“Alimlərimiz öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verirlər”

 

Raqif Hüseynov: “Polşa alimləri Azərbaycana böyük sevgi, məhəbbət və diqqətlə yanaşırlar”

 

Layihə çərçivəsində Azərbaycan-Polşa Gənc Alimlər Assosiasiyasının rəhbəri Raqif Hüseynovla müsahibəni təqdim edirik

 

-Gənc alim kimi xaricdə elmi araşdırma aparmaq nə dərəcədə maraqlıdır?

-Ən qədim sivilizasiyalardan biri olan Azərbaycanda elmin zəngin tarixi və ənənələri var. Azərbaycan alimləri əsrlər boyu antik dünya elmi irsinin müasir Avropaya çatdırılmasında yaxından iştirak edərək, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanılması işinə dəyərli töhfələr verib, elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri dəyərli əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstəriblər. Bu gün Azərbaycanın iqtisadiyyat sektorunda olduğu kimi, elm, təhsil və mədəniyyət sahələrində də geniş inteqrasiya prosesləri müşahidə olunur. Dünyanın bir sıra ölkələri ilə elm və təhsil sahələrində əməkdaşlığımız möhkəmlənib, alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Müasir mərhələdə mövcud intellektual potensialın zənginləşdirilməsi ehtiyacı respublikamızdakı elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırıb. Xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına yiyələnmiş və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəmiş yüksək hazırlıqlı mütəxəssislərə olan tələbatın ödənilməsi zərurəti artıb. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidenti 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan alimləri hər zaman öz istedadı ilə dünyada tanınıb və tanınır. Bu gün alimlərimiz öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verirlər, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyalar tətbiq edilir. 09 noyabr 2015-ci il tarixində AMEA-nın 70 illik yubleyi təntənəli şəkildə qeyd edildi. Prezident İlham Əliyevin bu təntənəli yubileydə iştirakı hökumətimizin bir daha elmə olan xüsusi diqqət və qayğısını sübut etdi.

-Siz Polşada hansı sahədə elmi araşdırma aparırsız?

-Mənim doktorantura təhsil pilləsi üzrə ixtisasım dünya iqtisadiyyatıdır. Buna görə də hal-hazırda dünyada qlobal problemlərdən olan ərzaq təhlükəsizliyi ilə əlaqədar Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Varşava Təbiət Elmləri Universitetinin İqtisadiyyat fakültəsində elmi tədqiqat aparıram.

-Sizin seçdiyiniz mövzu bu gün nə dərəcədə aktualdır?

-Müasir dövrdə iqtisadiyyataqrar kimi elmlərin inkişafına böyük ehtiyac var. Belə ki, BMT-nin hesabatına əsasən 2050-ci ildə dünya əhalisinin sayı indiki 6,9 milyarddan 9,3 milyarda çatacaq. Azərbaycan Respublikasından qlobal bazara çıxarıla biləcək kənd təsərrüfatı və ərzaq məhsullarının həm istehsal potensialı, həm də çeşidi xeyli genişdir. Azərbaycanın aqro-iqlim şəraiti, torpaqsu ehtiyatları bu ərazilərdə müasir tələblərə və beynəlxalq standartlara uyğun məhsulların istehsalı üçün yaxşı əsasdır. Ancaq buna nail olmaq, daha doğrusu, bu potensialı reallaşdırmaq üçün hüquqi-normativ bazanın əsaslı surətdə yeniləşdirilməsi və qlobal miqyasda qəbul edilən qanunvericilikhüquqi-normativ bazaya uyğunlaşdırılması vacib şərtlərdən biridir. Bu məsələ ancaq şərt olaraq, hansısa normativ tələb funksiyasında deyil, məhz qlobal bazarda rəqabətə dayanıqlı məhsul istehsalını şərtləndirən hüquqi-normativ baza yaradılmasına xidmət etməlidir. Qanunvericilik bazasının beynəlxalq miqyasda qəbul olunan hüquqi normalara uyğunlaşdırılması bilavasitə Azərbaycanın aqrar sektoru üçün ona görə vacibdir ki, ölkə bütün imkanlarını hərəkətə gətirə bilsinbu imkanlardan səmərəli surətdə istifadə edilsin. Hazırda qloballaşan dünyanın ərzaq bazarında təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarına ciddi ehtiyac varbu tələbat getdikcə artmaqdadır. Azərbaycan aqrar sahəyə dair hüquqi-normativ bazasını modernləşdirməklə, milli istehsal səviyyəsini həm keyfiyyətcə, həm də kəmiyyətcə yüksəldərək dünya bazarında həmin boşluğu doldurmaq imkanı qazanmış olur. Müasir dünya artıq ekoloji təmiz ərzaq və kənd təsərrüfatı məhsullarının vacibliyini yəqin edib və belə məhsulların istehlakına üstünlüyü davamlı olaraq artırmaqdadır. Azərbaycan milli istehsalını beynəlxalq standartların tələblərinə uyğunlaşdıraraq qlobal bazarın bu seqmentində geniş yer ala bilər. Hüquqi-normativ bazanın modernləşdirilməsi mövcud xammal potensialından daha səmərəli istifadəni şərtləndirir ki, bu da öz növbəsində aqrar sənaye kompleksinin ümumi inkişafı üçün geniş imkanlar yaradır. Qanunvericilik bazasının inkişaf etmiş dünya ölkələrinin təcrübəsinə harmonizasiyası Azərbaycanın özünün ərzaq təhlükəsizliyi məsələsinin etibarlı həlli üçünolduqca önəmlidir. Ərzaq təhlükəsizliyinin əsas məqsədi ölkə əhalisini kənd təsərrüfatı məhsulları, xammal və ərzaqla davamlı olaraq, etibarlı təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün daxili istehlak bazarında həyat və sağlamlıq üçün təhlükəsiz ərzaq məhsullarının yetərincə fiziki mövcudluğu təmin edilməlidir. Əhali isə həmin ərzağı əldə etmək imkanına malik olmalıdır. Bu istiqamətdə mən də qərara gəldim ki, dünyada qlobal problem olan ərzaq təhlükəsizliyi ilə bağlı elmi tədqiqat aparım.

