12 illik təhsilə keçid nə vəd edir?
Layihə çərçivəsində növbəti müzakirə mövzumuz 12 illik təhsil, bu sahədə mövcud vəziyyət və həlli vacib məsələlərdir. Bugünlərdə əsas müzakirə mövzularından biri də 12 illik təhsilə keçidlə bağlıdır. Qeyd edək ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulub. Həmçinin cari ilin yanvarında Dövlət Strategiyasının Fəaliyyət Planı hazırlanıb. Bu yaxınlarda keçirilən Dünya Təhsil Forumunda da 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklarasiya layihəsində bir daha öz əksini və təsdiqini tapıb.
Təhsil naziri Mikayıl Cabbarov da bildirib ki, 12 illik təhsil sisteminə keçid məsələsi də Dövlət Strategiyasının ən vacib sütunlardan biridir: “Lakin burada bir neçə mühüm məqam nəzərə alınmalıdır. Birincisi, 12 illik təhsilə özlüyündə məqsəd kimi baxılmır və baxılmamalıdır. 12 illik təhsilə keçid bir vasitədir. Azərbaycanın təhsil sisteminin əmək bazarı üçün dövlətin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə rəqabət davamlılığının artırılması üçün bizim şagirdləri, gənc nəsli və vətəndaşları daha rəqabətli və daha yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırmaq və onların gələcək həyatı üçün daha yaxşı alətlər, bilik və bacarıqlar vermək lazımdır. Həmçinin, ümumilikdə sosial-iqtisadi inkişaf məqsədlərinə xidmət edən vətəndaşları formalaşdırmaqdır. Bu məqsədlərə nail olmaq üçün ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, onun müasir dünya standartları səviyyəsinə çatdırılması və həm təhsilin məzmunu, həm təhsilin metodikası, ümumi təhsil sisteminin təşkili nöqteyi-nəzərdən addımların həyata keçirilməsidir. 12 illik təhsilə keçidə məhz bu prizmadan baxılmalıdır. Sadəcə olaraq, məktəbdə oxunulan illərin sayına mexaniki bir keçid kimi baxmaq və bunu təqdim etmək kifayət qədər sadələşdirilmiş bir yanaşma ola bilərdi. Məhz bu məqsədlər-keçiddən gözlədiyimiz nəticələrə nail olmaq məqsədilə hazırda Təhsil Nazirliyi tərəfindən hazırlıq işi, ekspertlərlə məsləhətləşmə, digər dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri öyrənilir”. nazir də, qeyd edib ki, 12 illik təhsil sisteminə keçidə sadəcə, mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Azərbaycanda 12 illik təhsilə keçid daha vacib, mühüm bir məsələdir və ciddi müzakirələrin olunmasını tələb edir. Bu baxımdan biz də təhsil işçilərinin 12 illik təhsilə keçidlə bağlı fikirlərini öyrəndik.
Südabə Səfixanova:
“12 illik təhsilə keçidin
uğurlu olacağına əminəm”
Təhsil anlayışına müxtəlif təriflər, izahatlar, şərhlər verildiyini deyən 132-134 saylı Təhsil kompleksinin ibtidai sinif müəllimi Südabə Səfixanova bildirdi ki, təhsil - insanların keçmişini, bu gününü və gələcəyini bütöv halında birləşdirən, insan inkişafının əsası və birinci göstəricisi olan mükəmməl vasitədir: “Təhsilin inkişafında təhsil sistemlərinin aparıcı rolu var. Dünyada müxtəlif təhsil sistemləri var və bunların da özünəməxsus xüsusiyyətləri, qayda-qanunları var. Təhsil naziri Mikayıl Cabbarov 12 illik təhsil sistemi haqqında mətbuata açıqlamasında da təhsil sistemindəki bu modelin artıq dünya ölkələrində çoxdan tətbiq olunduğunu bildirib. Belə ki, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir”. S.Səfixanova deyir ki, hər zamanın öz hökmü olduğu üçün dünyada təhsilin də standartları dəyişir: “Vaxt vardı standartlar geniş deyildi və müvafiq müddət nəzərdə tutulmuşdu. İndi isə dünyanın, az qala, yarıdan çoxu 12 illik təhsil sisteminə keçib. Bizim təhsil sistemini də bu modelə uyğunlaşdırmaq istəyirlər. Hesab edirəm 12 illik təhsilə keçid düzgündür və gec-tez öz yerini tapacaq. Bir məsələ var ki, dərsliklərin çoxu dəyişikliyə məruz qalmalıdır. Bu, ən azı yuxarı sinif dərsliklərinə aiddir. 12 illik təhsilə keçid heç nədən asılı olmayaraq onsuz da baş verəcək və bu addımın uğurlu olacağına əminəm”.
