Elmi fəaliyyətimdə gələcəyə dair hədəflərim çoxdur

 

Fatma Hüseynova: “Milli ədəbiyyatımızın xarici dillərə tərcüməsi və təbliğinə ehtiyac var

 

Gənc alimlərimizin, tədqiqatçılarımızın beynəlxalq konfranslarda iştirakı və elmimizin beynəlxalq səviyyədə təqdim edilməsi sözügedən sahədə olduqca vacib məqamlardandır. Bu və digər məsələlərlə bağlı müsahibimiz doktorant, filologiya üzrə mütəxəssis Fatma Hüseynovadır.

 

- Öncə özünüzü təqdim edərdiniz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

- Mən - Fatma Hüseynova Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda doktorantura təhsili alıram. İxtisasım filoloqdur. Bakı Slavyan Universitetində ixtisasım üzrə müəllim işləyirəm.

- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?

- 2012-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorantura təhsili alıram. Molla Nəsrəddin jurnalı və klassik irs ” adlı fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyirəm.Tədqiqat mövzumla bağlı bəzi beynəlxalq elmi konfranslarda məruzə etmiş, müxtəlif dövri elmi jurnallarda məqalələr çap etdirmişəm.XX yüzilin ən böyük ədəbi hadisəsi olanMolla Nəsrəddin” jurnalı ictimai fikirdə və təfəkkürdə bir fırtına yaratmışdı. Bu jurnal birbaşa klassik irsdən qidalanır və qaynaqlanır.“Molla Nəsrəddin” jurnalında çap edilən yazılar janr, üslub və digər baxımlardan araşdırıldıqda aydın olur ki, yeni ədəbi xüsusiyyət və keyfiyyət klassik irsə münasibətdə, onunla qarşılaşdırıldıqda böyük məna qazanır. Elə olur ki, cəmiyyət həyatında hər hansı ədəbi hadisə, yaxud ictimai hadisə, sadəcə, meydana gəlir, onun keçmişdəki hadisələrlə bağlantısı o qədər də nəzərə çarpmır. AncaqMolla Nəsrəddin” jurnalında bu məsələ başqa səpkidə qoyulurdu. İnsanın həyatına mane olan, onu əzən şeylərdən xilas olmaq üçün sanki bu yükü yaradan şeylərdən yardım məqsədi ilə istifadə edilirdi. Müsəlmanın həyatı real dəyərlərə deyil, illüziyalara əsaslanırdı. Reallıqda həyatı, güzəranı nə qədər ağır olsa da, bu qəflətdən ayılmağa çalışmırdı və tərslikdən klassik ədəbiyyat da onun bu yükün altında qalmasına kömək edirdi. Belə olduqdaMolla Nəsrəddin” jurnalı üzünü klassik irsə tutur, onun materiallarını parodiya edirdi. Bütün bu kimi məsələləri müvafiq kontekstdə araşdıra bilmək üçünMolla Nəsrəddin jurnalı - klassik irs” münasibətlərinin öyrənilməsi əlahiddə əhəmiyyətə malikdir. İstər mollanəsrəddinçilər, istərsə də jurnalın baş memarı Cəlil Məmmədquluzadə haqqında dəyərli elmi araşdırmalar olduqca çoxdur.Ancaq, buna baxmayaraq jurnalda klassik ədəbi irsə yeni münasibət bəslənməsindən, daha doğrusu həmin münasibətin klassiklərə ehtiram dolu yaradıcı yanaşmanın orijinal təzahürü ilə yanaşı, yeni ruhda yenidən elmi tədqiqata cəlb olunması milli ədəbiyyatşunaslıqda böyük əhəmiyyət daşıyır.

- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- “Molla Nəsrəddin” jurnalı ilə bağlı xaricdə aparılmış tədqiqatlar az deyil. Mövzu ilə bağlı ən çox əldə etdiyim məlumatlar İranda, Türkiyədə, hətta Qərb ədəbiyyatında olan araşdırmalardır. Misal üçün Fransa ədəbiyyatşünaslarından A.Benniqsen, ingilis alimlərindən Eduard Braun, ABŞ alimlərindən A.Kazımzadə, T.SvyatixovskiMolla Nəsrəddin”in fəaliyyətiylə bağlı tədqiqatlar aparıblar. Xaricdəki tədqiqatların əsas fərqli cəhəti sayca çoxluq təşkil etməməsindədir.

- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

-Ümumiyyətlə, təhsil aldığım ixtisasın və eləcə də elmi tədqiqat apardığım sahənin - baş memarı Cəlil Məmmədquluzadə olan «Molla Nəsrəddin” jurnalının aktuallığı Azərbaycan üçün indi də qalmaqdadır .Çünki onun mübarizə apardığı fanatizm, cəhalət, nadanlıq bu günmövcuddur. Jurnalda dərc olunan felyetonların hər hansı birinin tarixini dəyişib dərc etsək, bu günün yazısı kimi qəbul oluna bilər. Ona görə ki, yüz il öncə olduğu kimi, it boğuşdurmağa, xoruz döyüşdürməyə, fal açdırmağa gedənlərin, min cür mənasız işlə məşğul olanların sayı aqillərin, millət üçün gərəkli adamların sayından çoxdur. Bu günü görən Mirzə Cəlil deyirdi: “Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün haradansaMolla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə”.

-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

-Hazırda milli ədəbiyyatımızın xarici dillərə tərcüməsi və təbliği işinə konkret ehtiyac var. Nəinki bədii ədəbiyyatımızın, həmçinin ədəbiyyatşünaslıq əsərlərimizin ən vaciblərinin xarici dillərə tərcüməsi ilə bağlı islahatların aparılmasının önəmli olduğunu düşünürəm.

- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

-Xaricdə təhsil alan gənclərimizə tövsiyə edərdim ki, təhsil aldıqları müddətdə əldə etdikləri yeni elmi baxışları, çoxşaxəli tədqiqat metodlarını özləri üçün mənimsəməklə yanaşı, eyni zamanda Azərbaycan elminə də gətirməyi bacarsınlar.

- Gələcək plan və fəaliyyətinizlə baglı nələri bölüşərdiniz?

- Elmi fəaliyyətimdə gələcəyə dair hədəflərim çoxdur. Əsas məqsədim fəlsəfə doktorluğu dissertasiyamı tezliklə müdafiə etmək və bununla yanaşı, beynəlxalq elmi konfranslarda iştirak, məqalə və tezislərin çap etdirilməsi, xarici elmi bazalarda elmi mübadilələri davam etdirməkdir. Bundan əlavə, müəllim kimi tələbələrin elmə marağının artırılması, maariflənmə işlərinə davam etmək, onların savadlı və dünyagörüşlü olması üçün bütün elmi səylərimi davam etdirmək gələcək planlarımın bir hissəsidir.

- Son iştirak etdiyiniz beynəlxalq konfrans barəsində nələri bildirərdiniz?

-29-31 oktyabr 2015-ci il tarixində Türkiyənin Antalya şəhərində İnternational Journal of Social Science & Education Research (İJSSER) və Süleyman Dəmirəl Universitetinin birgə təşkil etdiyi elmi tədbirdə 37 xarici ölkədən 500-dən çox alim və gənc tədqiqatçılar iştirak edirdi. Həmin konfransda müxtəlif elmi mövzularda məruzələrin və posterlərin təqdimatı böyük marağa səbəb oldu, olduqca maraqlı interaktiv müzakirə mühiti yaradıldı. İştirakçılar məruzələrini ingiliscə və ya türkcə təqdim etdilər.Mən həmin elmi tədbirdə öz tədqiqat sahəmə uyğun mövzu ilə məruzə etdim (“Labor features with classical heritage relations of the staff inMolla Nesreddinjournal). Konfransda iştirak etmiş iştirakçıların məruzələri, eyni zamanda İnternational Jorurnal of Social Science & Education Research (IJSSER) International Journal of Human Sciences (IJHS) jurnallarında dərc olunacaq.

 

İlkin AĞAYEV

Palitra.-2015.-19 noyabr.-S.11.