-Polşadakı azərbaycanlı gənclər və ümumiyyətlə, diasporumuzla əlaqə saxlaya bilirsizmi?

-Polşada Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərirlər. Polşanın bir çox şəhərlərində doğma vətənimizlə bağlı bir çox tədbirlər həyata keçirirlər. Bu isə bizlər üçün qürurverici haldır. Əlbəttə, mən də öz növbəmdə Polşada Azərbaycan-Polşa Gənc Alimlər Assosiasiyası təsis etmişəm. Ümid edirəm ki, bu istiqamətdə doğma vətənimiz Azərbaycanın elmi, mədəniyyəti, tarixi, iqtisadiyyatı və incəsənəti sahəsində bir çox layihələr həyata keçirəcəyik. Mən onu da qeyd etmək istərdim ki, Varşavada fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliyi burada yaşayan həmyerlilərimizə hər zaman diqqət və qayğı göstərirlər. Bu isə bizim fəaliyyətimizə bir daha stimul verir.

-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?

-Hal-hazırda cənab Prezidentin imzaladığı dövlət proqramı çərçivəsində gənc alimlərimizin xaricdə elmi tədqiqat aparmaları gələcəkdə ölkəmizin elm sahəsinə daha böyük töhfələr verəcək.

-Polşalı alimlərlə hər hansı əlaqə yarada bilibsizmi?

-Varşavada fəaliyyət göstərən bir çox universitetlərin alim və professorları ilə sıx əlaqəm var. Biz birlikdə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi araşdırmalar aparırıq. İnşallah, ümid edirəm ki, bu əlaqələr gələcəkdə apardığım elmi tədqiqat sahəsinə öz töhfəsini verəcək.

-Maraqlıdır, polşalı alimlərin sizə və ümumiyyətlə, Azərbaycana münasibəti necədir?

-Bu gün mən bir gənc alim olaraq öz intibah dövrünü yaşayan Azərbaycanımızı Polşada yüksək səviyyədə təmsil edirəm. Polşa alimləri doğma vətənim Azərbaycana böyük sevgi, məhəbbət və diqqətlə yanaşırlar. Onlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sürətlə gedən inkişafa heyran qalıblar. Mən onların Azərbaycanımıza olan məhəbbətini gördükdə sözün əsl mənasında fəxr edirəm ki, azərbaycanlıyam.

-Siz həm də Gəncə şəhər Xəzər Təhsil Mərkəzinin icraçı direktorusuz. Bu Mərkəzin fəaliyyətində nə kimi yenilik var?

-Xəzər Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən abituriyent hazırlıq şöbəsinin abituriyentləri bu il yüksək balla Azərbaycanımızın yüksək səviyyəli ali məktəblərinə qəbul oldular. Bu, bizim mərkəzin ən böyük uğurlarından biridir. Mən bir gənc alim olaraq bütün gənclərimizə uğurlar arzulayıram.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-14 noyabr.-S.11.