“12 illik təhsilə keçid üçün tədris planlarında əsaslı şəkildə dəyişiklik edilməlidir”

 

Ruhiyyə Rüstəmova: “Tədris dilindən asılı olmayaraq bütün orta məktəblərdə xarici dilin tədrisi birinci sinifdən başlayır. Bu yaşda uşağın aldığı ilkin dərs yükü ilə bərabər xarici dil öyrənməsi asan deyil. Dərsliyin düzgün tərtib edilməsi ilə bərabər müəllimin metodikası əhəmiyyətli rol oynayır”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Rüstəmovadır:

 

- Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı. Moderndünya standartlarına uyğun təhsil sisteminə keçid Azərbaycanın bir daha güclü addım atmış ölkə olduğunu sübut etdi. Təhsil müəssisələrinə verilən müstəqillik geniş yol açdı. Azərbaycan öz təhsil sistemini dünya standartlarına uyğunlaşdırmaq üçün beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa başladı. Ali təhsil sahəsindəki islahatlarda Azərbaycanın Boloniya prosesinə qoşulmasının böyük rolu oldu. Bu gün sürətlə inkişaf etmiş təhsilimizin şagirdlərdə dərin və hərtərəfli biliklərlə təmin edilməsində onların bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə yüksək mədəniyyətə, mütərəqqi dünya görüşünə malik olan şəxsiyyətin yetişdirilməsində böyük rolu olub. Ənənəvi təhsil sistemi ilə müasir təhsil sistemini müqayisə etsək bu gün fəxr edə bilərik ki, təhsilimiz öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxartmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacaran vətəndaşlar yetişdirə bilir. Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqə qurmağa imkan yaradır.

- Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası təhsilin inkişafında hansı töhfələr verə bilər?

- Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaqömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyietik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

- Strategiyada öz əksini tapan məsələlərdən biri də 12 illik təhsilə keçidlə bağlıdır. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycanda 12 illik təhsillə bağlı müəyyən diskussiyalar edildi. Hazırda ölkədə ümumi təhsil müddəti 11 ildir. 11 il ərzində 4 il ibtidai, 6 il ibtidai orta, 2 il isə tam orta təhsil nəzərdə tutulub. 12 illik təhsilə keçid üçün tədris planlarında əsaslı şəkildə dəyişiklik edilməlidir. Buna da müəyyən işlərdən başlamaq lazımdır. Məsələn, ilk növbədə 12 illik təhsil üçün yeni dərs proqramı hazırlanmalı və genişləndirilməli, yeni dərsliklər hazırlanmalıdır. Bu proses şagird, müəllim və valideyn psixologiyasına da müsbət və ya mənfi təsir edə bilər. Məhz bu səbəbdən xalq bu sahədə maarifləndirilməlidir.

- Bu sistemə keçid təhsilin inkişafında hansı rol oynaya bilər?

- 12 illik təhsil sisteminə keçməzdən əvvəl, ilk növbədə yalnız təhsil sistemində hazırlıq edilməməlidir. Eyni zamanda müəllim, şagirdvalideyn arasında da bu prosesə keçid hazırlığı üçün psixoloji maarifləndirmə aparılmalıdır. Xatırladaq ki, kurikuluma keçid prosesində heçaz çətinliklə qarşılaşmamışdıq. İstənilən yeni prosesə keçid vaxtı valideyn və şagirdlərində bu proses haqqında geniş məlumata ehtiyacı olur. Bu zaman yalnız müəllimlərə verilən təlimlərlə kifayətlənmək olmaz. Düşünürəm ki, prosesə keçməzdən hər bir məktəbdə valideynlər üçün də proseslə tanışlıq təlimləri keçirilməlidir. Bu da gələcəkdə yaranan mənfi reaksiyaları və aydın olmayan bir sıra sualları aydınlaşdıra bilər. Və müəllim-valideyn əməkdaşlığı həyata keçiriləcək istənilən dəyişiklikləri daha da müsbətə doğru asanlaşdıra bilər.

- Müəllimlərin sınaq qiymətləndirməsini necə dəyərləndirirsiniz?

- İstənilən sahədə kadrların öz sahələri üzrə il ərzində bir dəfə qiymətləndirilməsinə çox müsbət baxıram. Bu hər bir peşə sahibinin öz sahəsinə daha məsuliyyətli yanaşmasına, ixtisası üzrə daha mükəmməl bilgilər əldə etməsinə kömək edir. Hər qiymətləndirmə imtahanı öncəsi peşə sahibinin ixtisası üzərində etdiyi çalışmalar, hazırlıqlar onun biliyinin güclənməsinə və yeni biliklər əldə etməsinə kömək edir, öz işinə məsuliyyətlə yanaşmasına gətirib çıxarır. Müəllim peşəsi mənim üçün bütün peşələrin başlanğıcı deməkdir. Və məhz müəllimin öz peşəsinə məsuliyyətlə yanaşıb, öz peşəsini sevməsi bütün peşələrin başlanğıcının güclü təməlinin olması deməkdir. Bu gün yetişən yeni nəsildən çıxan, gənc müəllimlərin sınaq qiymətləndirilməsini vacib sayıram. O ki qaldı köhnə nəsildən olan müəllimlər, onlar artıq bu günə qədər milyonlara dahiləri üzə çıxartmaqla öz sözlərini deyiblər. Əldə etdiyimiz məlumatlara görə sınaq imtahanlarında heç də gənc nəsildən geri qalmayıblar. Sınaqlarda əldə etdikləri yüksək nəticələrlə gənc nəslə yenə də örnək ola bilmişlər.

