Tələbə və
məzunlar üçün virtual müəssisənin rəsmi
aşılışı olub
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya
Bankının birgə “Sosial Müdafiənin
İnkişafı Layihəsi” çərçivəsində
Azərbaycan Dövlət İqtisad Universitetində tələbə
və məzunların yiyələndikləri ixtisaslar üzrə
nəzəri biliklərlə yanaşı, praktik
bacarıqlara malik olmaları üçün virtual müəssisənin
rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə
əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümov ölkə iqtisadiyyatında gənclərin əmək
potensialından səmərəli istifadə
olunmasının, gənclərin məşğulluğunun
artırılmasının Azərbaycan Prezidenti cənab
İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas komponentlərindən
biri olduğunu vurğulayıb: “Həyata keçirilən
uğurlu dövlət məşğulluq strategiyası
ölkəmizdə işsizlik səviyyəsinin 4,9 faizədək
azalmasına səbəb olmaqla, gənclər arasında
işsizliyin azalması ilə müşahidə edilib.
Hazırda respublika əhalisinin 28 faizini təşkil edən
15-29 yaşda olanlar arasında işsizlik səviyyəsi
ötən illə müqayisədə daha 0,4 faiz azalaraq 9,7
faizə enib ki, bu da dünyada ən aşağı göstəricilərdən
hesab edilir. Eyni zamanda ölkəmizdə bu yaşda olanlar
arasında iqtisadi fəallıq səviyyəsi 47,2 faizə
yüksəlib və bu da dünya miqyasında müsbət
göstərici kimi dəyərləndirilə bilər”.
S.Müslümov
nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq
tədbirlərinin mühüm bir istiqamətinin gənclərə
yönəldiyini qeyd edib. Gənclərin məşğulluğunun
təmin olunması, peşə hazırlığı və əlavə
təhsil kurslarına cəlb olunması sahəsində
görülən işləri diqqətə çatdıran
nazir həmçinin tələbə və məzunlar
üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq
tədbirlərinin davam etdirildiyini diqqətə
çatdırıb: “Tələbə və məzunların
uğurlu əmək fəaliyyətinə başlaması və
karyeralarını məqsədyönlü şəkildə
davam etdirmələri üçün əsas şərtlərdən
biri də onların əmək bazarının tələblərinə
uyğun səviyyədə bacarıqlara, lazımi təcrübəyə,
işgüzar keyfiyyətlərə malik olmalarıdır.
Bununla bağlı olaraq, hazırda dünyanın bir çox
ölkələrində interaktiv tədrisin əyani təcrübə
əsasında təkmilləşdirilməsinə, tələbə
və məzunların öz ixtisasları ilə bağlı əmək
bazarında işgüzar bacarıqlar qazanmasına xidmət
edən virtual müəssisələri, yəni təcrübə
şirkətləri fəaliyyət göstərir. Müasir
dünya təcrübəsində belə müəssisələrin
səmərəli olduğu öz təsdiqini tapıb. Azərbaycan
da sayı 7500 olan virtual müəssisələrin üzvlər
şəbəkəsinə qəbul edilib və ötən
ildən etibarən ölkəmizdə ilkin olaraq Azərbaycan
Dövlət İqtisad Universitetinin və Xəzər
Universitetinin bazalarında bu təcrübənin tətbiqinə,
virtual müəssisələrin yaradılması işlərinə
başlanılıb”.
Nazir
bildirib ki, bunun üçün müvafiq otaqlar ayrılaraq
kompyuter və digər lazımi avadanlıqlarla təchiz edilib
və beynəlxalq ekspertlər tərəfindən bu təcrübə
müəssisələrində çalışacaq müəllim
heyəti üçün müvafiq təlimlər
keçirilib. Bu sahədə işlərin təşkili,
habelə aidiyyəti proqram təminatı barədə aidiyyəti
üzrə EUROPEN-PEN İnternational şirkətindən məlumat
əldə olunub: “Bu bir təcrübə müəssisəsi
olmaqla, tələbə və məzunlar burada real iş yerində
olduğu kimi fəaliyyət göstərəcək, öz
ixtisasları ilə bağlı əmək bazarında əmək
şəraiti tələbləri çərçivəsində
praktik bacarıq və vərdişlərə yiyələnəcəklər.
Nəticədə isə onlar gələcəkdə çox
asan şəkildə əmək bazarında özlərinə
yer tuta biləcəklər”. S.Müslümov
qarşıdakı dövrdə bu sahədə, eləcə
də gənclərin əmək potensialının keyfiyyətcə
yüksəldilməsi, interaktiv tədrisin
yaxşılaşdırlması və s. sahələrdə
Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığın
genişləndirilməsinin, bu məqsədlə Anlaşma
Memorandumu imzalanmasının da gündəlikdə duran məsələlərdən
olduğunu qeyd edib, yeni virtual müəssisənin fəaliyyətinə
uğurlar arzulayıb.
Təhsil
naziri Mikayıl Cabbarov ölkədə insan kapitalının
inkişafı yönündə aparılan siyasətdə
peşə və ixtisas təhsilinin mövcud əmək
bazarının şərtlərinə uyğun
qurulmasının, tələbə və məzunların
ixtisas bilikləri ilə bərabər praktik və
formalaşmış iş bacarıqlarına da malik olmalarının
vacibliyini vurğulayıb. M.Cabbarov hər bir tələbənin,
məzunun ixtisas bacarıqlarını
reallaşdırmaları və təkmilləşdirmələri
üçün virtual müəssisələrin
yaradılması təcrübəsinin əhəmiyyətli
olduğunu, bunun gənclərin karyera taleyində mühüm
rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət
Muradov bu ali təhsil müəssisəsində tələbələr
və məzunlar üçün belə önəmli müəssisənin
təşkili üçün bütün lazımi işlərin
görüldüyünü, gələcəkdə də təcrübə
müəssisəsinin məqsədyönlü fəaliyyətinin
təmin ediləcəyini bildirib.
Dünya
Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri
Larisa Lesçenko ölkəmizdə tətbiq olunan bu yeni təcrübənin
uğurlu nəticələr verəcəyinə əminliyini
ifadə edib. Sonra virtual müəssisənin fəaliyyətinə
baxış olub. Bu təcrübə müəssisəsi
haqqında ümumi məlumat verilib və nümunə kimi
Avropanın virtual müəssisələrindən biri ilə
onlayn rejimdə biznes əməkdaşlığına dair
ticarət sövdələşməsi aparılıb, layihənin
Xəzər Universitetindəki mərkəzi ofisi ilə
işgüzar sənəd dövriyyəsi təşkil edilib.
Virtual müəssisənin təcrübəçiləri
olmuş və öz karyeralarına uğurla
başlamış tələbə və məzunların rəy
və təəssüratları dinlənilib.
Qorqud
Palitra.-2015.-19 noyabr.-S.10.