“Müasir tədrisdə
elektron lövhələrin rolu çox böyükdür”
Mahirə Nuriyeva: “Elektron lövhə
və interaktiv tapşırıqlarla
şagirdləri kimyanın gözəlliklərinə valeh etmək çox
asandır”
Layihə çərçivəsində
müsahibimiz Səbail rayonu
E.Əliyev adına 162 №-li tam
orta məktəbin kimya
müəllimi Mahirə Nuriyevadır. Qeyd
edək ki, Mahirə xanım "Promethean interaktiv lövhələrin
tədrisdə tətbiqi" və "Labdisk
rəqəmsal laboratoriya
avadanlıqlarının tədrisdə tətbiqi" layihələrində
təlimçi, "Zəka RN Tədris Mərkəzi"ndə
kimya müəllimidir. O, müsahibəsində
müasir dövrdə kimya
fənninin tədrisi ilə bağlı yeniliklərə toxundu:
-Bildiyimiz kimi, tarix boyu tədrisdə müxtəlif lövhələrdən istifadə olunub. İlk zamanlar təbaşirli lövhələr mövcud olub. Bu lövhələr bizim hər birimizin məktəb illərimizin dostudur. Lakin yada salaq ki, təbaşirlə yazan zaman üst-başımız çirklənər, ayrılan ağ duman isə nəfəsimizə dolardı. Sonralar bu lövhələri markerli lövhələr, boz lövhələr əvəz etməyə başladı. Bu gün bütün sahələrdə olduğu kimi, təhsildə də müasir dövrün tələbləri nəzərə alınır. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Prezidentin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Bu səbəbdən də ənənəvi tədrisdən fəal təlimə keçid almışıq. Lakin təlimin interaktivliyini qorumaq və təmin etmək üçün adları çəkilən lövhələr, demək olar ki, çətinlik törədir. Müasir dərs otaqlarımızda artıq bizə elektron lövhələr yoldaşlıq edir. İlk öncə bu lövhələrin ən gözəl üzvü - Promethean lövhələr haqda qısa məlumat vermək istərdim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan”-MMC arasında imzalanmış 16 dekabr 2013-cü il tarixli EL-01 saylı müqaviləyə əsasən məktəblərimiz Promethean lövhələrlə təchiz olunub. Bu lövhənin istifadəsi komüter və proyektorla tamamlanır. “Activİnspire” proqramı ilə təmin olunub. Proqramın dil seçiminə artıq Azərbaycan dili də əlavə olunub. Bəzən müəllimlər arasında belə fikir söylənilir ki, bu lövhə aşağı siniflərdə daha çox səmərəlidir. Lakin mən belə hesab etmirəm.
-Müasir
kimyanın tədrisində elektron lövhələrin
rolunu necə qiymətləndirirsiniz?
- Kimya müəllimi olaraq mən deyərdim ki, müasir kimyanın tədrisində Promethean elektron lövhələrin rolu çox böyükdür. Belə ki, biz müxtəlif kimyəvi proseslərin mexanizm sxemini əks etdirən plakatlardan, maddələrin quruluşunu ifadə edən əyani vasitələrdən istifadə edirik. Bəzən də bunları bir sinif otağından digər sinif otağına daşımalı oluruq. Bu isə bizə bir qədər çətinlik törədir. Bütün bunların elektron versiyasından lövhəmizin köməyi ilə istifadə etmək mümkündür. Əgər kimya laboratoriyamızda müəyyən çatışmazlıq varsa belə, bunları Promethean elektron lövhənin köməyilə aradan qaldıra bilərik. Məsələn, hər hansı bir kimyəvi təcrübəni aparmağa vəsaitimiz yoxdursa və ya məktəb labaratoriyasında aparılması mümkün olmayan maraqlı bir təcrübəni şagirdlərə göstərmək istəyiriksə, bu zaman Promethean lövhə köməyimizə çatır. Bunun üçün proqramın “Media” alətindən istifadə etməklə təcrübənin videosunu flipçarta yerləşdirə bilərik və yaxud dərs prosesində “Youtube” səhifəsində olan təcrübəni əyani olaraq göstərə bilərik. Bu zaman isə əlavə səsgücləndirici qurğulara ehtiyac yoxdur. Bu, lövhəmizin ən gözəl xüsusiyyətlərindən biridir. Başqa bir məqama toxunmaq istəyirəm. Fəal təlim zamanı çoxlu işçi vərəqlərdən istifadə edirik. Gəlin