Xaricdə təhsil problemləri
Dosent İlham
Əhmədov: “Dövlət proqramı xətti ilə gənclərin
xaricdə təhsil alması 8 ildir ki, uğurla həyata
keçirilir və artıq minlərlə gənc bu proqram
çərçivəsində təhsil alıb ölkəmizə
qayıdıblar”
Bu gün dünyada təhsilin rolu durmadan artır. İnnovasion
inkişaf yolunu tutan ölkələrin təcrübəsi
göstərir ki, iqtisadi inkişafın özülünü
elm və təhsilə qoyulan investisiyalar təşkil edir.
Sivil dünyada ayrı-ayrı fərdlərin
karyera inkişafı da onların bilik səviyyəsindən,
oxuduğu universitetin nüfuzundan daha çox
asılıdır. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda ADPU-nun “İKT, Monitorinq və Qiymətləndirmə
Mərkəzi”nin direktoru, dosent İlham
Əhmədovun bu məsələlərlə bağlı
fikirlərini təqdim edirik:
-Hər
bir gənc daha keyfiyyətli təhsil almağa, daha nüfuzlu
universitet məzunu olmağa can atır. Belə
nüfuzlu universitetlər isə qlobal reytinq cədvəllərində
yüksək yer tutan universitetlərdir. Bu səbəblərdən
bəzən gənclərimiz ali təhsil
almaq üçün xarici universitetlərə üz tuturlar. Amma seçim bəzi hallarda düzgün olmur.
Dünyada gedən qloballasşma prosesləri
universitetlərdən də yan keçməyib. Bir çox tanınmış universitetlər xarici
ölkələrdən təhsil almağa gəlmiş tələbələrin
hesabına həm iqtisadi vəziyyətini
yaxşılaşdırır, həm də öz müsbət
imicini formalaşdırır, daha rəqabətədavamlı
universitet olaraq öz beynəlxalq reytinqini yüksəldirlər.
Əbəs yerə deyil ki, universitetlərin qlobal reytiniqlərinin
müəyyən edilməsi prosesində burada təhsil alan əcnəbi tələbələrin
sayı mühüm əhəmiyyət kəsb edir. Bu amil
universitetlərarası rəqabətin güclənməsinə
, ölkələr arasında təhsil rəqabətinin
yaranmasına səbəb olur. Belə bir rəqabət
nəticəsində təhsil xidmətləri ixracı
genişlənir, ölkəyə əlavə valyuta
axınına şərait yaradır. Məsələn,
xaricdən gəlmiş yüz minlərlə gənc
ABŞ-ın müxtəlif universitetlərində təhsil
alır. Bu sıraya ABŞ-ın universitetlərində
distant təhsil alan on minlərlə əcnəbi
tələbələri də əlavə etsək görərik
ki, ABŞ universitetlərində bir milyondan çox əcnəbi
tələbə təhsil alır və bunun müqabilində
ölkəyə on milyardlarla dollar həcmində əlavə
vəsait daxil olur. Çin Xalq Respublikasında
ildə on milyondan artıq məktəbli məzun olur.
Bunlardan bir milyonu xarıcdə ali təhsil
almağa gedir, onlar əsasən ABŞ və Avropa universitetlərinə
qəbul olunurlar. Təbii ki, ÇXR universitetlərinə də
hər il on minlərlə əcnəbi tələbə qəbul
edilir ( onlar əsasən ingilis dilli təhsil
qruplarında oxuyurlar). Əcnəbi tələbələrin
universitetlərə cəlb edilməsi həm də bu ölkələrə
gənc, perspektivli, savadlı kadrların axınına,
onların diqqətlə seçilib perspektivdə bu gənclərin
potensiallarından səmərəli istifadə edilməsinə
şərait yaradır.
“Xarici universitetlərdə təhsil
almaq istəyən gənclər və onların valideynlərinin
müəyyən məsələlərə diqqət yetirməsi,
bu işə ciddi məsuliyyətlə yanaşması
vacibdir”
Beləliklə
“beyin axını” nəticəsində bu tələbələri
qəbul edən ölkələr daha istedadlıları
müəyyən stimullaşdırıcı təkliflərlə,
yüksək əmək haqqı və s. şərtlərlə
şirnikləndirirək yerli şirkətlərdə işləməyə
yönəldirlər. Nəticədə bu
ölkələrin insan kapitalı daha da güclənir.
