub. O, bir monoqrafiyanın müəllifidir, növbəti monoqrafiyası yekunlaşmaq üzrədir, hazırda isə iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri (nəzəriyyə və praktika) mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Bu yaxınlarda isə o, Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqına üzv seçilib. Ş.Həsənova təşkilata hüquq elmləri doktoru, professor, Kriminalistlər və Kriminoloqlar İttifaqının Azərbaycan nümayəndəliyinin sədri İsaxan Vəliyevin tövsiyəsi ilə üzv seçilib.
- Öncə təhsil
aldığınız və elmi fəaliyyət
göstərdiyiniz sahə ilə bağlı məlumat verərdinizmi?
- Təhsil aldığım sahə mənim ən çox sevdiyim sahədir. Baxmayaraq ki, hüquqşünaslıq bizdə qadınların fəaliyyət sahəsi kimi bir o qədər də qəbul olunmur, həqiqətdə bu, belə deyil. Mən də belə düşünmürəm. “Aslanın erkəyi, dişisi olmaz” deyərlər. Qadınlar və kişilər arasında gender bərabərliyi var. Hər bir sahədə xanımlarımızın təmsil olunması gözəl haldır. Təqdirəlayiq haldır ki, ilk Ombudsman da xanımlar arasından Elmira xanım Süleymanova seçildi və bu xanımın gördüyü işlər göz önündədir. Bu baxımdan, bizim hüquqşünaslıq sahəsində də qadınların yetərincə təmsil olunması olduqca mütərəqqi haldır.
-
İxtisasınızın ölkəmiz üçün
aktuallığını necə ifadə edərdiniz?
- Təhsil aldığım və yiyələndiyim hüquqşünaslıq ixtisasının Azərbaycan üçün aktuallığı danılmazdır. Əvvəla, qanunları, hüquq və vəzifələrimizi bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. İkincisi, qanunlarımız olmasa, savadlı hüquqşünaslar, cinayətkarlıqla mübarizə aparan qanunların keşiyində duran orqan işçiləri olmasa, cinayətkarlıq baş alıb gedər.
- İxtisasınız yönündə Azərbaycan təhsilində və elmində hansı islahatların aparılmasının məqsədəuyğun olduğunu düşünürsünüz?
- Qeyd edə bilərəm ki, ixtisasım yönündə Azərbaycan təhsilində
müəyyən islahatların aparılmasının zəruri
olduğunu düşünürəm. Baxmayaraq ki, özüm Bakı Dövlət Universitetinin Hüquq
fakültəsini bitirmişəm, amma uzun illər bir çox özəl universitetlərin Hüquq fakültələrində dərs
demişəm. Bunların sırasında Naxçıvan
Universiteti, Qərb Universiteti, Qafqaz Universitetinin adlarını
çəkmək olar. Hüquqşünaslığa axının çox
olduğunu hesab edərək, özəl universitetlərdən Hüquq
fakültələrini yığışdırdılar.
Mənim
fikrimcə, hamısına
olmasa da, bəzi universitetlərə
bu ixtisasın qaytarılması daha məqsədəuyğun olardı.
Şəxsən mənim Qafqaz
Universitetində çox
savadlı tələbələrim
olub. Çox yox, bir tələbəmin adını
çəkmək istərdim
- İsrail İmamlı.
Qafqaz Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirən
kimi, sənədlərini
həm Bakı Dövlət Universitetinə,
həm də Dövlət İdarəçilik
Akademiyasına verdi, birində magistr, digərində ikinci ali təhsil
kimi Hüquq fakültəsini oxudu.
- Xaricdə təhsil alan tələbələrimizə
nələri tövsiyə
edərdiniz?
- Bu gün dövlətimizin savadlı, gələcəkdə
dövlətimizi hərtərəfli
təmsil edə biləcək gənclərə
ehtiyacı var. Xaricdə
təhsil alan
gənclərimizə və
elmi tədqiqatçılarımıza
tövsiyə edərdim
ki, təhsillərini uğurla başa çatdırıb, Vətənlərinə
qayıtsınlar. Bəzən əməkhaqlarının
azlığından gileylənib,
elə orada da karyera qururlar.
