“Məhz dərs dediyi şagirdlər hər bir müəllimi nüfuz sahibi edə bilər”

 

Sevil Qulubəyova: “Oxuya bilməyən uşaq yoxdur, oxuda bilməyən müəllim və valideyn var”

 

Qulubəyova Sevil Qulu qızı Naxçıvan Pedaqoji Teznikumunu 1968-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub,1980-ci ildə həmin universitetiPedaqogikapsixologiya” ixtisası üzrə tam kursu bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 29 sentyabr 1970-ci ildə uşaq bağçasında tərbiyəçi vəzifəsindən başlayıb, 18 yanvar 1985-ci ilə kimi bu vəzifədə işləyib.

18 yanvar 1985-ci ildən 02 oktyabr1985-ci ilə kimi Nizami rayon Təhsil Şöbəsində “Uşaq bağçaları üzrə metodist” vəzifəsində işləyib. 1985-ci ildən Nizami rayon 272 ¹-li orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Təhsillə bağlı çoxlu mükafatlara layiq görülüb. 46 ildir yüksək enerji ilə şagirdlərini öyrədir.

Onu da qeyd edək ki, Sevil Qulubəyova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ibtidai siniflər üzrə müqavilə ilə çalışan ekspertdir.

O, bizimlə layihə çərçivəsində müsahibəsində müəllimlik peşəsi ilə bağlı fikir və təəssüratlarını bölüşdü.

-Müəllimlik peşəsini necə qiymətləndirərdiniz?

- Tez-tez özümə sual verirəm: İşlədiyim illər ərzində peşəmin məsuliyyətini necə anlamışam? Məktəb, müəllim, müəllimlik peşəsi, şagird, valideyn mənim üçün nə deməkdir? Peşəm mənə nə verib? Nəyə nail olmaq istəmişəm? Sənətimlə bağlı həyata keçməyən arzum, muradım qalıbmı? Məktəb elə bir yerdir ki, hamının yolu oradan keçir.

“Müəllim unutmamalıdır ki, o,canlı varlıqla işləyən, şəxsiyyət formalaşdıran, şagirdlərinin gələcək taleyini yazan, xalqının alimini, yazıçısını, prezidentini, riyaziyyatçısını, memarını... yetişdirən bir şəxsdir! Müəllimin dərs dediyi şagird sehrli qıfıla bənzəyir və xüsusi açar tələb edir

Deməli, bütün xalqın yolu məktəbdən keçir. Məktəb pir kimi, ocaq kimi müqəddəs bir yer olduğu üçün ona təhsil ocağı deyirik. Bu ocaqda saxtakarlıq edənlər ulu Tanrı qarşısında günahkardırlar. Müəllim unutmamalıdır ki, o, canlı varlıqla işləyən, şəxsiyyət formalaşdıran, şagirdlərinin gələcək taleyini yazan, xalqının alimini, yazıçısını, prezidentini, riyaziyyatçısını, memarını... yetişdirən bir şəxsdir! Müəllimin dərs dediyi şagird sehrli qıfıla bənzəyir və xüsusi açar tələb edir. Sevinclə, həvəslə, təlaşla, ümidlə, maraqla onun qarşısında oturur. Öyrənməyə, sənə inanmağa, özünü sevdirməyə, səni sevməyə hazır olur.

-Müəllimlərin qiymətləndirilməsi meyarı barədə hansı fikirləriniz

var?

- Müəllim yadında saxlamalıdır ki, şagird gözü dünyanın ən dəqiq tərəzisidir. Bunun üçün də müəllim öz qiymətini şagirdlərindən soruşmalıdır. Məhz dərs dediyi şagirdlər hər bir müəllimi nüfuz sahibi edə də bilər, etməyə də. Sən səhv edə bilməzsən. Sənin düzəltdiyin əşya deyil ki, forma verə bilməyəndə bir tərəfə atıb yenisini düzəldəsən. Ehtiyatlı ol! Şagirdə verdiyin hər bilik daş üzərindəki yazı kimidir. Bu daşlarla şagird ucaldacağı ömür sarayının bünövrəsini qoyacaq. Və ya səhvin bumerlanqa çevriləcək...

-Şagirdlərlə işi necə qurmaq lazımdır? Bu barədə ən çox diqqət yetirilməli məqamları ümumilikdə necə ifadə edərdiniz?

