“Türkiyədə ali təhsil bizə əlavə üstünlüklər verir

 

Rəhman Əhmədoğlu: “Biz azərbaycanlılar bu ölkədə hər yerdə çox xoş qarşılanırıq”

 

Müsahibimiz Türkiyədə ali təhsil alan Rəhman Əhmədoğludur.

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Rəhman Əhmədoğlu, 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. Təhsil həyatımda ilk qədəmlərimə elə paytaxtdakı Hüseyn Cavid adına 132 nömrəli orta məktəb ilə başlamışam. 5-ci sinfi bitirdikdən sonra sinfimin şagird sayının azlığı səbəbi bağladılması nəticəsində bu məktəbdən ayrılaraq, Bakı şəhər Osman Mirzəyev adına 190 saylı orta məktəbə keçərək orta məktəb təhsilimi məhz bu məktəbin məzunu olaraq tamamlamışam. Təbii ki, hər şagirdin xəyallarını bəzəyən universitet, ali təhsil almaq mənim də xəyallarımın tam mərkəzində yer alırdı. Çox ciddi hazırlıq sürəcindən keçdiyimə baxmayaraq imtahan günü nəzarətçilər tərəfindən haqsızlığa məruz qaldığım üçün imtahan salonunu tərk etdim. Təəssüf ki, bəzən belə işinə məsuliyyətsiz yanaşan insanlar da olur. Amma özümdə də günah görürəm və bu, o yaşların verdiyi dəliqanlılıqdan irəli gələ bilər... Xəyallarımdan imtina etmiş kimi hiss edərək bir məişət əşyası mağazasında, satış təmsilçisi olaraq işə başladım.

-Bəs Türkiyəyə gedən yolunuz harada başladı?

- Dediyim kimi, öncə ruhdan düşsəm və mən xəyallarımdan imtina etmiş olsam da, xəyallarım yaxamı buraxmadı və gələcəyimi şəkilləndirəcək qərar alaraq, Türkiyədə təhsil almaq üçün Metropol Dərsanəsinə müraciət etdim. 1 il bu dərsanədə hazırlaşdım. Orada çox dəyərli müəllimlər heyəti var. Bunu da vurğulamadan keçmək istəməzdim. Məhz bu peşəkar müəllimlər sayəsində hədəfimə 1 addım daha yaxınlaşdım. Eyni anda qatıldığım bir neçə imtahanın nəticələri açıqlanmışdı. Yüksək balla, Türkiyənin müxtəlif şəhərlərində dövlət statuslu universitetlər qazanmışdım. Seçimimi Trabzon şəhərində yerləşən “Qaradəniz Texnik Universiteti”dən yana etmişdim. Lakin sonra universitetin insana qazandırdığı sadəcə bir diplomdan ibarət olmadığının, müvəffəqiyyət qazanmaq üçün işini sevərək etmən gərək olduğunun fərqinə vardıqdan sonra istədiyim ixtisas üzrə yönəldim. Bu səbəblə Bursa şəhərində yerləşən Uludağ Universitetinin imtahanına girərək, İqtisadi idari bilimlər fakültəsi, biznesin idarə edilməsi ixtisasını qazandım. Hazırda bu universitetdə təhsil almağa davam edirəm.

- Universitetinizdə təhsilin səviyyəsi sizi qane edimi?

-Tam olaraq baxdığımız zaman bu universitetdə təhsil almaq üstünlükdür. Universitetin tələbəsinə göstərdiyi imkanlar, çox dəyərli müəllimlər heyəti, ödənişsiz verilən xidmətlər məni bu universitetə yönləndirən əsas amillərdir. Tələbə üçün münasib ödənişli xarici dil kursları, ödənişsiz idman zalları, əlavə vaxtını dəyərləndirə biləcəyi universitet nəzdində fəaliyyət göstərənkarmeraraşdırma müəssisəsini nümunə gətirə bilərəm. Yəni karyera ilə məşğul olan bir yer. Onu da qeyd edim ki, bəhsi keçən bu imkanlar universitetin çox böyük ərazisində yerləşir. Bu ərazi şəhər mərkəzindən uzaqda, qəsəbə böyüklüyündəkampüsadlandırdığımız bir məkandır. Tələbə yataqxanası, bank şöbələri universitetin tibb fakültəsi xəstəxanası da məhz bu ərazidə fəaliyyət göstərir.

-Möhtəşəm bir universitet təsiri bağışladı. Bəs müəllim heyəti necə, onların da səviyyəsini yüksək qiymətləndirmək olarmı?