- Şagirdlərin təhsil səviyyəsini necə dəyərləndirirsiniz, onların təhsilə olan marağı sizi qane edirmi?

- Bu gün mən qürurla deyə bilərəm ki, bizim yetişdirdiyimiz hər bir şagird bizim güvənli gələcəyimizdir. Bu gün digər ölkələrdən fərqimizin biri də hər bir şagirdin orta hesabla 3 dildə sərbəst danışa bilməsidir. Deməli, yetişdirdiyimiz şəxsiyyətlər ölkəmizi digər ölkələrdə sərbəst təmsil etmək gücünə malikdirlər. Bu gün təşkil olunmuş dərslərdə şagirdlərimiz müstəqil çalışmaqla bilik, bacarıqlara yiyələnməyə məcburiyyət olmadan səy göstərirlər. Hazırda təlimimizin başlıca məqsədi şagirdlərin idrak fəaliyyətini inkişaf etdirməkdir. İdrak fəaliyyəti isə şagirdlərin müstəqil yaradıcılıq işləri hazırlamaq, tədqiqatçılıq bacarıqları formalaşdığı zaman inkişaf edir. Şagirdlərimiz bu gün müəllimin irəli sürdüyü yeni materialı asanlıqla məcburi əmək sərf etmədən gərginliyə düşmədən ciddi diqqət verməklə fikirləri mənimsəyirlər. Sevinclə deyə bilərəm ki, hazırda şagirdlərin təhsilə olan marağı daha da yüksəkdir, ölkə daxilində və ölkə xaricində olan təhsilə meyil qabarıq şəkildə özünü göstərir.

- Bu gün orta məktəblərdəki, xarici dil dərslikləri ilə bağlı vəziyyət necədir? Hansı problemlər var?

-Tədris dilindən asılı olmayaraq bütün orta məktəblərdə xarici dilin tədrisi birinci sinifdən başlayır. Bu yaşda uşağın aldığı ilkin dərs yükü ilə bərabər xarici dil öyrənməsi asan deyil. Dərsliyin düzgün tərtib edilməsi ilə bərabər müəllimin metodikası əhəmiyyətli rol oynayır. Sevindirici haldır ki, bu gün məktəbə gedən uşaqlar məktəbəqədər hazırlıq keçərək, artıq xarici dillə tanış olurlar. Birinci sinifdən, yuxarı sinfə qədər fənnin mükəmməl tədrisini dərsliklərin üzərinə atmaq olmaz. Düşünürəm ki, müəllim peşəkarlığı böyük rol oynayır. Müəllim birinci növbədə öz üzərində işləməli, dərslikdən şikayətlənməməlidir. Müəllim tədris etdiyi fənlə şagirdin tələblərinə cavab verməyi bacarmalıdır. Ən böyük bəlamız odur ki, bəzi hallarda müəllim dərslikdən şikayət etmək əvəzinə, əlavə məlumat oxumur. Məktəbdə şagirdə lazımınca bilik vermir, şagirdləri evinə repetitorluğa dəvət edir. Nəzərə alsaq ki, hazırda məktəblər lazımi tədris avadanlıqları ilə kifayət qədər təchiz edilib və müəllim dərsin gedişatında bundan düzgün istifadə edərsə, dərslikdən şikayətlənməyə səbəb qalmaz.

- Hazırda şagirdlərin mənimsəmə qabiliyyəti necədir?

- Düşünürəm ki, bu gün şagirdlərimiz yaxşı qiymət almaq üçün deyil, güclü biliyə yiyələnmək və parlaq gələcəyə sahib olmaq üçün oxuyurlar. Bu gün şagirdlərimizin sərbəst fikirləşmək imkanı, dərsin gedişində istənilən problemin həlli yollarını müzakirə etməklə fikir söyləmək haqqı var. Şagirdlərdə özünə inam hissi o zaman yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur. Bu gün təhsil sahəsində müasir təlim metodlarının səmərəli tətbiqi şagirdlərin şəxsiyyət kimi yetişməsində öz müsbət nəticələrini qabarıq şəkildə göstərib. Onlara ünvanlanmış sualları sərbəst şəkildə cavablandırırlar. Bu da gələcəkdə onların azad düşüncəli yetişməsinə yardım edir.

- Bugünkü gənc müəllimlərin fəaliyyəti ilə bağlı nə deyərdiniz? Yəni bu gün məzun olaraq məktəbdə çalışmağa gələn müəllimlərin tədris səviyyəsi sizi qane edirmi?

- Müəllim kitabları oxuyaraq, qırmızı diplomu alaraq ideal müəllim ola bilməz. Müəllim, ilk növbədə insanlarla asanlıqla ünsiyyətə girməyi bacarmalı, istənilən xarakterli insanların qəlbinə asanlıqla yol tapmağı bacarmalıdır. Öz peşəsini həqiqətən sevməlidir. Sadəcə, 45 dəqiqə fənnini tədris edib otaqdan çıxmamalıdır. Fənninin tədrisinin müsbət nəticə verməsini şagirdlər tərəfindən sevilməsini və mənimsənilməsini istəyirsə bir psixoloq olmalıdır. Fikrimcə, ideal müəllimin dərsinə girən şagird fənni öyrənmək məcburiyyəti olduğu üçün, həm də müəllimini sevərəkdən dərsə girməlidir.

Nigar Abdullayeva

Palitra.-2015.-17 noyabr.-S.11.