Naftalanda turizmin
inkişafı üçün əlverişli
şərait yaradılıb
Məlumdur ki, Naftalan şəhərinin iqtisadiyyatının əsasını kurort-sanatoriya xidməti təşkil edir. Çünki bura unikal müalicəvi əhəmiyyətə malik olan “naftalan” nefti ilə məşhurdur. Bu zonada nadir təbii müalicə amili kimi tanınan naftalan nefti mədənləri yerləşir. Naftalan neftinin hikməti isə hamıya bəllidir. Unikal müalicəvi əhəmiyyətə malik olan bu neftin dünyada analoqu yoxdur və bundan 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Xüsusən naftalanın hərəkət-istinad, nervoloji, damar, uroloji, ginikoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır. SSRİ dönəmində Naftalan Kurortu İttifaqda fəaliyyət göstərən kurortlar arasında öz müalicəvi əhəmiyyətinə və 80-85 % effektlik əmsalına görə ön sırada olub. Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir.
Respublikaının bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də sahibkarlıq gündən-günə inkişaf edir. Sahibkarlıq inkişaf etdikcə yeni açılan iş yerlərinin sayı, eləcə də yerli büdcəyə daxil olmalar da artır. Ona görə də son illərdə Naftalanın kurort-müalicə zonası olduğunu nəzərə alaraq şəhərdə sahibkarlara geniş imkanlar yaradılmışdır.
“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalanda geniş tədbirlər həyata keçirilmişdir. Hazırda dövlət başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün bunu beynəlxalq turizm mərkəzinə çeviririk.” Həqiqətəndə bu gün kurort şəhəri özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada aparılan hər bir tikinti, quruculuq işi Naftalan kurortunun şöhrətini özünə qaytarır, müasir kurort şəhərinə çevirir və biz gələcəkdə daha böyük inkişafın şahidi olacağıq.
Son üç ildə şəhərdə üç beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri-Chinar Hotel & Spa Naftalan, “Naftalan Hotel by Rixos” və Garabag Resort & Spa istirahət sağlamlıq mərkəzi tikilib istifadəyə verilmişdir. Həm otel və istirahət, həm də müalicə mərkəzi kimi Naftalana müalicə və istirahətə gələn yerli və xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilməsi məqsədilə burada hər cür şərait yaradılıb. Bütün bunların nəticəsində şəhərimizin uğurlu inkişafı təmin edilir, yeni iş yerləri açılır, gənclər işlə təmin olunur, eləcə də əhalinin güzaranı yaxşılaşır.
Hazırda Naftalanda 2000 yerləşmə yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Mükəmməl infrastruktura malik bu mərkəzlərdə yaradılan şərait turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.
Unikal müalicəvi əhəmiyyətə malik naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı görülən işlərin nəticəsidir ki, son beş illə müqayisədə bu kurort şəhərinə istirahər, əsasən də müalicəyə gələn yerli və xarici qonaqların sayı 5 dəfə artaraq 15000 nəfərə çatıb. Eyni zamanda xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunur. 2015-ci ilin ötən dövründə Naftalana dünyanın bir çox ölkələrindən, Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 2500 nəfər xarici turist gəlib.
Ölkə başçısının tapşırığına uyğun Naftalanda son illər turizm sahəsində aparılmış islahatlar, bu kurort şəhərinə Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuşdur. Artıq digər ölkələrin kurort şəhərləri Naftalan şəhəri ilə beynəlxalq əlaqələr qurmağa can atır. 2011-ci ildə Naftalan şəhəri ilə Fransanın Leql, 2013-cü ildə İtaliyanın Pozitano, 2014-cü ildə isə Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Sözügedən şəhərlərlə Naftalan şəhəri arasında bütün səviyyələrdə, o cümlədən təhsil, iqtisadi-sosial, mədəniyyət, incəsənət, idman kimi sahələrdə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Bundan başqa Naftalanda fəaliyyət göstərən sanatoriyalarda göstərilən xidmət səviyyəsindən asılı olaraq bir günlük xərc 29 manatdan başlayır ki, bura gündəlik 3 dəfə qidalanma, yatmaq, naftalan nefti və digər müalicə prosedürləri daxildir. Bu da gəliri az olan vətəndaşların belə burada gəlib istirahət və müalicə almalarına imkan yaradır.
Naftalanda sahibkarlara hər zaman şərait yaradılır, sahibkarların fəaliyyətinə dəstək verilir və bundan sonra da davam etdiriləcəkdir.
Naftalan kurort zonasının bərpası məqsədilə xüsusi plan hazırlanır. Plana əsasən turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kotec və mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunur.
Planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan və quşçuluq fermasının tikintisi məsələləri də yer alıb.
Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması və dünya bazarında satışı nəzərdə tutulub.
Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli hava limanının tikintisi üçün 89 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin və sərnişinlərin gediş-gəlişi rahat olması üçün hava limanının yaxınlığında yeni avtovağzal-otel kompleksinin tikintisi işləri aparılır.
Ümumilikdə Dövlət Proqramlarında Naftalan şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində bu kurort şəhəri günü-gündən inkişaf edərək dünyanın ən gözəl, təmiz və ən müasir kurort şəhərlərindən birinə çevrilir.
Ülfət Əliyev
Naftalan ŞİHB aparatında informasiya təminatı
və təhlil sektorunun müdiri
Palitra.-2015.-20 noyabr.-S.12.