“Özəl sektorun təhsildə payının artırılması dinamik inkişafa gətirib çıxara bilər”

 

Əbdül Əliyev: “Elm və təhsil sahəsində layihələrin həm dövlət, həm QHT, həm də fərdi icrasını asanlaşdıran prosedurlar olmalıdır”

Layihə çərçivəsində Çex-Azərbaycan İctimai Birliyinin (Cesko-Azerbajdzansky Spolek) sədri Əbdül Əliyevlə müsahibəni təqdim edirik.

-Azərbaycan alimləri Çexiyada necə tanınır?

-Birliyin məqsədlərindən biri də Çexiyanın aparıcı universitetləri və tədqiqat mərkəzlərinin Azərbaycanın analoji strukturları ilə əməkdaşlığına nail olmaq, mədəni, siyasiiqtisadi sahələrdə müxtəlif tədbirlər keçirməkdir. Bildirmək istərdim ki, çox sevindirici bir haldır ki, Çexiya universitetlerində gənc azərbaycanlı alimlərə rast gəlmək olar. Həmçinin Çarlz Universitetinin nəzdindəki Azərbaycan və Xəzər araşdırmaları Mərkəzi bu istiqamətdə işlər aparır. Ən böyük rol isə bu istiqamətdə Azərbaycan Respublikasının Çexiya Respublikasandakı səfirliyinə aiddir. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyeva öz təşəkkürümü bildirmək istərdim, çünki bütün sahələrdə olduğu kimi, bu sahədə də bizə daim dəstək oluröz köməkliyini əsirgəmir. Səfirlik mütəmadi olaraq iki dövlət arasında hər növ əlaqələrin dərinləşməsində işlər aparır. Konfranslar, dəyirmi masalar təşkil edir. Misal üçün Prezident yanında Bilik Fondu Praqa şəhərində “Azərbaycanın geologiya elmimövzusunda dəyirmi masa təşkil edib. Tədbir zamanı azərbaycanlı alimlər geologiya elmində qazandıqları bir sıra nailiyyətlər haqda məlumatlar verib, bu sahədə çex alimlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün müzakirələr aparılıb.

-Çexiyadakı tələbələrimizin həmrəyliyi hansı səviyyədədir?

-Hər yerdə olduğu kimi, Çexiyada da bəzi gənclər fəallıqları ilə seçilir, digərləri isə heç bir tədbirə qatılmırlar. Amma bir təşkilat sədri olaraq bildirmək istərdim ki, əksər gənclərimizin vətənpərvərlik və həmrəylik hisləri yüksəkdir. Biz mütəmadi olaraq görüşlər keçirərək müzakirələr aparırıq, milli bayramlarımızı təntənəli şəkildə qeyd edirik. Qeyd etmək istərdim ki, birgə həyata keçirdiyimiz işlər tələbələrimizin tanış olması, bir-birinə yardım göstərməsi və həmrəy olmasına gətirir. Misal kimi cari ilin fevralında Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçirdiyimiz aksiyanı göstərmək istərdim. O zaman Birliyimiz tərəfindən Praqa şəhərinin mərkəzi küçələrinə 100-ə yaxın insanın xüsusi hazırlanmış geyimlərdə yürüşü təşkil olunub. Yerli əhalinin Xocalı faciəsi barədə məlumatlandırılması, soyqırımı barədə məlumat əks olunmuş plakatlarla təchiz edilmiş 20 avtomaşının Çexiyadakı mühüm dövlət orqanları və Ermənistan səfirliyi qarşısından keçməsi təşkil olunub. Aksiyada təşkilat üzvləri ilə bərabər bir çox gənc azərbaycanlı və onların xarici tələbə yoldaşları da iştirak ediblər. Həmin tədbirin Çexiyadakı azərbaycanlı gənclərin həmrəyliyinə və vətənpərvərlik hislərinin artmasına səbəb olub. Bu barədə mətbuatda və “YouTubeda məlumatlar yerləşdirilib.