Müvafiq olaraq bu tələbələrin gəldiyi
ölkələr gənc və perspektivli milli
kadrlarını itirərək, milli insan kapitalını daha
da zəiflədir, nəticə etibarı ilə öz
iqtisadiyyatlarının gələcək inkişafını
ləngidirlər. Hətta bəzi ölkələr
əcnəbi tələbələri öz universitetlərində
pulsuz təhsil almasına dəstək də verirlər.
Məsələn, son illər Almaniyada ali
təhsil həm yerli, həm də əcnəbi tələbələr
üçün pulsuzdur (əcnəbi tələbələr
alman dilindən və ümumtəhsil fənnlərindən
yüksək bilik nümayiş etdirdikləri halda). Bu addım Avropada olan demoqrafik problemlər fonunda digər
ölkələrdən perspektivli gənclərin bu regiona
axınını təmin edir.
-Bu məsələ
ilə bağlı ölkəmizdə olan vəziyyəti necə
dəyərləndirirsiniz?
- Son illər
bizim respublikamızdan da xeyli gənclər əcnəbi
universitetlərdə təhsil alırlar. Bunların
bir qismi 2007- ci ildən başlayaraq müvafiq dövlət
proqramı çərçivəsində təhsil
alırlar. Gənclərimizin digər qismi
isə öz təşəbbüsləri ilə müxtəlif
universitetlərə üz tuturlar. Bu zaman
müxtəlif gözlənilməz problemlər də yarana
bilir. Məsələn, bu yaxınlarda mətbuatda
yazılmışdı ki, Türkiyə universitetlərində
təhsil alan 3 nəfər azərbaycanlı
tələbə naməlum şəraitdə yoxa
çıxıb. Bu kimi neqativ halların
olması xaricdə təhsil məsələlərini cəmiyyət
olaraq diqqətdə saxlamağı bizdən tələb edir.
Dövlət proqramı xətti ilə gənclərin
xaricdə təhsil alması artıq 8 ildir ki, uğurla həyata
keçirilir və artıq minlərlə gənc bu proqram
çərçivəsində təhsil alıb ölkəmizə
qayıdıblar. 2016- cı ildən
başlayaraq bu istiqamətdə yeni dövlət
proqramının icrası nəzərdə tutulub. Bu proqram
çərçivəsində təhsil alma
şərtləri nazirliyin saytında ətraflı şərh
edilib. Dövlət proqramından kənar,
öz təşəbbüsü ilə xarici universitetlərdə
təhsil almaq istəyən gənclərin və onların
valideynlərinin müəyyən məsələlərə
diqqət yetirməsi, bu işə ciddi məsuliyyətlə
yanaşması vacibdir.
-Əsasən hansı məsələlərə diqqət
edilməlidir?
-Bunun
üçün bir neçə məsələyə diqqət
yetirmək lazımdır. Əvvəlcə hər
hansı gənc düşünməlidir ki, mənim xaricdə
təhsil almağa potensialım yetərlidirmi? Əgər
abituriyent 300 baldan aşağı bal
toplamışsa və seçdiyi ölkənin dilini
yaxşı bilmirsə, onun həmən ölkədə
universitet təhsili alması çətin olacaq, əbəs
yerə vaxtını və pulunu sərf etməsin. Bəzi şirkətlər imtahansız, yalnız
attestatla müxtəlif xarici universitetlərə tələbə
yollayırlar. Abituriyent bilməlidir ki, qəbul
prosedurasının imtahansız olması “ bu
universitetdə oxumaq asandır” mənasını verməməlidir.