-Bəzi məqamlarda biz tələbələr, müəllimlər ilə bir araya gələrək söhbətlər edirik, maraqlı müzakirələr aparıb məsləhətlər alırıq. Buna ehtiyac da duyuruq düzü. Belə ki, bu məsləhətləşmələr dərs ya gələcəyimizlə bağlı məsələlər ola bilər. Buna bənzər durumlarda bizim dekanlıq şöbəsində ixtisas kafedramıza girməmiz kifayətdir. Çünki bu kafedrada çoxlu sayda müəllim otaqları mövcuddur. Biz bu dəhlizdə istədiyimiz müəllimin otağına daxil olaraq, onlar ilə problemlərimizi paylaşa bilirik. Qaranlıq qalan məsələlərimiz ilə maraqlanaraq, bizə vaxt ayırmaqları bizi xoş təsir bağışlayır. Nəzərinizə də çatdırım ki, bəhs etdiyim bu müəllimlərin böyük qismi professordur.

-Bəs seçdiyin ixtisasınız barədə nələri deyərdiniz? Ümumiyyətlə, ictimai işlərdə aktivlik göstərə bilirsinizmi?

-Mənim ixtisasım fakültədə çox aktualdır. Yəni düzənlədiyimiz konfranslar, seminarlar bizimtopluluq” fəaliyyətlər adlandırdığımız rəsmi tələbə qrupu tərəfindən həyata keçirilir. Bu tələbə heyəti bir məsləhətçi müəllim rəhbəri altında bir çox seminarlar, konfranslar düzənləyir. Misal olaraq deyə bilərəm ki, keçən il məhz bu topluluq universitetimizə “Ferrari Masarati Oto Tic.A.Sbaş direktoru Sinan Saip Bel bəyi və buna bənzər olaraqAğaoğlu Şirkətlər Qrupukimi ölkə miqyasında tanınmış ciddi isimləri dəvət edərək konfranslar həyata keçirib. Bu kimi imkanlardan yararlanaraq bizlər bu adamları ilə görüşmək, tanış olmaq fürsətini qazanırıq. Bu amillər hədəflərimizə daha sağlam addımlar atmağımızda böyük rol oynayır.

İxtisasıma gəldikdə isə müsahibənin əvvəlində qeyd etdiyim kimi, biznesin idarə edilməsidir. Bu ixtisası Bursa şəhərində oxumaq böyük avantajdır. Çünki, Bursa şəhəri Türkiyənin sənayedə döyünən qəlbidir. Türkiyənin 500 ən böyük şirkətinin 32-si, 7000 yeri, 3 avtomobil markasından 2-si “Renault ve TofaşBursa şəhərində yerləşir. Buna bənzər bir çox örnəklər verə bilərəm. Sənaye şəhəri olan Bursaya Türkiyənin sənaye qəlbi deyə bilərik. Bir adamı dünyasına namizəd tələbə üçün bu imkanlar təbii ki, qaçılmazdır.

Onu da qeyd etmək istərdim ki, içində yaşamaqda olduğumuz bu dövr artıq sadəcə bir universitet diplomu ilə kifayətlənmir. Ən azından Türkiyədə şərtlər belədir. Diplomdan əlavə olaraq, həyata keçirdiyin şeylər, fərdi inkişafın, özünü ifadə etmək nitqin, insanlar ilə münasibət bacarığın onlar üçün çox dəyərlidir. İş görüşmələrində xüsusilə bu kimi nüanslara çox diqqət yetirilir. Bunları əldə etmək üçün böyük əzm, səbir gərəkdir. Zaman mənim üçün bu səbəblə çox önəmli faktordur.

- Uğurlarınız üçün kimə borclusunuz?

- Əgər bir insan həyatda çox böyük olmasa belə, bir müvəffəqiyyət qazanırsa, bu nailiyyətdə onun ailəsinin böyük pay sahibi var. Çünki başqa insanların dəstəyini görmək ancaq mənəvi qazancdır və bu mənəvi qazancla yanaşı maddi qazancları da mənim ailəm hər zaman artıqlaması ilə mənə verdi. Aldığım hər qərarda, ailəmin arxamda olduğunu bilmək ayrıca mənə bir özgüvən qazandırdı. Nə isə bir qərar verəndə belə ailəmin mənə qarşı olan inamı, güvəni daha ciddi düşünməyimi daha məsuliyyətli olmağıma səbəb olurdu. Maddi və mənəvi olaraq ailəmə çox şey borcluyam. Maddi tərəfdən çox mənəvi qismi şəxsən məni çox düşündürür. Çünki mən belə bir ailədə böyüdüyüm üçün özümü çox şanslı hiss edirəm. Mənə görə həyatda neçə müvəffəqiyyətə imza atsam belə, həyatda qazandığım ən böyük uğur məhz ailəmdir.

- İxtisasınız iqtisadi məsələlərlə bağlı olduğu üçün Türkiyədə yaşayan tələbə kimi bu ölkənin iqtisadi durumunu necə xarakterizə edərdiniz?