-Azərbaycanın tanınması istiqamətində hansı işlər görürsüz?

-Çex-Azərbaycan İctimai Birliyi öz fəaliyyəti ilə iki millət arasında dialoqun inkişafı və bütün sahələr üzrə faydalı əlaqələrin qurulmasına işlər aparır. Çex-Azərbaycan İctimai Birliyi Çexiyada daimi yaşayan, eləcə də təhsil alanya müxtəlif sahələrdə çalışan azərbaycanlılardan və onlara yardım edən xarici vətandaşlardan formalaşıb. Ona görə də biz bütün istiqamətlərdə təbliğat aparmağa çalışırıq. Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırırıq. Universitetlərdə tələbələrimiz daima Azərbaycanla bağlı təqdimatlar hazırlayır, müxtəlif konfranslar təşkil edirlər. Həmçinin müxtəlif sərgilərdə iştirak edərək Azərbaycanın tanınması istiqamətində işlər aparırıq. Misal üçün, Çarlz Universitetinin nəzdində Təhlükəsizlik Siyasəti Mərkəzi (Center for Security Policy CESES) ilə birgə “Azərbaycanın Təhlükəsizlik Siyasəti Regionda SabitlikSülhün əsas faktoru kimi” adlı konfrans təşkil olunub. Bu konfransda tanınmış alimlər, siyasətçilər, ekspertlər və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertləri də iştirak edib, mühazirələr oxuyublar. Azərbaycanın tanınması istiqamətində bir çox layihəmiz var, yaxın gələcəkdə qrand proqlamlarına müraciət etmək niyyətindəyik. Daha bir layihəmiz may ayının 10-da keçirilib. Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyi və Çex-Azərbaycan Ticarət palatasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri keçirilib. Yarışda 10-dan artıq ölkənin nümayəndələri iştirak ediblər. Sevindirici haldır ki, çexlərlə yanaşı digər ölkələrin vətəndaşları da yarışa böyük maraq göstəriblər. İnsanların bu turnirə bu cür böyük marağını və istəyini nəzərə alaraq qərara gəldik ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri ənənəvi xarakter alsın və hər il keçirilsin.

Eyni zamanda Azərbaycanın tanınması istiqamətində burada fəaliyyət göstərən təşkilatlarla sıx əməkdaşlıq edirik. Onların arasında Çexiya-Azərbaycan ticarət palatası və Azərbaycan Tələbə Şəbəkəsi təşkilatlarını xüsusi qeyd etmək istərdim.

-Azərbaycanlı gənclər elmi bilikləri, ümumiyyətlə, dünyagörüşlərinə görə digər ölkələrin gənclərindən nə dərəcədə fəqlənirlər?

-Bizim gəncləri fərqləndirən əsas cəhəti harada təhsil almasından asılı olmayaraq milli adət-ənənələrimizi qoruyub saxlamasında görürəm. Bizim gənclərin əksəriyyəti Azərbaycanda təhsil aldıqdan sonra təhsillərini davam etdirmək üçün xaricə gedirlərsə və orada müəyyən uğurlara nail olurlarsa, deməli, hər nə qədər fərqli tərəfləri olsa da, oxşargüclü tərəfləri də var. Biz həm sovet təhsilini, həm də Qərb təhsilini fərqləndirə, hər ikisinin üstün tərəflərini görüb-götürə bilirik. Xaricdə təhsil almağa ölkənin elə gəncləri gedir ki, onlar həqiqətən həyatlarında hansısa ciddi uğurlara malikdir. Bu konteksdə onlar elmə qarşı daha zəhmətkeş, daha seçicidirlər. Burda hər hansı dərəcə yoxdur, sadəcə bizim gənclərin bir çox sahələrdə üstünlükləri var....

-Elm və təhsilin inkişafı üçün hansı addımların atılmasına ehtiyac var?

