Sərraf Balaxan:
“Bakı 2015” tarixdə ən gözəl Oyunlar
kimi qalacaq”
Birinci Avropa
Oyunlarının başlanmasına sayılı günlər
qalır. Artıq əminliklə demək olar
ki, ilin mühüm idman
yarışlarının təşkilinə yüksək
hazırlıq prosesindən sonra Azərbaycan
idmançı və turist “ordu”sunu uğurla
qəbul edəcək. Bu Oyunların
ölkəmizdə keçirilməsinin əhəmiyyəti
haqqında müxtəlif insanların fikirlərini dərc etmişik.
Oyunların ölkəmizə verəcəyi xeyirlərdən danışan Avropa Oyunlarının məşəlçisi və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin əməkdaşı
Sərraf Balaxan da yaxın günlərdə Bakıda baş tutacaq Avropa Oyunlarının açılış mərasimində möhtəşəm göstərilərin olacağına əmin olduğunu düşünür:
“I Avropa Oyunlarının Təşkilat Komitəsində həm ölkəmizdə, həm də dünyada tanınan və öz işinin ustası olan təcrübəli insanlar yer alıb. Dövlət qurumları nümayəndələrinin, Milli Olimpiya Komitəsi üzvlərinin, idmançıların, ictimai sahədə fəaliyyət göstərən insanların cəmləşdiyi Təşkilat Komitəsinə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilk gündən təşkilati işlərin yüksək səviyyədə aparılması ilə müşayiət olunur. Bu sahədə böyük təşkilatçılıq təcrübəsi olan Mehriban xanım Əliyeva bir neçə il öncə "Eurovision" mahnı müsabiqəsinin də Təşkilat Komitəsinə rəhbərlik edib. Əminik ki, Avropa Olimpiya Komitəsinin ölkəmizə göstərdiyi etimadı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu Oyunlar Olimpiya Oyunlarının tarixində sadəcə, I Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl Oyunlar kimi qalacaqdır. Bunu bugünkü hazırlıqlardan və geridə qalan görülmüş işlərdən də müşahidə etmək olar. Təşkilatçılıq işlərinə təkcə yerli mütəxəssislərin deyil, xaricdən təcrübəli insanların dəvət olunması da çox önəmlidir. Zamanında bu addımları atan Təşkilat Komitəsi artıq Oyunların başlanmasına sayılı günlərin qaldığı bir vaxtda demək olar ki, işlərin böyük bir hissəsini tamamlayıb. Hazırda Azərbaycanın idman infrastrukturu I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Təşkilat Komitəsi Oyunların daha yaxşı təşkil olunması üçün könüllülərin də xidmətindən istifadə etməkdədir. Sayı 10 mindən çox olan könüllülər təkcə kütləvi tədbirlərlə bağlı deyil, həm də ölkəmizə gələn idmançılarla fərdi iş sahəsində də təlimatlandırılıblar. Təşkilat Komitəsinin bu addımı Azərbaycan gəncləri arasında könüllülük hərəkatının daha böyük vüsət almasına səbəb olub”.
Sərraf Balaxan deyir ki, Oyunlar
zamanı əlil insanlar üçün
də yüksək şərait yaradılacaq: “Bir məsələyə də diqqətinizi
çəkmək istərdim ki, Təşkilat
Komitəsi idman zallarına giriş üçün bütün sosial qruplara, əlil insanlarımıza belə xüsusi imkanlar
yaradıb. Avropa Oyunları üçün inşa edilmiş arenalarda əlil
və ya fiziki qüsurlu şəxslərin girişi
üçün bütün
lazımi vasitələr olacaq. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi
ərazilərin ayrılmasından tutmuş,
onlara kömək etmək üçün
xüsusi olaraq təlimatlandırılmış
heyətlərə qədər bütün
xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək
səviyyədə təşkil olunacaqdır”.
Tural Tağıyev
Palitra.-2015.-30 may.-S.6.