- Ümumiyyətlə, şagirdə göstərdiyin hər münasibətin, verdiyin hər qiymətin arxasında, hələ bərkə-boşa düşməmiş bir ürək çırpınır. Bu ürəyin həyata, insanlara, məktəbə, müəllimə olan inamını qırmamalısan. Əgər sən ədalətli olmasan, şagirdlərin sənə qarşı hörmətsiz, dərs dediyin fənnə qarşı laqeyd olacaqlar. Onların qəlbi kobudlaşacaq, incə və gözəl hislərin yerini yavaş-yavaş nifrət və kin tutacaq. Şagird, ürəyində toplanmış və adını bilmədiyi bu hissi kimə və nəyə sərf edəcəyini bilməyəcək.Nəticədə şüşəni sındıracaq, partanı qıracaq, divarı cızıb, orada asılanları cırıb tökəcək.

Məhəmməd Peyğəmbər deyib:” Uşağı dünyaya gətirmək ona həyat vermək deyil, uşağa həyat vermək ona bilik verməkdir.” Ey müəllim, peşənin məsuliyyətini hiss et, uşaqlara həyat ver!

-Müəllimlik üçün hansı şəxsi keyfiyyətlər tələb olunur?

- Müəllimlik peşəsi həyatın bütün sahələrini əhatə edən peşə və sənətlərin öyrədicisi, təsvirəgəlməz bir peşədir! Xalqının gələcək taleyini yazanları, onu dünya dövlətlərində təmsil edənləri, şərəfinə bayraq qaldıranları, vətəni uğrunda qurban gedənləri yetişdirən bir peşədir! Fərqli bir istedad - ədalətlilik, şairanəlik, aktyorluq, dostluq, ana məhəbbəti, vətən yanğısı... sehrbazlıq tələb edən bir peşədir! Təkcə məktəbdə deyil, ailədə, xeyirdə-şərdə, qohum-qonşu arasında, hətta yol gedəndə belə özünü fərqləndirən bir peşədir.Müəllim olmağımla fəxr edirəm.

-Valideynlər uşaqları ilə bağlı hansı məqama diqqət

yetirməlidirlər?

- Valideyn şagirdi yedirdib, geyindirir. Əgər o, vəzifəsini bununla bitmiş hesab edəcəksə vay uşağın halına. Əgər o, müəllimi uşağının gözündə ucaltmayacaqsa, təlim prosesində müəllimə yardımçı olmayacaqsa, vay müəllimin halına. Ey atalar, analar siz necə olursunuzsa olun, məktəb , müəllim öz vəzifəsini yerinə yetirəcək. Hətta siz öz borcunuzdan imtina etsəniz belə, bunu uşaq evləri yerinə yetirəcək. Ancaq uşaq yenə təhsili müəllimdən alacaq.Övladınızın həyatında müəllimin böyük qüvvə olduğuna inanın onunla əli əl üstə qoyub, əlinizi şagirdin kürəyinə qoyun ki, o, uca zirvələri fəth edə bilsin. Yadda saxlayın ki, oxuya bilməyən uşaq yoxdur, oxuda bilməyən müəllim valideyn var. İpin bir ucu sizin əlinizdədir, gəlin bu ipi kəsməyin, ayağınızı məktəbdən üzməyin. Heç vaxt çalışmayın ki, övladlarınıza sizdən sonra var-dövlət, mal-mülk qalsın. Çalışın ki, onlara gözəl tərbiyə dərin bilik verəsiniz. Çünki var-dövlət odda yanar, suda batar, oğurlanar, müsadirə olunar, bir sözlə, övladınız onu itirə bilər. Amma bilik yonduqca yoğunlaşar, kəsdikcə uzanar, işlətdikcə artar. Yuxarıdakı təhlükələrin heç birindən biliyə zaval dəyməz. Bu gün müəllimlə əl-ələ verib övladınıza qazandıracağınız bilik, sabah sizdən sonra onun ən etibarlı dayağı olacaq.

Əziz müəllimlər, valideynlər, unutmayın ki, hər hansı bir xalqın yüksəlişi , məhvi onun təhsilindən asılıdır. Şagirdin qazandığı nüfuz müəllimin, müəllimin qazandığı nüfuz isə xalqındır. Gəlin təlim- tərbiyəmizlə, təhsilimizlə xalqımızın üzünü bir-birimizin yanında dünya xalqları qarşısında həmişə edək!

Bu illər ərzində minə yaxın şagirdə dərs demişəm. Fəxrlə, fərəhlə fikirləşirəm ki, sənətim məni ziyalı qədirbilən insanlar arasında çox böyük nüfuz sahibi edib. Məni ruhdan düşməyə qoymayan, sağlam saxlayan da qazandığım nüfuzdur. Peşəmlə fəxr edirəm! Bütün peşələrin müəllimi olan müəllimlik peşəsi mənə dərs demiş bütün müəllimlərimin ruhu qarşısında baş əyirəm.

 

İlkin AĞAYEV

Palitra.-2015.-3 noyabr.-S.11.