Pəri
Qasımova:
“Təhsilin 12
illiyə keçməsi üçün,
gərək tədris planları, dərsliklər, müəllim
kadrları hazırlansın”
Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Pəri Qasımova isə bildirdi ki, 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul edilib və bu ilin yanvarında Dövlət Strategiyasının Fəaliyyət Planı hazırlanıb: “Bu sənəd təhsilin bütün pillələri üzrə növbəti illərdə hansı işlərin görülməsini bizlərə göstərir. Mən bir təhsil işçisi olaraq nazir Mikayıl Cabbarovun bu məsələlərlə bağlı fikirlərini dəstəkləyirəm. Bu addımlar bizim təhsilimizə müsbət töhfələrini verəcək. Təhsilin 12 illiyə keçməsi təhsilin keyfiyyətinə təsir etməsi üçün, gərək tədris planları, dərsliklər, müəllim kadrları hazırlansın. Bu təhsil sisteminə keçid məsələsi Dövlət Strategiyasının ən vacib sütunlarından biridir. Ona görə də bu, birdəfəlik addım kimi deyil, tədricən həyata keçirilməlidir. Hesab edirəm ki, bu, çox düzgün atılmış addımdır. 12 illik təhsilin bir üstünlüyü də ondan ibarətdir ki, oğlanlar artıq 17 yaşında yox, 18 yaşında orta məktəbi bitirəcəklər. Bu da o deməkdir ki, məktəbi 18 yaşda bitirmiş oğlanların hərbi xidmətdə həm psixoloji, həm də fiziki baxımından qulluq etməsi üçün müsbət şərait yaranacaq”.
Könül Əliyeva:
“Məncə, bu addım paralel olaraq dərsliklərin yeni
nəşri ilə bir yerdə
atılmalıdır”
Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Könül Əliyeva bildirdi ki, 12 illik təhsilə keçidə 2 mövqedən yanaşır: “Məncə, bu normal qərardır. İstərdim ki, ilk olaraq bu hazırlıq ili bağçalarda keçirilsin, onlar məktəbə gələndə sinif sistemi və rejimi ilə elə orada tanış olardılar.
Çünki əlavə bir il tez
gəlməkdənsə, beyinlərinə güc
verməmək üçün
hazırlıq sistemi bağçada,
məktəbəqədər qrup üçün həyata keçirilərdi. Bir çox bağçada bu qruplar olsa da,
tam mükəmməl şəkildə həyata
keçirilmir. Yəni məktəb
müəllimləri bağçalarda
ayrılmış qruplara gedərək orada dərsləri keçsəydi,
uşaqların adaptasiya olunmasına daha yaxşı şərait yaratmaq
olar. Əgər bu, orta məktəbdə bas tutarsa, onlara daha çox əmək
qabiliyyəti, peşə qabiliyyəti öyrədilərsə,
daha yaxşı effekti
olar. Çünki
hazırlıqlarda ilk gündən müəllimlər
hərfləri öyrədir, çalışırlar ki, öz işlərini rahat etsinlər. Sonuncu
sinifdə isə ancaq hazırlıq olsa daha yaxşı
olardı. Yalnız uşaqların seçdiyi
sahələrə görə dərsliklər bizim
yaralı yerimizdir. Sonuncu
siniflərdə dərsliklər ancaq
uşaqların ixtisaslaşmaya yönəlməsinə
görə tərtib olunarsa gözəl olar. Məsələn, bizə daha
çox tətbiq öyrədilərsə,
nəzəriyyə isə ali məktəblərdə
tədris olunsa çox
yaxşı olar. Biz fizikadan qanunları keçirik,
tərifləri öyrənirik, amma
lazım olduqda isə bir
naqili birləşdirə bilmirik.
Yaxud biologiyadan
insanı keçirik, ancaq
lazım gəldikdə iynə vura bilmirik. Dərsliklər sadələşməlidir,
ancaq tətbiqə əsaslanan
tapşırıqlar və məlumatlar verilməlidir.
Hazırlıq daha çox
uşaqların maraq dairəsinə uyğun olaraq əyləncəli
və düşündürücü
tapşırıqlarla əhatələnməlidir. Məncə,
bu addım paralel olaraq dərsliklərin yeni
nəşri ilə bir yerdə
atılmalıdır. Dərsliklər tamamilə yenidən
işlənməlidir”.
Nigar Abdullayeva
Palitra.-2015.-27 may.-S.11.