-Hesab edirəm ki, təhsil sahəsində dövlət-özəl əməkdaşlığının artırılmasına ehtiyac var. Həm orta məktəb, həm peşə məktəbləri və həm də ali məktəb səviyyəsində. Təhsil üçün dövlət-özəl əməkdaşlığı sahəsində bəzi ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac duyulduğunu hesab edirəm. Ümumiyyətlə isə ölkəmizin təhsil sahəsinin inkişafında Finlandiya təcrübəsindən yararlanmaq olar ki, bu təcrübə özünü yüksək şəkildə doğruldub. Hal-hazırda Azərbaycanda özəl sektorun təhsildə payı 1 faizdən azdır, amma bunun artırılması, fikrimcə, müsbət dinamik inkişafa gətirib çıxara bilər. Çünki, adətən yeni innovativ biliklərin, nou-xaonun özəl sektor tərəfindən gətirildiyini və tətbiq edildiyini görürük. Təhsil sahəsinə birbaşa xarici investisiyaların yatırılması mühümdür. Elm və təhsil bir yandan dövlətin maliyyəsini almalı olduğu halda (çünki elə sahələr var ki, biznes sektorunun o qədər də marağında deyil, onu inkişaf etdirmək və gəlir əldə etmək, xüsusilə də müvafiq infrastrukturhüquqi baza nisbətən zəif olduqda), digər tərəfdən də biznes sektorunun inkişafı naminə proyektlərin hazırlanmasına yönəlməlidir. Elm və təhsil sahəsində layihələrin həm dövlət, həm QHT, həm də fərdi özəl icrasını asanlaşdıran prosedurlar olmalıdır. Ali təhsil sahəsində universitetlərin maddi-texniki bazasını gücləndirmək, daha funksional kitabxanalar yaratmaq, dərsliklərin hazırlanmasına, elektron təhsilin inkişaf etdirilməsinə dəstək vermək lazımdır. Univerisitetlərimiz xarici universitetlərlə mübadilə proqramlarının artırılmasında daha da aktiv olmalıdır. Tez-tez elmi konfranssimpoziumlar təşkil edilməli və nəticədə elmi monoqrafiyaların nəşrini həyata keçirtmək zəruridir. Ölkəmizə tanınmış yüksək səviyyəli və bilikli insanlar təşrif buyurduqda onlardan universitetlərimizin bazasında açıq dərs (public lecture) verilməsi rica edilməlidir ki, bu, dünyanın bütün tanınmış universitetlərində tətbiq edilməkdədir. Ümumiyyətlə, bu sahələrdə xaricdə təhsil alan gənclərimizin də təcrübələrindən istifadə etmək olar. Əlbəttə ki, digərlərinə örnək olmaq üçün gənclərimizi motivasiya etmək, ruhlandırmaq və onlara dəstək olmaq zəruridir.

- Perspektivdə hansı işləriniz gözlənilir?

-Azərbaycanın incəsənət, elmictimai xadimlərinin seminarlarda, qruplarında, beynəlxalq forum və tədbirlərdə, konfranslarda iştirakını təşkil etmək niyyətindəyik. Hazırda Çexiya və Azərbaycanla bağlı olan görkəmli insanların siyahısının tərtibatı üzərində işləyirik, tezliklə ilk nəticələrin açıqlanması nəzərdə tutulub. Azərbaycanın müasir incəsənət sərgilərinin Praqanın tanınmış mərkəzlərində təşkilinə köməklik göstərəcəyik.

Yekunda bəyan etmək istərdim ki, bizim təşkilatın məqsədi Avropada Azərbaycan diasporunun güclənməsinə və inkişafına yardım etməkdir. Biz Çexiya Respublikasında apardığımız tədqiqat, bilik əsasında bu cəmiyyətin reallıqlarını nəzərə alaraq öz prinsiplərimizi aparırıq.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-26 may.-S.13.