Belə universitetlərin giriş qapısı
geniş, çıxış qapısı isə çox
dardır. Adətən bu universitetlərə
qəbul olan tələbələrin 20- 30 %-i 2-ci kursa
keçə bilmir, qəbul edilənlərin isə yalnız
50% -i diplom ala bilir. Ona görə də, bizim milli qiymətləndirmə
sistemində (TQDK-nın təşkil etdiyi imtahanlarında) 300
baldan az toplayan gəncin əcnəbi universitetlərdə təhsil
alması real deyil . Xaricdə
təhsil arzusunda olan gənclər məktəb illərində
ümumtəhsil fənlərini yaxşı mənimsəməklə
bərabər, lazımi xarici dili də dərindən öyrənməlidir,
çünki universitetdə həmən dildə mühazirə
dinləməli, referat yazmalı, fikrini sərbəst izah etməlidir.
Əgər universitetdə təhsil ingiliscə olacaqsa, əvvəlcədən
dil üzrə test imtahanı verilməli və müvafiq beynəlxalq
sertifikatlar (TOEFL, İELTS )
alınmalıdır. Bəzi hallarda xaricdə təhsil
almaq istəyən abituriyent orada hansı çətinliklərlə
rastlaşacağını da əvvəlcədən bilmir,
ölkəyə gedərkən də müəyyən
sıxıntılar keçirir. Yerli tələbələrdən
fərqli olaraq əcnəbi tələbə dil problemindən
əlavə, məişət tipli problemlərlə ( qidalanma- əcnəbi ölkənin mətbəxi
milli mətbəximizdən xeyli fərqləndiyi
üçün tələbələrin buna
uyğunlaşması çətin olur, paltarların
vaxtlı-vaxtında yuyulması, yataqxanada yerləşmək
problemi və s.) qarşılaşır. Bu tip problemlərin həlli
tələbənin vaxtını xeyli alır. Yerli
tələbələr öz ana dilində hər hansı
mühazirə materialını 1 saata öyrənə bilərsə,
bu dili zəif bilən əcnəbi tələbə bu
materialı ən azı 2-3 saata mənimsəyir. Digər
problem təhsil müddətində tələbənin hərbi
xidmətə çağırılmasıdır
. Bu yaxınlarda Milli Məclis müvafiq
dövlət proqramından kənar, öz təşəbbüsü
ilə xarici universitetlərdə oxuyan oğlan tələbələrin
hərbi xidmətə çağırılması ilə
bağlı qərar qəbul edib. Bu qərar xaricdə təhsil
alan oğlanlar üçün ciddi problemlər
yaradacaqdır, belə ki , hərbi xidmətdən
sonra xaricdə təhsili davam etdirmək sanki hər şeyi
yenidən başlamaq kimi çətin görünəcək
(xarici dil unudulacaq, elmi səviyyə aşağı
düşəcək vəs.). Məlum olduğu kimi, bu
gün bir sıra ölkələrdə hərbi, siyasi və
iqtisadi gərginliklər var. Belə bir şəraitdə 18
yaşlı gəncin bu tip ölkələrdə sərbəst
yaşayıb təhsil alması risklidir. Digər
tərəfdən bir sıra tanınmış xarici
universitetlər distant təhsil texnologiyası əsasında
bakalavr və magistr hazırlığı üzrə təhsil
proqramları reallaşdırırlar. Bu texnologiya əsasında
ali təhsil alınması xeyli ucuz, daha
keyfiyyətli və az risklidir. Hesab edirik ki,
xaricdə təhsil almaq arzusunda olan gənclərimiz bu
imkanlardan daha çox istifadə etməlidir. Başqa bir problem xaricdə təhsil nəticəsində
alınmış diplomun ölkəmizdə tanınması ilə
bağlıdır. Məlum olduğu kimi, Azərbaycan
Respublikasının bir sıra ölkələrlə ali təhsil sənədlərinin
tanınması haqqında saziş imzalamasına baxmayaraq,
diplomların tanınması prosesində süründürməçilik
və süni maneələrə hələ də rast gəlinir.
Xaricdə təhsil almaq arzusunda olan gənclərimiz öz gələcək
taleləri barədə qərar qəbul edərkən,
bütün bu amilləri nəzərə alsalar
, daha düzgün qərar qəbul edərlər.
Anar Miriyev
Palitra.-2015.-2 noyabr.-S.11.