təsəvvür edək ki, müxtəlif işçi vərəqlər, test vərəqləri, hazırlanmış interaktiv tapşırıqlar və s. Onda bütün ətrafımızı kağız bürüyür. Sərf olunan maddi vəsait isə bəzən bizə çətinlik törədir. Bunu da Promethean lövhə aradan qaldıra bilir. Belə ki, elektron işçi vərəqlər, testlər, məsələlər hazırlanır. Müxtəlif alətlərin köməyi ilə hamısı bir flipçartda təqdim edilir. Bu isə vaxtımıza qənaət deməkdir. Bundan əlavə, “Birləşdiricilər”, “Konteyner”, “Fiqurlar”, “Elektron pərdə”, “Tiker” , “Sehrli mürəkkəb” , “ Dartmalar” və s. alətlərdən istifadə etməklə olduqca maraqlı və kimyəvi anlayışları özündə əks etdirən interaktiv tapşırıqlar hazırlamaq mümkündür. Belə ki, praktik dərslərimizdə şagirdlər “Birləşdiricilər” və “Fiqurlar” vasitəsi ilə müxtəlif molekulların modellərini hazırlaya bilərlər. Bundan əlavə, maddənin xassələri və quruluşu arasında əlaqəni əks etdirən interaktiv tapşırıqlar da hazırlamaq mümkündür. “Döndərmələr”, “Məhdudlaşdırıcılar” alətlərinin köməyi ilə “Atomun quruluşu” haqda müxtəlif interaktiv tapşırıqlar hazırlamaqla şagirdləri kimyanın gözəlliklərinə valeh etmək çox asandır. Fərz edək ki, şagirdlərdən biri dərsdə iştirak edə bilməyib. Mən isə çox istəyirəm ki, dərsdə müzakirə olunan məlumatları həmin şagirdə təqdim edim.
-Bunu ən optimal şəkildə
necə etmək olar?
- Aydındır ki, növbəti dərsdə
keçmiş mövzunu
həmin şagirdə
çatdırmaq üçün
kimyəvi reaksiyaların
tənlikləri, məsələlər,
sxemlər və s. kimi informasiyalar yenidən müzakirə olunmalıdır. Bu isə vaxt itkisinə
səbəb olur və eyni zamanda
digər şagirdlərin
hüququnu pozmuş olaram. Bu zaman
Promethean lövhə və
Acivİnspire proqramı
mənim ən yaxın köməkçim
olur. “Kamera”
alətinin köməyi
ilə dərs zamanı lövhədə
aparılan işlərin
hamısını yaddaşa
alıram. Bundan əlavə, bu proqram vasitəsi ilə hər hansı bir məsələnin və ya testin izahını
videoyazı formasında
( səsli izahda) şagirdin elektron ünvanına göndərmək də mümkündür. Onu da qeyd edim ki,
Promethean lövhələrin digər proqramlara çıxışı da
realdır. Biz kimya dərslərində qrafiklərdən, cədvəllərdən,
mürəkkəb hesablamalardan
istifadə edirik.
Bütün bunları həyata
keçirmək üçün
Promethean lövhə bizə
geniş imkanlar açır. Bəzən şagirdlər
kimyəvi qanunları
çox gözəl öyrənir. Lakin bu qanunları elmə gətirən alimləri tanımağa maraq göstərmir və ya yadda saxlaya
bilmir. Bu zaman müxtəlif pazllar yaratmaqla şagirdlərdə bu istiqamətdə yüksək
maraq oyada bilərik. Fəal dərsin mərhələlərinə
ayrılan zamanı, eləcə də şagirdlərin tədqiqata
sərf etdikləri zaman fasiləsini də müəyyən edə bilərik. Artıq respublikamızın məktəblərinin
bir qisminin kimya, biologiya və fizika laboratoriyalarında “Labdisk”
rəqəmsal avadanlıqları
da öz yerini tutub. Bu avadanlıqların iş mexanizmindən və apardığı ölçmələrdən
danışmaq tam ayrı
bir mövzudur. Qısa olaraq demək istərdim ki, “Labdisk” rəqəmsal avadanlıqları ilə
Promethean lövhənin birgə
istifadəsi təlimin
interaktivliyinə xüsusi
bir gözəllik qatır. Bütün bunların sayını
çox artırmaq olar. Çünki Promethean lövhənin sehrli, mənalı, aşıb-daşan funksiyaları,
alətləri o qədərdir
ki, sadalamaqla bitib-tükənmir. Dərs zamanı
vaxta qənaət etmək, təlimin interaktivliyini qorumaq, şagirdlərə öyrənə
bilməyi öyrətmək
və müəllimin
fasilitatorluq bacarığını
üzə çıxarmaq
üçün bu lövhələr əvəzedilməzdir.
Anar Miriyev
Palitra.-2015.-18 noyabr.-S.11.