Mən çox istərdim ki, hər şeyə rəğmən Vətənə
dönsünlər, öyrəndiklərini
buradakı iş həyatlarında tətbiq
etsinlər. Çox savadlı bir
rəfiqəm Almaniyaya
dissertantura oxumağa getdi və orada
da qaldı.
- Son dövrlərdə
gənc alimlərə
diqqət və qayğı artıb. Bu baxımdan nələri
deyərdiniz?
- Bəli,
dövlətimiz gənc
alimlərin fəaliyyətinin
stimullaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. Həmçinin AMEA-da çalışan
gənc alimlərə
diqqət və qayğıya görə institutumuzun direktoru, şəxsiyyətinə və
elmi təfəkkürünə
dərin hörmət
bəslədiyim fəlsəfə
elmləri doktoru,
professor İlham Məmmədzadəyə
də dərin təşəkkürümü bildirirəm. Gənclər, hər birimiz çalışmalıyıq ki,
bizi beynəlxalq arenada daha da
yaxından tanısınlar.
- Gələcək
planlarınızla bağlı
nələri bölüşərdiniz?
- Gələcək işlərimlə
bağlı deyə bilərəm ki, doktorluq dissertasiyası üzərində işləyirəm.
İnşallah, yekunlaşdırıb müdafiə etmək, hüquq elmləri doktoru elmi dərəcəsini
almağı qarşıma
məqsəd qoymuşam.
Bundan başqa, durmadan öz üzərimdə işləmək, yeni məqalələr, kitablar
yazıb çap etdirməyi düşünürəm.
Baxmayaraq ki, ixtisasca hüquqşünasam,
məktəb illərindən
bu yana
həvəskar şeirlər
də yazıram. İş yoldaşlarımın
təkidi ilə bu il “Qəlbimin şəlaləsindən
qaynaqlanan şeirlərim”
adlı şeirlər
toplum da kitab şəklində çap olundu. Elmi fəaliyyətlə yanaşı,
bu fəaliyyətimi də davam etdirməyi
düşünürəm. Tərəzi
bürcündənəm və
təbiətcə çox
romantik insanam, şeiri, şeiriyyəti çox sevirəm. Poeziya demək olar ki, həyatımın mühüm hissəsini təşkil edir. “Ot kökü
üstə bitər” deyirlər. Babam Rəfi müəllim
tanınmış ədəbiyyatçı,
məktəb direktoru olub, bibim Rüdabə
müəllimə ədəbiyyat
müəlliməsidir, bəlkə
də bu irsidir, bəlkə də Allah vergisidir. Deməzdim ki, çox gözəl yazıram, qeyd etdiyim kimi
ədəbiyyatçı yox,
hüquqşünasam, əsas
odur, heç kimi təkrarlamıram.
Şeirdə özüməm, özüm kimi yazıram, ürəyimdən
axıb gələnləri
qələmə alıram.
Adım kimi qəlbimdə də şəlalə çağlayır
çılğın, səs
küylü… Bakı Dövlət
Universitetində təhsil
aldığım illərdə
tələbə yoldaşlarımı
tez-tez başıma yığıb tanınmış
şairlərin şeirlərindən
deyirdim. Bir gün mühazirələrin
birində Hüquq fakültəsinin dekan müavini Alış Qasımov içəri daxil oldu, şairlərlə
universitetin akt zalında görüş,
konsert proqramı olacağını, kimin yaxşı intonasiya ilə şeir deyə biləcəyini soruşdu, tələbə
yoldaşlarım bir ağızdan “Şəlalə”
dedilər. Öncə tərəddüd etdim, böyük zal, şairlər, qonaqlar mənə qəribə gəldi, sonra qəbul etdim. Cabir Novruz, aktyor Əlabbas Qədirovun, bir çox qonaqların dəfələrlə
gəlişində şeirlər
söyləyər, alqışlarla
qarşılanardım. Bu istedadımı
görən elmi rəhbərim, böyük
alim, gözəl insan, hüquq elmləri doktoru, professor Firudin Səməndərov
mənə artıq “Şəlalə xanım”
yox, “şairə xanım” deməyə başladı.
İlkin AĞAYEV
Palitra.-2015.-23 may.-S.11.