-Tükiyə mənim uşaqlıq yaşlarımdan maraqla təqib etdiyim, hər zaman TV kanallarını izlədiyim ölkə idi. "Bir millət, iki dövlət" məsələsi də təsadüfi deyil. Hər zaman bir gün Türkiyəni görmək istədiyimi, mütləq turist kimi olsa belə ilk fürsətdə gedəcəyimi dilə gətirirdim. Bu gün isə bir turist kimi deyil, Türkiyədə yaşayan, oxuyan sanki sıradan bir vətəndaş kimi yeni günə oyanıram. İkinci vətən kimi gördüyüm üçün istər tarixi, istərsə də gündəm olaraq bu ölkənin gedişinə bələdəm. Xüsusilə bunu qeyd edim ki, Türkiyədə biz Azərbaycan vətəndaşları bölgəsindən asılı olmadan hər yerdə çox xoş qarşılanır. Çox sevilirik, hətta qardaş ölkəyik deyə, problemlərimiz daha qısa müddətdə həll olunur. Buna bənzər durumlarla sözün əsl mənasında qardaş ölkənin istənilən şəhərində qarşılaşmaq mümkündür.

İxtisasım Biznesin təşkili olması səbəbi ilə mənim üçün bir ölkənin iqtisadi vəziyyəti daha diqqətimi cəlb edir. Bu mövzuda Türkiyəni sevdiyim üçün deyil, həqiqətən təqdir etdiyim üçün heyran qalıram. Son göstəriciləri, statistik araşdırmaları nəzərə alsaq, bu ölkənin tam 77.695.904 milyon əhalisi var. Rəsmi qeydiyyatda olmayanlarla birgə daha çox rəqəm olduğu deyilir. Bu qədər insan çoxluğu özü ilə yanaşı sabit bir iqtisadi siyasət tələb edir. Bu mövzuda Türkiyənin duruşunu bəyənməmək mümkün deyil. Çünki bir amili də gözdən qaçırmamaq lazımdır. Axı bu ölkənin yeraltı qaynağı, nefti, qazı və bu kimi sərvətləri yoxdur. Buna baxmayaraq, Türkiyə iqtisadiyyatının inkişafı həqiqətən təqdirə layiqdir. Əlavə olaraq ölkədaxili və ölkəxarici bir sıra problemlər yaşamağına, geopolitik risklər almağına rəğmən, bu sabitliyə davam etməsi uğurlu siyasətin nəticəsidir. Bunun kimi bir çox iqtisadi amilləri saya bilərəm. İşin maraqlı tərəfi iqtisadi siyasətin xalqa necə təsir etməsidir. Bunu deyə bilərəm ki, bu ölkədə kiçik ticari müəssisə sayı olduqca çoxdur. Küçəyə çıxdığınız zaman dönərçilər, börəkçilər, ev avadanlıqları satan, telefon dükanları, operator kimi bir çox ticari müəssisələrlə qarşılaşırsınız. Bu da azad bazar rəqabətinin sağlam olduğunu, bir çox insanın dolanışığını təmin etdiyini göstərir. Qısası, loru dildə desəm, Türkiyədə ac qalmazsan! Az da olsa pul qazana biləcəyin bir çox imkanın olacaq. Yetər ki, işinə məsuliyyətli və ciddi yanaşasan. Bu düşüncə də buranın insanında qızıl qayda olaraq qəbul edilib. Buradakı adamlarını maddi qazanc deyil, öncə işin keyfiyyəti maraqlandırır. Zatən keyfiyyət olduğu yerdə maddiyyatın yaxşılaşması qaçılmazdır. Türkiyə iqtisadiyyatında yüksək böyümə səviyyəsinin olmasında da təbii ki, məhz adamlarından, adi işçilər, tarlada çalışan kəndlilərədək bütün xalqına borcludur. Yuxarıda qeyd etdiyim kimi, Türkiyənin 77 milyon əhalisi var, buna baxmayaraq, bu ölkədə ən az əməkhaqqı, yəni dövlət tərəfindən verilən minumum əməkhaqqı bizim pulla 360 manatdır. Hətta yanvardan bu məbləğ 480 manat olacaq. Bu şərtlərə baxanda Türkiyənin durumunu burada hələ də təhsil alan bir xarici vətəndaş olaraq çox bəyənirəm.

-Gənclərə hansı arzu və məsləhətləriniz olardı?

- Hazırda abituriyent mərhələsində olan gənclərimizə bu ölkədə -Türkiyədə təhsil almağı məsləhət görürəm. Gələcəkləri üçün məntiqli addım atmaq düşüncəsində olan hər kəs bu ölkədə könül rahatlığı ilə ali təhsil ala bilər. Fərqli ölkədə təhsil almağın insana çox şey qazandırdığını düşünürəm.

 

Tural TAĞIYEV

Palitra.-2015.-19 noyabr.-S.7.