Əlağa Vahidin 120 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat
İnstitutunun Elektron akt zalında Əlağa Vahidin 120 illik
yubileyi münasibətilə elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin"Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” 18 mart 2015-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb,Azərbaycanda, eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanmış Əlağa Vahidin həyat və yaradıcılığı barədə ətraflı danışıb. Füzuli ənənələrinin davamçısı olan Vahidin müasir Azərbaycan ədəbiyyatındaqəzəljanrının görkəmli nümayəndəsi olduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki,şairin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir və onun qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir. Akademik İsa Həbibbəyli bildirib ki, gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib lirik şeirlər yazan Vahid sonradan qələmə aldığı satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Kommunist" qəzeti və "Molla Nəsrəddin" jurnalı ilə də əməkdaşlıq etmiş şairin Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəylibildirib ki, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəsti-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan Vahid sevilərək dillər əzbəri olub.
Sonra Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə elmər doktoru Mahirə Quliyevanın "Əlağa Vahidin poeziyası klassik ədəbiyyatın qovuşağında” və filologiya üzrə fəlsəfə doktoru Safura Quliyevanın "Çağdaş Azərbaycan poeziyasının qəzəlxanı” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Vahidin bədii yaradıcılığı, xüsusilə də poeziyasının özəllikləri barədə ətraflı məlumat verilib. Məruzələr ətrafında çıxışlarda şairin yaradıcılıq məziyyətlərindən söhbət açılıb.Qeyd edilib ki, dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub.
Tədbir boyu yubilyarın həyat və
yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilib.
Palitra.-2015.-4 noyabr.-S.7.